Muştuluq - Lətif ŞÜKÜROĞLU

"Bir məhəllənin adamları" silsiləsindən

 

Yenə yuxusunu qarışdırmışdı, nəsə alaşıq-dolaşıq şeylər görürdü. Gah uşaqlıq dövrünü xatırladan nələrsə baş verir, gah cavanlıq illərinə qayıdır, gah da iyirmi iki il qabağın hadisəsi gözləri önündə yenidən canlanırdı. Dəqiq kəsdirə bilməsə də, yan-yörəsində dolaşanların əksəriyyəti doğmaları, yaxınları idi. Ancaq onların arasında nə vaxtsa lap təsadüfən rastlaşdığı adamlar da vardı. İllərin unutdurduğu bu adamların çoxunu düz-əməlli xatırlamırdı. Ancaq di gəl, indi onların da üzlərini aydın görür, danışsalar, yəqin səslərini də tanıyardı. 

Yuxusunda kimlər yox idi?! Nənəsindən, atasından tutmuş, ərinə, uşaqlarına, nəvələrinə, qonum-qonşuya, tanış-bilişlərə qədər, ən müxtəlif adamlar nizamsız şəkildə müxtəlif istiqamətlərdən peyda olur, qəfil gözdən itir, təzədən görünürdülər. Fərqli zamanlarda yaşayan bu adamlar bir yerə cəm olmuşdular və bir-biri ilə çoxdanın tanışı kimi davranırdılar. Ürəyinə damdı ki, cavanlı-qocalı bu adamların hamısı ona görə toplaşıb. 

İyirmi il əvvəl ölmüş əri, hərbi xidmətdən sonra Rusiyada yaşayan, cəmi iki dəfə gördüyü, öldüsü-qaldısı bilinməyən oğlu, Qarabağ müharibəsində itkin düşmüş nəvəsi qayğılı baxışlarla sanki ona nələrsə deyir, başa düşülmədiklərini görüb əl-qolla işarə edirdilər. Hərəkətləri və üzlərinin ifadəsindən görünürdü ki, rəhmətliklər öz aralarında yaxşı anlaşırlar. 

Həm də budəfəki yuxusunda hər şey o qədər canlı idi, yuxudan daha çox real həyata oxşayırdı. Nəvəsi lap aydın səslə:

- Nənə, yadındadı, deyirdim axı, harada olsa, dayımı axtarıb tapacam. Bax, görürsən, axtarıb tapdım. Dayım ölməyibmiş, əsgərlik keçdiyi yerə yaxın hərbi şəhərcikdə yaşayırmış. Sənə verdiyim sözü tutdum. İndi sən də vədini yerinə yetir, muştuluğumu ver. 

Sevincdən ürəyi atlandı. "Şükür sənin böyüklüyünə, ilahi. Sənə inanmayan kafirdir. İllərlə çəkdiyim zülmə, bala həsrətimə son qoydun. Şükür ki, canımı tapşırmamış oğlumu, nəvəmi salamat gördüm. Daha bu dünyadan gözüyaşlı, nigaran getmərəm. Qızlar da toxtayarlar, ağlayıb-sıtqımaqdan gözlərində yaş qalmamışdı. Qardaşları tapılıb, bundan yaxşı xəbərmi olar?!" 

Üzünü nəvəsinə tutdu: 

- Nənən qurban, bir Allah bilir, dayını tapmaq üçün getmədiyin yer qalmayıb, Urusetin ucu-bucağımı bilinir, yəqin əldən-dildən düşmüsən. Saa bir yox e, yüz muştuluq versəm də, azdır. Nənən boyuna qurban.

Lap yaxına gələn bir cavanı görəndə isə gözlərinə inanmadı:

- Bıy, başıma xeyir. A bala, sən Çimnazın müharibədə bizim uşaqtək itkin düşən oğlu deyilsən?

Oğlan eşitdiklərini təsdiq edirmiş kimi başını tərpətdi.

- Şükür, a bala, nə yaxşı ki, sağsan. 

Gərək Çimnaza da gözaydınlığı verəm, həsrətindən əriyib çöpə döndüyü oğlu gəlib çıxıb. Yazığın qəddi düzələr. Qoy hələ bir görüm, qızlardan da, Çimnazdan da muştuluğumu alacam. Gözləri aydın, qardaşları, kiçik qızımın gözünün ağı-qarası, tək oğlu, Çimnazınkı da sağıymış. Sənə min şükür, ilahi. Daha gözlərimiz yollardan yığılar.

