Unutmağa kimsə var...
(Əvvəli ötən saylarımızda)
...Bütün bunlarla yanaşı, onu demək lazımdır ki, Vaqiflə məni bir-birimizə tərəf "kəşfiyyatsız" itələyən qüvvə məhz "Kitabi-dədə Qorqud" idi. Biz, Moskvadan qayıdanlar - Niyazi, Zeynal, mən Bakıda yeni ab-hava, yeni intellektual mühit həvəsində idik. O zaman mən işlədiyim Akademiyanın Dilçilik İnstitutunda görə bilmədiyim belə intellektual mühiti Bakı çayxanalarında tapırdım. Çayxanalara məhəbbət hələ orta məktəbdən başlamışdı. Bunun obyektiv səbəbi vardı. Dərsdən sonra bir-birimizlə görüşmək həvəsini biz əsas etibarilə çayxanalarda yaşayırdıq. Bura çox əlverişli yer idi. Evdən müxtəlif vaxtlarda çıxan bizlər gəlib burada oturub çay içə-içə bir-birimizi gözlərdik. Yasaq söhbətlər də bu zaman yavaş-yavaş çayxana mizlərinə hopur və bizi ahənrubə kimi özünə cəlb edirdi. Bəzən biz orta məktəb dostlarının görüşü çayxanada başlayıb elə çayxanada da bitirdi. Evə saat 11-də, 12-də ancaq gedib çıxırdıq. Əsas görüş yerimiz Bulvara keçidin bulvar tərəfdəki çayxanası idi. Bu çayxanada məktəblər, hətta siniflər, adətən ayrı-ayrı oturar, amma hərdən stollar birləşər, biz birlikdə oturub söhbət edərdik. Əlbəttə ki, o dövrün çayxana söhbətləri ilə sonrakı çayxana söhbətləri eyni deyildi. Əvvəlki çayxana söhbətləri "kim kimi sevir"dən "kim kimi sevmir"ə qədər yol gəlib yorulardı. Bu biri müstəvilərə zorla çıxa bilərdi. Sonrakı çayxana söhbətləri isə andeqraund söhbətləri idi. Qəbuledilməzlərin - bunlar yazıçı ola bilərdi, şair ola bilərdi, siyasətçi ola bilərdi, müstəqillik fədailəri ola bilərdi, qarşısına əngəllər çəkilən alim ola bilərdi - bir sözlə, rəsmi mühitdə qəbuledilməzlərin müzakirəsindən ibarət idi. Arabir də elmi və ictimai motivlər əsas mövzulara çevrilirdi.
Çayxanalarda belə bir intellektual mühitin havasını mən universitetdə artıq müəllim işləyən, müxtəlif qəzet redaksiyalarında çalışan, Yazıçılar Birliyində və onun redaksiyalarında ədəbiyyatla "yatıb-duran" köhnə və yeni dostlarım olan elm, mədəniyyət, müstəqillik fədailərindən alırdım. Heç bir kəsə gizli deyildi ki, o dövrün Bakısında intellektual həyat məhz çayxanalarda yaşanırdı. Siyasi-ictimai, mədəni-filoloji ixtisasları həvəslə yayan və verən bir məktəb. Çayxana öz-özlüyündə bir qaynayan, coşan məktəb idi - hamının əsəbini tarıma çəkən bir məktəb... Amma bizim - bu məktəbin iştirakçıları olan Aydın Məmmədovun, İsmayıl Məmmədovun, Firudin Cəlilovun, Cəlil Nağıyevin... bundan xəbərimiz yox idi. Biz, sadəcə, öz həyatımızı yaşayırdıq. Birindən o birinə keçərdik. Lap əvvəl getdiyimiz çayxana Bakı soveti metrosunun arxasındakı bağda olan çayxana idi. Bir qədər sonra nə oldu, nə olmadısa, qubernat bağının ortasında qala divarlarının az qala içində balaca bir çayxanaya köçdük. Bir müddət sonra bir qədər də aşağı, "Azneft" meydanında çayxana vardı - məskənimiz ora oldu. Sonra Əl oyunları stadionunun arxası, daha sonra "Sahil" restoranının arxa tərəfi... Bizim çayxana Odisseyamız bitirdimi, bitmirdi. Çayxanalar barədə bir qədər irəlidə daha geniş bəhs etməyi nəzərdə tutduğumdan burada bu qədər bəs edər, deyə düşünürəm.
