HOMO - ADƏM

G13F2 yuxudan oyananda həmişəki kimi BKİ-in (BKİ - Beyin-Kompüter İnterfeysi son əsrdə ən çox istifadə olunan ünsiyyət vasitəsi və məlumat depolama sistemidir) işə salınma əmrini verdi. Günlük qrafiki, təqvim üzrə planlarını nəzərdən keçirib son 24 saatın xəbərləri ilə tanış oldu. Dəniz səviyyəsi dünəndən bu günə 2.64 mm qalxıb - bu artıq insanlar üçün təhlükə kimi görünmür, üzən şəhərlər dünya əhalisinin 40%-inə ev sahibliyi edir; oksigen balonlarının satış qiyməti düşüb, kağız pullardan təkrar istifadəyə qayıtmaqla bağlı müzakirələr aparılır və s.

Xəbərlərdən sıxılıb mesajlara keçdi. Adətən aldığı mesajlar işi ilə bağlı olurdu, monotonluq davam edirdi. O, şirkətin günlük hesabatları, xəbərlərə baxış sayı, müəllifi olduğu yazılara gələn geridönüşlərlə tanış oldu. G13F2 üçün ən vacibi müəllifi olduğu yazılarla bağlı SADAFEH reytinqi idi. SADAFEH - reytinqi insanların oxuduqları yazı, izlədikləri film, hadisə haqqında duyğusal təsir şkalasıdır. Burada Kədər (S), Qəzəb (A), Şübhə (D), Təəccüb (A), Qorxu (F), Empatiya (E) və Xoşbəxtlik (H) duyğularının aktivliyi üzərindən orta bal çıxarılır, məlumatla tanış olduqca xəbər linki avtomatik şəkildə məlumatları yaddaşda saxlayır və müəllifə ötürür. G13F2 dünən də yaxşı yazmışdı: 8,4 bal. 

G13F2-in diqqətini yeni çatdan gələn mesaj cəlb etdi. Adətən, yad insanların mesajlarını oxumazdı, amma girişdəki 786 ədədi o qədər doğma idi ki, yazı ilə tanış olmamaq mümkün deyildi. 786 təsadüf ola bilməzdi, hələ əvvəldə yazılıbsa, heç ola bilməzdi. Amma G13F2 düşündü ki, dini ritualları yaşadan insanların bu qədər aşağılandığı, lağ edildiyi bir dövrdə kim hələ də mesajına "Bismillahir-Rəhmanir-Rəhim"lə başlayar ki?! Görünür, mesaj göndərən ondan daha cəsarətli idi: illərdir, inancını o qədər gizlətmişdi ki, axtarsa, heç özü də tapa bilməzdi. Yaxşı xatırlamır, amma bilir ki, onlar da yeməyə 786 ilə başlayar, 66 ədədini dillərindən düşürməzdilər. Əvvəl iş mühiti, sonra isə aktiv sosial insana çevrilməsi onun dilindən 66-ı da təmizlədi, qəlbindəki inancı da ört-basdır etdi. 

Yeni "dostu" isə 786 ilə başlayacaq qədər, ya cəsur idi, ya da asosial. O yazırdı:

"786. Sizi salamlamaqdan çox məmnunam. İşinizə olan məsuliyyətinizə, dürüstlüyünüzə və yazılarınızın emosional gücünə bələdəm. 

Mən Homoferm-in keçmiş işçisiyəm. Keçmiş dediyim o qədər də keçmiş deyil, bu gün ərizə yazmışam və sabah işə getməyəcəyəm. Homoferm haqqında, yəqin ki, məlumatınız var. Dünyanın ən böyük ət fabriki, hər kəsin gündəlik qida rasionunda ən az bir dəfə məcburi istifadə etməli olduğu məhsul çeşidlərinin istehsalçısı. 