Və qəflətən elə bil tamam başqa bir məkana düşdü. İndi iyirmi iki il əvvəlin hadisəsini görürdü. Yuxusuna yüz, bəlkə min yol girən o günü heç vaxt unuda bilməmişdi. Hər dəfə görəndə də ürəyi parçalanmış, elə yuxudaca dərdli göz yaşları tökmüşdü, "can ay bala, gözüdolusu üzünə baxa, boyunu oxşaya bilmədim. Gəldiyinlə getdiyin bir oldu. O üç gündə o qədər susub durdun ki, yazıq dədəni də dərdə saldın. Səndən sonra heç bir il yaşamadı. Yox e, dilim qurusun, belə demək istəmirdim, sənin nə günahın, onsuz xəstə idi. Keçən il mal-qaranı bir az herağacdan yaylağa qaldırmışdı deyə, gecə ayaza düşüb möhkəm soyuxlamışdı. Elə o soyuxluyan, bu soyuxluyan, nə illah elədik, azar kişinin canından çıxmadı ki, çıxmadı. Günü-gündən dala getdi, hamının dağ bildiyi dədən əriyib yumağa döndü. Allahın qismətiydi, neyliyə bilərdik. Amma olmur, necə yanıramsa, hərdən nə danışdığımı, sözümün irəlisin-gerisin bilmirəm. Görünür, qocalıqdandı başımı itirmişəm.

Yuxularının çoxunu alayarımçıq xatırlasa da, neçə dəfə gördüyü həmin yuxu ən xırda detalına qədər yadında qalmışdı. Qızlarına, yaxın qonşuları dediyinə görə, illər keçsə də, o yuxuda baş verənlər dəyişmədən, saniyəsinə qədər təkrarlanırdı. Yer, şərait, ərinin, oğlunun üz-gözünün ifadəsi, baxışı, duruşu da tam eyni olurdu. Ən qəribəsi də elə bu idi.

- Ay arvad, bu gədəyə nə olub belə, günün çoxunu maddım-maddım baxıb bir şey danışmır. Anasan, bir soruş, gör qarnının dərdi nədir, bəlkə deyəcəyi bir söz var? 22 ildən sonra gəlib çıxıb, oturub düz-əməlli danışmır da ki, bilək nə var, nə yox? 

Qərib kişinin yadına on il qabaq Zakirin bacısına yazdığı məktubda onlara nəvələrinin olduğunu müjdələməsi düşdi. İstədi soruşsun ki, bəs nəvəmizi, arvadını niyə gətirməyib? Ancaq demədi, fikirləşdi bunu özündən soruşması daha düzgün olar.

Gülsüm arvad ərinin ürəyindən keçənləri hiss etmişdi deyə, sözünün sonrasını gətirməsinə imkan vermədi: 

- Elə mənim də matım-qutum quruyub, başa düşmürəm, anası ölmüşün nə dərdi var? Obaşdan oyanmışdı, dedim təzə süd, qaymaq gətirim, keçən ildən qalma balımız da var, bir loxma tut. Dedi: "Ac deyiləm, sonra yeyərəm". Bir stəkan çay içdi, dalınca da bacısı ilə kallayı otaqda nə danışdılar, nə dərdləşdilər, daha bilmədim. Sən gələnə qədər eşitdiyim o üç-dörd kəlmə oldu. İstəyirdim soruşum ki, niyə nəvəmizi gətirməyib, elə arvadı da iyirmi ildə bir yol buralara üzükməyib. Demir ki, gedim görüm, ər dediyim, iyirmi il bir yastığa baş qoyduğum bu talesizin nəyi, kimi var, necə insanlardı? Bəlkə kimsəsizdi, iy deyəni qalmıyıb, bizi də aparıf tanış edə.

- Arvadının nə günahı, oğlun nə vaxt gətirmək istədi ki, gəlmədi? Görünür, özü istəmir gəlib buraları görsün, kasıb adamıq, kimə lazımıq?!

Sonuncu fikir ağlına qəfil gəlmişdi. Dedi və o dəqiqə də peşman oldu. Çünki nə oğlu, nə də qızları ailənin kasıb yaşadığı uşaq çağlarında ehtiyac görsələr belə, heç vaxt şikayət etməmiş, gözü-könlü tox böyümüşdülər. Hamısı da ayağı yer tutan kimi iş-gücdən yapışmış, onlara kömək etmişdilər. Elə sonralar da nə özləri, nə övladları belə söhbətlər etməmiş, Allahın verdiyi ruziyə "min şükür", demişdilər.

- Qonşuda onlar kimi iki ailə var, yaxşı da yola gedirlər, oğul-uşaq sahibidirlər. Bizimki əyal-uşağını gətirsə, kim nə deyəsidi? Hərənin öz dərd-səri özünə bəsdi. Neçə yol bacıları da yalvarıb, düzdür, dediyinə görə, pis keçinmirlər, ev-eşik sahibidilər. Di bir yol, ailəni də gətir, bu qoca yaşımızda nəvəmizin üzünü görək, gəlinlə bir kəlmə kəsək. Dünyadır, nə bilmək olur, bu gün varıq, sabah yoxuq.

- Deyəsən, gəlinin dilini öyrənmisən, yoxsa, nə danışassan? 

- Sənin işin də ancaq lağ olsun. Ode, Şaxanımın gedəsi, o da bunun kimi evlənib, hər il yayda arvad-uşağı götürüb gəlir, bir ay, elə olur lap çox qalırlar. Arvadı da o qədər mehribandı, Şaxanıma "ana" deyir, dilimizi də öyrənib, xəncərinin daşı düşməyib ki?! 

