Ölçü və görüntü - İdris Heydərli

Kimlik olmanın iki vacib düsturu var:

Yaddaş və yazı ortaqlığından kimlik inşa olunar.

Yaddaş ortaqlığına yazı ortaqlığını gətirən dindir.

Coğrafiya isə yaddaş ortaqlığının təməl nəticəsidir. Din yazını bu yaddaşı ya islah etməyə, ya da dəyişməyə göndərilən səbəbdir.

Türk olaraq birləşdirilən tayfaların ortaq bir yaddaşı formalaşmışdı. Bu yaddaş çöl və su ilə göyün rabitəsindən ortaqlaşan ana təməllər üzərindən özünə yaşam təsəvvürü inşa etmişdi. Bu yaşamın geyimindən sözünə qədər, insanı münasibətindən təbiətlə davranışına qədər hər nə varsa, həndəsi bir təsəvvürlə hesablanmış və bu hesablamalara görə doğum və ölüm arasındakı şəkli var idi.

Təsəvvür dediyimiz bir nəzərə bağlıdır. Bu nəzər ya həndəsi, ya da nəbati olur. Həndəsi nəzər hər var olanda ölçünün olduğunu mərkəzə qoyduğundan hər şeyi ölçüb-biçər, nəbati nəzər isə ölçünü deyil, gözəl görünəni mərkəzə qoyar. Görüntü və ölçü arasında tarix İran və Turan qarşıdurmasını yaşayıb.

Görüntü təsəvvürü ilə ölçü təsəvvürünün təməlləri aləm və onun ölçüləri arasında olan bağlantıdan doğar. Aləmi tanıma ilə ölçünü tanıma isə coğrafiyadan istiqamət alar. Günəş, Ay, ulduzlar göyün, hava, od, su, torpaq isə yerin tanınmağa çalışıldığı ana təsəvvürlərdir. Göydə 3, yerdə isə 4 ünsür var ki, bunlar hər bir yaddaşın özünü inşasında silinməz izlər buraxar. Kimliklər də yaşadıqları coğrafiyadan yol başlayaraq bir yaşam tərzini dəyişməzlik düsturu olaraq seçərlər.

Dəyişməni təklif edən təməl səbəb isə din olur. Din yazını insana verməklə sözü mənalandıran və olumla ölümə başqa bir dünyanı dəyər olaraq verən mizandır. Ölçülər bu mizana görə müəyyən olunar ki, mənalar aləmində səbəb və nəticələr kainatın yaradıcısı olanın qarşısında hesab gününə hesablansın.

Nizami Gəncəvidə bir türk tanıması var ki, araşdırmaçıları daima çətin sual qarşısında qoyur. Bu tanıma türkdür. Nizami gözəl olanı, sadiq olanı, dürüst olanı türk olaraq görər. Türk Nizami zamanında ölçüsü olan bir kimliyin təsviridir. Kürdü çörəyə möhtaclığı, xəzərlini xəbis, mazandaranlını divsifət, rusu heyvan, çinlini darürək, hindlini yolkəsən kimi tanıtmasının hikməti yaddaşı ilə yaşayan kimliklərin hər birinə xarakteri Nizami yazar, ancaq bu onun gəldiyi qənaət deyil, sadalanan kimliklərin coğrafiyaları ilə qazandıqları təməl xüsusiyyətlərdir.

Yazı dinin dilidir, sonra bu dil sarayın coğrafiyaları nəzarətdə saxlama dilinə dönür. Saraya iki yazı lazımdır. Əmrlər və hesablar. Əmrlər yazıya dönməlidir ki, hesablar idarə oluna bilsin. Yazı məbəddə müqəddəs bir ünsiyyət vasitəsi olduğundan sarayla məbəd arasında razılaşma əsasında bir əlifba icad olunur. Mixi yazıları kimi hecalanan, finikiya əlifbası kimi kəlmə yaradan əlifbalar bu təsəvvürlə özündən əlifba törədər. İlahi mətnlə yer mətni bir olmaz deyə daima saray özünə əlifba hazırlar. Yunan əlifbası finikiya əlifbasından törəyib, latın isə yunan əlifbasının dinə - xristianlığa keçid dövrünün din dilidir. Bu dil yaddaşla dinin birləşməsindən icad edilir. Aramicəni din dili istəməyən yaddaş öz din dilini inşa edir. Yunan və latın dilinin kilsələrin din dili olma ziddiyyəti sonradan bu kilsələrin tərəfində olan və olmayanların da din əlifbasının yaranmasına səbəb olur. Gürcü, erməni, efiop, süryani əlifbalarının yaranması dilin dilinin hansı hərflə yazılması və oxunması savaşından yaranıb.

Müqəddəs yazını yerlə ünsiyyətdən qoruyan Məbədlə parçalanma yunan yazısını və fikrini yaratdı, yunan ağlını isə yerdən ayırıb yenidən göyə aparan İsa möcücəsi isə müqəddəs yazı ilə yer yazısına döndərdi. Bütövləşmə isə islamla bitdi. Yazı bir xarakterə çevrildi. Həm müqəddəs kitab, həm də yer işləri bir yazı oldu. Düz, əyri və nöqtələrdən ibarət olan əlifbaların yazı və şəkil xarakterındə gizlənən mənalara baxsaq onların içində saxladıqları mənaları daha aydın görə bilərik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!