Qərəz, açıq demək lazımdır ki, Vaqif İbrahimoğlu o zaman bizim üçün intellektual neft fontanı kimi idi. Çayxanalardakı bir çox tanınmış o zamankı gənc xadimləri yada salsaq, deməliyəm ki, çayxanalar məktəb idisə, ondan kənarda da belə "Auditoriya +" məktəbləri var idi. Səmimiyyətlə deyim ki, Vaqif öz-özlüyündə böyük bir "çayxana" funksiyasını yerinə yetirirdi. Biz daim Vaqifə tərəf, ona doğru can atırdıq. O özünə lazım olan, daha doğrusu, özünün lazım bildiyi adamları bir yerə yığa bilirdi. Əslində, açıq demək lazımdır. Vaqif öz-özlüyündə böyük və ciddi bir kulturoloji məktəb idi. Bu məktəbin daimi və sədaqətli üzvləri hələ o zamanlar geniş ictimaiyyət tərəfindən tanınmış simalar olan Rəhman Bədəlov, Niyazi Mehdi, Zeynal Məmmədli, Əli Abbasov, Toğrul Cuvarlı, Məryəm Əlizadə, Gündüz Sarıyev, Aydın Talıbzadə... bir də sizin sadiq bəndəniz idi. Bunlardan başqa bir sıra tanınmış jurnalistlər, alimlər, yazıçılar, rejissorlar, tələbələr də bizim məktəbə vaxtaşırı baş çəkirdilər. Həsənağa Turabovun, Ədalət Vəliyevin, Azərpaşa Nemətovun, Ramiz Rövşənin, Aydın Məmmədovun, Rasim Ocaqovun, Eldar Quliyevin Məryəm Əlizadənin, İlham Rəhimlinin hər dəfə YUĞ-a gəlişi unudulmaz olurdu.
Mən Vaqifin quruluş verdiyi və hamı tərəfindən eksperiment adlandırılan səhnələri izlədikcə, onun şərhlərini, passajlarını dinlədikcə, sözün əsl mənasında, yeni bir teatr aləminə, yeni bir teatr estetikasının içinə düşdüyümü hiss edirdim. Hiss edirdim və anlayırdım ki, ümumiyyətlə, tamaşa adlı fenomen təkcə aktyorların səhnədə bir-birinə dedikləri mətndən ibarət deyil. Tamaşa mətnin özü boyda, bəlkə də ondan da böyük mətnaltıdan ibarətdir. Teatr artıq yavaş-yavaş mənim üçün gözəl qadınların və yaraşıqlı, gözəl kostyum geymiş, rəngbərəng qalstuklu kişilərin toplaşdığı yerdən gözəl duyğuların, incə hisslərin bir-birini tamamladığı və bəzən bir-birilə toqquşduğu məkana çevrilirdi. Vaqifin "eksperimentlər"i məni digər tamaşalara da bu cür yanaşmağa, onları anlamaqla yanaşı, həm də hiss etməyə sövq edirdi.
Vaqiflə ardıcıl təmas məndə qəribə bir önduyumun baş qaldırmasına səbəb olmuşdu. Mən qəflətən inanmışdım ki, öz balaca otağında qarşımda oturub tünd "Maxorka"nı bir-birinə calayan, sözlə yox, gözlərilə sənə "səni anlayıram" deyən bu arıq və cılız, gənc mədəniyyət fədaisi bizim çoxumuzun intuitiv olaraq gəlişini hiss etdiyimiz təntənəni bizə nə vaxtsa yaşadacaq. Bu eksperimentlər boşuna getməyəcək və biz "Dədə Qorqud"un layiqli səhnə təcəssümünü, nəhayət, görəcəyik. Vaqif böyük bir sıçrayışla artıq özünü öz gördüyü yüksəklikdən atmışdı. Bizə - onu sevənlərə isə bu sıçrayışı ancaq gözlərimizlə müşayiət etmək qaldı. Yüksəklikdən bu möhtəşəm atılış nəhayətsiz mədəni ənginliklə təmasa çevrildi. Vaqif bir çox realist əsərlərə imza qoysa da, bəlkə də özündən xəbərsiz həyatda lirik idi. Çünki A.Fetin bu sözləri ən çox ona yaraşırdı: "Kim ki, səmada pərvaz edəcəyinə inanaraq özünü 7-ci mərtəbədən üzüaşağı atmırsa, o, lirik deyil".