- Onu oğluna de. Bir də gətirdi, nə dəyişəcək, gətirmədi nə?

Ancaq axırıncı sözləri Gülsüm arvad ürəyinə salmasın deyə ağızucu söylədi. Əslində oğlunun hərəkətləri onu da ağrıdırdı. Son vaxtlar üzünü görmədiyi nəvəsi ilə gecələr yuxuda danışması da bir yandan qəlbini sıxırdı... 

Həmin gün olub-bitənləri yenə ən kiçik təfərrüatına qədər xatırladı. Hər şey elə bil indi baş vermişdi. Hələ sağ olan əri ilə evin kandarında dayanıb iyirmi iki il görmədikləri oğullarını gözləyirdilər. Onun gəldiyini qonşu uşaq xəbərləmişdi. Demişdi ki, Zakir iki saatdır əlində çanta bazarda dolaşır, nə bir şey alır, nə də kimsə ilə danışır. Səhəri gün oğlunun bazar gəzintisi ilə bağlı ürəksıxan əhvalatı bir az da bəzədilmiş şəkildə neçə adamdan eşidəcəkdilər. Çətini camaatın ağzına bir söz düşənəcəndi. Deyirdilər ki, onu tanıyan bir-iki tay-tuşu ilə dilucu salamdan savayı, kimsənin sözünə məhəl qoymayıb. Qərib kişinin oğlunu mərifətli, ifallı cavan kimi tanıyanlar da çaşıb qalıbmışlar ki, bu gedə niyə bu qədər dəyişib. Uşaqlığında, elə əsgərliyə getməzdən əvvəl özündən böyükləri görəndə ayağa duran, yol-yolağa biləndi, görəsən, nə olub ki, 20 ildir gəlib-getmədiyi bir yana, adama salam da vermir. Ağsaqqal, qarasaqqal demədən, yanından elə ötüb keçir, hal-əhval tutmağa macal da tapmırsan. Balam, Qərib kişinin oğlu nə yaman böyüyüb? Hamıda nöqsan axtaran bu tip insanlara məxsus bənzər fikirlər, yəqin sizlərə də tanışdır. Bu giley-güzarlar, umu-küsülər Gülsüm arvaddan çox Qərib kişiyə yer eləsə də, büruzə verməmiş, səbəbini hər kəsə açıqlamağa hövsələsi çatmasa da, "görünür, tanımayıb, zarafat deyil, burdan getdiyi iyirmi iki ildir", deməklə öz aləmində məsələnin nöqtəsini qoymuşdu. 

 

Əslində əhvalat nə onun, nə də umu-küsü edənlərin dediyi kimi olmamışdı. Zakir rayon mərkəzinə çatıb onu gətirən sürücüyə səhər yola çıxandan danışdıqları rus dilində, "əgər tanıyırsansa, bazara sür", demişdi. Bakıda yaşasa da, əslən qonşu rayondan olan sürücü bazarı tanıyırdı, ancaq qırx yaşlarında olan bu cavanın niyə birbaşa evinə deyil, bazara getmək istəməsinin səbəbini başa düşməmişdi. İstəmişdi soruşsun ki, nəsə alacaqsan? Ancaq yoldakı söhbətlərdən sonra, o qədər də xoşlanmadığı bu adama heç nə deməmişdi. Əsgərliyi qurtarıb ev-eşiyinə qayıtmayan bu tip cavanları az da olsa, tanıyırdı. Ancaq onlar istədikləri yerə gedib yaşasalar da, ara-sıra valideynlərinə baş çəkmişdilər. "Nə çoxdur Rusiyada, Ukraynada, canım sənə desin, Moldovada, hətta Baltik respublikalarında qalanlar. Əksəriyyəti də oralarda ailə qurublar. Kimə nə demək olar ki, hərənin öz işidir, təki ürəkləri istədikləri kimi yaşasınlar, amma el-obalarını, əcdadlarının torpağını da unutmasınlar. Böyütdükləri uşaqlara Azərbaycan adlı yer-yurdu az da olsa, tanıtsınlar. Yoxsa, bunun kimi, deyir iyirmi iki ildir Rusiyada yaşayır, öz dilini də unudub, bir kərə doğulduğu ölkə, rayon, kənd bir yana, heç anasına baş çəkməyib. İndi də gəlib evin kandarına çatıb, deyir sür bazara. Görən, bu gedişlə axırımız necə olacaq?"

Ancaq sürücü sonuncu iradında haqlı deyildi. O, bir dəfə, əsgərliyi başa vuran ili rayona, valideynlərinə baş çəkib, ay yarım qalmış, münasib iş tapmadığına görə əvvəl Bakıya, oradan əli üzüləndə də Rusiyaya getmişdi. İnanırdı ki, həm babat iş tapıb normal dolanacaq, həm ailəsinə kömək edəcək, həm də ali təhsil alacaqdı. 

