Mifin bir qısa tərifi - Pərvanə BƏKİRQIZI

Mif nədir? Cavabı göründüyü qədər də sadə gəlməsin. Çox sayda dəyişik təriflər varsa belə, nə olmağıyla bağlı ümumun qəbul edə biləcəyi ortaq, aydın təsəvvür yoxdur. Bir səbəb də, yəqin "mif" məfhumunun "düşüncəmizin, keyfimiz istəyən kimi istifadə etdiyimiz bir kateqoriyası" olmağıdır. Halbuki söhbət insanlığın min illər uzunu həqiqət və məna axtarışlarını anladan, rəmzlər dolusu hekayətlərdən gedir. K.Levi-Stross: "Bir qırmızıdərili mifin nə olduğu sualına: "mif - insanların və canlı məxluqatın hələ ayırd edilmədiyi zamanların tarixidir" cavabını verərdi" - deyir, əlavə də edir ki, bu sadə cavab, yəqin mifin ən dolğun tərifi olardı... 

Xalq var, yaratdığı miflər nəql olunmaqdan daha çox, bir nəğmətək oxunub. Xalq da var, əcdadla bağlılıqda yaradılışdan bəhs edilən o əsatir çağını "nəğmə dövrü" adıyla anmaqdadır; yəni ahəngli bir dövr, ahəng içində yaşanılmış dövr... 

 

Miflər elə zamanların tarixindən bəhs edir ki, fitrətin əsla çirkaba bulaşmadığı o keçmişdə insanlar maddi aləmdən daha güclü, daha zəngin bir ruhani aləmin, gözlə görünməyən bir mənəvi gerçəkliyin varlığına əmin idilər; daş onlardan ötrü cansız qaya parçası yox, sehrkar gizlin gücün təzahürüydü. Bu, ahəngin hökm sürdüyü, Tənəzzüldən əvvəlki "Qızıl dövr" idi...

Birmənalıdır ki, miflərdə əski çağ insanının təbiəti öz hökmü altına almaq istəyinin izlərini axtarmaq mənasız olardı. Həqiqətdə ənənə çağının varlığa bütüncül baxa bilən insanı çevrəsində müşahidə elədiyi tükənməz ahəngə heyran qalmışdı. Görürdü ki, bütün yaradılmışlar bir-birilə ecazkar harmoniya içindədir. Gördüyü mükəmməl nizam onu dərindən-dərinə məftun eləmişdi. "Təbiət aləmini saran bu inanılmaz ahəng son zamanlaracan Qərb elminin diqqəti xaricində qalmışdı".

 

Məhz "həmin heyrətamiz ahəngdir ki, ayrı-ayrı ənənələrdə çeşidli miflərə xas dillə açıqlanmışdır". Xalqın dünyagörüşü və həyat fəlsəfəsinin miflərə aşkar səpələnməyi bu üzdəndir. Məsələn, Şərq düşüncəsində Tanrı ilə insan arasında harmoniya olduğunu, Qərbdə isə bunun qarşıdurma xarakteri daşıdığını bizlərə anladan miflərdir. Anladır ki, Tanrı ilə insan arasında ahəng var ikən... bir Prometey mifi yarana bilməzdi. 

Miflər dərin anlamlarla yüklü olub, mədəniyyətlərə bütün keçmişləri boyu bir xəritə kimi daim doğru yol göstərmişlər. Onları bilmək "nəsnələrin mənşəyindəki sirri öyrənmək deməkdir" [M.Eliade]. Mədəni ənənənin bünövrəsində dayanıb ona sağlam yaradıcılıq gücü verən məhz miflər olubdur. Dünyada öz yerini tapmağı ilə bağlı düşüncəsini məşğul edən ən müxtəlif sualların cavabını əcdad məhz miflərdə tapa bilibdi. Amma "mifologiyanın komfort üçün yaradılmış təsəlli qaynağı" olmadığına şübhə edilməməlidir. Miflərə, əlbəttə, dərin inam vardı. "Miflər haqda bizə doğru-dürüst bəlli olan bir tək budur ki, adamlar onlara inanırdılar" [Y.Meletinski]. İnanır və bu inamın, bu imanın gücüylə də yaşayırdılar... 

 

Mif mədəniyyətin, bəlkə ən yüksək təntənəsidir. Ənənəvi mədəniyyət haqda hər hansı mühakimə yürüdərkən əsla miflərsiz keçinmək olmur. Mifologiya cəmiyyətin canlı düşüncələrlə dolu həyat yoludur. 

Maarifçilər gəldi-gələli ənənəvi mədəniyyətin ən əski zamanlardan bəri əsasında dayanmış mifləri bir ucdan avam adamların sadəlövh və lazımsız uydurması deyib yamanladılar, onlardakı gözəlliyi qətiyyən dərk etmək istəmədilər. Modern cahilin ruhani mövzularda bəsit təsəvvürü üzündən miflər hərfi mənada başa düşülüb dünyəvi kontekstdə yozuldu, vaxtaşırı eybəcərliklərə aparıb çıxaran formal məntiq və sillogizm zənciriylə yanaşıldıqca daha anlaşılmaz hala gəldi. Halbuki "mifologiyanın rasional şəkildə dərki mümkün deyildi; mif "addımbaşı formal məntiqin qanunlarını pozur"du... Uzaq keçmişin insanları da yəqinlik hasil eləmişdilər ki, dünyanıdərklə əlaqəli bilgilər sadəcə quru ağla, məntiqə əsaslandısa məhdud və alayarımçıq olur... 

