Dünyanın sonu - Adil QULİYEV

Rus dilindən çevirəni: Dürdanə İbrahimova-Hüseynbəyli

"Adamlar bilməlidirlər ki,dünyanın sonu içimizdəki nifrətdə, əməllərimizdə düşüncələrimizdədir."

Çingiz Aytmatov

 

******************

 

- Apararsınız? - taksinin açıq pəncərəsinə tərəf əyilərək sürücüdən soruşdum, amma sükan arxasındakı adamı görəndə maşına oturmaq həvəsim öldü.

Sürücü yekəpərin biriydi. Öküzə oxşar başını sallanmış ətli yanaqları, tüklü qulaqları bəzəyirdi, sviterinin altından dombalan qarnı elə gündəydi ki, sanki planetariyanın damından çırpışdırdığı qlobusu udub.

O, mənim çaşqın sifətimə baxıb ürəkdən güldü.

- Nə durmusan otur, otur aparım, - dedi. - Məni birinci dəfə görənlərin hamısının reaksiyası belədir. Amma xarici görünüş çox zaman aldadıcı olur, dostum. Mənim yekə və qorxulu olduğuma baxma, əslində isə yumşaq xasiyyətim və sevən ürəyim var. Söz verirəm ki, səni dediyin yerə sağ-salamat aparıb çıxaracam.

Onun bu sözlərindən sonra imtina edə bilməzdim, ona görə də taksinin arxa qapısını həvəssiz açıb oturdum. Yerimi rahatlayandan sonra baxdım ki, sən demə, aysberqin əsas hissəsi salonda gizlənibmiş. Maşında sürücü oturacağı yox idi və taksist arxada oturub maşını idarə edirmiş. Gördüklərim məni elə çaşdırdı ki, doğma kəndimin də adı yadımdan çıxdı.

Bir-iki dəqiqə keçəndən sonra taksi sürücüsü başını mənə tərəf döndərmədən soruşdu:

- Hara gedirik?

- Bağışlayın, fikirliydim, - dərhal dedim və gedəcəyimiz ünvanın adını çəkdim.

Sürücü maşını işə saldı və tələsmədən qaza basdı.

Sərnişin kimi maşınla gedərkən, adətən ətrafa baxmağı sevirəm. Xüsusən də, vətənə gedəndə, çünki nadir hallarda buralara baş çəkirəm. Mən vətəndə olmayanda baş vermiş dəyişiklikləri müşahidə edirəm: əvvəllər bombalamboş, yarğanlar olan çöllüyün yerində ucaldılan yeni binaları, onların yaraşıqlı vitrinlərini, bağçaları, parkları seyr edirdim. Amma bu dəfə bütün diqqətim taksi sürücüsündəydi. Hələ onunla söhbətə körpü də salmaq istəyirdim, amma nədən başlayacağımı bilmirdim. Bu naqolay adama çoxlu suallarım vardı. Məsələn, soruşmaq istəyirdim ki, qazandığı pulların çoxunu maşına xərcləyir, yoxsa özünə? Kim çox "yeyir?" - o, yoxsa, sürdüyü maşın? Amma susurdum, çünki verəcəyim suallar onun xətrinə dəyə bilərdi.

Bir söz danışmadan xeyli yol getdik. Sakitliyi ilk olaraq sürücü pozdu:

- Hardan gəlirsən? - deyə domba gözlərilə mənə qıyqacı baxıb soruşdu.

- Sankt-Peterburqdan. - Mən də qısaca cavab verdim.

- Hə, gözəl şəhərdir. Əvvəllər orda çox olmuşam, - deyə o, gözünü yoldan çəkmədən söylədi. - Geniş küçələri, bənzərsiz arxitekturası, ağ gecələri, səmimi, mədəni insanları var, moskvalılar kimi deyillər...

- Razıyam, mübahisəsiz məsələdir, gözəl şəhərdir, - təsdiq elədim.

Sürücü barədə ilkin təəssüratım mənfi olsa da, yaxşı müsahib imiş. Onun davranışından, danışıq tərzindən görünürdü ki, doğrudan da, çox səmimi adamdır və uşaq kimi sadəlövhdür.

Ordan-burdan söhbət edə-edə yolu yarı etdik. Yolda qarşımıza çıxan benzindoldurma məntəqələrində növbəyə durmuş çoxlu adam vardı, əllərində də kanistrlər. Əvvəllər belə bir mənzərənin şahidi olmamışdım: adətən benzindoldurma məntəqələrində maşınlar növbəyə dayanır, adamlar yox.