 

Bu incəlikdən xəbərsiz sürücü fikrində müştərisini qınaya-qınaya bazara nə vaxt çatdıqlarını bilmədi. Maşından tələsik düşən Zakir əlində çanta bazarı dolanmağa başladı. Tərsliyə bax, birinci sıranı yarı etməmişdi ki, orta məktəb yoldaşı ilə qarşılaşdı. O da Zakiri tanımışdı deyə, gülə-gülə yaxınlaşıb əl uzatdı: 

- Necəsən, ay Zakir, nə yaxşı gəlib çıxdın, az qala iyirmi beş ildir səsin-sorağın yoxuydu.

Nə illah eləsə də, bu suyuşirin həmyaşıdının adını xatırlaya bilmədi, quruca "Sağ ol", deyib yoluna davam etmək istədi. Ancaq məktəb yoldaşının onu buraxmaq fikri yox idi.

- Dayan bir, hara tələsirsən? Birdəfəlik gəlmisən, ya bir neçə günlüyə?

Eşitdiklərini tam başa düşsə də, cavab verməyə lazımi sözləri tapa bilmədiyindən, onun işlətdiyi "tələsmək" sözünün qarşısına bir "hə" əlavə edib, "hə, tələsirəm", dedi və tez uzaqlaşmağa çalışdı. Ancaq məktəb yoldaşı əl çəkənə oxşamırdı. 

- Burda xeyir ola, nəsə alacaqsan? İstiyirsən uşaqlara tapşırım, alacağın şeyləri mağazama gətirsinlər, biz də ona qədər bir stəkan xoruzquyruğu çay içək.

Zakir yenə ondan eşitdiyi eyni sözü təkrarladı, "tələsirəm". Ağlı bir şey kəsməyən məktəb yoldaşı daha heç nə demədən səmtini dəyişdi. Canını bu qəfil görüşün gətirə biləcəyi utancdan qurtarsa da, elə bil yayın ortasında başına qar yağmışdı. İyirmi iki ildə iki-üç dəfədən artıq danışmadığı üçün yadırğadığı ana dilində sözləri yada salmaq üçün gəldiyi bazarda yenə hansısa tanışa, ya qohuma rast gələ biləcəyi qorxusu onu yaman narahat etdi. Ancaq başqa əlacı yox idi. Unutduğu, ancaq tezliklə yada salacağına əmin olduğu ana dilində danışıq eşitmək üçün bazardan daha münasib yer ola bilməzdi. Əslində yanılmırdı, şüurunun dərin qatlarında yatan sözləri üzə çıxarmaq üçün bazar, doğrudan da, ən yaxşı yer idi. Çünki burada hər şeydən, özü də uca səslə danışılır və adama elə gəlir, əksəriyyət heç düz-əməlli qulaq asmadan qarşı tərəfin havada uçuşan suallarına necə gəldi cavab verir. Müxtəlif adamlar, hər mövzuda söhbətlər, daha çoxu məişət səviyyəsində olsa da, işlədilməyən söz qalmır. Ona da elə bu lazım idi ki, danışmağı yadırğadığı dili az da olsa, yada salsın ki, ata-anasını peşman etməsin. 

Dünəndən, gəldiyi qatar Azərbaycan ərazisinə keçəndən beynini ancaq bu məsələ məşğul edirdi, ana dilinin bir vaxtlar yaxşı bildiyi sözlərini yada salmaq. Bunun üçün qatardakı tanımadığı azərbaycanlı sərnişinlərlə ünsiyyət qurmaq istəmiş, ancaq xeyli əziyyət çəksə də, bir şey alınmamışdı. Əvvəl ona elə gəlirdi ki, şüuraltında yatıb qalan bu sözlər danışmağa başlayan kimi yadına düşəcək. Ancaq nəinki birinci, heç beşinci, altıncı cəhdi də alınmayanda içində sanki bir boşluq hiss etdi. Bildiyini, xatırlayacağını zənn etdiyi sözlərin əksəriyyəti sanki qeybə çəkilmişdi. Bəs rayonda doğmaları, tay-tuş, tanış-bilişlə necə danışacaqdı? Çoxu rus dilini yaxşı bilməyən bu adamlar deməzlər ki, Qərib kişinin oğlu iyirmi, lap olsun iyirmi iki ilə dilini unudub? Ha illah eləsə də, beynini gəmirən bu fikirlərdən qurtula bilmirdi. 

Bakıdan rayonlara sərnişin daşınan dayanacaqda sürücülərə yaxınlaşıb gedəcəyi yerə tezliklə maşın çıxıb-çıxmayacağını öyrənmək istəyəndə yenə eyni çətin vəziyyətə düşmüşdü. Nə illah eləsə də, deyəcəyi kəlmələr dilinə gəlməmiş, iki-üç sözdən artıq heç nə yadına düşməmişdi. Yad və bir az da israrlı baxışlar da bir yandan fikrini qarışdırırdı deyə, sanki bildiyi sözlər də boğazında tıxanıb qalmışdı. Nə istədiyini anlatmağa lazımi sözlər tapa bilməyəcəyini başa düşəndə qəfil ildırım vurmuş adam kimi gözlərinə qaranlıq çökdü. Ancaq çətinliklə də olsa, özünü ələ aldı. Azacıq nəfəsini dərib sürücülərə doğru daha bir-iki addım da atdı. 