Yalançı təvazökarlığı bir kənara qoyub deməliyəm ki, Vaqif də mənim simamda öz layiqli pərəstişkarını tapmamış deyildi. Onun teatrında müzakirələr zamanı, əsas etibarilə, bir-birimizi dəstəkləməyimiz, teatrdan kənarda - çayxanalarda, yeməkxanalarda söhbətlərimiz, eyni istiqamətə baxa bilməyimiz bizi bir-birimizə çox yaxınlaşdırmışdı. Ümumiyyətlə, onu qeyd eləmək vacibdir ki, Vaqif istənilən mövzuda aparılan söhbətdə əvəzsiz tərəf-müqabil idi. Söhbətin şirinliyini təmin etməyin ustası idi. Məncə, o buna özünün klassik üsulu ilə nail olurdu. Vaqif sən nə söyləyirdinsə, onunla qeyd-şərtsiz razı olurdu. Hətta bəzən razı olandan sonra, o da ola bilirdi ki, Vaqif sənin dediklərinə əks bir fikir irəli sürsün və sənə etiraz etsin. Bu, çox maraqlı və hardasa "hiyləgər" bir üsul idi, söhbəti ələ almaq üçün gözəl bir fənd idi. Söhbətin "ayrı-ayrı operalardan" olan calaqları (söhbət isə Dədə Qorquddan Stanislavskiyə, oradan antik mədəniyyətə, oradan rus ədəbiyyatına, oradan Nəsimiyə, Füzuliyə, Xətaiyə, oradan Üzeyir Hacıbəyova keçə bilirdi) bu şəkildə bir-birinə üzvi şəkildə bağlanır, bütün kəskin və qaranlıq bucaqlar bir də görürdün ki, aydın şəkildə cilalanırdı. Amma onu da demək olmaz ki, hər hansı bir söhbət Vaqif üçün ancaq və ancaq öz rahat axarı ilə maraqlı idi. Onun da sonadək razılaşmadığı məqamlar az olmurdu. Bu zaman o, bığlarını adəti üzrə əlləşdirib sakitcə çoxmənalı bir "hm..." eləyirdi və söhbətin istiqamətini qarşıdakı maneədən yan keçirirdi. Onun intellekt baqajını daşıyan bu nəhəng gəmi riflərlə, aysberqlərlə heç zaman toqquşmurdu.
Bir dəfə, belə bir məsələ ortaya çıxmışdı. Bu, yanılmıramsa, Tədris teatrında baş verdi. "Dədə Qorqud"la bağlı hansısa növbəti eksperiment-səhnədən sonra mən tamaşanın gedişində "tapdığım" simmetrik uyuşmazlığı tamaşasonrası müzakirə zamanı sevinə-sevinə ona bildirdim. Ümid edirdim ki, o mənimlə razılaşacaq. Nə baş vermişdi? Sadəcə, projektordan gələn işıq səhnənin hər iki tərəfinə simmetrik şəkildə düşmürdü. Bu isə mənim fikrimcə, səhnənin bütövlüyü naminə onun simmetriyasını təmin etmək üçün vacib idi. İşığın səhnəyə indiki halında simmetrik şəkildə düşməməsi səhnədə aşkar asimmetriya yaradırdı.
Vaqif mənə heç bir cavab vermədi, şakəri üzrə nazik bığını əlləşdirə-əlləşdirə "hm..." elədi. Amma mənə xüsusi bir diqqət və maraqla baxdı. Görəndə ki, mən təkid eləməyə başlayıram, başını yırğalayıb qəti şəkildə "yox" işarəsini verdi. Mənimlə razılaşmadı.
Mən o zaman heç nə anlamadım. Mənə elə gəlirdi ki, mən dediyim şəkildə simmetriya bərpa olunarsa, səhnənin bədii effekti qat-qat artar. Nə isə, mənim simmetriyaya böyük inamım və məhəbbətim var idi. Nahaqdan Moskvada "Dədə Qorqud"dakı sintaktik paralelizmdən yazmamışdım ki... Sintaktik paralelizm elə simmetriyanın özü idi, başqa şey deyildi. İndi anlayıram ki, mənim simmetriya ilə bərabər asimmetriyaya da vurğunluğum dissertasiyanı yazdığım o zamandan etibarən implisit şəkildə canımda yaşayırmış. Mən bilirdim ki, asimmetriya heç də simmetriyadan az əhəmiyyətli deyil. Vaqif isə bunu təkcə bilmək yox, o bunu əxz eləmişdi. İndi mən o uzaq illərin mübahisəsini xatırlarkən inanıram ki, Vaqif haman səhnəni bilərəkdən asimmetrik biçimə salmışdı. O asimmetrik şəkildə səhnəyə düşən işıq səhv-zad deyildi. Vaqif öz seçimini eləmişdi. Vaqif üçün asimmetriya simmetriyadan daha maraqlı idi, daha dərin idi; daha perspektivli və daha informativ idi. Mən düşünürəm ki, bəlkə də mənim sonralar böyük məkanlarda (bu məkan mətn də ola bilər, bir otağın dizaynı da) simmetriyadan qaçma ehtirasımın və asimmetriyaya meylimin əsasında Vaqifin o gün mənə elə maraqla (bəlkə də təəccüblə) baxmağı durur.
