"Cənnət çiçəyi" - Firuz MUSTAFA

Roman-pritçadan parça

"Cənnət çiçəyi" romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir. Çoxqatlı və gərgin süjetə malik əsərin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı bir insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara bilməyərək "virtual aləmə" çəkilməyi qərara alır. Amma real həyatda olduğu kimi, öz fantaziya və təsəvvüründə yaratdığı dünyada da onu itkilər və faciələr gözləyib, təqib etməkdədir. 

 

İlk dəfə Cavad Əmirxanlı gözləmədiyi qonağı soyuq bir qış gecəsi özünün şəhərdəki mənzilində "qarşılamışdı". Yaxşı xatırlayır, həmin gün mətbəxdə çay-çörək hazırlayırdı. Arvadı xəstəxanada olduğu üçün o, özü-özünə qulluq etmək məcburiyyətində qalmışdı. Göydə Ay doğsa da, pəncərənin o üzünə qışın insan könlünə sirli bir qüssə gətirən tutqun rəngi çökmüşdü. Bayırda yüngül külək qalxmışdı. Təbiətın özü kimi qüssə notları üstündə köklənmiş Cavad Əmirxanlı fincana qəhvə süzdü, soyuducudan yağ-pendir çıxartdı. Elə bismillah eləyib tikəni təzəcə ağzına yaxınlaşdırmaq istəyirdi ki, eyvandan kiminsə asta səslə onu çağırdığını eşitdi: "Cavad bəy, Cavad bəy..." 

Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən səslədilər: "Cavad bəy..." Çaşıb qaldı. Səs həqiqətən eyvandan gəlirdi. Axı bu, kim ola bilərdi? Bəlkə qonşu mənzillərdən birinin sakinidir. Olsun ki, kiminsə pal-paltarı onların eyvanına düşüb. Yox, bu, qonşu məsələsinə oxşamırdı... Lap tutaq ki, doğrudan da eyvana paltar düşmüşdü. Hətta bu cür olan halda belə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb eyvana çıxmaq xülyasına düşməsi ağlabatan iş deyildi; məsələ həm də burasında idi ki, onun mənzili çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşdiyindən, eyvana yalnız binanın damına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-soyuqda kiminsə belə bir sevdaya düşməsi isə... Yox, çox güman ki, bu, ya qarabasma idi, ya da ola bilsin ki, onun qulağı səsə düşmüşdü.

Adının bir də çəkildiyini eşidəndə Cavad Əmirxanlının tikəsi əlindən düşdü. Ayağa durub çəkinə-çəkinə pəncərədən eyvana sarı boylandı. Gözünə bir ins-cins dəymədi. Geri qayıdıb yan-yörəsini, dördbiryanını gözdən keçirdi. Xoflandı. Bu, hansısa xəstəliyin ilk əlamətləri də ola bilərdi. Hansı xəstəliyin? Cavad Əmirxanlı uşaq-zad deyildi ki, bu cür halların hansı xəstəliklə nəticələnə biləcəyini hiss etməyəydi. 

- Cavad bəy...

O, əsəbi halda eyvana açılan qapının dəstəyindən yapışıb özünə sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə elə gəldi ki, açıq eyvanın ortasına qoyulmuş nəhəng dibçəyin içindəki boy-buxunlu, gümüşü gövdəli iri kol (əslində, bu bitki, koldan daha çox ağaca bənzəyirdi) indi, sanki nədənsə çəkinərək küncə sarı qısılmışdı. 