"Yevlaxa iki nəfər", "Ağdama bir nəfər"... qışqıraraq müştəri axtaran sürücülərdən birinə yaxınlaşmaq istəsə də, nəsə fikirləşib dayandı. Ancaq çox gözləməyə vaxtı yoxuydu, bir xeyli yol getməliydi. Günortaya qədər Yevlaxa çatmasa, şər qarışana ancaq mənzil başına yetişə bilərdi. Məcbur qalıb nisbətən səliqə ilə geyinmiş sürücülərdən birinə yaxınlaşdı. Onun qəribə vəziyyətindən duyuq düşmüş sürücü cəld tərpəndi, yaxınlaşıb, tanıyırmış kimi ərklə və çoxdan eşitmədiyi şirin ləhcə ilə:

- Eloğlu hara gedəcəksən? 

Bu sualdan bir az da ayılan kimi oldu. 

- Rayona.

- Hansı rayona, qardaş. Burdan otuz rayona adam daşıyırıq.

Güc-bəla gedəcəyi yerin adını dedi. Müştərinin qəribə tələffüzünə qımışan sürücü əli ilə bir az aralıda dayanmış həmkarını göstərib:

- Sizin qonşu rayondandır, get əyləş, bir nəfəri qalmışdı, Allah yetirdi, indi yola çıxar. Sonra da daha gur səslə, "a dağlar oğlu, yenə bəxtin gətirdi, bir müştərini də mən tapdım, sür get, axşama qalma", dedi. Ucadan deyilən bu sözlərə qonşu rayondan olan sürücü əlini yelləməklə cavab verdi və başı ilə Zakirə maşına minməsi üçün işarə etdi. O da heç nə demədən maşına doğru getdi. Artıq oxucuya məlum olan yol söhbəti isə o biri sərnişinlər düşəndən sonra başlamış, ta qonşu rayonu keçənə qədər davam etmişdi. Əslində buna söhbət də demək olmazdı. Çünki sürücü soruşduqlarının əksəriyyətinə əsasən rus dilində cavab almış, müştərisinin ana dilində sözləri bərbad tələffüz etməsindən dilxor olmuşdu. Bu yerlərin kənarda yaşayan adamlarını az görməmişdi, ancaq ilk dəfə idi ki, beləsinə, öz dilini az qala, tam yadırğayan birisinə rast gəlmişdi. Ona görə də yolun sonuna yaxın heç nə soruşmadı, müştərisi kimi o da ağzına su alıb durdu.

...Deyəsən, məktəb yoldaşı ilə söhbətini eşidən on bir on iki yaşlarında iki uşaq da səhərdən bəri ona göz qoymuşdular. Bayaq birinci sırada idilər, indi arxasınca düşüb ikinci sıraya gəlmişdilər. "Yəqin qonum-qonşu uşaqlarıdır, üzümü görməslər də, adımı eşidiblər. Ona görə belə maraq göstərirlər. Bəlkə sinif yoldaşlarımdan, ya dostlardan birinin uşağıdılar", fikirləşdi. Ancaq əhəmiyyət verməyib yoluna davam etdi. Bazarı satmağa gətirdikləri malları tərifləyib, gur səslə müştəri çağıran alverçilərin haray-həşiri başına götürmüşdü.  "Təzə yağ-şor, baldan şirin bəhməz burda, gəl apar", "Faraş şanı var, ye, diril", "Şirəsindən bal daman əncir, tez gəl, qurtardı". 

Eşitdikləri ona neçə il əvvəl atası ilə bazarlığa gəldiyi vaxtları xatırlatdı. Sıraları səbirlə dolaşan atası, meyvələrin dadına baxır, təzə, şirəli olanlarını seçir, hərdən də ona uzadır "al, sən də yoxla", deyirdi. Zakir utandığından, çox vaxt da yuyulmadığına görə "ürəyim istəmir", deyib meyvəni götürmürdü. Ona elə gəldi, bazar da, satıcılar da az qala eynidir. Səs-küy, çığır-bağır, bu yerlərin havası, suyu, dağı-meşəsi də onun kimi. Yəqin adamları da uşaqlığında necə görmüşdü, elə qalıblar. Dəyişən təkcə özüdür. Əslində "yadlaşan", fikirləşdi.

Artıq xeyli sözü xatırlamış, həm də xəyalında bu sözlərlə müxtəlif cümlələr qurmağa başlamışdı. Yəqin bir-iki saat da gəzsə, danışığı lap qaydasına düşəcəkdi.

Kaş üçüncü sıraya keçməyə tələsməzdi. Burada bazardan çıxmaqda olan qonşu Məzahirlə qarşılaşdı. Onu görəndə elə bil Məzahirin gözünə işıq gəldi.

- Ay qonşu, xoş gəlmisən, səfa gətirmisən. Nə vaxtdan rayondasan, bəs niyə xəbər eləməmisən. İnan, səninlə görüşüb dərdləşmək üçün vurub Urusetə gəlmək fikrim vardı. Yaman darıxmışam, gör neçə il keçib.

- Sağ ol. İndi.