 

Bu ferma 300 ildən çoxdur ki, işləyir. Fermanın qurulma səbəbi heyvan haqlarının müdafiəsi olub. O vaxtlar aktivləşən etiraz aksiyaları zamanı hakimiyyət fərqli layihə üzərində işləməyi tapşırıb. Yeni canlı növü yaradılmalı, sürətli çoxalma və yüksək proteinə malik olmalı, bu yolla heyvanların hüquqları qorunmalı idi. Yeni canlının yaradılması üçün həm insan genindən, həm də nəhəng bitki və sürətli çoxalan digər canlı genlərindən istifadə olunub. Bu şüursuz varlıqların ilk nəsilləri ardıcıl şəkildə laboratoriyalarda hazırlanıb, sonradan Homoferm qurulub və çoxalma orada davam edib. İlk başda mənə də maraqlı idi, yəqin ki, siz də bunu düşünürsünüz ki, aktivistlər, heyvan haqlarının müdafiəçiləri bununla necə razılaşıblar, amma necəsə inanıblar. Yeni canlının tamamilə laboratoriya şəraitində yaradılmasımı, şüura, yaddaşa malik olmamasımı, ya da başqa bir səbəb onları inandırıb. 

Bilmirəm, bu məlumatları bilirdiniz, ya yox. Yəqin ki, siz də heç vaxt bu haqda düşünməmisiniz. Axı insanlığın dərdi göylərlədir, Yerdə olanlar indi heç kimi maraqlandırmır. Tənqidim sizə deyil, amma əksər jurnalistlər real problemlərdən yazmır, tələb olunan hər şeydən yazırlar, amma problem haqqında heç kim əlinə, beyninə əziyyət vermək istəmir. 

Qısa deyim, mən dünən Homofermin kəsim şöbəsində idim. Bu yarıyuxulu, yalnız yeyən və yatan 6 aylıq canlılardan biri dəzgahın üstündə gözlərini açdı. Düz gözümün içinə baxdı, göz bəbəkləri böyüdü, o qorxurdu, həm də sanki yalvarırdı, dodaqları tərpənirdi, heç nə danışası deyildi, sadəcə... 

 

Mənim istefa verməyimin də səbəbi budur. Mən orada daha çox qala bilməzdim. Gündəlik üç yüz min canlını bu fermalarda kəsirlər - kəsirik. İçimdə bir sual var: bəlkə?"

Bəlkə nə? G13F2 öz-özünə sual verdi. Bəlkə nə? Sonra doğma-yad insandan gələn mesajda yazılanlar haqqında bir az da düşündü, araşdırmağa başladı. 

Homofermin yaranması, onun yaranmasına duyulan ehtiyac, şərtlər və s. haqqında məlumat əldə etdi. Adını ona görə Homo - seçiblər ki, bu ferma insanlığa xidmət edəcək ən böyük qida mənbəyi olacaq, həm də ona görə ki, insan genindən istifadə olunacaq. İlk illərdə bu fakt ciddi etirazlara səbəb olub, amma getdikcə hər kəs sakitləşib. Hətta təbliğat əksinə dəyişib, hər kəs Homofermi insanlıq üçün xilas kimi görməyə başlayıb. Sonralar və günümüzdə hər kəs bu mövzu haqqında susmağa başlayıb, unudulub gedib. 

 

Bu gün marketlərdə satılan ət məhsullarının hamısı Homofermdə və ya ona bağlı alt marka fabriklərində istehsal olunur, hər kəs də istehlak edir. 

Mesajı göndərənin kimliyi dəqiq bilinmirdi. İmza yerində 914 yazılmışdı. Bu kod da nə adlandırma üçün istifadə olunan Genetik xüsusiyyət və mutasiyalara, nə rəqəmsal informasiya sisteminə, nə də Blokçeyn sisteminə uyğun idi. 

Bəlkə, bu ad da Əbcəd ilə kodlaşdırılmışdı. Bir neçə variant çıxardı. Ən sonda Şadi və Carçı adları üzərində qaldı. Carçı uyğun gəlirdi, görünür, doğma-yad insan G13F2-i heyrətləndirməyi və diqqətini necə cəlb edəcəyini yaxşı bilirdi. 

 

G13F2 Carçıdan gələn məlumatdan sonra nə etməli idi? Çox zaman olduğu kimi hərəkətə keçmək, xəbəri araşdırmaq, haqqında yazmaq, hadisə yerinə getmək, çəkilişlər etmək, yoxsa, nadir hallarda etdiyi kimi xəbəri görməzdən gəlmək...

Ertəsi gün G13F2 yaxasında kartı Homofermin əsas binasının qarşısında dayandı. Terminaldan vəsiqəsi ilə keçdi, xəbər almaq istəyən hər kəs maneəsiz bir şəkildə istədiyi informasiya ilə təmin olunmalıdır, bu qayda da keçərliliyini Homofermdə qoruyur. 

