Sonuncu mogikan - Varis

Hekayə

Həyatınızın hansısa bir guşəsində hər hansı bir hadisəylə, hər hansı bir insanla rastlaşmağınız yalnız ona görə baş verir ki, siz əvvəlcədən orada onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək istəyirsiniz - bu artıq sizin sonrakı seçiminizdir.  Riçard Bax

Dünyanı xilas etməyə başlamaq üçün öncə bir-bir insanları xilas etmək lazımdır. Çarlz Bukovski

İnsanlar ya qocalıb ölürlər, ya da xəstəliklərdən, bədbəxt hadisələrdən.  Amma o, yorulub öləcək.

Qalın şüşəli stəkandakı açıq rəngli çayını qarışdırarkən qopardığı taqqıltı kiçikekranlı televizorun səsini itirib-gətirirdi, bunun fərqinə vardı, qaşığa bir qədər aman verdi.

Səhər proqramı gedirdi. Bazar meydanında sorğu apararaq keçənləri bir-bir yolundan eləyir, hansı markadan avtomobil bəyəndiklərini soruşurdular...

Əsnədi. Səhərin lap alatoranında durmuşdu, eyvana çıxıb səhər alatoranının qüssə və hüzn dolu göyümtül rəngini üzərində, əslində, vücudunda hiss etmişdi: bu rəngalma hər hansı libasın göy rəngə boyanmasından daha çox zədələr almış bədənin gömgöy göyərməsini andırırdı.

Sanki quş qanadı şappıltısı eşidildi, gözlərini otaq boyu gəzdirib bağlı pəncərənin rəngi getmiş kilidlərində saxladı.

Bütün fikri-zikri ağappaq, ipilıq, simsirli bir gülüşün məhrəmliyi ilə qol-boyun halda bu axşam olacaq tamaşada ikən, "yorularaq öləcəyi" barədəki xəbərdarlıq qəfildən soxularaq bu gülüşü qeyb etmiş, dərhal da qeybolmanın gətirdiyi acı qəhər burulğanında çabalamağa başlamışdı. Niyə məhz bu gecə, belə böyük bir bayramın ərəfəsində yuxusunda ölümü görmüşdü, anlaya bilmirdi. Özü də ölüm obrazı heç də əli qılınclı, ağ kəfəndə, balta dişləri şaqqıldayan kəllə sümüyündən ibarət deyildi, ovuc içinə sığışan əlvan bir quşcuğaz idi. Cik-cik edə-edə qanadlarını çırpıb söyləmişdi ki, görürəm artıq təngnəfəssən, addımların ağırlaşıb, əldən düşmək üzrəsən. Amma sənin çiyninə indi qonmayacam, büsbütün yorulub çökməyini gözləyəcəm.

Səhər proqramının kərpicsifətli xanım aparıcısı tamaşaçıların bu proqramadək bəyəndikləri avtomobildən imtinalarına nail olacağına əminliklə reklam etdiyi avtomobilin üstün cəhətlərini şüurlara pərçimləməyə çalışırdı.

Baş kvadrat, sifət qıpqırmızı. Eynən kərpic. Qazi Elmangilin həyətinə düzülmüş kərpiclərdən ən şümalının birəbir bənzəri.

Studiyanın bəsit dekorasiyasının uyğunsuzluğunu iri akvariumdakı narıncı və qara rəngli iki iri balıq pozmağa çalışırdı. Aparıcının libası gözqamaşdıran narıncı rəngdəydi, axtarsan, üstündə qara ləkələr də tapa bilərdin...

Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş... Beyni təlatümə gəldi.   Hiss etdi, sözlər bir-birini itələyərək qaranlıqdan işığa can atırlar. Bəzən sözləri təsbehin sədəf muncuqları kimi sıraya düzüb ardıcıl, şaqqıldada-şaqqıldada səsləndirməyi sevirdi, yaratdığı fikirlərin hansının iki dibsiz uçurumu birləşdirməyə qadir olan körpü, hansının bu uçurumları sonsuzadək dərinləşdirən təkan ola biləcəyini də təxmin edirdi.

Durub kağız-qələm götürüb yazması gərək idi. Amma durmayacaqdı.   Komodun üzərindəki kiçik çərçivədə qərarlaşmış dərin düşüncəli gənc kişinin qədimi şəkli amiranə səslə "Yox, yazma!" söyləyirdi sanki.

