NYU - Orxan FİKRƏTOĞLU

Dekoru butalı çayxana, İçərişəhərin Murad qapısının qarşısında yerləşirdi. Şişpapaq bəyə oxşar görkəmi qala divarlarının dibinə kölgə kimi düşmüşdü. Deyirdin, çayxananın kölgəsi indicə şəkillənib aram-aram üzüyuxarı, buludlara tərəf qalxacaq.

Vədələşdiyim görüşə tez gəlmişdim.

Hava hələ tam qaralmamışdı. Çayxanada adam az idi. Bir-iki çinli öskürə-öskürə qəlyandan çox, əzab çəkirdi. Onların ciyərlərindən çıxan qıyıq tüstü bir əlçim bulud kimi başımın üstündə burum-burum halqalanırdı. Hərdənbir ağ tüstü qoca kişi kimi xırıltıyla öskürüb, burnunu çəkirdi. 

Qarşımda başısarıqlı, kök ərəb oturmuşdu. Animasiya filmlərinin qəhrəmanı kimi "pafosluydu". Ağ əbalı, daralı bığlı, saçları yağlı ərəb nədənsə ətrafa bədən diliylə "mən erkəyəm" deyə bağırırdı. Çox güman ki, ərəb indicə tanış olduğu qızla pozuq ingilis dilində "erkək" mövzusunda mübahisə edirdi. Qız gözəl bədənli, sapsağlam kənd qızıydı. Nədənsə ucuz makiyajla şəhərlənmişdi. Əlində soluxmuş dırnaqlarının rənginə çalan qızılgül tutmuşdu. Ərəblə mübahisə edə-edə gülü qoxulayırdı. Qızın gözlərində bədəninə uyuşmayan ilıq uşaq təbəssümü vardı. Yanaqları da allanmışdı. Titrək səsindən, ərəbin əsəbi əl hərəkətlərindən və aramsız danışığının sinirindən söhbətin nədən getdiyini uzaqdan belə təxmin etmək olurdu. Ərəb qızın ondan tələb etdiyi pulu, çox güman ki, vermək istəmirdi. Qız isə sözünün üstündə möhkəm durmuşdu. Fikrini ərəbə sərbəst izah edirdi və qərarında qətiydi. Hiss olunurdu ki, belə işlərdə artıq təcrübəsi var. 

Hardansa eşitmişdim ki, ən qədim peşə sahibləri "qadın aşiqi" turistlərlə görüşə tək gəlmirlər. Onların yanında mütləq bir kişi də olur. Nədənsə bu dəfə qız tək idi. Bununla belə geyimindən bir o qədər də varlı olmadığı sezilən, uzaqbaşı ölkəsində kiçik əsnaf dükanı olan başısarıqlı ərəblə əməlli-başlı "alver" edirdi. 

 

Çayxanada Almaniyadan gəlmiş rejissorla görüşməliydim. Onu bilərəkdən araxçınlı, butalı, folk-çayxanaya dəvət etmişdim. Onlar nədənsə bizim nağıl süstlü yerlərimizi, insanımızın real dərdi olan yalxı məkanlarından daha çox görmək istəyirlər.

Nəhayət ki, ərəb qızın təklifi ilə razılaşdı. Onlar birlikdə ayağa qalxıb yeyin addımlarla qarşıdakı otelə doğru getdilər. Qız tələsdiyindən əlindəki qızılgülü masanın üstündə unutdu. Ərəbdən sonra masanın üstünü silən ofisiant şüşə qəfədanı, armudu stəkanları, mürəbbə qabını siniyə düzdükdən sonra uca səslə çayxananın müdirini səslədi. Müdir giriş qapısının ağzına könhə palaz kimi atılmışdı. Kök, bəstəboy, tozlu kişiydi. Böyük pul kimiydi. İstədiyin zaman sənin üçün qəpiyinə qədər xırdalanardı. Bu dəfə də bədəninə uyuşmayan cəldliklə səsə doğru axdı. Ofisiant əlində tutduğu qızılgülü müdirinə göstərib pıçıltı ilə qulağına nəsə dedi. Deyilmiş sözə hər ikisi ucadan güldülər. 

Elə bu vaxt qonağım araxçınlı çayxananın gün əritmiş qapılarında göründü. Çayxananın havası, çox keçməmiş onu da bizdən biri etdi. Qonağın rəngi də elə bil Abşeronlaşdı, sarı əncir tonunda oldu. Gözləri daha axıcı və daha suallı oldu. Bir saatın içində alman nağıllaşdı. 

Onunla ay göydə yatana qədər, ədəbiyyatdan, kinodan danışdıq. Ssenarimi çox bəyəndi və sonda anlaşdıq. Alman qonaq yazdığım mətndən film çəkəcəyinə söz verdi. Amma bir şərtlə, mən dialoqları onun üçün yenidən nağıl dilində yazmalıydım. Süjet də ancaq "folk" olmalıydı, reallıqdan uzaq bir şey... 

Ayağa qalxanda ərəblə "bazarlıq" edən qızın təngnəfəs çayxanaya qayıtdığını gördüm. O, uca səslə ofisiantdan gülünü tələb edirdi. 

Ofisiant qıza əlləri kimi kobud cavab verdi. Sonda qızı pis söyüşlərlə söyüb çayxanadan qovmaq istəyəndə dözmədim. Ofisianta qızın gülü masanın üstündə unutduğunu öz gözlərimlə gördüyümü söylədim. Ancaq bundan sonra ofisiant qızın gülünü gətirməkdən ötrü müdirin otağına doğru getdi. 

Qız ilə birlikdə dayanıb gülün qayıtmasını gözləyirdik. O, hərdən-hərdən gözlərindən-gözlərimə utana-utana kiçik ehtiras oxcuqları atırdı. Onun ehtiraslı baxışları eyni zamanda o qədər saf idi ki, ilk baxışdan ciddi çağırışlar belə mənə əyləncəli görünürdü. Qız satdığı sevgisinin əvəzi olaraq ərəbdən aldığı pulu unudub, sevdiyindən hədiyyə gözləyən gəlin kimi "öz gülünü" gözləyirdi. Və ona bu işdə yardım etdiyim üçün mənə ürəkdən minnətdar idi.

Bəlkə də ona ilk dəfəydi gül bağışlamışdılar.

Bəlkə gülləri uşaqlıqdan sevirdi, bilmirəm. Hər nədirsə, gül onun üçün çox əhəmiyyətliydi. 

Nəhayət, ofisiant qızın qızılgülünü gətirdi. Sellofanı əzilsə də, gül təzə-tər idi.

Qız gülü ofisiantın əlindən alıb, sevinə-sevinə İçərişəhərin qaranlığında şam kimi əridi. Üzündəki sevincin işığı qaranlıq küçələri bir müddət özündən sonra da fanar kimi işıqlandırdı.

Çayxanadan çıxanda alman dostum məndən qızın kim olduğunu soruşdu. Mən Xəzri kimi dənizə əsmiş qızın arxasınca baxıb: - "O, qıza bu gün ilk dəfə sevgi etirafı ediblərmiş!" - pıçıldadım. 

Alman: - "Bu cür sevdalı qızları qoruyun. Onlar sizin üçün yeni "insan nəsli" doğacaqlar!" - dedi.

Alman qonağın bu səhv qənaətindən duyğulanıb başımı aşağı saldım. 

Hər ikimiz otelə qədər susduq. 

Ondan ayrılanda isə qərara gəldim ki, almanla birgə film çəkməyim. Çünki o mənim dərdimi nədənsə nağıl kimi görmək istəyir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!