 

Yarım saat sonra xoş və qızğın müzakirə var idi. Menecerlərdən biri jurnalisti gülərüzlə qarşılamışdı, fəaliyyətləri barədə videoçarxlar izlənilir, əlavə sənədlər: tarix, bu gün, hədəflər və s. haqqında danışılırdı. Menecerin də dediklərinin cəmi bu idi: İnsanlıq tarixində ən çox fayda vermiş beş kəşf varsa, biri də Homofermdir. 

G13F2 uzatmadan soruşdu:

- Homolar şüurlu varlıqdırmı?

- Bu sualı verirsinizsə, ya məni dinləməmisiz, - deyib gülümsədi, - ya da ümumiyyətlə Homoferm haqqında bu gün eşitmisiniz. 

- Yox, bilirəm, haqqınızda da həm eşitmişəm, həm də araşdırmışam. Amma bu sual şəxsən məni narahat edir: Homo şüurludurmu, yaddaşa malikdirmi, ağrı hiss edə bilirmi? 

- İcazənizlə sizin 45 dəqiqə vaxtınızı oğurlayacağam. Homonun həyata gətirilməsi, inkişaf prosesi barədə hər şeyi izləyək. Burada siz bütün suallarınıza cavab tapacaqsınız. 

- Əmin deyiləm, amma baxaq.

 

Filmi izlədikcə menecerin üzündə rahatlıq, G13F2 üzündə isə gərginlik yaranırdı. Menecer bütün suallara cavab verdiyini düşünür, G13F2 isə bu filmin həqiqətlə nə qədər üst-üstə düşüb-düşmədiyini beynində sorğu-sual edirdi. Əlbəttə, günümüzdə insanlara belə çiy informasiya kifayət idi, manipulyasiya maşınları o qədər sürətli işləyirdi ki, hansı məlumatı istəsən, topluma həzm etdirmək olurdu. 

- Aydındır, siz mənə konkret cavab verməyəcəksiniz.

- Konkret cavab? Nə barədə?

- Dedim axı, yaddaş, şüur, duyğular barədə.

- Bəyəm, bu kadrlar qane etmədi? Xüsusi laboratoriyalarda heç bir hiss və emosiyaların ötürülmədiyi bir canlı haqqında danışırıq. Canlı olmanın əsas şərtləri nədir? - Böyümə, qidalanma, çoxalma. Bəzi canlılar əlavə olaraq şüura malikdir, bəziləri instinktə, bəziləri üstün yaddaşa malikdir. Amma homo bütün bunlardan ayrıdır. O yalnız yeyir və böyüyür. Heç çoxalma funksiyası belə bütün homolara aid deyil. Homo maddələr mübadiləsini sürətli aparan, bir maddəni başqa maddəyə çevirən bir qurğudur. Mexanizmdir. 

- Bəs onların gözləri? Deyirlər, gözlərində ağrını duymaq olur, hətta nəsə danışmaq istəyirlər. 

- Bunu kim deyir? Birinci dəfədir sizdən eşidirəm. Sizcə, biz insanlıq o qədər qəddarıq? Biz - Homoferm qurucuları heyvanların haqqını müdafiə edənlər, adi qarışqanı belə öldürməyə qıymayanlar, indi insan satırıq? Əgər bu boş danışığınız davam etsə, sizin haqqınızda şikayət edəcəyəm. Bu nə absurd yanaşmadır, bu nə təhqirdir?

- Yaxşı, yəqin ki, düz deyirsiniz.

 

- Yəqin ki? Hələ də "yəqin ki" deyirsiniz. Sizi elə indicə homoların yanına apara bilərəm, özünüz tanış olun. Görün, onlardan hansında şüur var, onlar sadəcə böyüyən ətlərdir. 

G13F2 söhbəti uzatmağa ehtiyac duymadı. Evə qayıtdı. Hazır yazılarından birini sayta göndərdi. BKİ onun mesajını yollayarkən, bir mesajı da G13F2-ə çatdırdı:

"786. Təşəkkür edirəm. Sizə güvənməkdə düz etmişəm. Sizi Homofermin qarşısında gördükdə elə sevindim ki, əminəm ki, siz sona qədər davam edəcəksiniz."