Yeri gəlmişkən, "ayrılıqda hər mif məntiqdən məhrum hekayə kimi görünsə də, aralarında asan anlaşılan bir əlaqə mövcuddur. Ümumi məna ayrı-ayrılıqda miflərin heç birində yoxdur. Bu, yalnız onlar birgə götürülüncə özünü büruzə verir".

 

Daim yaradılışla əlaqələnən miflər, eyni zamanda möcüzələrlə doludur. Əslində "həqiqət həmən möcüzəvi olanlardadır". Miflərin mahiyyətini təşkil edən "möcüzələr təbiət qanunlarına deyil, yalnız o haqda bildiklərimizə ziddir. 

"Bəşər mədəniyyətinin yaratdığı nə varsa, içərisində məntiqi təhlilə ən az uyum göstərəni bir din, o biri də mifdir". Bu fikir isə mədəniyyət bilicilərindən E.Kassirerə məxsusdur. Amma mifləri də dindən kənarda təsəvvür etmək mümkün deyil. "Yunan mifologiyasının tamamən dini duyğu və düşüncələrdən arındırılaraq sırf ədəbi mətn səviyyəsinə endirilməsi mifologiyanın gərəkli şəkildə anlaşılmasına maneçilik törətmişdir". 

Elmi və mifoloji dünya mənzərəsi də bir-birinə nəinki zidd deyil, əksinə, çox yerdə mahiyyətcə biri digərini tamamlayır. "Mifologiya elməqədərki çağların elmi - ilk elm" idi. XX əsr mütəfəkkirlərindən H.Qadamer yazırdı ki, "mifə din adamlarının yalanı, yaxud nənələrin hekayətləri deyib rişxənd eləmək yox, onlarda müdriklik dolu keçmişin sədasını duymaq gərəkdir". Miflərdə qəlpələr halında olsa belə, əzəli hikmət xəzinəsindən qopma bilgilər qorunub... Filoloqlar, antropoloqlar isə mənasına, məzmununa vara bilməyəndə bu bilgiləri "əcaib-qəraib və mənasız" hesab etmişlər. 

Kosmologiyadakı bir fərziyyəyə görə, yer nəfəs alırmış kimi gah genişlənir, gah sıxılır; elə bil ürəyi var - döyünür... Əski mifoloji ənənələrdə də yer, kosmologiyadakı bu şəkliylə, canlı olaraq düşünülüb. Dünyanın "yaşayan bir vücud" olduğu düşüncəsinin çox əski bünövrəsi var... Odur ki, uzun zaman ayrı-ayrı yollar keçmələrinə baxmayaraq, gözəl günlərin birində elmi və mifoloji təfəkkürün yenidən bir araya gələcəyi də istisna deyil. 

Bir məşhur yapon aliminin fikrincə, fizika ilə məşğul olmaq üçün yunan miflərini oxumaq gərək. Axı miflər basmaqəlib düşüncənin sərhədlərini vurub dağıdır, təxəyyülə qol-qanad verir... Yəni "artıq əldə mifologiyanın açarı var. Ruhun bütün qapılarını açmaqda azadsan..." [K.Yunq].

 

N.Rerix deyirdi: qədimdəkilərin necə danışdıqlarını bilmirik, amma çox gözəl düşünərmişlər. Onların gözəl düşündüklərini anlamağımızçün miflər bizə yetər...

Bir mif ancaq günlük dünyəvi həyatın adiliklərindən uzaq tutulduqca, ruhani-mənəvi kontekstdə anlaşılandır. "Unutmaq olmaz ki, neçə-neçə kəşflər üçün də miflərə borcluyuq!.. Bu uğurlarla müqayisədə elm və onunla əlaqəli rasionalist fəlsəfə çox geri qalır, lakin biz bunu hiss etmirik" [P.Feyerabend]. Təəssüf ki, əsrin filosoflarının da az qala hamısı rasionalistdir...

 

"Mifologiya Homer zamanında olduğu kimi, bu gün də mövcuddur, sadəcə kölgəsində yaşadığımız ... üçün fərqinə varmırıq" -  bu sözlər isə A.Potebnyanındır...

Ənənəvi mifoloji dəyərlərdən hələ güc alanları mənəvi həyatın bütün əvvəlki şəkillərini etibarsız elan edən modernist çətin anlaya. Mifin yanlış və ya daha aşağı səviyyəli düşüncə tərzi olduğuna dair ötən dövr illüziyalarından xilas olmağın vaxtı çoxdan çatıbdır... Bəli, "maddi sahədə çox inkişaf etmiş ola bilərik, ancaq mənəvi mövzularda bir elə irəli getməmişik: mifologiyanı sıxışdırdığımız üçün, hətta geriləmiş sayıla bilərik" [K.Armstronq].

Günümüzdə mif və rəmzləriylə bağlı araşdırmalarda yaşanmaqda olan canlanmanı S.H.Nasr müasir insanın anlamlı və müqəddəs dünya axtarışına bağlayır. Həqiqətən, "mif keçmiş haqda canlı yaddaş kimi müasir dövrün xəstəliklərini sağaltmağa qadirdir" və "Yer üzünə sayğı gözüylə baxmağımıza yardımçı olar"...

 

...Miflər dəyərli, həm də çox gözəldirlər. Hətta o qədər gözəldirlər ki, ən bərbad tərcümədə belə həmişə dəyərlərini, gözəlliklərini qoruyarlar. Bu qısaca etüdə başlanğıcda adını andığımız fikir adamının sözləriylə son vermək istərdik: "Miflər mənə çox-çox gözəl görsənir. Düşünürəm ki, onları öyrənməyə də gözəllik duyğusunun nə olduğunu anlayıb bilmək ümidi ilə uzun zaman sərf eləmişəm"...

 

2024-ün qışı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!