- Bu adamlar niyə növbəyə durublar? - deyə sürücüdən xəbər aldım.

- Əllərində kanistr olanları deyirsən? Onlar solyarka almaq istəyənlərdir.

- Solyarka? Niyə, nəyə görə? - təəccübləndim. - İndi dizel yanacağı qəhətdir ki?

- Yox, qəhət deyil, sadəcə, sabah saat beşdə dünyanın axırı çatmalıdır, - sürücü ciddi şəkildə izahat verdi. - Ona görə də solyarka, kibrit, duz ehtiyatı görürlər.

- Necə yəni dünyanın sonu? Hansı dünyanın? Bu hardan çıxdı? - dəqiqləşdirmək istədim.

- Bilmirəm, - deyə sürücü çiynini çəkdi, amma əminəm ki, belə vaxtlarda ən zəruri ehtiyatlarını yığmalısan.

- İndi sən mənə izah elə görüm, - deyə mövzunu inkişaf elətdirmək istədim, - deyək ki, sabah dünyanın sonudur, belə çıxır ki, hamımız öləcəyik?

- Hə, əlbəttə, elədir, - müsahibim başı ilə təsdiqlədi.

- Bəs onda adamlar o biri dünyaya özlərilə niyə solyarka və kibrit aparırlar? - deyə məntiqi bir sual verdim. - Yəni doğrudanmı, cəhənnəmdə adam o qədər çoxdur ki, onları yandırmağa yanacaq çatmır? Biz azərbaycanlıların çoxu indi məscidə getmir, namaz qılmır, xeyirxah işlər görmür. Demək olar, hamının o qədər günahı var ki, o biri dünyada bizi öz solyarkamız, odunumuzla pulsuz-pənəsiz, özü də sorğu-sualsız, növbəsiz, həm də məmnuniyyətlə yandıracaqlar, təkcə soyadımızı xəbər alacaqlar.

Görünür, mənim sözlərim sürücünün ağlına batdı, ona görə də bir az fikirləşib dedi:

- Nə bilim, dostum, hər şey ola bilər. Düzü, dünyanın sonu barədə heç düşünməmişəm, amma bərayi-ehtiyat zəruri ehtiyatlarımı görmüşəm.

- Neçə litr solyarka götürmüsən?

- Üç litr.

Mən onun boy-buxununa yenidən nəzər saldım və soruşdum:

- İnanırsan ki, sənə bəs edəcək? Bəlkə yanacağı bir az çox götürəydin, sonra hardan solyarka tapacaqsan?

Buradakı problemlərdən, o biri dünyadan söhbət edə-edə evimizə gəlib çatdım. Nəhəng sürücüdən hesabı soruşdum, o da ikiqat qiymət dedi.

- Niyə bu qədər çox? - deyə maraqlandım.

- Məni görmürsən? Orqanizmimi yaxşı vəziyyətdə saxlamaq üçün çox yeməliyəm.

- Elə mən də onu soruşmaq istəyirdim: bir gündə nə qədər yemək yeyirsən? Maraqlıdır?

- Düzü, dəqiq deyə bilmərəm.

- Yəni bilmirsən ki, nə qədər yeyəndən sonra doyursan?

- İş burasındadır ki, mən heç zaman doymuram. Çəngəl-bıçaq məni yorandan sonra stoldan dururam.

- Oldu, səmimi cavabına görə çox sağ ol. Buna görə sənə mükafat da düşür, - deyə zarafat elədim. - Bir şeyi də soruşum, dostum: - Pul sənin nəyinə lazımdır? Doğrudan da, səhərə yaxın dünyanın axırı çatacaqsa, bu pul bir çürük qoza da dəyməz. Çünki o biri dünyada pul heç kimə lazım olmayacaq.

Görünür, taksi sürücüsü belə bir məntiqli izahat gözləmirdi, ona görə də bir az fikrə getdi, sonra üzümə baxıb yazıq-yazıq dedi:

- Yox, mən bunu edə bilmərəm. Rəis bərk-bərk tapşırıb ki, planı vaxtında verək, verməsək, bizi yerin deşiyindən də olsa, tapıb cəzalandıracaq. Sözü də havayı demir. Ona görə də dünyanın sonu-zadı mənə kömək etməyəcək. Pulumu verin, zəhmət olmasa.

O, bu sözləri elə fağırcasına dedi ki, yazığım gəldi.