("Baba" kəlməsi göz önünə saç-saqqalı qar kimi ağ, sifət qırışları şumlanmış tarlaya bənzəyən, beli azacıq bükülmüş, əli də əsalı şəxs gətirər. Şəkildəki kişi anasının babasıydı, cəmi iyirmi doqquz il yaşamağa macal tapmışdı. İyirmi doqquz yaşlı ulu baba).

- Bağışlayın, bəs siz hansı avtomobili daha çox bəyənirsiz? Cavabınızı almışdan öncə sizə məsləhət görərdim ki...

Masanın üstündən saatını götürüb qurdu, saatın sol böyründə mürgüləyən tamaşa biletini baxışlarıyla oxşayarkən sağ böyürdəki qırmızı cildli kitabın açıq səhifəsi gözlərini çəkdi. Dayandığı yeri dərhal tapdı:

"...Amma söhbətimizin mövzusu tam başqadır. İş ondadır ki, "mogikanlar" deyə Nyu-York ştatı ərazisinin Şərq hissəsində, Qudzon çayının sahili boyunca məskunlaşmış beş əzəmətli hindu tayfasının konfederasiyasına daxil olanları adlandırırdılar. "Mogikan" sözünün hərfi tərcüməsi..."

Vərəqi çevirdi:

"..."böyük çayın insanları" demək idi. Avropalılar isə onları "çay hinduları", yaxud da totemlərinə uyğun olaraq "qurdlar" adlandırırdılar..."

"Qurdlar?", - deyə təəccübləndi.

"...1600-cü ildə sayları 35 min nəfərə çatırdı. Demokratik hakimiyyət formasına malik idilər. Konfederasiyanı hökmdar idarə edirdi, hökmdarlıq irsən keçirdi..."

Alüminium çay qaşığı çayı qarışdırıb dincəlməyində, stəkan da asudə nəfəs almağında idi (Ona elə gəlir ki, əşyaları həddən çox yorur).   Soyumuş çayın şirinliyi heç də hiss edilməyən bu cür halına anası  "yaxantı" deyərdi. Çayına hər səhər iki qaşıq şəkər tozu qatır. Bunu heç olmasa üç eləsəydi, yenə ağzı tama gələrdi. Amma bir kiloluq şəkər tozu bağlamasını düz iki ay işlədir, bir qaşıq artım iki ayın ay yarıma düşməsi demək olardı.

Kişi qəhqəhəsi ağırlığında qadın gülüşü...

Aparıcı studiyaya xanım müğənni dəvət eləmişdi, müğənni də sinəsini bütün əzəməti ilə nümayiş etdirən dekoltedə fərəhlə öz avtomobilindən, qarderobundan, mətbəxindən danışırdı ("Porşe" sürürmüş, "Serlio Rassi"dən tufli geyinirmiş, üçbacı dolması bişirə bilirmiş). Titrlərlə müğənninin əlaqə nömrəsi göstəriləndə (adı İlkanə imiş) cəld həmin nömrəni hafizəsinə yazdı.

Aparıcının səsi həlim idi, yapışıqlı idi. Təqribən bir aydı yerli kanalın   "Səhər proqramı"nı aparırdı. Və onu ilk dəfə görən kimi də ağlından keçirmişdi ki, görəsən bu kərpicsifət xanım "Kərpickəsən kişinin dastanı"nı oxuyubmu.

Demək, yorulub öləcəkmiş...

Otaqda əlvan rəngli quşcuğaz uçur? Yox, əlbəttə ki, yox. Gözlərini ovxaladı, divara vurulmuş bədənnüma güzgünün qarşısına gəldi, səsini arıtladı.

- Bu həftə görüş alıb bank məmurunun hüzuruna getməlisən, nitq hazırlamısan?

- Getməyəcəm heç yerə. Nəticəsizliklər bezdirib məni.

- Necə yəni, getməyəcəm? Bu yekəxanalıq, özündənmüştəbehlik nəymiş belə? Məgər sən hər şeyin öz-özünə həll ediləcəyinə inanan sadəlövhsən? Yoxsa ki, Frederik Deşamyusan?

- Üzr istəyirəm, o kimdir elə? Tanımadım.

- Tanımazsan da. O, sehrli çubuğa malik Xəyalıstan sakinidir. Əgər sən Xəyalıstanda yaşamırsansa, demək, daim kimlərinsə hüzuruna getməlisən. Nə bezginlik?!