Ricət. Mənim nazımla xüsusi olaraq oynayan dörd dostum olub. Onların heç biri indi həyatda deyil. Onlar unudulmaz dostlardır. Qəribə və ağlagəlməz bir qabiliyyətə sahib idilər. Onlar öz dərdlərini, başlarına gələni, demək istədiklərini ürəklərində saxlayıb saatlarla mənim dediklərimə qulaq asa bilirdilər. O dörd dostdan biri mənim uşaqlıq və gənclik illərimin dostu, on il bir sinifdə oxuduğumuz Aslan idi. O cavan yaşında dünyasını dəyişmişdi. Rəhmətə gedəndə, təxminən, qırx yaşı vardı. İki dəfə ürəyindən əməliyyat olmuşdu. Aslan həyatı boyu üç bədii kitab oxumamışdı. Amma onun qədər müdrik adama mən çox nadir hallarda rast gəldim. Yüzlərlə kitabın insana verə biləcəyi informasiya onda fitrətən var idi. Ləyaqəti, insanlığı, özünü sevdirməyi, hiyləgərliyi, çoxbilmişliyi, həyat təcrübəsi, münasibətləri tənzimetmə qabiliyyəti hardan gəlmişdi ona?! Qəti deyə bilərəm ki, Aslanın da əsl müəllimi küçə və məhəllə, başqa sözlə, Bakı şəhəri olmuşdu.
Yuxarıda dediyim kimi, Aslan mənim məktəb yoldaşım idi. 10 il bir sinifdə oxumuşduq. Nizamidən-Nizamiyə Nizami küçəsi ilə! Bu marşrutu biz onunla və digər dostlarla bir yerdə eninə, uzununa dəfələrlə ölçmüşdük. Məktəbdən daha çox bizim həyatımız küçələrdə keçirdi, çayxanalardan, kino-teatrlardan çıxmırdıq. Məktəbdəki dərslərdən sonra bizim öz "məktəbimiz" həmişə davam etmişdi. Bu "məktəb", adətən Sabir bağından başlardı. Bizim sinif uşaqlarının qala divarlarının bir uçuq yerində gizli "daxılımız" var idi. Mən, Məlik, Aslan, Muxtar, Natiq, Əbülfəz, Etibar, Zakir burada siqaret gizlədərdik. Yığışıb o bağda siqaret çəkərdik. Bu, bir ritual idi. Özü də o "daxıla" dükanda satılan siqaret yığmazdıq. Axşamlar Moskva qatarının qabağına çıxar, vaqon-restoran işçilərindən baha qiymətə "defisit" siqaretlər alardıq. Aylarla bunun üçün pul yığardıq. O zaman ləzzətindən bihuş olduğumuz "Kim", "Vizant" belə siqaretlərdən idi. Çox ətirli idilər. Bunlar Kuba siqaretləri idi. Mağazada onlara rast gəlmək mümkün deyildi. Sonralar bunların sirasına "Malboro", "Kent", "Danhil", "BT",... əlavə olundu. Daha sonra isə siqaret almaq üçün qatar qabağına çıxmağa ehtiyac qalmadı. Biz yaşa dolurduq və "Kubinka" deyilən yerdən nə istəsən ala bilirdik.
Biz - məktəb illərindən bir-birimizin yanında olmağa alışmış dostlar bir-birimizin yanında olmadan az qala yaşaya bilmirdik. Mənim Moskvadan tez-tez Bakıya gəlməyim də ən çox onlara görə idi. Aslanın mənim üçün bir əvəzedilməz xasiyyəti vardı ki, bu xüsusiyyət o birilərində yox idi. O qulaq asa bilirdi. Mənə ağıllı məsləhətlər vermək, narahatlığımı azaltmaq, məni əzən nə vardısa, onun bir hissəsini öz çiyinlərinə götürmək bəlkə onun heç ağlına da gəlmirdi. O, sadəcə, qulaq asırdı. Nəsə soruşurdu, nəsə deyirdi, söhbətin məcrasını, bəlkə heç özü də bilmədən dəyişirdi və mən bir azdan görürdüm ki, içimə yığdıqlarımdan azad olmuşam, artıq rahat nəfəs ala bilirəm. Aslan heç özü də hiss etmirdi ki, nə edir. Mən də bunu bilmirdim. O ancaq qulaq asırdı. Amma nəsə baş verirdi və mən rahatlaşırdım. Çiynimdə yığışanları onun çiyninə keçirirdim.