G13F2 bu işə könülsüz başlamışdı, həm də düşünürdü ki, çox mənasız bir işə girişib. Əgər, həqiqətən də, belə bir hal varsa, bu vaxta kimi necə gizli qala bilər? Necə heç kim bu barədə araşdırma etməz? Ona görə də cavab yazmaq qərarına gəldi. 

 

"Mən bu məsələ ilə maraqlandım, yazacaq və ya araşdıracaq bir şey yoxdur. Xahiş edirəm, daha mənə bu barədə yazmayın".

Bu mesajlaşmadan üç gün keçmişdi. Həyat G13F2 üçün əvvəlki monotonluğu ilə davam edirdi. Qapı döyüləndə "açıl" əmri verdi. Qapı açıldı, həmişəki kuryer idi. Gündəlik sifarişləri gətirmişdi. Qapının bağlanması əmrini verəndə kuryer "bir dəqiqə gözləyin, - dedi. - Bunu da sizə göndəriblər, ehsandır, dedilər." Kuryer "ehsandır" sözünü deyərkən istehzalı şəkildə güldü. G13F2 bu istehzanı yaxşı başa düşürdü, amma özünü o yerə qoymadı, "ehsan nədir? - dedi, qabdakı yeməyi görüb, - yeməyin adıdır?" soruşdu. 

Kuryer cavab vermədi, getdi. 

 

G13F2 ehsanın nə olduğunu yaxşı bilirdi və onu da yaxşı təxmin edirdi ki, bunu kim göndərib. 

Boşqabda suda qaynadılmış ət, iki kartof, bir ovuc noxud var idi. İştahla yedi. Uşaqlığını xatırladı, ata-anasını, tez-tez qohumları ilə olan gediş-gəlişlərini yadına saldı. 

Bu xatirələrdən onu ancaq BKİ-dəki mesaj ayıra bilərdi, elə də oldu. Səhər xəbər lentində oxumuşdu ki, kənar yolda bir nəfəri maşın vurub, sürücü qaçıb, təcili yardım gələnə kimi adam canını tapşırıb, polis isə həm sürücünü axtarır, həm də başqa birini. O adamı ki, vurulan piyadaya yaxınlaşıb, diri ikən, yoxsa, canını tapşırdıqdan sonra olduğunu bilmədiyimiz adamın qolunu kəsib aparıb. 

Mesajda həmin adamın şəkli var idi, ikinci şəkildə isə kəsilmiş qol. Təxmin etmək olardı ki, qol həmin piyadaya məxsusdur. 

Mesaj mətni isə 786 ilə başlayırdı. 

 

"Mən qatil deyiləm, onu mən öldürməmişəm, amma bu fürsəti dəyərləndirməyə bilməzdim. 

Nuş olsun, ümid edirəm, sənə qoldan hazırladığım sousu yemisən. 

Fasilə verirəm, ürəyin bulanırsa, get, qaytar və davam edək. - G13F2 bu cümləni oxumazdan əvvəl artıq yediyini qaytarmağa başlamışdı, bir saatdan sonra mesaja qayıtdı. - Yox, sən hannibal deyilsən. Daha doğrusu, hannibal təkcə sən deyilsən, hamımız hannibalıq. Yediyin yeməyin dadı çoxmu fərqlidir, başqa dad idimi? Axı bu elə həmişə yediyin ətin dadıdır. Sən davam etməlisən, onların sənə ehtiyacı var". 

G13F2 bu dəfə menecerlə görüşməyin mənasız olduğunu bilirdi. Odur ki, BKİ-dən ünvanını Carçıya göndərdi. 

Söhbətə ilk andaca başlamışdılar. Carçı çox nadir hallarda fasilə verir, bəzən G13F2 anlaması üçün susurdu.

 

- Sənə verəcəyim ünvanları gəzməlisən. Ən azı bir dəfə kombinatda olmalısan. Bəzi yerlərdən jurnalist kimi keçəcəksən, bəzi yerlərdən səni heç kim buraxmayacaq. Onda mən sənə kömək edəcəyəm. İşçi kartımı da sənə verəcəyəm, istefadan sonra yalnız yeddi gün aktiv olur, odur ki, sənin cəmi 2 gün vaxtın qalıb. Hər şeyi çəkməlisən, yazmalısan. 

