"Rast"a doğru... - Əlisəfdər HÜSEYNOV

"Sənət haqqında sənədli hekayələr" silsiləsindən

İri masanın arxasında oturmuş kişi onlara "oturun" işarəsi verən kimi sürüşüb burnunun ucunda dayanmış eynəyini əli ilə yuxarı qaldırıb qələmlə qarşısındakı dəftərdə nə isə qaralmağa başladı və onun əlinin hərəkətinə, üzünün cizgilərinə göz yetirən Niyazi başını yüngülcə sağa döndərib yanında əyləşmiş seyrək saçlı, mavi gözlü dostuna - 26 yaşı bu yaxınlarda tamam olmuş Fikrətə göz vurdu - yəni hərif heç nə yazıb-eləmir, sadəcə vəziyyəti dramatikləşdirmək üçün işgüzar adam rolu oynayır.

Təxminən, bir dəqiqə keçdi...

Şıltaqlığından qalmasa da, Niyazinin içində qəribə bir nigarançılıq vardı. Dünən zəng edib demişdilər ki, sabah Fikrətlə bir yerdə filan saatda gələrsiniz Mərkəzi Komitənin binasına. Filan nömrəli kabinetdə yoldaş Filankəsov sizi gözləyəcək. Kişi nə isə vacib bir məsələ barədə sizinlə söhbət etmək istəyir. 

Nisbətən cavan olsa da - 36 yaşı vardı - üzlər görmüş Niyazi dərhal barmağını dişləmiş, küləyin hardan əsdiyini duymuş, amma "Görək axırı nə olur", - deyə düşünərək nigarançılığını böyük sənətdə ilk uğurlu addımlarını atan dostu Fikrətə bildirməmişdi. İndi, necə deyərlər, yoldaş Filankəsovun hüzurunda əyləşmişdilər. Yoldaş Filankəsov isə, ya cızmaqarasına necə bənd olmuşdusa onun cazibəsindən çıxa bilmirdi, ya da qarşıdakı söhbətə ciddi, zəhmli ton vermək üçün vəziyyəti süni şəkildə dramatikləşdirməyə çalışırdı.

Nəhayət, sükut pozuldu:  kişi əlindəki qələmi açıq dəftərin üstünə atıb kəskin tərzdə qalxdı, sağ tərəfdəki pəncərəyə yaxınlaşıb bir müddət küçəyə baxdı və elə o andaca ağzından çıxan sözlər kabinetin divarlarına dəyib əks-səda verdi:

- Atalar belə yerdə deyib ey, vardı hər yarağımız, çatmırdı saqqal darağımız. Maşallah, o darağı da sizin sayənizdə qazandıq. İndi qalır olmayan saqqalımızı daramaq.

Fikrət ürkək nəzərlərlə dostuna baxdı - yənu bu kişi nə deyir, nəyə işarə edir?

Niyazinin üzünün rəngi ani olaraq dəyişdi: elə bil nasosla çöhrəsinə qan vurdular. Bir neçə an keçdi və bayaq qan rənginə çalan sifəti yavaş-yavaş qaralmağa başladı.

- Yoldaş Filankəsov, elə birbaşa mətləbə keçmək olmazmı? Biz nə eləmişik ki? 

Artıq yerinə qayıdıb əyləşmiş kişi yenə də sürüşüb burnunun ucunda dayanmış eynəyini yuxarı itələyib dedi:

- Hələ bilmirsiniz nə eləmisiniz? Soruşun ki, nə eləməmisiniz. Siz köhnə bazara təzə nırx qoymağa başlamısınız. Özü də elə nırx ki, aləm dəyib bir-birinə. 

Hiss olunurdu ki, kişi birbaşa mətləbə keçməyə tələsmir, tərəddüd edir. Amma nəyə görə, nə səbəbə? Bunları təxmin eləmək o qədər də asan deyildi. Ya söhbətə başlamağa sadəcə, çətinlik çəkirdi, özünə güvənsiz idi, ya da nə isə başqa bir səbəb vardı.

