Günahların arındığı gecə... - Zemfira Məhərrəmlinin yeni hekayəsi

Neçə il idi ki, doğma kəndini görməmişdi. Qaraş hər daşından, kəsəyindən uşaqlığının, erkən gəncliyinin acılı-şirinli, daha çox küskün xatirələri boylanan yurd yerinə axşamçağı, qaş qaralanda gəlib çatmışdı. Kənddə çox şey dəyişmişdi: kərpicdən tikilmiş dükanı indi dəbdəbəli "Supermarket" əvəz edirdi. Ətrafdakı boş yerlər hasarlanmış, həyətlərdə damları kirəmitli, ikimərtəbəli evlər ucaldılmışdı. Asfalt yolun kənarında sıra ilə əkilmiş cavan çinarlar bayaqdan güclənmiş yağışın səsinə öz həzin pıçıltısını qatan şaxlı-budaqlı ağaclar olmuşdu.
 
Həsənlə dalaşdığı, onu bıçaqladığı gün düşdü yadına. Elə burda, köhnə dükanın yanında vurmuşdu onu - bacısı Əsmərə görə. Əsmər isə Qaraş tutulandan sonra Həsənə qoşulub qaçmışdı. Bu xəbəri eşidəndə Qaraş bərk sarsılmış, özünə söz vermişdi ki, "burdan çıxım, onların ikisini də öldürüb yenə türməyə qayıdacam." Bu, Qaraşın qəti fikri idi və o, beynində bu qara fikirlə təskinlik tapırdı. 
Qaraş yatsaydı, yuxusuna da gəlməzdi ki, o, adam bıçaqlayar. Düzdü, yumruq davasına düşmüşdü, döymüşdü də, döyülmüşdü də. Amma adam bıçaqlamaq... Yox, bu, Qaraşın işi deyildi. O, Həsənə xəbər göndərmişdi ki, bacısının adını çəkməsin. Əsmər onun tayı deyil, gedib axtarsın, tayını tapsın. Həsən Qaraşın bu "nota"sını qulaqardına vurmuşdu. Sözarası demişdi ki, "qoy Qaraş sevinsin ki, Həsən kimi yeznəsi olacaq." "Heç eybi yox, mən sənə göstərərəm sevinmək necə olur",  deyə Qaraş o gündən Həsənlə danışmağa fürsət axtarırdı. Qaraş bunu heç gizlətmirdi də. Onun bu niyyətini kənddə uşaqdan-böyüyə, hamı bilirdi. Və bu fürsət elə bir gündə, elə bir vaxtda yarandı ki, onun dava eləməyə nə həvəsi vardı, nə də taqəti. O, iş gününü təzəcə başa vurmuşdu, yorğun idi. Sürdüyü yük maşınını dükandan bir az aralıda saxlayıb siqaret çəkir, ucadan danışan tay-tuşlarına qulaq asırdı. Birdən qarşı tərəfdən Həsənin səsi gəldi. Elə bil qurbağa gölünə daş atdılar. Onun səsini eşidəndə Qaraşın sanki ürəyinin sapı qırıldı. Fikirləşdi ki, heyf, şər qarışan vaxta düşdü... Hamı bilir ki, Qaraş Həsənlə hesablaşmalıdır. Bəlkə saxlasın başqa vaxta?!. 
 
