Hekayə
Onun yetmiş beş yaşı olsa da, qıvraq, canısulu görünürdü - heç kəs ona altmış beşdən yuxarı verməzdi. Gur, uzun, ağappaq saçlarının fonunda qırxılmış sifətinin şirinliyi onu çox adamdan, xüsusilə, həmyaşıdlarından xeyli fərqləndirir, cəlbedici göstərirdi, yeriyəndə də oxlov udmuş adamlar kimi dik yeriyir, ətrafında heç nə onun diqqətindən yayınmırdı; ətrafı da, istəsəydi belə, onu görməməzliyə vura bilməzdi, çünki gözəgəlimli idi.
Yanında dayandığı "Milliön" aparatını əli ilə göstərib dedi:
- Mənə kömək eliyərsiniz, pul göndərməliyəm.
- İzvinite ua toroplösğ... - Rus qadını tələsik keçib getdi, beş-on addım uzaqlaşandan sonra geri çönüb, üzrxahlıq baxışlarını ani olaraq ona zilləyib gülümsədi də. Kişi də az aşın duzu deyildi, rus qadınının bu hərəkətini elə olduğu kimi də qəbul edib məmnun göründü.
Bu dəfə də üzünü iyirmi-iyirmi iki yaşlı, tələbə görkəmli oğlana tutdu:
- Ay bala, mənə kömək eliyərsən, pul...
Tələbə görkəmli oğlan onun sözünü ağzında kəsdi:
- Mən bacarmıram...
- Nə?
- Dedim ki, mən bacarmıram, - əli ilə aparata işarə elədi.
Kişi inanmadı:
- Bacarmırsan? - soruşdu.
- Yox, bacarmıram.
- Yalançının imanına qorxaq tula bağlayım, kişi acı-acı güldü, - kömək eləmək istəmirsən, - başını buladı.
- Yaxşı eləyirəm, - oğlan tələsik uzaqlaşdı.
"Tutub verən olsaydı, nə çırpardım, səni..." - kişi onun arxasınca fikirləşdi.
- Pul göndərmək istəyirsən? - Özü də, səsi də yorğun, nahamvar bir kişi onun aparata əlini sürtdüyünü görüb istehza ilə soruşdu.
Kişi bu istehzavari adamın sözlərindəki istehzanın kökünü, səbəbini anlamasa da, cavab verdi:
- Hə... kömək eliyərsən? - həm də soruşdu.
- Niyə eləmirəm ki... Nə məsələdi? - Adam çox diqqət göstərdi və bu, bayaqkı istehzanı sildi.
- Ay rəhmətliyin oğlu, - onlar yaşıd olardılar, - aparatnan pul göndərmək istəyirəm dayna, irəli dur, kömək elə...
- Həəəə... Heylə?
- Heylə də... bəs, bayaqdan nə deyirəm... - Kişi adamın üzünə baxdı.
- Hə... başa düşdüm, - diqqətlə ətrafını nəzərdən keçirib, - bəri bax, çox pul göndərirsən? - soruşdu.
- Çox... - Kişinin hövsələsinin ərazisi Azərbaycan ərazisi kimi get-gedə daralırdı - qırx dörd günlük müharibəyə qədər olduğu kimi...
- Çox deyəndə ki, nə qədər? - Adam Kişidən yenə soruşdu.
- Üç yüz manat...
- Yoox... mən əlli manatdan yuxarı göndərməyi öyrənməmişəm... ancaq əlli göndərə bilirəm, qonşum var, o deyir ki, öyrədəcəm, lap min manat da göndərə bilərsən.
Kişi başa düşdü ki, həmyaş olduğu bu adam onunla məzələnir, əlini cibinə atıb əlli manat çıxartdı:
- Neynək... gəl, əlli göndər, - bir az da elə hərəkətə gəldi ki, elə bil onun üstünə gedirdi. Qarşısındakı da bir neçə addım arxaya çəkildi və birdən yaş odun satmış adam kimi nə təhər götürüldüsə... kişi heç vaxt ona çata bilməzdi, ancaq fikirləşə bilərdi, fikirləşdi də: "Ağıl deyən şey yoxdu də... Ağlı olmasa da, ancaq mənnən xeyli məzələndi ha... gərək düzünü deyəsən... Zayıl oğlu zayıl..." Bir şey də bilinmədi ki, axırıncı üç kəlməni onunla məzələnən adama deyirdi, yoxsa özünə... deyəsən, yarıbayarı - əlli əlliyə...