(Tək yaşayan insan özü ilə ucadan danışmağa əvvəl-axır vərdiş edir. Üstəlik, getdikcə əşyalarla da "fikir mübadiləsi" aparmalı olur. Yoxsa, dörd divar arasında məngənədə sıxılırmış kimi sıxıla bilər).

Ekranın yuxarı sağ küncündə saatın 8.17 olduğu göstərilirdi. Baho, dərsə gecikər axı. Boyat çörək diliminin ustünə qaxaca dönmüş pendir parçası qoyub tez-tez, iri-iri dişləyərək uddu, çayı başına çəkib durdu. Əynini geyinib, gümüşü korpuslu saatını qoluna bağlayıb (bunu xüsusi şövqlə etdi), tamaşa biletini döş cibinə qoyub, kitabı da qoltuğuna vurub qapıdan çıxırdı ki, qapı məsaməsindən yerə düşən dama-damalı, sarımtıl kağız bükməsi gözünə sataşdı, dərhal qanı bir az da qaraldı. Zalımın qızının bəlkə də otuz-qırx il əvvəlki məktəbli dəftəridir, hələ də vərəqləri qurtarmır.

Bükməni açıb ev sahibəsinin əyri-üyrü hərf düzülüşünün hədsiz qəzəb sezdirdiyi növbəti xəbərdarlığından agah oldu: "Söz başa düşmürsən, deyəsən. Həftənin sonuna kimi pulu ödəməsən, səni qovub yerinə tələbə qız götürəcəm!"

Üzünü tavana tutdu. Tanrı, sən özün kömək ol, bu tütün məsələsi həll olunsun, atasıgil pul yollasınlar. Ya da gül dükanında, qabaqcadan avans ödəməklə, bir iş versinlər ona, bu qadından canını qurtara bilsin...

Qanqaraçılığını qovmaq üçün elə blokun pillələrindəcə yenə həmin ağappaq, ipilıq, simsirli gülüşün məhrəmliyinə atıldı. Adı da gözəl idi gülüş ünvanının: Frayda. Qaraçı dilindən tərcüməsi "sevinc" deməkdi. Gülümsəyərək möcüzəli akrobatik hərəkətlər göstərərkən sanki sümüksüz olduğu anlatılan, hər duruşu, tərpənişi, hərəkəti ilə ruhu sığallayan bu xanımı da, Kxamalo (Kürən) adlı illüziyaçını da, Baxti (Xoşbəxt) adlı şir təlimçisini də, İlo (Ürək) adlı ekvilibristi də, üstəlik teatr truppasını, kiçik orkestri, balerinaları da görəcəyi saata az qalmışdı, saat altıda şəhərlərinə qastrola gəlmiş incəsənət ustalarının tamaşası başlayırdı. Qısa müddətdə   - cəmi üç hazırlıq günü ərzində onların əksəriyyəti ilə tanışlığa da macal tapmışdı. Səyyar dairəvi arena Universitet yolunda, iki mikrorayon arasındakı düzənlikdə, dəmir konstruksiyaların üzərinə taxta oturacaqlar döşənilməklə və ortada brezent örtüklü səhnə qurulmaqla inşa olunmuşdu, ətrafı heyvanların qəfəsi, qastrolçuların yaşadıqları vaqonlar ilə həlqəyə alınmışdı. Lap girişdə hasar boyu, olduqca iri qırmızı hərflərlə "Dünyanı mədəniyyət xilas edəcək!" şüarı yazılmışdı.

Akvariumda balıq, dibçəkdə gül, qəfəsdə quş. Bir də həbsxanada insan...

Bayaq yarımçıq qalmış fikrini tamamlamağa can atdı.

Sənin hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin, kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin isə çəmənlər, səmalar, ümmanlar və ucsuz-bucaqsız torpaqlar qədərdir...

Düşüncələrini yazmamaq fikrində hələ ki, qəti idi. Haçansa bu fikri korrektə etməyəcəyinə əmin deyildi, həm də.

...Avtobus lap tez gəldi. Bu əyalət şəhərində avtobuslar həmişə ağzınacan dolu olur. Özünü birtəhər içəri salıb ortaya doğru hərəkət etdi ki, qapının ağzında qalıb girib-çıxanlara maneçilik törətməsin. Yerini rahatlayandan dərhal sonra, keçərkən səyyar arenanı görə bilsin deyə, iri avtobus pəncərələrindən özünə ən yaxın olanında bir görmə bucağı tapdı.