Növbəti gün G13F2 Homofermin ət doğranma yerinə getdi. İnformasiya azadlığı - heç kim ona "olmaz" demədi. Qəribə məxluqları ilk dəfə idi ki, görürdü. Amma kəsimə gedən bu canlılarda heç bir şüur işartısı yox idi. Çox gözlədi, ancaq əlinə bir şey keçmədi. Çıxmaq istəyərkən uşaq ağlamağını xatırladan səs gəldi. Səsin doğrama dəzgahı tərəfdə olduğunu görüb qaçmağa başladı, dəzgahda artıq hissələrə parçalanmış canlının az öncə "ağlayan uşaq" olduğunu gördü. "Dayanın, söndürün" dedi, əhəmiyyət verən olmadı. Həyəcanlı şəkildə o tərəf-bu tərəfə qaçmağa başladı, yenə heç kim onu ciddiyə almadı.

Etiraz etdikcə içəridəkilərin heç bir reaksiya verməməsi, öz işlərinə fokuslanması onu daha da təəccübləndirirdi. "Axı bu insanlar necə belə daşlaşa bilər, necə ürəksiz ola bilərlər?" - deyə düşündü. 

G13F2 heç kimin ona məhəl qoymadığını görüb kombinatın başqa çıxışını axtarmağa başladı. Gəldiyi qapının yerini yaxşı bilirdi, amma o başqa yol axtarırdı. Axtardığı qapını tapıb Carçının vəsiqəsi ilə içəri keçdi. Buradan başqa otağa, oradan başqa otaqlara yollar var idi. Xeyli irəlilədikdən sonra həyəcan siqnalı işə düşdü, indi G13F2-i axtarırdılar. Mühafizə əməkdaşları G13F2-ə çatanda üzündə qara maska olan işçi onun cibinə nəsə atdı, ardınca əli ilə onun əlinin üstünü tutdu, sanki "yoxlama, qoy orda qalsın" deyirdi. 

 

İşdən aldığı cərimə, töhmət çox gecikmədi. Şəxsi məkana zorla soxulmaq, jurnalist peşəkarlığını pozmaq ittihamları ilə cinayət işi də açıldı. 

Evə gəldikdə özünü çox yorğun hiss edirdi, üstəlik, haqqında cinayət işi açılmışdı, gördüyü mənzərələr də ayrı bir travma yaratmışdı. 

Cibinə qoyulan əşyanı xatırladı. Əlini cibində gəzdirdi, bu kiçik əşya yaddaş cihazı idi. BKİ-ə taxmaq istədi, birdən dayandı. 

Köhnə əşyalarını qarışdırıb portativ kompüterini tapdı, yandırma düyməsini basdı, yaddaş cihazını salmaqdan öncə internet bağlantısını kəsdi, faylları açdı. 

Burada sənədlər, məlumatlar, video-materiallar var idi. Bir-bir tanış oldu. Birinci sənəddə Homoferm-in qurucusu N3-S10-L ilə o dövrün qida təminatı və davamlılığı naziri HNDX-42N7 arasındakı danışıqlarının mətni yer almışdı. 

N3-S10-L: - Bunlar sürətlə böyüyürlər, gözlədiyimizdən də yaxşı nəticə veriblər. 

HNDX-42N7: - Axı demişdik, sizə güvənməkdə doğru etmişik. Bizi yanıltmadığınız üçün sağ olun. Terra Unita (Birləşmiş Dünya) dövləti sizi mükafatlandıracaq. Mütləq mükafatlandıracaq. 

N3-S10-L: - Amma deyəsən bir problemimiz var. Onlar...

HNDX-42N7: - Necə bir problem? 

N3-S10-L: - Onlar, 2-ci nəsildən etibarən təkamül keçirməyə başlayıblar. Əvvəl diqqətə almırdıq. Amma indi nitq qururlar, ünsiyyət tapırlar, bir-birləri ilə dalaşırlar, sevirlər. 

HNDX-42N7: - Dalaşsınlar, siz sevməyə qoymayın (gülür).

N3-S10-L: - Cənab nazir, bu ciddi problemdir, onlar insan kimi... 

HNDX-42N7: - Yaxşı görək, insan kimi. Mən əvvəl də göndərdiyiniz bütün sənədlərlə tanışam. Burada qorxulu heç nə yoxdur. 