İstədi qarşı tərəfdəki parka keçib bir az gəzsin, sonra qayıtsın. Ancaq onun yanından səs-küylə, ağır-ağır keçib gedən orta məktəb uşaqlarının davranışı kişini ilişdirdi: "bunlar niyə qışqıra-qışqıra danışırlar... özü də hamısı birdən danışır eee... qulaq asan yoxdu..." Uşaqların səs-küyü uzaqlaşıb qulaqdan itənə qədər gözünü onlardan çəkmədi.
Xahiş elədiyi adamları yadına saldı - rus qadın, tələbəyə oxşayan oğlan, bir də onunla açıq-aşkar məzələnən o "zayıl oğlu zayıl". Onları müqayisə elədi, üstünlüyü rus qadına verdi - yaxşı adam idi. Tələbəyə oxşayan oğlan haqqında da qəti qərarını verdi: "beləsini basasan əsgərliyə, Qarabağa, özü də elə eliyəsən ki, Murovun təpəsinə düşə... bəlkə ondan sonra ağlı başına gələ"
"Zayıl oğlu zayıl"a da biganə qalmadı: "Yəqin o da cavanlıqda bu tələbəyə oxşayan oğlan kimi bir şey olub. Tələbəyə oxşayan oğlan böyüyüb zayıl-zayıl zayılın yaşına çatanda yəqin ki, elə onun tayı olacaq... bunun çırta-pırtı yoxdu".
Birdən-birə kişiyə o qədər ağır və təəccüblü gəldi ki, üç nəfərdən biri də ona kömək eləmədi. Hətta üç nəfərin içində yaxşı hesab elədiyi rus qadından da "incidi": "İzvinite ya taraplyus... noolar, taraplyus eliyəndə... üç dəqiqəlik işdi də..." Sonra özü istəməsə də, rus qadına haqq qazandırdı: "Yox, yaxşı arvada oxşayırdı... tələsiyir də... bəlkə elə işi var ki, heç deməli deyil... heç özününkülər səni adam yerinə qoymadılar, Allahın urusunnan nə gözləyirsən?!."
Kişi özünü elə aparırdı ki, guya bu boyda şəhərdə o üç nəfərdən başqa adam yox idi. Əslində isə ona yer eləyən bu idi ki, adamlar niyə birtəhər olub - "bizim vaxtımızda belə şeylər yox idi..." Bir az keçəndən sonra isə öz əleyhinə getdi: "Bizim vaxtımızda belə şeylər yox idi... Bəs, indi kimin vaxtıdı? İndi də sizin vaxtınızdı də... bizim vaxtımızda..." - istehza ilə fikirləşdi.
Sanki kişinin də tərsliyi tutmuşdu, deyəsən, ürəyindən keçirdi ki, imanım Allah amanatı, o üç nəfərdən biri buralarda görüksə, yenə onlardan xahiş eləsin - ən çox da, rus qadına ümid bağlayırdı.
Kişinin bu barədə fikirləşdiyi müddətdə onun və avtomatın yan-yörəsindən o tərəf-bu tərəfə nə qədər adam keçsə də, heç kəsə yaxınlaşmadı, heç nə demədi: "Atalar üçdən deyib... mən də üçündən xahiş eləmişəm... atalar dörddən deməyib ki..." Kişi öz-özünü ilişdirmişdi ee, əslində burda çətin bir şey yox idi.
Kişi bir az da dərinə getdi və deyəsən, "çıxış yolu"nu tapdı: "Nə atalar üçdən deyib eee... O qabaqkı atalar idi, üçdən deyən... indiki atalar dörddən deyirlər - lap bir azdan atalar beşdən deyəcək, get-gedə çoxalacaq, çünki ataların dediyi kar eləmir, onlar da məcbur olub... hə..."
Başını qaldırıb əks tərəfə baxanda gördü ki, təxminən, qırx yaşında gözəl bir qadın gəlir. Kişi gözünü qadından çəkə bilmirdi - qadın gəlmirdi ee, qu quşu kimi ona tərəf üzürdü. Kişi, o qu quşundan başqa heç kəsi görmürdü. "O üç nəfər eləməyəndən sonra bu heç eləməz, demə, sözün yerə düşməsin. Yox, yox.. o heç sənə fikir də verməz... naz-qəmzəsini görmürsən... elə bil ki, ərini bu yaxınlarda nazir qoyacaqlar... ya da ki, qoyublar... bir-iki aydı işləyir... əgər böyrümdən keçəndə mənə baxsa, deyəcəm, baxmasa, deməli, məsləhət deyil, çox zınqırovludu ey..."