- Yaxşı, siz demirsiniz, biz də bilmədik. İndi neyləyək?

Kişi, deyəsən,  Niyazidən belə ötkəm, dikbaş cavab gözləmirdi. "Bunun barəsində nə yazıblarsa, elə düz yazıblar" - deyə fikirləşdi, nəzərlərini onun qaynar gözlərinə, sivri çənəsinə dikdi  -  "Bu sısqa bədənlə, bu cılız boy-buxunla əbəs yerə ağırlıqqaldırma üzrə respublika çempionu olmayıb ki! Bu qətiyyət, bu cəsarət, bu risk ki bunda var, vallah, xəstələnməsəydi lap dünya çempionu olardı".

Kişi qalxıb bu dəfə Stalinin divara vurulmuş şəklinə tərəf addımladı və Niyaziyə elə gəldi ki, hər addımda kişinin vücudu  kiçilir və belə getsə, şəklə çatanda  sadəcə əriyib yox olacaq. 

- Yoldaş Əmirov, - kişi bu dəfə Fikrətə üz tutdu, - muğamlarımızı simfonik musiqiyə calaq eləmək ideyasını sizə kim vermişdi?

Fikrət belə qəfil, ikibaşlı sual gözləmirdi, ona görə də ani olaraq duruxdu. Amma dostunun özünü şax tutması, sərbəst aparması, deyəsən, ona da sirayət etmişdi.

- "Arazbarı"nı, "Aşıqsayağı"nı yazan, hamımızın müəllimi Üzeyir Hacıbəyov, böyük vokalçımız Bülbül.

Bütün görkəmi, baxışları, səsinin ahəngi ilə tıxsız balığı yada salan 26 yaşlı gəncin cavabı bu dəfə yoldaş Filankəsovu çaşdırdı. Adı çəkilən sənətkarların hər ikisi SSRİ xalq artisti idi, yoldaş Stalin təxminən, 11 il əvvəl ayaqüstə onların hər ikisini alqışlamışdı və söhbətin gəlib bu məqama çata biləcəyi Filankəsovun "ssenarisində" nəzərə alınmamışdı.

- Cavan oğlan, sən məni - neçə ilin partiya işçisini provakasiyaya çəkmək istəyirsən, yoxsa, bu adların kölgəsində gizlənməyə ümid edirsən?

Fikrət cavab verməyə macal tapmamış Niyazi söhbətə müdaxilə etdi:

- Yoldaş Filankəsov, onda hesab edin və yazın ki, bu ideyanı ona mən vermişəm. Nə olsun ki? Burda nə qəbahət var?

Kişi üzünə ciddi görkəm verib Niyazinin düz gözlərinin içinə baxaraq  dedi:

- Bəstəkarlar İttifaqına göstəriş vermişəm. Yaxın günlərdə böyük bir iclas keçirib qəbahətinizi sizə xırdalayacaqlar. Hələlik onu deyə bilərəm ki, bu avantüraya son qoyun, ziyanın yarısından qayıtmaq da gec deyil.

- Hansı ziyanın, yoldaş Filankəsov? - Fikrətin məxmər kimi yumşaq səsi kabinetin və söhbətin soyuqluğuna sanki bir istilik gətirdi. - Biz hansı ziyanlı işə qol qoymuşuq ki?

- Nə olar, indi görəsiniz...

Kişi bunu deyib masanın sol tərəfdəki dolabını açdı və bir dəstə zərfi masanın üstünə atdı:

- Bax, bunlar bizim ünvanımıza daxil olanlardır. Bunlar isə - bu dəfə sağ dolabı açıb oradan götürdüyü zərfləri masanın üstünə səpələdi - lap yuxarı, birbaşa Moskvaya yazılanlardır. Lazım idi sizə, bizə bu?