Azca əvvəl bir-birlərinə danışmağa macal verməyən yoldaşları Həsənin səsini eşidib, bayaqdan aralarında varlığı hiss olunmayan, susqun Qaraşa baxdılar.
Həsənin dəstəsi onların yanından sakitcə, dinməz-söyləməz keçib bir qədər aralıda cəm oldu. Səsləri gəlmirdi. Ətrafdakı gözlər hələ də Qaraşa zillənmişdi - əriyirdi, məhv olub gedirdi bu baxışların altında Qaraş. Fikirləşdi ki, bircə an da vaxt itirsə, gecikəcək. Həsənin dəstəsi qarşıdakı tini burulandan sonra gec olacaq və o, başını qaldırıb bayaqdan baxışlarıyla onu izləyənlərin gözünün içinə heç vaxt baxa bilməyəcək. Daha tab gətirmədi, nəhayət:
- Ey, bir mənə bax, - deyə uca səslə Həsəni çağırdı və Qaraş az qala özü öz səsini tanımadı. Elə bil boğulurdu Həsəni çağıranda. Sol qıçı titrəyirdi. Özünü ələ almaq istədi, bacarmadı, bu onu bir az da əsəbiləşdirdi. Yoldaşları görsəydi, fikirləşərdilər ki, qorxaqdı Qaraş. Doğrudan da, Qaraşın qorxudanmı, əsəbdənmi qıçları titrəyirdi - bu vəziyyətdə heç özü də nə istədiyini ayırd edə bilmirdi.
Həsənin dəstəsi dövrəsində səf çəkib dayanmışdı... Dönüb Qaraşa baxırdılar, matdım-matdım, səssizcə. Qaraşın ürəyi yerinə gəldi, deməli, gecikməyib. 
- Mənnənsən? - Həsənin səsi eşidildi.
- Həə, sənnənəm, adını yaxşı bilirsən, - dedi Qaraş. 
Həsənin curlarından biri:
- Gedək, baş qoşma ona, - dedi.
Həsən donub qalmışdı yerində, nə irəliyə gedə bilirdi, nə də geriyə. Qaraş Həsənə tərəf ağır addımlarla yeriyərək:
- Nədi, nə dayanmısan, yaxın gəl, işim var sənnən... İkilikdə söhbət eliyəcəyik... 
Həsən: 
- Duelə çağırırsan məni? - deyərək candərdi Qaraşa sarı addımladı. 
Mübahisə etmək yeri deyildi. Qaraş fikirləşdi ki, çatan kimi Həsənə bir yumruq vursun, amma əksinə oldu. Rəqibinin qəfil zərbəsi alnının ortasından dəyəndə Qaraşın gözü qaraldı. Tez özünü ələ alıb, Həsənin çənəsinin altından elə ilişdirdi ki, o, özünü saxlaya bilməyib yerə yıxıldı... Toparlanıb ayağa qalxanda Həsən Qaraşın əlində parıldayan bıçaq gördü. Boğazı qurudu Həsənin, udqundu, geriyə çəkilə-çəkilə yavaşcadan: 
- Axmaq olma, Qaraş, at bıçağı, - dedi:
Həsənin bu halı Qaraşı bir az da qızışdırdı. O, əlində bıçaq bir az da irəlilədi: 
- Sənin əlindən çoxdan yığmışdım, qızın adını...
- Mən Əsməri çox istəyirəm, Qaraş... Doğrudan istəyirəm. Əsmər də razıdır... Ailə quracağıq, - deyə Həsən Qaraşın sözünü ağzında qoydu. 
Qaraş Həsənin üstünə yeridikcə o, geri çəkilirdi. Həsən dükanın yanında üst-üstə yığılmış boş yeşiklərdən birini qaldırıb əlində tutdu. Əlləri titrəyirdi, az qalırdı ki, yeşiyi yerə salsın. Həsən yalvarmağa başladı:
- Anama yazığın gəlsin... Bilirsən ki, məndən başqa heç kəsi yoxdu, tək yetimiyəm, - dedi. 
- Mən də tək yetiməm... Amma sən eləyən qələtləri eləmirəm..
- Vallah, Əsmər də razıdı... Evlənəcəyik... 
- Mumla, alçaq! - deyə Qaraş bağırdı.
Həsən hər şeydən əli üzüldüyünü görüb, tutduğu yeşiyi ona yaxınlaşan Qaraşın sifətinə çırpdı. Onun üzü al qana büründü. Qaraşın Həsənin üstünə şığıması ilə bıçağı işə salması bir oldu. Həsən xəstəxanaya, Qaraş isə türməyə düşdü.
 
...Qaraş mağazadan aralandı, tini burulub dar küçə ilə Həsəngilin evinə gedən yola çıxdı. Sol əlini pencəyinin yan cibinə saldı. Bilirdi ki, bıçaq cibindədir, amma qeyri-ixtiyari bir də yoxladı.
Yağış güclənirdi. Küçədə kimsə görünmürdü. Addımlarını yeyinlətdi, sol əli hələ də pencəyinin cibindəydi. Bıçağı bərk-bərk sıxırdı, elə bil cibindən düşüb itəcəkdi.
Artıq Həsəngilin darvazasının ağzında idi. Əlini cibindən çıxartdı. Qapı bağlı olduğundan hasarın üstündən cəld aşıb həyətə düşdü. İslanmış budaqlarından damcılar süzülən ağacların arasıyla evə yaxınlaşdı. İşığı zəif pəncərələrə yarımpərdələr vurulmuşdu. 
Səs-küy salmadan, ayaqlarının ucunda pəncərəyə yaxınlaşdı. Uşaq səsi gəlirdi: "Həə... yeri, yeri..." İçərini dinşədi. Gülüş səsləri ətrafa yayılırdı. Sonra oğlan uşağının səsi gəldi, qız uşağı da ağlamsınıb, "Mən də, mən də istəyirəm," - dedi. Daha sonra Həsənin səsi eşidildi: "Yaxşı, sən də gəl." Qaraşı sövq-təbii maraq bürüdü. O, başını qaldırıb pəncərənin açıq hissəsindən içəri boylandı. Gördü ki, Həsən əllərini və dizlərini yerə qoyub uşaqları belində gəzdirir. Uşaqlar atasının boynundan tutub, ayaqlarını qarnına döyəcləyir, onu at kimi çapırdılar. Bu vaxt qonşu otaqdan Əsmərin səsi eşidildi. Qaraş həyəcanlanıb geri çəkilərək kürəyini divara söykədi. Ürəyinin döyüntüsünü açıqca eşidirdi... 
 