- Nə danışırsan, dostum, zarafat edirəm, - deyə sürücünü sakitləşdirməyə tələsdim. - Narahat olma, dediyinin hamısını verəcəm.

Pulqabımı cibimdən çıxardım və dedim:

- Vikinqlərin belə bir inancı var: bu dünyada kim borc götürürsə, onu axirətdə də qaytara bilər, yəni o biri dünyada.

Mənim bu sözlərim sürücünü əməlli-başlı maraqlandırdı:

- O dediyin vikinqlərin valyutasının adı nədir? - deyə soruşdu.

- Avro. Nədir ki?

- Hə, bildim, - deyə şişman taksist çoxmənalı şəkildə mızıldandı: - Çünki onların pulları yaxşıdır, bizim manat kimi deyil. Avronu dünyanın hər yerində qəbul edirlər, manatı isə Azərbaycandan başqa heç yerdə. O biri dünyada isə dünəndən götürməyəcəklər.

- Doğrudan e! Mən heç bu barədə fikirləşməmişdim. Ala, manatlarını götür, get.

Taksi sürücüsünün pulunu verib yola salandan sonra qapalağı açdım və uşaqlığımı andıran həyətə girdim. Orada heç kim yox idi. Adətən, anam əvvəldən çölə çıxar və məni qarşılayardı. Amma bu gün elə olmadı, deməli, nəyəsə başı qarışıb.

Hər tərəfdə sakitlik idi, yalnız hardansa sərçələrin civiltisi gəlirdi. Azacıq kədərləndim. Axı bir zamanlar bu böyük evdə səkkiz uşaq, nənəm, atam, anam yaşayırdı. İndi isə bomboş idi. Atamla nənəm bu dünyanı əbədi tərk eləmiş, uşaqların hərəsi bir tərəfə dağılmış, anam tək-tənha qalmışdı. Bu qəmgin düşüncələrdən məni anamın şən səsi ayırdı. Oğlundan ötrü möhkəm darıxmış anam məni bərk-bərk qucaqlamışdı, buraxmaq istəmirdi.

Nahar vaxtıydı. Dünyanın sonuna yaxın yaxşıca yemək lazım idi. Doğrudan da, birdən səhərə yaxın iks saatı ola bilərdi və məlum deyildi, bizi o dünyada yedizdirəcəklər, ya yox. Özümüz də məhkəmənin hökmünü gözləməliydik ki, görən, kimi hara göndərəcəklər: cəhənnəmə, ya cənnətə?

Anamla stol arxasında oturub yaxşıca nahar elədik, mənim Sankt-Peterburqdakı həyatımdan danışdıq və qarşıda gözlənilən apokalipsis barədə dolaşan şayiələrlə bağlı müzakirə açdıq. Ha çalışdım ki, anamı bütün bunların mənasız söz-söhbət olmasına inandıram, amma xeyri olmadı, ona görə də kəndin ortalığına yollanmaq qərarına gəldim. Bilmək istəyirdim, görüm fəallarımız qlobal problemlər barədə nə danışırlar. Hiss edirdim ki, bu günün əsas mövzusu "dünyanın sonu"nun yaxınlaşması barədə olacaq, çünki qalan söhbətlər onun yanında xırda-xuruş idi.

Bu mövzu mənə ona görə maraqlıydı ki, insanın nə qədər səfeh olduğunu öyrənə bilim. Uşaqlar heç, onlar cürbəcür nağıllara inana bilərlər, amma bəzən böyüklər elə axmaqlıqlara yol verirlər ki, ona düz-əməlli izahat vermək də mümkün deyil.

Yadımdadır, bir müddət əvvəl COVİD-19 pandemiyası yayılanda da müxtəlif şayiələr gəzirdi. Adamlar dəhşətli aclığın qapını kəsdirdiyini deyirdilər. Ona görə də dünyada yaşayan adamların hamısı tualet kağızından belə ehtiyat yığırdı. Adamdan soruşarlar: yeməyə heç nə olmayacaqsa, tualet kağızı nəyə lazımdır?

Bütün bunları fikirləşə-fikirləşə evdən çıxmaq istəyirdim ki, anam hara getdiyimi soruşdu, kəndin mərkəzinə çıxmaq istəyimi eşidəndə sevindi.

- Oy, nə yaxşı, gedəndə qoçumuzu da özünlə apar!