- Ə, nə indi, yəni indi gəlmisən?

- Hə.

- Onda bazarda nə işin var, evdə bilirlər?

- Yox.

- Ə, onda durma, tez düş qabağıma, neçə vaxtdı Gülsüm xalanın gözü yol çəkirdi, gəldiyini eşidibsə, çətin dözə, yazıq arvadın gözləməkdən ürəyi üzülüb. Bir az da ləngisən, özü qalxıb dalınca gələcək.

Bu da doğru idi. Zəhmi özündən ağır ərinin qorxusu olmasa, Gülsüm arvad çoxdan oğlunun boynuna sarılmışdı. Yazığın gözləməyə səbrimi qalmışdı? Belə baxsan, evləri də bazardan elə aralı deyildi. Kişinin bir batman balla da yeyilməyəcək tənəli sözləri qabağını kəsməsə, heç nəyə baxmaz, ayaqyalın, başıaçıq qaçıb gələrdi. 

- Elə bizimkilər də görsə, çiçəkləri çırtdıyacaq, - Məzahir dedi. 

- Yox, mən hələ getmir.

- Ə, bu nə dildir danışırsan, yoxsa, öz ana dilini unutmusan, nədir? 

Zakirə bıçaq vursan qanı çıxmazdı. Nə ağ, nə qara dindi, eləcə başını aşağı salıb dərindən bir köks ötürdü. Məzahir hər şeyi anladı, qonşusunun, əslində dost da demək olardı, bu vəziyyətindən onun da ürəyi sıxıldı. Amma yenə də özünü ələ alıb:

- Ə, onda gəl söhbət edə-edə bazarı bir yerdə dolanaq, bəlkə nəsə yadına düşər, - dedi.

Ancaq Zakir başı ilə tək gəzmək istədiyinə işarə edəndə, nə fikirləşdisə, həmişəki kimi tərs damarına salmayıb razılaşdı və onun xətrinə dəyməmək üçün tez oradan uzaqlaşdı. 

Bir saata qədər də gəzdikdən sonra Zakirdə ata-anası ilə birtəhər danışa biləcəyinə əminlik yarandığı üçün bazardan çıxıb toz-torpaq, palçıq içində qoyub getdiyi, təzəlikdə qum-çınqıl tökülmüş yolla şəhərin yuxarısında yerləşən evlərinə sarı buruldu. 

Evin qənşərində görünəndə "gəldi" xəbərini eşitdikləri oğullarını ürək çırpıntısı ilə gözləyən valideynlərinə sanki qanad verildi. Birinci, ayaqları yerdən üzülən ana oğluna tərəf uçdu və qollarını onun boynuna dolayıb üz-gözündən o ki var öpdü. 

- Canım, ürəyim, gəldiyin yollara qurban olum. Allahıma şükür ki, bizi görüşdürdü. Elə bil ürəyimə dammışdı, deyirdim, bu gün gələr, sabah gələr. Yaxşı ki, həftəsi tamam olmamış arzuma çatdım. Ananı bu illər ərzində gözü yolda qoysan da, axır ki, insafa gəldin. Yoxsa, daha gözləməyə tabım qalmamışdı. 

Dedi və ixtiyarsız göz yaşı yanağı boyu süzülüb oğlunun da üzünü islatdı. Bu mənzərənin təsirindən kövrələn ata vəziyyətin ağlaşma həddinə çatmasını önləmək üçün:

- Ay arvad, qoy biz də görüşək, nə bərk-bərk yapışmısan, burax bir nəfəs alsın, keçsin içəri. Uzaq yoldan gəlib yəqin ac-susuzdur.

Ana heç nə demədi, oğlunun üzündən bir də öpüb, ustupca yana çəkildi. Ata-bala da eyni hərarətlə qucaqlaşdılar, ancaq onların görüşü qısa çəkdi. Qərib kişi özünəməxsus təmkinini bu dəfə də pozmadı. İçəri keçdilər, stolun üstündə anasının dəmlədiyi pürrəngi çay və bacısının 2 gün əvvəl bişirdiyi şirniyyatlar Zakiri gözləyirdi. Gülsüm arvad:

- Başına dönüm, siz çayınızı için, mən bir üstə qoyduğum yeməyə baxım, - dedi və yaşına uymayan cəldliklə daş pilləkənlərlə eyvandan mətbəx kimi istifadə etdikləri otağa endi.

- Tələsmə, ay ana, indi gəldim, otur, bir az söhbət elə. 

"Söhbət edək" əvəzinə belə dedi. Ancaq illərlə həsrət çəkmiş ata-ana oğullarının işlətdiyi ifadənin dürüst, ya yanlış olduğunu fərq edəcək halda deyildilər. 

Nahar zamanı elə bir ucdan sual verir, birinin cavabını almadan, o birinə keçir, oğulları ilə bağlı hər şeydən, evdən uzaqlarda keçən həyatının hər dəqiqəsindən xəbərdar olmaq istəyirdilər. Cavablar çoxaldıqca, Zakirin danışığındakı qəribəliklər, xüsusilə, sözləri alayarımçıq, baş-ayaq işlətməsi ikisinin də diqqətini çəkdi. Növbəti suala bir xeyli fikirləşərək, həm də çətinliklə cavab verməsi isə Qərib kişini daha da şübhələndirdi.