Yağış səngimək bilmirdi. Qaraş islanmışdı, bədəni büsbütün suyun içində idi. Bir tərəfdən də onu öskürək yaxalamışdı, boğazı qovuşurdu. Özü ilə bacarmırdı, udquna-udquna qalmışdı. Əllərini ağzına tutub ustufca öskürdü, sonra çevrilib başını qaldırdı, pəncərənin lap qırağından otağa yenidən göz gəzdirdi. Əsmər uşaqları bir-bir Həsənin belindən götürüb yataq otağına aparırdı...
Əsmər dəyişmişdi, sanki boyu bir az da ucalmışdı. Əynindəki güllü, uzun xalat onu daha qədd-qamətli göstərirdi. Uşaqların ətrafa yayılan cingiltili gülüşü Qaraşı ovsunlamışdı. O donub qalmış və anlaşılmaz hisslər yaşayırdı. Əsmərlə balalarının səsi qulaqlarından getmirdi. 
Birdən gözü divardan asılmış şəkillərə sataşdı. Əsmərlə Həsənin qoşa şəklinin yanında Qaraşın portreti vurulmuşdu. Qaraşın içi sızladı. Bu sızıltı onun ürəyini, beynini ovxarlayıb tökürdü. 
- İşə bir bax, adımı əziz tutublar, ömrümə qılınc çalsalar da, əziz-xələf biliblər məni... Bir müddət keçəcək, Qaraş tamam unudulacaq, bu şəkil də gərəksiz bir şey kimi atılacaq zibilliyə... - hər halda belə düşünürdü Qaraş.
Payız yağışı daha da güclənmişdi. Qonşu həyətdən həzin kaman səsi gəlirdi. Deyəsən, radio verılişiydi, "Segah" muğamını çalırdılar. Qaraş üçün üzüntülü olan bu gecəni kamanın ah-naləsi bir az da ağırlaşdırır, yağışın şırıltısı isə elə bil o həzin musiqiyə züy tuturdu. Qaraş kövrəlmişdi... fikrini yayındırmaq istəyir, ancaq bacarmırdı... İsti göz yaşları yanaqları boyunca axırdı. Elə bil yuxuda idi, ayıldı, hər iki əlini yumruqlayıb var qüvvəsi ilə alnına vurdu. Özü ilə bacarmır, qəhər onu boğurdu... 
 
Bacısıgil işıqları söndürdü, ətraf zil qaranlıq oldu. Kaman da nalə çəkməkdən usanmışdı, səsi gəlmirdi daha. Güclü yağış isə hələ də ara vermir, sanki hirsini-hikkəsini sonacan boşaltmaq istəyirdi. Qaraşın bədəni keyimişdi, bircə onu anlayırdı ki, kaman indi onun içində odlanıb nalə çəkir. Bir də uşaqların - bacısının günahsız balalarının məsum çöhrəsi gözü qarşısından çəkilmir, onların şaqraq gülüşlərini eşidirdi. Nə qədər çalışsa da, canını bu səslərdən qurtara bilmirdi. Peşmançılıq, utanc hissi onu üzürdü.
...Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı - həbsxana yadigarını cibindən çıxarıb zərblə pəncərənin taxta çərçivəsinə sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında aşdığı hasarı indi çox çətinliklə adlaya bildi. Yerişini itirmişdi, gah ayağı sürüşür, yıxılır, gah da xırda gölməçələrə girirdi. İçinə su dolmuş ayaqqabıları ona ağırlıq edirdi. 
Mağazanın yanından - vaxtilə Həsənlə haqq-hesab çəkdiyi yerdən keçib magistral yola çıxdı. Addımlarını yeyinlətdi və birdən var gücüylə qaçmağa başladı. Yolboyu qaça-qaça yağmurdan islanmış pencəyini, sonra köynəyini çıxarıb atdı. O qaçdıqca qaçır, uzaqlaşdıqca sürətini artırırdı. Sanki suçundan, yanlışlarından, mənhus yaşantılarından qaçıb qurtulmaq istəyirdi. Gecənin sükutunu pozan güclü yağış Qaraşın qurşaqdan yuxarı çılpaq bədəninə çiləndikcə canında bir rahatlıq duyur, suyun aydınlığından sanki arınıb-durulurdu...
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!