Həyatında ilk dəfə canlı sirk, teatr, balet və konsert (özü də bir tamaşada) görəcəyinin sevinci onu necə çulğalamışdısa dalbadal bu üç günün hamısında tamaşa veriləcək məkana baş çəkmiş, arenanın qurulmasına, məşqlərə, heyvanların yemlənməsinə heyranlıqla tamaşa etmişdi. Biletlər çox ucuz idi, VİP biletlər on manata, adi biletlər iki manata. Düz giriş tərəfdən birinci cərgənin birinci yerinə olan adi bileti biletlər satışa çıxarılan kimi dərhal, hələ möhürün mürəkkəbi qurumamış almışdı...

Arenanın görüntüsü itərkən, içindəki sevinc cücərtiləri hələ tam itməmiş, qoltuğundakı kitabı açdı, qaldığı yerdən davam etdi:

"...Mogikanlar, adətən, qaya başlarında, təpəliklərdə salınmış, hər biri 20-30 evdən ibarət kəndlərdə yaşayırdılar. Kəndlər üçdə bir hissəsi yerə basdırılmış bir neçə metr hündürlüklü taxta dirəklərdən ibarət hasarlarla əhatələnirdi. Onlar qarğıdalı yetişdirir, ovçuluqla, balıqçılıqla məşğul olurdular..."

Adamı necə sıxırlar, aman da vermirlər...

"...Sözübütövlükləri, alicənablıqları ilə seçilən bu insanlar üçün kiməsə pislik etmək yad idi, əksinə, köməyə ehtiyacı olana mütləq kömək edərdilər. Kişiləri də, qadınları da cəsurluqda ad çıxarmışdı..."

Kök bir qadın necə itələdisə, qarşısındakı oturacağın dəmirinə çırpıldı, az qaldı kitabı əlindən salsın. Qadın üzrxahlıq etmək əvəzinə: "Məni də itələdilər", - söylədi, amma onu qadının üzr istəməməsi deyil, "Başı xarabdır e, gör heç bura kitab oxumaq yeridir?", - deyə mızıldanması üzdü.

Kitabını bağlayıb qoltuğuna dürtməkdən savayı əlacı qalmayanda və bunu icra edəndə fərqinə vardı ki, bayaq öz aləmindəydi, indisə buradakıların aləminə düşdü. Kimdənsə kəsif tər, kimdənsə siqaret, kimdənsə yağ-soğan qovurması qoxusu gəlirdi.

- Qadam onun ürəyinə, rədd etdim, dedim sən kim, mən kim, get anqır, tayını tap. Ay qız, bunun sevgisi dəysin təpəsinə. Evi yox, işi yox, maşını yox, canım sənə desin...

Gənc qız yaşıdı ilə dərdləşirdi.

- Mən malları çox ucuz satıram, lap aeroport qiymətinə. Ona görə də alverim gedir. İstəyirsən, gəl, şərikli işləyək. Diplomunu da apar at zibil...

Üzütüklü kişi gözü kədərli kişiyə deyirdi.

- İnandırım səni, iki yüz iyirmi təzyiqlə yazıq yıxılıb ortada qaldı, həkim dedi, kassaya səksən manat ödəməsəniz baxan deyiləm. Görüm, Hippokrat bunlara qənim olsun! Görüm...

Qucağıuşaqlı qadın qucağızənbilli qadına danışırdı.

Qanqaraldıcı söhbətlər gedən məkanın da siqaret çəkilən məkan qədər insan səhhətinə zərərli olmasına əmin idi. Amma nədənsə ikinciyə qarşı insanlar, adətən, dözümsüzlük nümayiş etdirsələr də, birincini həmişə etinasızlıqla qarşılayırlar.

Dayanacağa çatanda cəhənnəmdən atılırmış kimi özünü avtobusdan atdı. Hər gün bu marşrutla universitetə gəlib geri qayıtmaq qırx qəpik tutur, ayda iyirmi dəfəyə bu xərc səkkiz manat eləyir. Kənddən gəlib ev kirayələyəndə ilk ayı dərsə piyada gedib gəlmişdi. Heç, ay tamam olmamış böyük qardaşından qalma iyirmi bir manatlıq ayaqqabısının dabanı qopmuş, ağzı aralanmışdi. Məcbur qalıb, axtarıb böyük çətinliklə ucqarlarda bir çəkməçi tapmışdı. Çəkməçi də mürgü döyə-döyə əlini toz basmış qəlibə çəkərək şikayətlənmişdi ki, indiki ayaqqabılar urvatsızdırlar, əvvəlkilər təki təmirə getmirlər, elə ona görə də çörəksizdir.