Bu ağacın toxumu bir neçə il əvvəl hansı yollasa uzaq qohumlarından birinin eyvanındakı dibçəyə düşübmüş. Həmin dibçəkdə böyüyən ləki həmin uzaq qohum Cavad Əmirxanlının ad günündə onların evinə gətirmişdi. Sonralar həmin qohumun başına hava gəlmiş, bədbəxt kişi şəhərdəki psixiatriya xəstəxanalarından birində keçinmişdi. Bu qəribə hədiyyə o vaxtdan bu eyvanda böyüyüb qol-budaq atmışdı. İri, gümüşü yarpaqlar ətrafa xoş bir ətir yayırdı. O yarpaqlara baxanda yayın isti havasında belə Cavad Əmirxanlını nədənsə daxili bir üşütmə tuturdu. O, qohumunun başına gələn müsibəti eşidəndə körpə bitkini eyvandan götürüb zibilliyə atmaq istəmişdi. Amma arvadı o zaman israrla ərinin istəyinin əksinə çıxmışdı: "Kiminsə başına hava gəlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtarmaq lazımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz yerində. Sən evdə olmayanda mən onunla dərdləşir, söhbətləşirəm". Son cümləni deyərkən qadının çox ciddi bir görkəm alması Cavad Əmirxanlını o vaxt bir qədər təəccübləndirmişdi də. Yay-payız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, soyuqlar düşəndə gözgörəti cana gəlirdi; qışda isə gümüşü yarpaqlar par-par yanan güzgüyə dönürdü. Cavad Əmirxanlı indiyəcən heç yerdə bu ağacın bənzərini görməmişdi.

Arvadı xəstəxanaya gedərkən ərinə bu bitkiyə qulluq etməyi, onu vaxtlı-vaxtında sulamağı tapşırmışdı. O, yalnız indi xatırladı ki, adını belə bilmədiyi, "gümüşü ağac" adlandırdığı bu qəribə bitkiyə son günlərdə heç düz-əməlli bir qulluq göstərə bilməyib... 

Mənzilin işığı eyvana düşmüşdü. Ağacın budağından asılmış və eləcə də bir neçəsi daş döşəməyə səpələnmış gümüşü-sarımtıl yarpaqları sazaqqarışıq yüngül külək astaca tərpədirdi.

Cavad Əmirxanlı eyməndi, eyvandan otağa dönmək istədi.

- Salam, Cavad bəy.

Cavad Əmirxanlı diksinsə də, özünü ələ aldı. 

O, qeyri-ixtiyari:  

- Salam, - deyə, dodaqaltı mızıldanıb çəkinə-çəkinə ətrafa göz gəzdirdi.  

Sanki dibçəyin arxasında nəsə tərpəndi. Onun bədənini soyuq-titrək ilğım dalayıb keçdi. Üşürgələndi. Çiyinlərini çəkdi.

O, diqqət edib gördü ki, ağacın gövdəsinə ilan kimi bir cüt qol dolanıb və bu qollar da elə o ağacın özü kimi gümüşü-bəyaz rəngdədir.

Cavad Əmirxanlının dizləri əsdi, qolları heydən düşdü.

Aman Allah, bu soyuq qış axşamında bu həngaməni, görəsən, kim idi onun başına açan? Məsələ burasında idi ki, qollarını ağaca dolayan adam cavanca bir qadındı! Heyrətdən ağzı açıla qalan Cavad Əmirxanlı az qaldı ki, qışqırıb qonşuları haraylasın. Bu nə həngamə idi onun başına gəlirdi?Amma özünü ələ alıb bu anlarda hər necə olur-olsun susmağı üstün tutdu. Hələ bu harası imiş? O, gözücü baxıb gördü ki, qız öz mərmər kimi ağappaq sinəsini bu gümüşü ağacın gövdəsinə söykəyib və onun buz sırsırası içində par-par yanan uzun hörükləri də arxasında gizləndiyi ağacın gövdəsi kimi bəmbəyazdır. Sanki Ayın bir parçası qopub göydən birbaşa eyvana düşmüşdü. Qız Həvva geyimində, yəni lüt-üryan idi, bu, bəlkə də belə deyildi, amma ona elə gəldi ki, qızın əynində heç alt paltarı da yoxdur və görünür, elə bu səbəbdən də Cavad Əmirxanlı qeyri-ixtiyari gözlərini yumdu. Axı o, heç ömründə öz halalca arvadının belə, çılpaq bədənini indiyəcən bir düz-əməlli görməmişdi, o ki olaydı kimliyi-nəçiliyi bilinməyən, haradansa zühur edib göyərçin kimi eyvana qonan təsadüfi bir qadının kol arxasından görünən "gümüşü" əndamı.  

O, nə edəcəyini, nə deyəcəyini belə kəsdirə bilmirdi. Elə bil kişinin dilinə-ağzına kilid vurulmuşdu.

Qayıdıb içəri keçməyə isə onun heyi qalmamışdı. 

- Cavad bəy...

- Eşidirəm... Nə lazımdır?