Mənim rahatlığımı ciddi-cəhdlə, səliqə ilə bərpa edən, qoruyan ikinci dostum Natiq Səfərov idi. O, gözəl ziyalı, hərtərəfli filoloji hazırlığa malik filoloq, mahir tərcüməçi idi. Rus dilini incəliklərinə qədər gözəl bilirdi. Rus dilindən Azərbaycan dilinə ondan daha kamil tərcüməçi tanımadım. Ədəbi mühitin andeqraund və orta qatlarında nüfuzlu söz sahibi idi, say-seçmə ədəbiyyat adamı idi. Güclü ədəbi duyuma malik olan Natiq mənim yazdıqlarımı daim oxuyur və xüsusi təkidlə məni həmişə yazmağa, ruhdan düşməməyə, yenə də, yenə də yazmağa təşviq edirdi. Xüsusilə, pyes yazmağa. Əlində qələm tutan bir adamı həvəsləndirmək üçün daha nə lazım idi?! Əlbəttə ki, tərifləməkdən başlamaq! Bunu Natiq qədər ustalıqla həyata keçirən olmurdu. Sonra onun "milli dramaturgiyaya xidmət" xəttini mənim əziz dostum Həsənağa Turabov və əlbəttə ki, artıq digər əziz dostuma çevrilmiş Vaqif İbrahimoğlu davam etdirdilər. Onlar olmasa idi, mənim pyes yaradıcılığım bir addım da irəli gedə bilməzdi.
Natiqin tərcüməçi kimi xüsusi məharəti o zaman bütün ölkə filoloji və mədəni həyatında bomba kimi partlayan Oljas Süleymenovun "Az i Ya" əsərini Azərbaycan dilinə tərcümə etdiyi zaman özünü göstərdi. Natiq mükəmməl bir tərcümə ortaya qoymuşdu. Bu əsəri tərcümə etmək sadəcə, dili bilməyi yox, elmi də bilməyi şərt kimi qarşıya qoyurdu. Özü də təkcə müasir dil elmini yox, tarixi dilçiliyin də gərək bilicisi olaydın. Natiq bu əzablı çətinliyin öhdəsindən məharətlə gəldi. Onun sayəsində Oljas Süleymenovun bu möhtəşəm əsəri Azərbaycan dil məkanında ikimüəllifli bir əsərə çevrildi, desəm, səhv etmərəm.
Natiq çayxanaların ürəyi idi. Məzəli əhvalatları, bu əhvalatların özünəxas məzəli "ifası", əsərə və adama dəqiq qiymətvermə bacarığı var idi. Bir sözlə, sözü-söhbəti çayxanadan-çayxanaya gəzirdi. Onunla məni birləşdirən də elə çayxana olmuşdu. Tanışlığımız mən Moskvadan Bakıya qayıtdıqdan sonra, 70-ci illərin axırında baş verdi. Mən Akademiyanın Dilçilik İnstitutunda işləməyə başlamışdım, Natiq isə Radionun stajlı əməkdaşı idi. Məndən gərək ki, 15 yaş böyük idi. Bəlkə də mənimlə dayə kimi davranmağı özünə borc bilirdi?! Evdə anam da onun xətrini çox istəyirdi. Hər dəfə biləndə ki, Natiq bizə gələcək, naxçıvansayağı yemək bişirərdi. Natiqin də naxçıvanlı olmağı, atasının vaxtilə Naxçıvanda yüksək vəzifə daşımağı, anamın onun qohumlarından kimlərisə tanımağı Natiqin bizim evə gəlişini xüsusi bir hadisəyə çevirirdi. Anamla Naxçıvandan, ağsaqqallardan, ağbirçəklərdən saatla danışmaqdan yorulmazdı və bu zaman əsl ensiklopedik bilik nümayiş etdirərdi. Mən də dəfələrlə eşitdiyim bu söhbətlərə dözərək onları dinlər və öz növbəmi gözlərdim.
Nəhayət, anamla söhbət bitəndə və anam mətbəxə çəkiləndə mənim növbəm çatırdı. O zaman mənim qəlbimin yolları ilə addımlayan və ya addımlamaq istəyən qızlar, xanımlar az deyildi. Natiq də özünü bu işlərdə "professional" sayırdı. Yaxşı məsləhətlər verirdi. Amma özünün də mənim məsləhətlərimə ehtiyacı var idi. Biz onunla şərtləşirdik. Əvvəl mən, sonra o. Bir-birimizə nə varsa, danışıb bir-birimizdən məsləhətlərimizi əsirgəməyəcək idik. Mən başlayırdım. Və... qurtarmaq bilmirdim. Görürdüm ki, Natiq qıvrılır, az qala oturduğu yerdəcə çabalayır, o da danışmaq istəyir, amma mən ağızucu "bunu da deyim, sonra sən başlarsan..." deyərək coşqunluqla davam edirdim. Mən qızışırdım, ona aman vermirdim. Bir az da keçir, Natiq səbirlə öz danışmaq vaxtını gözləyə-gözləyə artıq öz dərdini unudur, müticəsinə ancaq qulaq asır, danışıb yüngülləşən isə mən olurdum. Natiqə növbə çox nadir halda gəlib çatırdı. İndi düşünürəm ki, Natiq boynuna götürdüyü o böyük qardaş rolunu incə həssaslıq və qayğıkeşliklə yerinə yetirirdi. Mənim kəmhövsələliyim onu qətiyyən özündən çıxarmırdı, əsəbiləşdirmirdi. Sonunda o, özünəməxsus şux bir yamsılama, incə yumorla mənim ona danışmağa imkan verməməyimi elə bəzəyib mənə qaytarırdı ki, mən özüm-özümə kənardan güzgüdəki kimi baxırdım və qarnımı gülməkdən tutub uğunub gedirdim. Bizim söhbətimizi axırda şux bir zarafata döndərəndən sonra mənimlə bərabər onun özü də rahatlıq tapırdı. Amma ədalət naminə demək lazımdır ki, əlbəttə, mən Natiqin mənə bu cür qoruyucu münasibətindən əməlli-başlı sui-istifadə edirdim. Bunu boynuma alıram.