N3-S10-L: - Bəs nə edək? Əgər sənədlərlə tanışsınızsa, yəqin ki, bunu da müzakirə etmisiz.

HNDX-42N7: - Əlbəttə, müzakirə olunub. Siz mənə deyin görək, bu canlılarda ən tez neçə yaşdan şüur əlamətləri hiss etmisiz?

N3-S10-L: - Ən tez 6 aylıqlarında başlayırlar. Uşaq kimi reaksiyalar verirlər. 

HNDX-42N7: - Bəs onlar 6 aylıqda neçə kiloqrama çatırlar?

N3-S10-L: - 8-12 kiloqram.

HNDX-42N7: - Yaxşıdır. Kəsimə 6 aylıqda göndərin.

N3-S10-L: - Bəs çoxaltmaq necə mümkün olsun?

HNDX-42N7: - Onunla ayrı qurumlar məşğul olacaq. Laboratoriyanı saxlayacaqsınız. Sizə gündəlik dölləndirilmiş canlılar veriləcək. İnkubasiya dövrü Homofermdə olacaq. Nümunə canlılar isə bizdə saxlanılacaq. Bilirsiniz, bu həm təhlükəli, həm də xüsusi diqqət tələb edən işdir. Onları nəzarətsiz şəkildə çoxaltmaq olmaz. 

N3-S10-L: - Aydındır, təşəkkür edirəm. 

HNDX-42N7: - Gecikməyin. Sabah əlinizdəki bütün homoları gətirin, laboratoriyanı dondurun. 

Deməli, Carçı haqlı idi, Homolar şüurlu varlıqlardır. Və İnsanlara 300 ildir ki, insan əti yedirilir. Həm də körpə əti, 6 aylıq uşaqları yeyirik - G13F2 bunları düşündükcə bir tərəfdən yazmağa başladı. Təcili bir xəbər hazırladı. Biz insan əti yeyirik - başlıqlı xəbərinə sentimental giriş etdi, ardınca faktları yazdı, sonra da Homoferm-in qurucusu ilə qida təminatı və davamlılığı nazirinin arasındakı söhbəti yerləşdirdi. O qədər fokuslanmışdı ki, yaddaş cihazındakı digər materiallarla tanışlığı da ertələmişdi. 

Yazı yayımlandığı anda iş yerindən zəng vurdular, təcili görüş üçün dəvət etdilər. Yol getdikcə daha aydın başa düşürdü. Media sahiblərinin də əslində bu həqiqəti bildiklərini, hətta BKİ şəbəkəsində bu məlumatların kodlandırıldığını da görürdü. 

"Bəs Carçının mesajı necə bloklanmamışdı? 

786. Əlbəttə, Bismillahir-Rəhmanir-Rəhimlə günümüzdə hansı ciddi adam mesaj göndərə bilər? Dini inancı olan insanlar o qədər ciddiyə alınmırdı ki, hətta süni intellekt onların mesajlaşmasına məhəl qoymurdu. 786 ilə başlayan mesajlar oxunmurmuş, amma məlumatın yükü çox olsa, bloklana bilərdi. Deməli, Carçı əvvəlcədən planını qurmuşdu. Mənə yaddaş qurğusunu verən də Carçı imiş. Görünür, işdən çıxmayıb, məni işin içinə salmaq üçün qurub planlarını". 

- Nədir bu boşboğazlıq? - içəri girən kimi müdiri qışqırdı, - media azadlığı ağzına gələni yazmaq deyil. Bilirsən, cəzası nədir? Bilirsən, mən səni müdafiə etmək üçün hansı hoqqalardan çıxmışam? 

- Məncə, bunlar boş deyil.

- Ay G13F2, səncə, belə bir fakt var və bunu heç kim bilmir? Və belə bir faktı araşdırmağa da ehtiyac duymurlar? Çox yaxşı oyuna gəlmisən. Konsprioloji ustası, şəhər əfsanəçisi, bravo sənə. 

G13F2 heç nə demədi, müdir bir az da qışqırdı, bağırdı, öyüd-nəsihət verdi. Sonra da xəbərə gələn reaksiyalara birlikdə baxdılar. G13F2 ən aşağı reytinqini almışdı - 2,0 bal. Və yazını oxuyan milyonlarla insan heç bir geridönüş etməmişdi. Sıradan bir xəbər, adi bir məlumat kimi oxumuşdular. 