Dayanacağa dirənmiş iri şüşə vitrinli gül dükanına keçib uzunbığ, yumrusaqqal satıcı ilə salamlaşdı, "Müdirdən soruşdum, sənə uyğun iş yoxdur" cavabı onun salamı ilə havadaca toqquşdu. Bilmədi məyusluğunu hara salıb gizlətsin.

Dünən buradan keçəndə gözünə rəngbərəng çobanyastığı çiçəkləri dəymişdi, çobanyastığının ağlığına alışdığından bu rəng çaları onu heyrətləndirmiş, həmin bu satıcıdan bilgi almağa vadar etmişdi. Deməzsənmiş, gözəllik üçün çiçəkləri ləçək-ləçək rəngləyirlərmiş, təbiiliyə sünilik qatırlarmış. Minlərlə ləçəyə rəng vurmaq məcburiyyəti duyulan məkanda ona da yüngülvari məvaciblə bir iş tapılacağı ümidiylə (yaxşı rəsm çəkməyi var) uzun bığına, yumru saqqalına bir qədər simpatiyası da yarandığını hiss etdiyi satıcıdan iş istəmişdi. Bu da cavab.

Əvəz çıxırmış kimi "Ağır deyil sizə burda işləmək?", - deyə soruşdu. Satıcı təəccübündən şaşırıb "Niyə ki" sualını verəndə əllərini geniş açıb dükan dolu gül-çiçəyə işarə elədi:

- Gövdəsindən zorla ayrılan bu qədər çiçəyin ah-naləsi arasında duruş gətirdiyiniz üçün.

Satıcı sualı bir dəfə də təkrarladıb əvvəlkindən də artıq təəccüblənmiş halda cavab tuşladı:

- Qaqaş, çiçək üçün yəni fərqi var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.

Dedi, yox, yanılırsız. Fərqi var, özü də çox böyük fərqi var ki, canını evində, doğmalarının arasında tapşırasan, yaxud evindən kənarda, yadların əhatəsində.

Dükandan çıxarkən arxasınca atılan "Bunun başı xarab imiş ki" sözləri kürəyini yalayıb keçdi.

Bütün gül dükanlarını, zoomağazaları, görən, bağlamaq olarmı?

Bəs həbsxanaları necə?

...Bu da universitetlərinin üçmərtəbəli bozumtul binası, qarşısındakı həmişəki tələbə və avtomobil qələbəliyi...

Kənddə evlərindən azacıq aralı kiçik bir çay axır, yağış sularına bağlıdır, yazda-payızda çağlayır, yayda quruyur. Yay aylarında o çayın miskin halından həmişə ürəyi dağlanardı. İndi son günlər tez-tez özünü həmin o çayın yaza-payıza atlanammayıb daim yayda qalan halına bənzədir.

Hələ də heç kəsə qaynayıb qarışa bilmədiyi bu bozumtul məkanda ilk olaraq tələbə yoldaşı Zivərin titrək salamını almağa alışıb. Qapıda duraraq keşik çəkməsi ehtimalı böyük olan Zivər, adəti üzrə, onu kənara çəkir, hal-əhval tutur, onsuz darıxdığını dilə gətirir. Bu gün də eynən.

Elə ilk dərs günündən Zivərin diqqətini çəkdiyini hiss eləmişdi. İmkanlı oğlanlarla gözəgəlimli qızlar, eləcə də imkanlı qızlarla gözəgəlimli oğlanlar öz aralarında cütləşmişdilər, bəstəboy, azacıq dolu olan, iri, ətli sifəti ilə xıpxırda burnu təzad təşkil edən Zivər də qəfildən ona aşiq olduğunu bildirmişdi. Bunu müvəqqəti hal, ötəri hiss hesab edib tezliklə qızın sevgi təlatümündən qurtulacağını sanmışdı, amma "Sənsiz mənə həyat yoxdur" hökmünü verən Zivər get-gedə daha da Leyliləşmişdi. Bir insanın onun ucbatından qara torpağa yem olması ilə necə razılaşa bilərdi axı? İstər-istəməz "Əgər birini xoşbəxt edə bilirsənsə, bunu etməməyin cinayətdir!" aksiomunun basqısı ilə zorən Məcnun rolunu götürməli olmuşdu. Bu çıxılmaz vəziyyətini həmin vədələrdə (elə indinin özündə də) hər axşam evinə getdiyi professorla da bölüşmək istəmişdi. Növbəti əlyazması topasını kompüterin elektron yaddaşına həkk etdiyi zaman haqlı olub olmadığını soruşarkən professor həyat əlamətləri get-gedə öləziyən nursuz gözünü uzaqlara dikib xeyli düşünmüş, demişdi:

- Başqasının dərdini ürəyinə salıb bütün əzalarıyla birgə daşımasına insanın öz dərdi qısqanclıq üzündən heç vaxt imkan verməz. Amma sənin dərdin qısqanc deyilmiş...

Dərs başladı.

"Nəzəri-metodoloji bölməyə problemin qoyuluşundan tutmuş respondentlərin seçilməsinə qədər olan cəhətlər, metodiki-prosedur bölməsinə isə məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi təhlilə məruz qoymağı bacarmalıdır. İkinci bölmə isə..."

Professoru xatırlamağı lap yerinə düşdü. Bu axşam axı tamaşaya görə onlara gedə bilməyəcək. Mütləq zəng vurub xəbərdarlıq etməlidir, yazıqdır, gözləməsin.

Əlyazmalarını kitab etmək istəyir, bu ixtiyar çağında. Kompüterdə mətnləri daha özü yığa bilmir, gözləri və əlləri sözünə baxmır. İmkanı da yoxdur ki, haradasa yığdırsın. Bunların dekanı ilə illərin dostudur. Bir kəlmə ilə xahiş eləyibmiş ki, gör tələbələrdən ən ürəyiyuxasını tapa bilirsənmi, gəlib mənə təmənnasız kömək eləsin. Dekan bu xahişi auditoriyada elan edəndə hamı üz-gözünü turşutmuşdu, "İşimiz-gücümüz yoxdur?", - demişdilər. O isə razılaşmışdı.

Professorla söhbətləşməyi çox sevir. Ən çox da ona görə ki, professor çevrəsindəki onu dinləyə bilən yeganə şəxsdir. Ona kənddə yaşayan valideynləri, qardaş-bacıları, bağ-bağatları, dördgöz evləri, ən əsas da, evlərindəki nadir kitablar barədə ağızdolusu danışmışdı. Həmin kitabların əhatəsində böyüməsi, artıq beş yaşında yazıb-oxumağı öyrənməsi, bu kitabların 1937-ci ildə, iyirmi doqquz yaşındaykən xalq düşməni kimi güllələnən ulu babasından qalması professor üçün hədsiz maraqlı gəlmişdi. O vaxt ulu babası güllələnəcəyindən duyuq düşdüyü üçün kitabları NKVD-çilərdən at tövləsində, samanın arasında necə gizlətmişdi, illər sonra rəhmətliyin həyat yoldaşı üzə çıxararaq övladlarına ən dəyərli miras kimi necə hədiyyə etmişdi - bu tam təfərrüatlı söhbətlər professoru çox düşündürmüş, kitabların adları, müəllifləri, məzmunları ilə dəfələrlə maraqlanmışdı...

Təcili telefon tapmalıdır. Kimin telefonu ilə zəng vursun? Öz telefonunun yalnız çağırış etməyə imkanı olduğundan həmişə kiməsə möhtac qalır. Bəlkə Vüqarın? Yox, dünən Vüqarın telefonunu Qazi Elmanın yol kənarındakı evinə çırpılaraq bir hissəsini uçurmuş sərxoş "Kamaz" sürücüsünü özlüyündə məzəmmət edə-edə gen-bol işlətmişdi, sağ ayağı protez müharibə əlilinə dəyən maddi ziyanı niyə heç kəsin qarşılamadığı haqda müxtəlif ünvanlarla nəticəsiz danışmışdı.

Onda Daşqının. Yox, Azər yaxşıdır. Azərçün kurs işi yazır. Etiraz etməz.

Tənəffüsdə Azəri arayıb bufetdə tapdı. Yaxınlaşdı, adamın ağzını sulandıracaq qədər iştahaçan qoxunun maneçiliyi ilə öncə tamaşaya gedib-getməyəcəyini soruşdu. Sən demə, heç xəbəri yox imiş. Sonra da qızara-qızara telefonunu istədi...   