Öz səsi özünə də yad və soyuq gəldi. Elə bil qışın sazağı onun səsini də üşütmüşdü. 

Cavad Əmirxanlı gözlərini açıb istər-istəməz qıza ötəri nəzər saldı. İstədi elə-belə, etika xatirinə qızdan üşüyüb-üşümədiyini soruşsun. Amma tezcə sual vermək arzusundan daşındı; birdən bunun düşər-düşməzi ola bilərdi. 

Allah bilir, bu, nə oyundu belə?.. Bəlkə paraşütlə göydən atıblar bu zalım qızını bu eyvana... İndiki zəmanədə nə desən, ola bilər. Lap elə təyyarə göydə qəzaya düşə bilər, bu qız isə göydən yerə... Cavad Əmirxanlı bir yerə, bir də göyə baxdı. Göyün üzü tutqun idi. Ayın rəngi bozarmışdı. Yox, heç bu gözəlçə göydən tullanana oxşamırdı. Yaxınlıqda, eyvanın həndəvərində də paraşüt-filan gözə dəymirdi. Az sonra o, başına gələn bu sadəlövh düşüncəyə görə özü-özünü qınadı; bu, paraşüt-təyyarə məsələsi haradan gəlmişdi onun ağlına?

"Bəlkə kimsə mənimlə zarafat etmək fikrinə düşüb? Yox, bu zarafata da oxşamır. Bir də ki, gecənin bu vədəsi nə zarafatbazlıqdır?"

Üzbəüz dayandığı qıza diqqət yetirmək, onun kimliyini müəyyən etmək nədənsə indi kişiyə əlçatmaz bir iş kimi görünürdü. Əslində, bu anlarda onun heç belə bir arzusu da yox idi. Cavad Əmirxanlı sadəcə olaraq, bütün bu baş verənləri özlüyündə götür-qoy edib vəziyyətdən necə çıxmaq barədə qəti bir qərar vermək istəyində idi. Bəlkə təcili polisə zəng etsin? Bəlkə "təcili yardım"a zəng etmək daha doğru olardı? "Təcili yardım"a nə üçün? Ona görə ki, bizim ikimizdən biri xəstədir? Yox, bu xəstəlik məsələsinə də oxşamır". Amma gümanı çox yerə getsə də, hansısa bir hiss onu daxilən buxovlayır, artıq-əskik hərəkətlərə yol verməməyə, təmkinli olmağa təhrik edirdi. 

- Qorxma, Cavad bəy... Mən adamyeyən-zad deyiləm. Mən də sənin kimi adicə birisiyəm.

"Hmm... Adamyeyən deyil, adicə birisidir. Amma gecənin gird yarısı hoppanıb başqasının eyvanına düşüb..." 

- Həyəcanlanmaq da lazım deyil, Cavad bəy...

Bu sözləri də qız dedi.

Cavad Əmirxanlı azacıq da olsa toxtadı.

"Həyəcanlanmaq lazım deyil... Üstəlik, mənə ürək-dirək də verir. Gəl indi sən bunun həngaməsindən baş çıxart. Bəs görəsən, adımı haradan bilir bu əcinnə?"

Nədənsə ona elə gəldi ki, qız onunla yad, əcnəbi bir dildə danışır, amma ən qəribəsi bu idi ki, o, qızın özgə dildə dediklərini aydın başa düşürdü. Deyəsən, elə qız da onun dediklərini olduğu kimi anlayırdı.

- Sən... Soruşmaq ayıb olmasın, siz burada nə axtarırsınız?

Qız onun sözlərinə, yəqin ki, həm də mənasız sözlərinə, yumşaq-yumşaq gülməklə cavab verdi və sonra bir qədər duruxub:

- Mən heç nə axtarmıram, - dedi və əlavə etdi: - Mən sənin yanına gəlmişəm. Deyəsən, qonaq gözləmirdin, hə, Cavad bəy?

- Doğrusu, bu, mənim üçün gözlənilməzdir bir az...

"Hələ bunun atası, babası yaşda bir adama "sən" deyə müraciət etməsinə bax. "...Sənin yanına gəlmişəm..." Mən buna nə deyim indi? Deyim ki, xoş gəlmisən? Axı xoş gəlməyib, necə deyim..."

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!