Ofisdən çıxarkən qapıçının yanındakı monitorda gündəlik xəbərlərə gözü sataşdı. Öz xəbərinin ilk cümləsi dəyişdirilmişdi. O, yaxşı bilirdi ki, süni intellekt xəbərlərə müdaxilə edir, onların yazı üslubuna, məntiq və informasiya xətalarına düzəliş edir. Amma bu düzəliş tamam fərqli idi: "5 yaşımda yazdığım hekayə - Biz insan əti yeyirik". 

Deyəsən, barışmaq lazım idi. G13F2 hələ də anlaya bilmirdi, insan bu qədər qəddarlaşa bilərmi, insan insan əti yeyə bilərmi? Yoxsa, o bir konspriologiyanın içinə düşmüşdü, bəlkə onunla yaxşı oyun oynamışdılar?! 

Carçı bəlkə onu yaxşı tanıyan uşaqlıq dostudur, zarafat edir. Əgər bu zarafat deyilsə, niyə heç kimi maraqlandırmır? Niyə heç kim araşdırmır?

Özünü birtəhər evə atdı. Kompüterini açıb Carçının verdiyi fayllarla tanış olmağa davam etdi. Əksər fayllarda rəqəmlər var idi, satış, alış, gündəlik qida rasionu, elektrik sərfiyyatı, kommunal xərclər, tələf olanlar haqqında məlumat, tələf olma səbəbləri və s. 

 

Ən sonuncu faylda video-kadr yerləşdirilmişdi. Kadrlarda birinci görünən şəxs Terra Unitanın baş naziri idi. O, şüşə panoramalı otaqdan aşağını seyr edirdi, iki nəfər də izah verirdi:

- Cənab nazir, onlar çox yaxşı vəziyyətdədirlər. Üzən şəhərlərin əksəriyyətində işləri yerinə yetirirlər. Homolar ən azı 20 saat fiziki işə dözürlər, 4 saatlıq yuxu kifayət edir. 

- Bəli, insanlardan elə də fərqlənmədikləri üçün təhlükə də yaratmırlar. Yalnız onları fermadan çıxaran kişiyə tabe olurlar, o adam "öl" desə, düşünmədən ölürlər. 

Nazir qulaq asdıqca qarşısındakı suallar qeyd olunan elektron lövhəyə baxdı.

- Həkimlər necə? Narazılıq etmirlər?

- Niyə etsinlər? Orqan köçürməsi zamanı donor axtarmağa ehtiyac yoxdur. Ürək lazımdır? Birini kəs, doğra ürəyini istifadə et. Təcrübə aparmaq lazımdır, uzat birini, damarına benzin vur, gör necə reaksiya verir. 

Otaqdakı iki şəxs həvəslə izahlar verirdilər, Homoların hər sahədə işləri necə asanlaşdırdığından danışırdılar. 

Nazir suallarını bitirdi. İki nəfər otaqdan çıxmaq istəyəndə bir sual da verdi. 

- Bəs, - yarımçıq dayandı, fasilə verdi və davam etdi, - əsas bir şey demişdim. Bir-ikisi...

- Hə, o məsələ, - ikisi birdən sözə başladı, - arxayın olun. Ən gözəlini seçəcəyik, düzəliş edim, ən ehtiraslısını. Lap əsrlər əvvəldəki kimi, Terra Unitanın gözəllik müsabiqəsi. Birinci yeri kim tutsa, o da sizindir. 

Video bitəndə G13F2 acizliyini qəbul etdi. Nə yazacaqdı? Necə yazacaqdı və yazdıqlarının kimə faydası olacaqdı?! 20 ilə yaxındır ki, yazır. Gecə-gündüz yazır. Atası gözünü açandan işləyirdi, anası da elə, qardaşı da, bacısı da. Hamısının qazancı birlikdə bir qarın yemək üçün kifayət edirdi. Bir də balaca qutu ev. Nazirə danışılan həyat həm də G13F2-in həyatı deyildimi? 

G13F2 indi yalnız bir şey haqqında düşünür, özünə bir sual verirdi: 

- Mən homoyammı?

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!