Bayaqkı ardıcıllığın davamı gəldi: dəniz suyuna qibtə edən hovuz suyu...   Birinin hüdudsuz azadlığı, birininsə kafel səddinədək olan mövcudluğu...    Amma yox, fikri qarışdı. Bu bənzətmə bayaqkı silsilənin davamı ola bilməz. Hovuz suyunun azadlığı kafel səddinədək uzandığı kimi, dəniz suyunun azadlığı da sahilə kimidir. Burada tam, mütləq azadlıq yoxdur, böyük və kiçikhəcmli natamam azadlıqlar var.

İmkansızlıq, kasıbçılıq, ehtiyac... Bu sayaq sözlərdən zəndeyi-zəhləsi gedir. Mütləq əksəriyyətdə maddi sıxıntı varsa, maddi sıxıntını əlində bayraq etməyinə nə hacət? Hətta sonu dalana dirənsə belə, düz yolu dolanbac, sağa-sola dönüşü olan yollardan üstün tutur.

Professorun "Gələ bilməyəcəyəm" xəbərinədək sevinc, xəbərdən sonrasa məyusluq doğuran səsi ilə təmasdan sonra kərpicsifət xanımın proqramından götürdüyü telefon nömrəsini "bu dəfə mütləq alınacaq" ümidiylə (bunadək dörd müğənni ilə uğursuz anlaşma cəhdi olmuşdu) yığdı.

- İlkanə xanımdır?

- Yox, prodüseri. Buyur. Bu həftəsonuna toy götürmürük. Gələn həftəyə olar. Ancaq ara günlərinə. Qiymətləri yəqin bilirsən. Bütün toy üç minə, yarım saatlıq proqram beş yüzə.

- Mən toy üçün zəng etməmişəm. Mən...

- Əgər konsertdirsə biz yalnız dövlət tədbirlərinə gedirik.

- Konsert də deyil. Ahıllar evində yarım saatlıq proqramla çıxış etmək lazımdır. Bu şəxslər...

- Hardadır ora? Bakıdadırsa beş yüzə gələrik. Bakıdan kənardısa , incimə, qiymət min manatdır. Özü də, çalış, günortaya sal.

- Yox, bilirsiz, mən tələbəyəm, qapıbir qonşum Ahıllar evində işləyir, deyir, ordakı insanların çox böyük ehtiyacları var mənəvi qidaya.   Təmənnasız çıxış etmək lazımdır. Biz hamımız humanist...

- Tələbə, bura bax, bir dəqiqə saxla! İndi hansı zəmanədir ki, müğənni pulsuz oxusun?! Bunun bəstəkardan mahnı alınması var, qarderobun, kosmetiçkanın təzələnməsi var, klip çəkdirilməsi var. Bunun Məhərrəmliyi, Orucluğu var. Başın xarabdır sənin?

- Axı...

Qarşı tərəf danışığı qapatdı. O, kor-peşiman telefonu Azərə qaytardı.

Bu nədir, başının üstündən yenə əlvan quşcuğazmı uçdu?

İştahaçan qoxu mütləq peraşki qoxusu olmalıydı. Çox yəqin, kartof peraşkisinin. İndi bu uzunsov məxluqlar (can verən hər şey canlıdır) içi yağla dolu tavada cızıltı qopara-qopara qıpqırmızı qızarmaqdaydılar yəqin...

Azər kurs işinin vəziyyətini soruşub dərsdən sonra atışıb xəngəlxanaya gedəcəklərini söyləyirdi, dilucu onu da dəvət edirdi. Əlbəəl "yox" dedi, əlavə etdi ki, dərsdən sonra bibisigilə gedəsidir, bibisi qutab bişirib, qarın qutabı, bilir qutab xoşlayandır, dəvət edib.

Amma getməyəcəkdi bibisigilə də. Keçən şənbə onlarda əlindəki kitabı bir kənara qoyub ərkyana özünə çay süzmüşdü, bibisi də dirsəyi ilə iyrənə-iyrənə kitabı itələmiş, "əli mikroblu-mikroblu" çaydana toxunduğu üçün onu danlayaraq çaydanı boşaldıb yumuşdu. İncimişdi bibisindən.

Auditoriyaya qayıtdı.