- Qoçumuzu? - deyə çaşqınlıqla soruşdum və kölgəlikdə səs-səmirsiz uzanmış qoça nəzər yetirdim. Qoç da öz adını eşidəndə diqqətlə bizə baxdı və heç nəyi buraxmamaq üçün qulaqlarını şəklədi.

- Qəribədir, qoçumuz o qədər dəli olub ki, dünya əhəmiyyətli müzakirələrdə iştirak etmək istəyir? - təəccüblə xəbər aldım. - Mən bilən, indiyə kimi bizim qoçlar bu cür şübhəli tədbirlərdə iştirak etməyiblər.

- Nə müzakirə? Nə danışırsan? - deyə anam həyəcanla soruşdu. - Mən, sadəcə, onu satmaq istəyirəm. Bəlkə, alan oldu?!

- Ay ana, - dedim, - indi axmaq adam hardadır, belə bir gündə sənin erkəyini ala?

- Sən hardan bilirsən, bəlkə alan tapıldı?! - deyə anam sakitləşmədi. Sən onu özünlə apar, sata bilməsən, geri gətirərsən.

- Yox, anacan, bu gün heç kim qoç almaq istəməz, - deyə onu fikrindən daşındırmaq istədim. - Buna tam əminəm. Axirət günü adamlar çox zaman özlərini düşünə bilmirlər, sən də istəyirsən ki, erkəkdən muğayat olsunlar? Hardan elə bir axmaq tapaq ki, Tanrının yanına sorğu-suala gedəndə özlərilə erkək aparsınlar? Sən bir o yazığın sir-sifətinə bax. Tanrı onu bu vəziyyətdə görsə, yeni sahibini sorğu-sualsız cəhənnəmə göndərəcək.

Ancaq anam dediyindən dönmədi: "Apar sat, vəssalam". Sonda təslim oldum.

- Bəs bu qoçu neçəyə verirsən? -deyə xəbər aldım.

- Yüz dollara verərəm, - dedi.

Bu sözü eşidəndə cibimdən yüz dollar çıxarıb anama verdim, qoçu da çölə çıxarıb buraxdım küçəyə.

- İndi bu nə deməkdir? - Qoçun artıq keçmiş sahibi təəccüblə mənə baxdı.

- Heç nə. Mən bu heyvana azadlıq verdim, qoy ürəyi hara istəyir, getsin. Bu gündən sonra o yeganə erkəkdir ki, heç kimə məxsus deyil, azaddır.

Anam çaşqın halda dayanmışdı, nə edəcəyini bilmirdi. Bir tərəfdən, qoçunu özü istəyən qiymətə satmışdı və etiraza yer qalmamışdı, o biri tərəfdən isə, heç cür anlaya bilmirdi ki, qoç heç kimin də ola bilərmiş.

Biz qoçun taleyini həll edən zaman yazıq heyvan sakitcə çöldə dayanmışdı və hasarın yarığından bizə baxırdı, güman ki, bu işin nə ilə nəticələnəcəyini gözləyirdi.

- Sən özün bax da, görmürsən ev heyvanıdır? - Anam müzakirəni davam etdirirdi. - Heç yiyəsiz də qoç olar?

Qoç bu sözləri eşidəndə başını qaldırıb-endirdi, sanki işarə elədi ki, sahibinin dediklərilə razıdır.

- Bircə dəqiqə! - anama etriaz elədim, - "qoç" deyib mənim mülkiyyətimi təhqir eləmə. Gör necə ağıllı sir-sifəti, ifadəli gözləri var?!

- Allah köməyi olmuş, bəs sən nə vaxt böyüyəcəksən?! - anam belə deyəndən sonra dönüb evə getdi.

Anamı valideynlərin bu əbədi sualı ilə baş-başa buraxandan sonra kəndin aralığına getdim. Bura çoxsaylı dükanların və evlərin dövrələdiyi böyük meydandır. Küçədə çox istiydi, Günəş ən yuxarı nöqtəsinə qalxmışdı. Ətrafda sakitlik hökm sürürdü: nə quşlar oxuyur, nə də cırcıramalar cırıldayırdı. Sanki, hansısa sehrbaz əlinin bir hərəkəti ilə Yer kürəsində həyatı dayandırmışdı. Yalnız yolboyu sıralanan ağacların başı yüngülcə yellənirdi. Mən bu gözəlliyə heyranlıqla baxa-baxa gedirdim, amma bir hiss məni sakit buraxmırdı: sanki kimsə məni izləyirdi. Geriyə dönüb baxanda heyrətimdən donub qaldım: qoçumuz arxamca gəlirdi, halbuki bir az öncə ona dünyada ən gözəl varlıq olan azadlıq bağışlamışdım! Görəsən, niyə bu yaraşıqlı qıvırcıq mənə yoldaşlıq eləmək fikrinə düşmüşdü. Bəlkə elə düşünürdü ki, öz intellektual səviyyəsilə dünyanın sonunu müzakirəyə hazırlaşan adamlara qoşula bilər?! Anlaya bilmədim. Bununla belə, erkəyi geri qaytardım, həyətə salıb ağzını bağladım, kəndin mərkəzinə döndüm. Gündüzlər orda adamlar onsuz da çox olur, bu dəfə isə həddən artıq idi və təbii ki, gözlənilən hadisəni müzakirəyə toplaşmışdılar.