Qəfildən elə bil kimsə Niyazinin nəfəs borusunu tutub sıxmağa başladı. Hətta bir neçə anlığa gözləri də qaraldı və o qaranlıqda bir neçə ay əvvəl yaşadığı, beyninə hopmuş fraqmentlər kino lenti kimi gözlərinin qarşısından keçdi...

Fikrətin verdiyi partituraları vərəqlədikcə elə bil qarış-qarış yerdən uzaqlaşıb hansısa məchul bir ünvana uçurdu. Xətrini qardaş qədər istədiyi dostu heç kimin ağlına gəlməyən bir kəşf eləmiş, "Şur" və "Kürd ovşarı" muğamlarını polifonik musiqi dili ilə interpretasiya edərək simfonik musiqidə yeni janr yaratmışdı. Partituraları masanın üstünə qoyub Fikrəti necə qucaqlamışdısa sümüklərinin şaqqıltısı otaqda əks-səda vermişdi. "Oğulsan, vallah, oğulsan. Məşədi Cəmil kişinin çörəyi sənə halal olsun. Sən bu əsərlərlə Avropa musiqişünaslarının ağzını aparıb divara dirəmisən. Lələşin bu əsərləri elə çalacaq ki, bütün dünyaya səs salacaq, dünyanın ən böyük orkestrlərinin, ən məşhur dirijorlarının nəzərləri Bakıya yönələcək".

Sonra şıdırğı məşqlər və filarmoniyadakı triumf. Həmin axşam yaşadığı sevinc, keçirdiyi hisslər heç vaxt yadından çıxmayacaqdı; gurultulu alqışlar, "Bravo" sədaları, bir də qabaq sıralarda əyləşib bu mənzərəni paxıllıqla, iblisanə baxışlarla süzən şərəfsizlərin içlərini gəmirən mənhus duyğuların təsirindən əyilib eybəcər şəkil almış sifətləri...

...Kimlər idi onlar? Şöhrət azarına tutulan, istedadlı adam görəndə başına bir yox, iki vedrə qaynar su tökülən, murdar caynaqları ilə bu istedadları məhv etmək, qanına bələmək üçün yarışa girən şeytan xislətlilər, bir də ömrü boyu nə isə çırpışdırmaq üçün gözləri onun-bunun, qonşularının süfrəsində olan, Bakıda ən yaxşı vəzifələrə soxulan hay rəsmiləri. İndi 26 yaşlı "balaca" dahi onların gözləri qarşısında Avropaya, hətta bütün dünyaya meydan oxuyurdu, onların özəlləşdirməyə macal tapmadıqları muğamlarımızı dünya simfonik musiqi kəhkəşanına qovuşdururdu...

Gözlərini açanda  beynində qəribə bir aydınlıq, ürəyində sirli bir xətircəmlik hiss elədi. Axı hər şey gözlənilən idi - istedadın, yenilikçilərin yoluna daş dığırlatmaq, irəli getməməsi üçün bir yox, hətta hər iki ayağından tutub çəkmək indinin fənd-feli deyildi axı! Hərçənd məsələnin kökünə qədər gedib o məktublarda nələrin yazıldığını bilmək də pis olmazdı.

Yoldaş Filankəsov sanki onun ürəyindən keçənləri oxudu:

- Yazıblar ki, siz böyük ənənələri olan simfonik musiqini aparıb köhnə muğamların quyruğuna bağlamaqla respublikada bu musiqini yanlış yola sürükləyir, mücərrədliyi, formalizmi təbliğ edir, dinləyicilərin zövqünü korlayırsınız...

Niyazi hövsələsiz adam olsa da, bayaqdan canını dişinə tutub dözürdü. Amma indi eşitdiyi sözlər içində səhərdən ora-bura vurnuxan o bir tikə hövsələnin başına necə daş saldısa, bircə anın içindəcə o dünyalıq elədi və Niyazi içindən püskürüb boğazına dirənmiş sözləri cilovlaya bilmədi:

- Üzr istəyirəm, yoldaş Filankəsov, quyruqlu uzunqulaq o sözləri yazanların özləridir. Bu, birincisi...