Əvəllər heç vaxt haqqında düşünmədiyi şeylər vaxtaşırı beyninin qida rasionunda görünəndə beyinin bu qidalarla ilk təması gün kimi aydın olsa belə, dad və qoxu sanki dəfələrlə dadılmış və qoxlanmış kimi ona tanış gəlir. Get-gedə daha çox əmin olur ki, "yeni" adlanan hər şey doğrudan da elə "köhnə"nin özüdür ki var. Olacaqlar hamısı artıq olmuşdular, boş fərziyələr yürüdüb gümanların içində itib-batmaqdansa, olmuşlara tərəf qanrılırdı ki, olacaqları təxmin etsin.

Növbəti qoşasaat başladı. Zivərin baxışları bir an da olsa üstündən çəkilmirdi.

Əmin idi ki, olmuşlarla olacaqların dirənəcək yerini yalnız o özü bilir, həmin sərhəddə tək-tənha qərarlaşmışdı. Bura nə tələbə yoldaşlarını, nə kənddəki doğmalarını, nə də beş-on digər tanış-bilişini, heç professoru da çəkib gətirə bilməzdi. Gəlmək istəməzdilər. Hətta lağa qoyar, rişxənd edib gülərdilər ona. Əslində, elə gəlmək istəməmələri yaxşı idi. Çünki onların olacaqlardan o qədər umacaqları var idi, bu umduqlarından elə dördəlli yapışmışdılar ki... Bu yapışma da, əslində, yeganə yaşam səbəbləri idi. İnsan yaşam səbəbi olmadan yaşaya bilərmi?

Mesaj siqnalı gəldi. Əlbəttə, Zivər idi. Yazmışdı, "Niyə bu qədər soyumusan məndən? Bəlkə araya kimsə girib? Artıq bütün universitet, hətta ailəm də bizim sevgimizdən məlumatlıdır. Səni xəbərdar etmişəm, ya sənin olacağam, ya qara torpağın. Dünən anam, bilirsən, qayıdıb nə deyir? Deyir, təcili oğlanın anasıgil gəlib "həri"ni alsınlar. Yazıq neynəsin.    Qapımızı gündə biri döyür".

Qol saatına baxdı. Universitetdə hamı saatı mobil telefonundan öyrənir. Osa hər dəfəsində biləyini yuxarı qaldırmaqla sevə-sevə "Luch" markalı saatına baxır, vaxtdan xəbərdar olur.

Bu, ona ləzzət verirdi, bəzən kimsə qolundakı saata işarə ilə ondan saatı soruşanda (uzunqol köynək geyinəndə saatı görünsün deyə qolunu çırmalayırdı) elə sevincək olurdu ki, saatı lap dəqiq, hətta bəzilərinə - gözünə xoş görünənlərə saniyəsinədək deyirdi. Ona elə gəlirdi, yer üzündə geri qalmadan, irəli qaçmadan, ən dəqiq işləyən məhz onun saatıdır.

Demək, anası Zivərgilə "həri"sini almağa getməlidir? Söhbət düşdü-düşmədi, fərq eləməz, hər yerdə sinəsinə döyərək "Mənim gözəl balam, universitet oxuyan balam", - deyə qürrələnən, evlənmək yaşı çatınca ona qıztapma  xoşbəxtliyinə bulaşacağı vaxtın sərməstliyi ilə nəfəs alan (hətta artıq yetişmiş gözəgəlimli qızlara göz qoymağa başlamışdı) anasının bu xəbərdən nə hala düşəcəyini təsəvvür etmək istədi.

Altının tamamına hələ beş saat on iki dəqiqə qalırdı.

Bu qədər də yox da! "Qapımızı gündə biri döyür". Yox bir!

Həmişə bir addım geri çəkiləndə qarşısındakının iki addım irəli gəlməsini görürdü, buna alışa bilmirdi heç cür.

"Anangil" sözü yenidən yadına ailə üzvlərinin əkib-becərdikləri, ancaq sata bilmədikləri tütünü saldı. Görəsən, uşaqlardan hansının Kənd Təsərrüfatı Nazirliyində tanışı var? Bəlkə Razinin? Yaxud Qumrunun? Yoxsa Tələtin?

Növbəti tənəffüsdə üçünün də ağzını aradı. Tələt dedi, adam tapa bilərəm. Ancaq xeyirim nədirsə qabaqcadan verməlisən. Bu işdə xeyir güdməyin əsassız olduğunu başa salmaq üçün nə illah elədi, duz-çörək kəsdiklərini gözə soxdu, faydası olmadı. Tələt əlini yelləyib getdi.

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!