- Ay oğul, elə bil öz dilini unutmusan, bayaqdan fikir verirəm, danışanda çətinlik çəkirsən. Yadından çıxan sözləri rusca de, başa düşdüyümüzün cavabını verərik. Özünü elə aparırsan, görən deyər, doğma evinə yox, yad yerə gəlib, - dedi.

 

Ata haqlıydı. Zakir heç nə deməsə də, susqun vəziyyəti atasının şübhəsində yanılmadığını təsdiq edirdi. Bir az sonra bunabənzər sualı anası da verəndə daha susmağın yeri olmadığını başa düşdü və niyə belə olduğunu bacardığı qədər qısa şəkildə anlatmağa çalışdı.

- Bu iyirmi iki ildə iki-üç dəfə öz dilimizdə danışdım. Bizdə orda özümüzkülər yaşamır. Çox sözləri unutdum. Bazara getdim, adamların danışmasını eşidib xeylisin yada saldım. Gərək elə yerlərdə çox olam, hər şey yadıma düşə. 

- Bazarı neynirsən, a pir olmuş, onsuz gəldiyini eşidən-bilən o qədər qohum-əqrəba, dost-tanış bura töküləcək ki, elə onlarla danışıb hər şeyi yadına salarsan. Uşaq bazara dönməyin xəbərini gətirəndə ananla fikirləşdik, bəlkə nəsə almaq istəmisən, sən demə...

Atanın ardını gətirmədiyi bu sözlərdən sonra ortalığa dərin bir sükut çökdü. Başını aşağı salıb susan Zakirin indi yadına düşdü ki, onlara və bacısına gətirdiyi hədiyyələri də hələ verməyib. Ancaq indi bunun yeri deyildi, sonra bacısına verər, düşündü. 

O gərgin dəqiqələrdəmi, bir saat, bir gün sonramı Gülsüm arvadın beynindən qəribə bir fikir keçmişdi. Ancaq bunu heç vaxt dilinə gətirmədi, heç ərinə də demədi ki, oğlundan bədgüman qalmasın. Sonralar çox şeyləri unutmağa çalışdığı kimi, bu sözlərin də kim tərəfindən, nə vaxt deyildiyini yaddan çıxarmaq istədi. Həqiqətdə, özünü bu sözlərin onun, ya özgəsinin fikri olduğunu kəsdirməyən kimi göstərsə də, heç vaxt unuda bilmədi. Və hər dəfə beyninə gəldikcə də, "Anan ölsün, ay bala", - deyib ixtiyarsız göz yaşı tökdü. Gülsüm arvadı dəhşətə salan fikir belə idi: "Ananı unudanda adama onun dili də yad olur". Ağır söz olsa da, haqsız sayılmaz.

Oğlu gedəli bir il çəkmədi ki, ərini itirdi. O bir ildə oğlundan cəmi iki məktub aldılar və sonra qəfildən məktubların da arası kəsildi. Ərinin ili çıxdı, Gülsüm arvadın daha bir neçə nəvəsi oldu, böyük qızının əri maşın qəzasında öldü. Və sonra Qarabağ müharibəsi başladı. Yenə ermənilər torpaqlarımıza göz dikmişdilər, yenə kənd-kəsəkdə neçə yaşlı, cavan, hətta qadın, uşaq kimsənin gözləmədiyi həmin müharibədə öldü. Gülsüm arvadın nəvəsi isə itkin düşdü. Ancaq hələ müharibə başlanmamış nənəsinə dayısını axtarıb-tapacağına, onun yol çəkən gözünü güldürəcəyinə söz vermişdi. "Nənə, sən muştuluğumu hazırla, Uruseti ayaqdan salıb, var-yoxumuzu bu yolda qoysam da, axtarıb dayımı tapacam", - demişdi.

- Allah ağzından eşitsin, a bala. Umudum sənədir, yoxsa, çoxdan bağrım çatlamışdı. Nənən saa elə muştuluq verəcək ki, heç ağlına gəlməz. Təki sən dayını axtarıb tapginən. 

Sonra yenə də dərdi tərpənmiş:

- Bu anası ölmüşə nə oldu ki, atasının yasına da gəlmədi. Axı, biz xeyirsiz, yanğısız övlad böyütməmişdik. Niyə bizə bu qədər soyuq oldu? Allah ömrümün bu ahıl çağında mənə belə zülmü niyə qıydı? Dilim qurusun, əgər ölübsə də, bir bilərdik, - demişdi.

Yaxşı ki, həmişəki kimi "son günlərimdir", - deyib qızlarını dilxor etməmişdi. Çünki dəqiq zaman ölçüsü olan günə baxanda vaxtın ölçüsü naməlumdur. Necə deyərlər, buna da şükür.