Filankəsov qaşlarını çatıb yenə də onun gözlərinin içinə baxdı. Bu baxışlarda indi əvvəlki soyuqluq, qəzəb, hirs yox idi, əksinə, bu baxışlar sanki gizlin bir mesaj göndərirdi ki, dayanma, davam elə.

- İkincisi, siz bizim tarımıza, kamançamıza, balabanımıza, rəqslərimizə, mahnılarımıza tamah salanlardan, bizdən oğurlaya-oğurlaya özlərinə qədim mədəniyyət yaradanlardan nə gözləyirdiniz ki?

Açıq-aşkar görünürdü ki, Niyazinin sözləri Filankəsovun canına yağ kimi yayılır, amma nə sirdirsə, bütün varlığı ilə bu ləzzəti, xoşhallığı boğur, büruzə vermək istəmir.

- Bura bax, sən telepatsan, yoxsa, dirijor? Hardan bu qənaətə gəldin ki, yazanlar məhz onlardır?

- İnanmıram ki, bizimkilərdən yediyi qaba tüpürən belə uzunqulaqlar olsun.

"Görüm kökünüz kəsilsin sizlərin. Tarakan kimi hər yana yayılıblar" - Filankəsov bu sözləri yavaşdan, az qala pıçıltı ilə dedi: bilmək olmurdu öz-özü ilə danışır, yoxsa, müsahibi ilə. Sonra bir müddət susdu, qəfildən yerindən qalxıb yenə də ani olaraq Stalinin portretinə baxdı, eynəyini çıxarıb şalvarının cibindən götürdüyü cib dəsmalı ilə silə-silə boğuq səslə dedi:

- Təəssüf ki, kefinə soğan doğramağa məcburam, cavan oğlan. Bu məktubları yazanların arasında ələkçinin qıl verəni rolunu uğurla oynayan özümüzünkülər də var.

Kabinetə üzücü bir sükut çökdü. Elə bil hərə öz aləminə dalıb beynində nəyisə götür-qoy edirdi. Nəhayət, Filankəsovun səsi eşidildi:

- Bura bax, gənc bəstəkar - bu dəfə Fikrətə müraciət edirdi. - O əsərləri yazıb bombanı partladan sən, amma quzu kimi oturub dinmirsən. Bir danışsana!

Filankəsov bu sözləri əvvəlki rəsmi, qəzəbli tonda yox, tamam başqa bir ahəngdə dedi, - elə bil Fikrəti maraqlı bir diskussiyaya dəvət edirdi.

- Bəstəkarlar sözlərini yaratdıqları əsərlərlə deyirlər, yoldaş Filankəsov. Mən sözümü demişəm, inşallah, yenə deyəcəm.

- İcazənizlə, bir şey deyim, - Niyazi müdaxilə elədi. - Musiqi əsəri müəllifin qəlbində, beynində yaranır, sonra not vərəqlərinə köçürülüb işarələrə çevrilir. Və nə qədər ki, ona nəfəs, ruh verilməyib, o, ölü can kimi bir şeydir. Fikrətin əsərlərinə mən nəfəs vermişəm. Deməli, əsas günahkar da mənəm.

- Bəs, bunlara kim cavab verəcək? - deyə kişi masanın üstündəki zərfləri göstərdi.

- Əvvəlcə şəxsən mən özüm. Sonra da xalqımızın istedadlı, qeyrətli bəstəçi övladları. O ki qaldı Fikrətin simfonik muğamlarına, sizi inandırıram, tezliklə bu əsərlər bütün dünyanı gəzəcək, Azərbaycan ruhunu bütün dünyada tanıdacaq, təkcə burda yox, dünyanın hər yerində tarakan ömrü sürən bədxahların qara ürəklərinə ox kimi sancılacaq...