Amma ən ağrılı olan nə idi, bilirsinizmi?! Natiq anamın məxsusi onun üçün bişirdiyi məzrəli küftədən bir-iki qaşıq yeyib, mənalı-mənalı mənə baxır, mən də çarəsiz halda yerimdən qalxıb onun "dərmanını" gətirirdim. Araq içəndə o yemək yeməyi sanki unudurdu. Onu zorla da olsa, yedizdirmək əməlli-başlı müsibətə dönürdü. Balaca uşaq kimi olurdu. Arağı da ki, Natiq o çəlimsiz cüssəsi, o balaca boyu ilə 3 nəfərin əvəzinə içirdi... Anamın bişirdiyi o gözəl, dadlı yeməklər, demək olar ki, diqqətdən kənarda qalırdı.
Natiqi ancaq Vidadi ilə müayisə eləmək mümkün idi. Mənim xüsusi olaraq nazımla oynayan üçüncü dostum Vidadi idi. Onların hər ikisi (Natiq və Vidadi) canlı molla Nəsrəddin idilər. Əgər həyat bir sonsuz və maraqsız tamaşadan ibarət idisə, onlar bu tamaşanın, bəlkə də haman məkan üçün azsaylı canlı, maraqlı, şirin, həqiqi personajları idilər. Çoxları özünü onlara oxşatmağa çalışırdı, amma bu, mümkün deyildi. Onlara sanki xüsusi vergi verilmişdi. Vidadi və Natiq bir-birinin yanında olanda isə o məkanda - çayxanada, yaxud hansısa məclisdə əsl intellektual, məzəli karnaval partlayışı baş verirdi. Bu ikisi 20-30 nəfərlik məclisi əllərinə alıb hər kəsin diqqətinə hakim ola bilirdi. Sənə qalan o olurdu ki, təkcə iki qulağınla deyil, iki gözünlə də onların söhbətinə bağlanasan və həqiqi həzz vulkanının necə püskürdüyünün şahidi olasan. Nələrdən söhbət getmirdi - hansısa rayona kiminsə toyuna gedərkən yolda baş verənlərdən, Ramiz Rövşənin öz şeirlərindən ötəri Sabir Azəri ilə davaya getməsindən və yarım saat sonra "Ulduz"un redaksiyasından onunla qol-qola, qucaqlaşıb çıxmasından, Mirzə İbrahimovun Yazıçıların Plenumunda gənclərə qayğı ilə bağlı Anardan, Yusif Səmədoğlundan, Elçindən, Çingiz Ələkbərzadədən bəhs etməsindən və bizim gözümüzdə artıq "ağsaqqallara" dönmüş və Mirzə müəllim üçün ancaq özünün ədəbi dostlarının övladı kimi qiymətli olan bu yazıçıları gənc kimi nəzərdə tutmasından, əslində həkim olan, amma Vidadinin ədəbiyyata "yoluxdurduğu" Sabir Sadiqin evindəki həngamələrdən, Vidadinin adını öz aramızda "Aşıq" qoyduğu bir gənc alimin xırda hədiyyələr ustası olmasından, Oqtayın maşın sürmə cəsarətindən... Söhbətlər bitib-tükənirdimi, bitib tükənmirdi. Vidadi və Natiq bir-birinə sözlərlə, cümlələrlə, replikalarla "pas ata-ata" bizim heyran baxışlarımız altında xumarlanıb daha çox vəcdə gəlirdilər. Biz də ləzzətdən bayılırdıq. Onlar hadisəni, sadəcə, danışmırdılar. Onlar hadisəni həm də oynayırdılar. Danışdıqları zaman əsl aktyora dönürdülər. Səsləri, mimikaları, intonasiyaları bu oyunun komponentlərinə çevrilirdi. Bir sözlə, anadangəlmə fitri istedad dedikdə mənim yadıma ilk olaraq bu iki ədəbiyyat xadimi düşür. Andeqraundun da öz xadimləri olur!
