"Gecənin gözlərində ayrılıq yağmuru var..." - Rəfail Tağızadənin şeirləri

Mənim Qala şəhərim

 

Ucada məğrur dayanan, 

Günəş şəfəqinə oyanan,

sevilməkçün yaranan,

sevgiyə boyanan şəhərim,

səhəri doğan şəhərim.

 

Bir üzü Cıdır düzü,

bir üz İsa bulağı,

səsi muğam sədalı,

baxışları ədalı, 

mənim Qala şəhərim,

mənim qoca şəhərim.

 

Tarixi qalın-qalın 

kitab şəhərim,

mənim kübar şəhərim. 

Özüylə öyünən şəhərim,

qucağı qonaqla

döyünən şəhərim.

 

Hər daşı bir ləl çəkisi,

qayasında igidlərin qan ləkəsi.

Son addımla danışar

lal səkisi.

Gah susan, 

gah alışan şəhərim,

halıyla barışan şəhərim.

 

Gecəsi Ayla danışan,

gündüzü sözlə yarışan,

havası anbaan qarışan, 

mənim səma şəhərim,

mənim Şuşa şəhərim.

 

20.07.2024

 

Sabahı gözəl Şuşam 

 

Sükutlu gecəsi danışan,

mehriban baxışla barışan,

keçmişi sabahla yarışan,

səsi uzaq səslərə qarışan

şəhərim.

 

Qayası barıt qoxulu,

evləri xatirə yuxulu,

səması ağ buludlu,

darıxan şəhərim.

 

Özü, 

ətrafı göz oxşayan,

əllər Xarı bülbül ovlayan,

məscidi qoşa boylanan,

adı igidlər hoylayan

qəhrəman şəhərim.

Küçəsi dolanbadolan,

gözü Ağdamda olan,

yarı işıq, yarı qaranlıq 

papaq şəhərim,

varlığı yaşadan şəhərim.

 

Arzuları qoşa-qoşa,

dünən Şuşa, 

bu gün Şuşa,

sabahı 

yenə gözəl Şuşa!

Qonaqlı-qaralı

dolan-boşalan şəhərim.

 

18.07.2022

 

İçərişəhər

 

Pəncərədə

yoxluqların göz sirləri,

divarında

keçmişlərin əl izləri,

döşəmə daşında 

addımların kal səsləri,

İçərişəhər.

 

Dalanları əsrə dönən,

hər daşı söz-söz dinən,

yaşananı tale bilən,

olanları sinəsinə yazan, silən,

İçərişəhər.

 

Sən ruhların oyaq yeri,

tarixlərin soraq yeri,

sən Bakının dayaq yeri,

İçərişəhər.

 

Qız qalası çıraq tutur Xəzərinə,

Qonaqların heyran qalır əsərinə,

görənlərin çevrilirlər əsirinə,

İçərişəhər.

 

Qala şəhər, şəhər qala,

divarların olanları salar yada,

ovdanların bu qalada sulu ada.

Sən Bakının tarixisən,

əsrlərin bizə qalan səhnəsisən.

Sən Bakının əbədiyyət məskənisən,

İçərişəhər.

 

11.06.2024

 

İçərişəhər eyvanı

 

Naxışı naxış yerində,

Baxışı baxış yerində, 

Duruşu çağrış yerində,

İçərişəhər eyvanı.

 

Baxışdan dil anlayan, 

Zamanı illə oylayan, 

Küçədən qonaq ovlayan,

İçərişəhər eyvanı.

 

Evlərin görünən üzü, 

Gecələrin görən gözü,

Baxışların cavab sözü,

İçərişəhər eyvanı.

 

Həm gəlindi, həm də qarı,

Hərəsi bir cür ədalı,

Susmağı özgə sədalı,

İçərişəhər eyvanı.

 

Küçələrə keşik çəkən,

Gələnlərə yol göstərən,

Baxana özün istədən,

İçərişəhər eyvanı.

 

Bizə tarixdən boylanan,

Olanlara şahid olan,

Qucağı baxışla dolan,

İçərişəhər eyvanı.

 

11.06.2024

 

Şəhərim

 

Dünənim, sabahımsan,

Varımsan, olanımsan,

Mənimlə qalanımsan,

Hər daşı sirr şəhərim,

Tütyəm, pir şəhərim,

Sən mənim hürr şəhərim.

 

Dosta qucaq olanım,

Oğlu qoçaq olanım. 

Başı bəlalar çəkən,

Adı tarixdə keçən,

O çağ, bu çağ şəhərim. 

Mənim qədim şəhərim,

Mənim bəxtim şəhərim,

Mənim taxtım şəhərim.

 

Elin hər harayına 

Anında qarışansan,

Bir qıyqacı baxışa

Coşansan, alışansan,

Mənim mərdlər şəhərim,

Mənim əhdlər şəhərim,

Bir az da sərt şəhərim.

 

Sən xanlar İmarəti,

Dühalar səltənəti.

Qarabağın döyünən

Ürəyisən, səsisən,

Sən muğam nəfəslisən.

Mənim səda şəhərim,

Mənim əda şəhərim

Mənim Ağdam şəhərim.

 

29.11.2022

 

Ağdamım

 

Qurtum-qurtum içirəm

suyunu dərman kimi,

havanı hey uduram

havasız qurban kimi.

Gecənə bürünürəm

üşüyən körpən kimi,

sabahına boylanan

bir fidan pöhrən kimi.

Ayı nağıl danışan, 

gündüz Günəş nur saçan,

sükutlara alışan

bu nağıl şəhərimə

qərinədən qayıdan

yuxulu qonaq idim,

dünənimdən bu günə

dərd idim, qınaq idim,

illərə sınaq idim.

Uzun illərdən sonra 

bu gözəl şəhərimə

sevincli qonaq idim.

 

2020

 

Varşavada oteldə

 

Otel izdihamında

tənhalıq içindəyəm,

dili mənə hələ yad olan

bu şəhərdə

lal kimiyəm.

 

otelin pəncərəsindən boylanan baxışlarım

donacaq bu gecə,

 

yağan qar

addım izlərimi gizlədəcək.

 

Ujazdovsk parkında ağacdan asılan

yenicə isinmiş bir cüt toxunma əlcəyim,

gizlincə qar topu atacaq

ötüb gedən

şən polyak qızlarına.

Varşavaya qar yağır,

qar yağır ağacların

üşüyən budağına,

xəfif bir sükut çökür

qəribin yatağına.

 

Səsini içinə almış otaqda

çırpınır ürək,

darıxan qapımı döyür musiqili külək,

ovqatım dəyişir

könlümün səsində,

Şopenin həzin musiqisində.

 

10.12.2007 

Varşava

 

Qdanskda gecə

 

Qdansk...

bir küçəsində neçə əsr yaşayan şəhər,

sevincini mənimlə bölüşən məkan,

səninçün darıxacam yaman...

Neptunun heykəlinin ətrafındakı suya

qəpiklər atıram

bir daha qayıtmağa,

könlümü oyatmağa.

 

Küçədən keçən qonaqları çağıran

yantar satan dilavər qocanın səsi

oyadar məni röyalarımdan.

 

Katovni türməsindən

əsən soyuq külək

üşüdür məni,

otelə qayıdıram.

İşıqlı Dliqa küçəsini

addım-addım gəzən sərxoş xəyallarım

məni yatmağa qoymur,

bu gecədən,

bu küçədən 

könlüm doymur.

Yuxusuz gecəm başlar,

gecənin gözlərində

ayrılıq yağmuru var...

 

13.12.2007 

Polşa, Qdansk

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!