Mən bura yığılanların hamısını tanıyırdım, amma kəndlilərimdən biri məni əməlli-başlı maraqlandırdı. Bəstəboy, nazik ayaqlı, sallaq qarınlı, qıvırcıq başlı bu kişinin adı Roma idi. O, ərzaq mağazasında qəssab işləyirdi. Xatırlayıram, ilk kitabım çıxanda məndən xahiş eləmişdi ki, bir nüsxəsini də ona avtoqrafla hədiyyə edim. Onun oxumağa pataloji nifrətini bildiyimdən ehmalca etiraz elədim. Çünki bir dəfə də olsun onun əlində nə kitab, nə də qəzet görmüşdüm. Hesab edirəm ki, oxuduğu ən ciddi əsər "Qoğalın nağılı" olardı, amma çətin ki, oxuyub başa çatdırardı.

O vaxtı Roma mənə ağzı köpüklənə-köpüklənə sübut etməyə çalışırdı ki, bu ətrafda ondan çox kitab oxuyan yoxdur və nəticədə məni raza sala bilmişdi. Mən kitabı imzalayandan sonra onun iyirmi və iyirmi birinci səhifəsinə beş yüzlük və bir vərəq qoydum. Orada belə yazmışdım: "Bura qədər oxuyandan sonra pulumu qaytararsan". Üstündən üç il keçməsinə baxmayaraq, pulumu hələ də verməmişdi.

Məni görəndə Roma çox sevindi və əli ilə işarə elədi ki, onların qrupuna qoşulum. Hər kəslə ayrı-ayrılıqda görüşəndən sonra məclis əhli soruşdu ki, bəs Rusiyada dünyanın sonu barədə nə düşünürlər?

- Əlbəttə, orda da kimlərsə bu barədə danışır, amma ruslar nə solyarka, nə kibrit, nə də duz ehtiyatı görür, - dedim.

- Niyə? - deyə xorla məndən soruşdular.

- Çünki siz sivilizasiyadan çox geri qalmısınız. Rusiyada çoxdan yeni xidmət növünə keçiblər. "Hər şey daxil" adlanır.

- Soruşmağa adam tapdıq da, - yığıncaq iştirakçılarından biri istehza ilə dedi. - Hələ bir azdan bizi ələ də salacaq. Guya, özü dünyanın sonuna inanmır.

- Əlbəttə, inanıram, - deyirəm, - hətta sizdən də çox. Bu dünyada hər şey müvəqqətidir: uşaqlığımız, yeniyetməliyimiz, gəncliyimiz, qocalığımız. Bütün bunlar bir göz qırpımında yox olacaq. Ürəyimiz sonuncu dəfə vurub dayanacaq. Ona görə də, əziz dostlar, əzəl-axır, hamımız üçün dünyanın sonu çatacaq.

Axşama qədər kəndçilərimin arasında olandan sonra evə getdim və yıxılıb yatdım. Səhər gec oyandım və Allaha şükür ki, özümü nə cənnətdə gördüm, nə də cəhənnəmdə, evimizdəydim. Görünür, göydəki kişi növbəti dəfə dünyanın sonunu təxirə salmışdı. Ancaq hər halda, bu axmaq öncəgörüm məni heç zaman bu qədər həyəcanlandırmamışdı. İndi mən başqa şeyə görə narahat idim. Təəssüf ki, kəndimizdə ehtiyat yığan adamlar birdən-birə çoxalmışdı. Dünyanın sonu barədə gözləntilər özünü doğrultmayandan sonra kəndimiz solyarka və kibrit anbarına dönmüşdü. Bundan sonra istənilən nadinc bir uşaq, təsadüfən, kəndimizi dünyanın sonuna çatdıra bilərdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!