...Onlar binadan çıxanda hava qaralmışdı. Küçəni keçib filarmoniyanın bağına tərəf addımladılar. Elə birinci skamyaya çatmışdılar ki, Niyazi qəfildən Fikrətə tərəf çevrilib dedi:

- Fikrət, hava soyuq, sənin əynin isə nazikdir. Get evə. Mən də siqaret çəkib bir azdan  qalxacam evə sarı.

Dostunu yola salandan sonra bir siqaret yandırıb əyləşdi. Arxayınçılığına baxmayaraq içində qəribə bir xof da vardı. Başa düşürdü ki, mərdimazarların bu fənd-felinə, bu çirkin oyunlarına tutarlı cavab vermək lazımdır, özü də sözlə yox, əməli işlə.

Əmisi "Leyli və Məcnun"u yazıb tamaşaya qoyanda məruz qaldığı təhdidləri, təhlükələri, hədələri xatırladı. Üzeyir bəy o vaxt muğamlarımızın, necə deyərlər, əlindən yapışıb opera səhnəsinə qaldırmış, yeni janr yaratmışdı, əvəzində eşitdiyi tənələr "sağ ol"lardan heç də az olmamışdı. Amma Üzeyir bəy geri çəkilmədi, ardını gətirdi. İndi tarix təkrar olunurdu. Bu dəfə Fikrət muğamlarımızı musiqinin ən elitar qoluna qovuşdurub möcüzə yaratmışdı. Bunu ənənəyə çevirmək, Fikrətin açdığı cığırı genişləndirib böyük yola çevirmək lazım idi, özü də muğamların ən möhtəşəminin dili ilə...

Və bir az sonra həmin soyuq payız axşamında filarmoniyanın bağında sonralar məntiqindən heç özünün də baş açmadığı qəribə bir hadisə baş verdi.

Əvvəlcə bütün vücuduna xoş bir yorğunluq yayıldı, bədəninin bütün əzaları bircə anın içindəcə sustaldı, sonra elə bil hansısa bir əl beyninin şah damarlarından tutub yüngülcə dartmağa başladı. Nə qədər cəhd elədi ki, yumulan göz qapaqlarını qaldırıb mürgüyə getməsin, mümkün olmadı.

Sonra qaranlıqda şəffaf varlıqlar peyda oldu, ardınca qəribə səslər eşidildi. Bu səslər hardansa uzaqlardan - qeybdən gəlirdi və o, bu səslərin nə dediyini anlaya bilmirdi. Qəfildən həmin şəffaf varlıqlardan biri onun sağ çiyninə qondu və həmin o andaca sanki kimsə onun sağ tərəfində dayanıb qulağına pıçıldamağa başladı:

- "Rast"... "Rast"...

Diksinib mürgüdən ayılanda nə o şəffaf varlıqlar vardı, nə də o qarmaqarışıq səslər. Amma artıq bütün ruhu, vücudu, hətta başının tükləri də "Rast"la nəfəs alırdı.

- "Rast"... "Rast"

Ayağa qalxıb ürəyində "Rast" muğamını çala-çala səkiyə çıxdı...

O, tələsirdi. Təkcə not kağızlarının və qələmin onu gözlədiyi evə yox, həm də "Rast" simfonik muğamını - bədxahlara verəcəyi cavabı yazmağa tələsirdi...

 

Müəllifdən:

Niyazinin bu əhvalatdan bir il sonra -1949-cu ildə tamamladığı şedevri  - "Rast" simfonik muğamı Fikrət Əmirovun yazdığı  simfonik muğamlarla bir yerdə tezliklə bütün dünyaya səs saldı və bu gün də dünya simfonik musiqisinin inciləri kimi adlı-sanlı orkestrlərin repertuarını bəzəyir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!