Vidadinin sanki heç kim üçün xüsusi vaxtı yox idi. Vidadi sanki səhərdən axşama qədər ancaq özü ilə, öz maraqları ilə məşğul idi. Bu maraq da ondan ibarət idi ki, hardan beş-on manat tapım, yaxud necə edim, verim özümü xırda bir məclisə. Biz əgər çayxanaya söhbət, ünsiyyət möhtacı olaraq gəlirdiksə, Vidadi çay içmək istəyəndə gəlirdi. Heç kimin problemi ilə məşğul olmağa həvəsi olmazdı. Vaqif İbrahimoğlunun sözü olmasın: amma və lakin! Bir də görürdün ki, o da keçib mənim cəngimə, iki saatdır bulvarda o başa, bu başa, mən döşəyirəm, Vidadi səbirlə qulaq asır, sonra təhlil edir. Mənə məsləhət verir. Əslində, istəsəydilər, Vidadi də, Natiq də mənə səbirlə qulaq asmaqlarını, sadəcə, imitasiya edə bilərdilər. Buna onların istedadı çatardı. Amma onlar bunu etmədilər. Onlar qulaq asdılar. Buna görə də mən onlara bu gün də bu xeyirxahlıqlarına görə minnətdaram.
Vidadi "Ulduz" jurnalında, daha sonralar isə "Ədəbiyyat qəzeti"ndə çalışdı. "Dədəmin goru haqqı" - ən çox bu andı içərdi. Axtardığın ən böyük həqiqəti sənə ancaq təklikdə deyərdi. O, öz həyatı ilə də andeqraundda ilişib qalmışdı. Həyata və onu əhatə edən hər şeyə qəlbinin dərinliyində küskün idi. Amma hər kəs ondan nə isə gözləyirdi. Bütün əli qələm tutanlar üçün onun rəyi son dərəcə vacib idi, hamı Vidadinin fikrini soruşub öyrənmək üçün əlindən gələni edirdi. Balaca qonaqlıqlar bir-birinə calanırdı. İlk hekayəsi çıxan da, romanı romana calayan da Vidadinin fikrinə müştaq olardı və bu qonaqlıqlar, əlbəttə ki, yeni-yeni anekdotların yaranmasına səbəb olurdu. Mənim "Nar çiçəkləri" şeirimi xüsusi bir həvəslə tərifləyirdi. Bu şeirdə deyirdi, sən özün də bilmirsən nə etmisən. Hər kəs şeiri pessimist notlarla bitirərdi. "Nar çiçəkləri soldu, hayıf, təəssüf... Amma sən axırda yazmısan ki, nar çiçəkləri soldu, indi nar yetişəcək. Gözəl olan budur".
Vidadi də Natiq kimi anlamaqdan daha əvvəl və daha çox hiss edirdi. Mən indi-indi başa düşürəm ki, onların hər ikisi Dədə Qorqudun sözü olmasın, "ol zamanlar" böyük bir boşluğu doldururdular. Bunu bəzən yox, elə həmişə, bəlkə də özlərindən xəbərsiz edirdilər. Ədəbi qəzet və jurnallarda çap edilməsi röya qədər əlçatmaz olan yazılara onlar yeni həyat verirdilər. Bu yazılar barədə usanmadan danışırdılar. Ramiz Rövşən, Vaqif Bayatlı, Ələkbər Salahzadə əvvəl-əvvəl məhz onların təqdimatında çayxanadakı andeqraundu fəth elədilər. Natiqlə Vidadinin çayxanada, Vaqif İbrahimoğlunun, Rəhmanın, Niyazinin, Zeynalın, Toğrulun, Əlinin isə Vaqifin balaca kabinetində verdikləri sərrast qiyməti, dəyəri heç bir mətbu orqanında tapa bilməzdin. Sanki iki ədəbi proses var idi. Ədəbi generalların, polkovniklərin ədəbi prosesi və onlardan uzaqda (bəlkə də yaxındakı çayxanada) əsl ədəbi qiymətlər mühiti. Bu mühitin öz dinləyiciləri, öz müəllimləri var idi. Və mən deyərdim ki, bu çayxana mühiti o biri rəsmi mühitdən daha maraqlı olurdu.
Və nəhayət, Aslanın, Natiqin, Vidadinin yanında dayanan Vaqif İbrahimoğlu! Vaqif də bu üç dost kimi qulaq asmağın ustası idi. Onunla görüş yeri əvvəllər Tədris teatrındakı iş otağı, sonralar özünün yaratdığı "YUĞ" teatrındakı bapbalaca kabineti idi. Vaqiflə xüsusi gəzinti "marşrutum"uz yox idi. Onunla marşrutumuz hər yerdən hər yerə aid intellektual marşrut idi.