Qu quşu yaxınlaşdıqca onun gözəlliyinə qarışmış şirinliyi, ədaları özünün özünə elədiyi naz-qəmzəsi kişini daha yaxından sıxırdı. Burdan keçib gedənlərin Qu quşuna ayaq saxlayıb necə baxdıqlarını, baxdıqlarını yox, bu baxmaq deyildi, tamaşa elədiklərini görmürdü. Qadın gözəlliyinin zəhmi çox ağır olur - torpaqdan da ağır və hər kişi onun altında tab gətirə bilməzdi. Qu quşuna oxşayan bu gözəlin naz-qəmzəsinin altında qalmaq, fəlakət zamanı dağıntılar altında qalmaq kimi bir şeydi...
Adamın adama sataşdığı bir başqa şeydi, gözün gözə sataşmağı başqa bir aləmdi. Qu quşu "üzə-üzə" kişinin bərabərinə çatanda, ani olaraq gözü sataşan kimi kişi əli ilə "Milliön" aparatını göstərib soruşdu:
- Gözəl xanım, mənə kömək eliyərsiniz?
Qu quşu saatına baxdı, elə bil bunların hamısı bir inkubatorda dünyaya gəliblər. Ancaq rus qadını kimi demədi ki, bağışlayın, tələsirəm - başqa şey dedi:
- Verin, kömək eliyim də...
Kişi bu gözlənilməz razılığa qətiyyən hazır olmadığına görə çaşdı və tez də, özünə qayıtdı, hətta iki daşın arasından vaxt tapıb hər kəsin özünə layiq payın da artıqlamasilə verdi: "Sənin azarın tökülsün onların ürəyinə... lap elə o rus arvadının da..." Onların üçünü də "yerbəyer" eləyib qəribə bir rahatlığa qovuşhaqovuşda Qu quşunun dodaqlarının arasından üç-dörd kəlmə bal süzüldü:
- Zəhmət olmasa, bir az tez olun.
Kişinin bütün varlığı tələsdi:
- Hə... hə... alın... üç yüz manatdı... - Ürəyində özünün abırını aldı ki, ay rəhmətliyin oğlu, bunu bayaqdan əlində hazır tutmağa can çəkirsən, hə?
- Hansı bankdı? - Qu quşu onun üzünə baxmadan soruşdu və Qu quşunun onun üzünə baxmamağı elə bil ki, bir az onun xətrinə dəydi.
- Kapital bankdı... bu da kartının nömrəsidi, - dörd yerə bükülmüş qalın kağızın qatını açıb ona uzatdı.
Qadın yenə onun üzünə baxmadan soruşdu:
- Bu pulun təyinatı nədi?
- Nə təyinat? - Kişi təəccübləndi.
- Təyinat də... yəni ki, bu nə puludu? Maddi yardımdı? Yoxsa dostuna göndərirsən?.. - yenə kişinin üzünə baxmadı, yenə kişi ondan inciyən kimi oldu.
- Yoox, ay bala, nə maddi yardım, nə...
Qadın saatına baxıb onun sözünü kəsdi:
- Bəs onda nə puludu? - Qadının hövsələsi bir tikə olmuşdu.
- Aliment...
- Nə?!.
- Aliment... aliment...
Qadın elə bil ki, bayaqdan sanki xala xətrin qalmasın, arxasını kişiyə çevirib onunla danışırdı, bu sözü eşidəndən sonra yüz səksən dərəcə çöndü, onun üzünə baxıb təəccüblə dilinə gətirdi:
- Aliment?!
- Aliment.
Qadının üz-gözündən mehribanlıq, qayğıkeşlik şırıltı ilə tökülürdü; imanım Allah amanı, bəlkə də kişinin könlündən keçdi ki, ovcunu bu şırıltının altına tutub doldursun, üzünə çırpsın - üzünü yusun. Kişi Qu quşunun - üz-gözündən zəhm tökülən bu gözəl qadının onun gözlərinin qabağında, belə sürətlə dəyişməyini heç cür anlaya bilmədi. Üstəlik, Qu quşu onun üzünə elə baxırdı ki... "Bu yaşda kişi aliment verirsə... indi gör bunun canında nələr var ee... ay daaa... Kişi belə olar ee... off..." İmanım Allah amanatı, Allah bilir, Qu quşunun ürəyindən nələr keçdi...
- Aliment göndərmək üçün şəxsiyyət vəsiqəsi də lazımdır. - Qu quşu kişinin gözünün içinə elə baxdı ki, canında donmuş qocalıq əvvəlcə isindi, sonra da əriməyə başladı və bu ərinti onun bütün varlığına hopdu.