...Qəflətən elə bil nəfəsi təntidi, ha illah eləsə də, gözlərini aça bilmədi. Elə bil sinəsinə rəmətlik Həsən kişinin illər əvvəl ev tikdikləri vaxt qayalardan qoparıb gətirdiyi o ağır daşlardan birini qoyub var gücləri ilə sıxdılar. Nəfəsi daralıb boğulmaq həddinə çatdığından qışqıra bilmədi. Bir az keçmiş ciyərlərinə azca hava gəlsə də, boğazından xırıltı ilə çıxan sözləri yenə ayırd etmək mümkün deyildi. Yarıaçıq gözləri hədəqəsindən çıxmış, bərəli qalmışdı. Ancaq bu qədər əzabın içində üzündəki nur, həmişəki güləş ifadə hələ yerindəydi. Ağyanız yanaqlarından ixtiyarsız gilələnən göz yaşları sifətindəki qırışlardan süzülüb üzü aşağı axırdı. Düşdüyü bu vəziyyət gördüyü yuxunun, yoxsa, çəkdiyi əzabların təsiri idi, bilmək olmurdu. 

Erkən oyanıb yastığının dibini kəsdirdiyi anasının can çəkişməsinə baxan böyük qızı çaşqın halda idi. Anasının gördüyü yuxudan, yuxuda yaşadığı dünya boyda sevincdən bixəbər qızın ağlamaqdan şişmiş sifətində qəribə bir anlaşılmazlıq vardı. Buna səbəb dəhşətli əzabların içərisində nəfəsi tıncıxan, ürəyi az qala, sinəsini yarıb çıxmaq istəyən anasının bərəlmiş gözlərində qəribə bir sevinc işartısı görməsi idi. İlahi, bu qədər iztirabın içində insan necə sevinə bilər? Ən qəribəsi də bu idi ki, bu sevinc işartısı nəinki öləzimir, əksinə, getdikcə artırdı. Bəlkə anası son nəfəsində bütün gücünü toplayıb çoxdan əlini üzdüyü, min dərd içində yaşadığı bu dünyanı acı gülüşlə tərk edirdi?! Ancaq bu, acı gülüşdən çox, ömrü boyu həsrətində olduğu bir şeyə qovuşan adamın sevincinə oxşayırdı.

Bir anlıq beynindən keçdi: "bəlkə ölümünü illərlə toy-bayram kimi gözləyən və doğmalarını hər vasitə ilə buna hazırlayan gözlərindəki bu anlaşılmaz sevinc işığı artıq arzusuna çatması, həyatından çox istədiyi, yaşadığına inanmağa çalışdığı oğlu, itkin nəvəsi barədə nə isə öyrənməsi ilə bağlı idi". 

Çünki anası onların sağ olduğundan bir xəbər bilmək, əgər sağ deyillərsə, ciyərparalarına qovuşmaq üçün çoxdan ölməyə hazır idi. Bunu dilinə gətirəndə qızları, nəvələri onu qınasalar da, özü ilə bacara bilmirdi. Hər dəfə fikrindəkini dilinə gətirirdi.

 

Gülsüm nənənin bütün sinəsini gərən, kəsik-kəsik aldığı nəfəsini boğazına tıxıyan xırıltısı demək istədiklərini eşidilməz etmişdi. Qızı qulağını anasının ağzına dayamışdı ki, güclə eşidilən səs tamam kəsilənə qədər heç olmasa, nəsə bir şey ayırd edə bilsin. Rabitəsiz söz yığınına bənzəyən bu səslər boğazının lap dərinliyində ilişib qalır, təkrar gərilmələrdən, çırpıntılardan sonra güclə eşidilirdi. Nəhayət, gözlərini aça bildi. Elə bil ətrafında baş verənləri, hansı vəziyyətdə olduğunu anlayan kimi oldu. Sinəsi sonuncu dəfə qabardı, boğazının lap dərinliklərində ilişib qalmış bir kəlmə söz fışıltı ilə bayıra çıxdı. Bütün gücünü verdiyi üçün bu bir kəlməni eşitmək mümkün oldu: "Muştuluq".

Bu sözü deyəndən sonra gərilmiş yaya dönmüş sinəsi təbii halına qayıtdı, bayaqkı qabarmadan əsər-əlamət qalmamışdı. Qolları cansız bir şey kimi yanına düşmüşdü. Baxışları isə bayaqdan dikilib qaldığı məchul bir nöqtədə donmuşdu. 

Deyəsən, nə baş verdiyi aydın idi. Artıq son nəfəsini almış Gülsüm nənə bu dünya ilə vidalaşmışdı. Çaşqın vəziyyətdə, gözlərini anasının saralmaqda olan sifətindən bir xeyli ayıra bilməyən qızı dodağının altında onun son kəlməsini pıçıldadı. "Muştuluq?"

Artıq vəziyyətdən xəbərdar olub yanını kəsdirmiş başqa doğmaları da bu qəribə sözdən heç nə anlamadılar. Onlar da canını tapşırmış Gülsüm nənəyə baxıb eyni vaxtda "az, nə muştuluq?!", dedilər. Ancaq kimi və nə üçün muştuluqlamaq lazım olduğu isə heç birinin ağlına gəlmədi.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!