Aslanla və o biri məktəb yoldaşlarım ilə isə marşrut "Nizamidən Nizamiyə - Nizami küçəsi ilə" sxemi ətrafında qurulurdu. Biz görüş yerimiz olan Petra Montində tapışmayanda bu marşrut boyunca hərəkət edirdik və hökmən bir-birimizi görürdük. Kifayət idi ki, bu marşrutla bir o tərəfə gedək, bir də bu biri tərəfə gələk. Nizami muzeyindən Nizami küçəsi (Torqovı) ilə Nizami kino-teatrına qədər və geriyə. Bu cür axtarışlar heç kimə qəribə gəlməsin. Mən cib telefonlarının xəyal belə edilmədiyi vaxtlardan danışıram.
Vidadi və Natiq, eləcə də bu qəbildən olan dostlarla - universitet müəllimləri, gənc şairlər, yazıçılar, tənqidçilər, jurnalistlərlə görüş yerimiz çayxanalar olurdu. Onların da yeri, bir qədər əvvəldə dediyim kimi, tez-tez dəyişirdi. Əvvəlcə "Baksovet" metrosunun böyründəki çayxanada toplaşırdıq. Vidadi deyirdi ki, bu çayxanaya nə zaman gəlirsən-gəl, arxayın ola bilərsən ki, səni orada Aqil Abbas qarşılayacaq. Özü də elə ürəkdən "xoş gəlmisən" deyir ki, elə bil, bu çayxana onun şəxsi mülküdür.
Sonra nə oldu, nə olmadı, deyə bilmərəm, amma çayxana görüşləri "Goburnat" bağının ortasında qala divarına yapışıq koğuş kimi bir yerə köçdü. Çayxana az qala qala divarına yapışdı. "Aqilin çayxanası" unuduldu. Bir müddət sonra çayxanada görüş yeri bir qədər də aşağı endi - "Azneft" meydanına, "Goburnat" bağının Azneftə çıxdığı yerə. Daha sonra yığışmağımıza başqa bir çayxanada davam etdik. Bu çayxana əvvəlkilərdən xeyli uzaqda idi. Bulvarın o biri başındakı "Sahil" restoranının çayxanası idi. Bu saydıqlarımdan başqa çayxanalara məqsədli toplaşmağımız yadıma gəlmir. Bir dostumuz vardı - Oqtay Məmmədov. Filologiyanın tələbəsi idi. Deyirdi ki, mən hansı çayxanaya gedib otursam, görüş yeri ora olar. Yəni, özünə o qədər inamlı idi. Çayxana kultu kənddən, rayondan şəhərə gələnlər üçün xüsusi əhəmiyyət daşıyırdı. Şəhər məktəbindən çıxıb Universitetdə oxuyanlar üçün çayxana kultu yox idi. Çayxana vardı, amma kultu yox idi. Çünki bizim bir başqa da görüş yerimiz, ünsiyyət məkanımız vardı. Bu, məhlə idi. Mənim kimilər "ya çayxana, ya da məhlə" seçimindən uzaq idilər. Mənim kimilər bir istisna idilər. Mənim kimilər üçün onların hər ikisi - həm məhlə var idi, həm də çayxana.
Çayxanalar dövründən bir qədər keçəndən sonra, 1980-ci illərin axırına doğru Bakı çox sürətlə qocalmağa başladı. Trolleybuslar, tramvaylar yavaş-yavaş şəhər küçələrindən yığışdılar; taksilər, marşrutkalar çoxaldı. Adamların qayğısı artdı. Restoranlarda yemək-içmək həvəsi çoxları üçün öz yerini ərzaq axtarışlarına verdi. Ermənistanla münaqişənin cücərtiləri artıq özünü göstərirdi. 20 Yanvar qapını şiddətlə döyürdü. Artıq Bakıda və Azərbaycanda, eləcə də bütün "şanlı" sovetlər ölkəsində başqa ruzgarlar əsməyə başlamışdı. Bakı çayxanalarının əvvəlki ədəbi, bədii, mədəni təpəri qalmamışdı. Hər şey sürətlə siyasiləşirdi. Daha ciddi söhbətlərin və müzakirələrin vaxtı gəlmişdi. Məkan çayxanalardan gizli evlərə köçmüşdü. Paralel olaraq çayxana öz içindən əzabla Meydan hərəkatını doğurdu. İndi artıq "Dom Sovet"in qarşısındakı böyük meydan ayrı-ayrı qruplar üçün çayxana olmağa başlamışdı. Ricətin sonu.
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!