Qu quşu şəxsiyyət vəsiqəsini ondan alanda bilərəkdən kişinin əlinə də toxundu. İmanım Allah amanatı, deyəsən, Qu quşunun ürəyindən keçdi ki, kaş bu pulgöndərmə prosesi bir az da uzanardı... məsələn, "Milliön" aparatı elə bu dəqiqə xarab olaydı, yaxud göndərdikləri pulun çekini verməyəydi... Bunlar öz yerində... Bayaqdan bəri üzünə belə baxmadığı bu kişi, indi onun gözlərinə tamam başqa cür görünürdü; bilirsiniz, necə: bu vaxta qədər hələ heç kəs bu qadının gözünə elə görünməmişdi, bax, elə...
Pul əməliyyatı başa çatan kimi Qu quşu kişiyə dedi:
- Mənə görə başqa qulluğunuz var? - Qadın elə soruşdu ki, kişi yüz faiz inandı, əmin oldu ki, bu saat nə desə, başa gələr.
Başı ilə üç addımlığındakı parka işarə eləyib dedi:
- Mənnən parkda gəzərsən?..
- Parkda?
- Hə... parkda... havamızı dəyişək. - Kişini gülmək də tutdu ki, durduqları yerlə parkın arası üç-dörd addım olardı - hansı hava dəyişməkdən söhbət gedə bilərdi - axı, hava dəyişmək üçün yeri dəyişmək lazımdır. "Lap sarsaq təklif elədim..." Onu bu vəziyyətdən Qu quşu dil atıb çıxartdı:
- Mən başqa təklif eliyərdim... - bayaqdan bəri o, ilk dəfə gülüşünə şirin bir biclik də qatdı.
- Nə təklif?..
- Bax... mən o binada yaşayıram... İstəyirsiniz, qalxaq bizə... çaydan-zaddan içək... Söhbət eliyək... Dünyanın orasından-burasından danışaq...
- Bəs ərin yoxdu? - Kişi qəfil soruşdu, elə o anda da sualını yersiz hesab elədi, ancaq söz ağzından çıxmışdı.
- Var... niyə yoxdu?!.
- Bəs, birdən gəlsə...
- İstəsə də, bu gün gəlib çıxa bilməz, - Qu quşu elə bil kişi ilə yox, güzgü ilə üzbəüz dayanmışdı - işvələndi.
- Niyə bu gün gəlib çıxa bilməz ki?
- Xaricdədi, xaricdə, - sonra da bic-bic gülümsədi, - o gəlib çıxana qədər biz beş-altı dəfə söhbət eləyib qurtara bilərik... beş-altı dəfə...
- Həəəə?
- Hə, - Qu quşu dedi, hətta dayana bilməyib kişinin burnunu yüngülvari çırtmaladı da... o da heç etiraz eləmədi.
- Yaxşı qalmısınız ha, maşallah, - Qu quşu kişiyə başdan-ayağa nəzər salıb onu təriflədi.
- Maşallah gününüz olsun, - Kişi razılıq elədi.
Qu quşunun evinə tərəf getdilər. Qadın kişinin kürəyinə əlini üç dəfə yüngülvari şappıldatdı da. Bu həm də ona üç dəfə "əhsən" demək kimi bir şey idi - qabaqcadan... axtarsan, içində minnətdarlıq da tapmaq olardı...
Qu quşu kişidən soruşdu:
- Uşağın neçə yaşı var?
- Hansı uşağın?
- Ən balacanın... sonbeşiyin.
Kişi fikirləşmədən cavab verdi:
- Qırx yaşı...
- Nə???
- Qırx yaşı... - Kişi başa düşmədi ki, qadın niyə belə həyəcanlandı, təəccübləndi.
- Bəs aliment?
- Alimenti nəvəmə göndərirəm də. Bu yaşda mən aliment verənəm? - Qu quşunun üzünə baxdı, onu tanımadı - qadının üzü bayaqkı kimi yüz səksən dərəcə geri dönüb əvvəlki görkəmini aldı.
- Bir dəyqə - bir dəyqə, - əl çantasından telefonunu çıxarıb düyməsini basdı, - eşidirəm həyatım, hə... hə... hə... çatırsan... lap yaxşı...
Qadın çaşqın vəziyyətdən bir balaca çıxıb kişiyə dedi:
- Bağışlayın... ərimdi... xaricdən təcili geri çağırıblar, beş-altı dəyqəyə çatır... mən qaçdım.
Qu quşu doğrudan da qaçdı... yox... uçdu...
Şabran. Oktyabr-2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!