İki nəfər üçün bir azadlıq - Hafiz MİRZƏ

Kiokora əlindəki dəyənəklə qarşısına çıxan tikanlı kolları, nazik ağac budaqlarını, enli fikus yarpaqları və nion saçaqlarını qıraraq meşə boyu irəliləyirdi. Bəzi yerlərdə yerə aşmış ağacların gövdəsi boyunca yeriyir, sonra hoppanıb cığıra düşür, bəzən də sallanan budaqlarla yellənir, ağacların arası ilə uçur, quş kimi qarşı ağaca qonurdu. Son vaxtlar çəkisi çox artdığı üçün ayaqları altında cavan budaqlar davam gətirmirdi. Rastına çıxan meyvələrdən dərib həvəslə yeyir, puşunu meymunlara tullayırdı. Meşədə banandan, abakadadan tutmuş, kokosa qədər, hər cür meyvə vardı. Anasının qaynatdığı düyüdən yeməyə heç də həmişə ehtiyac qalmırdı. Çox vaxt səhər evdən çıxır, bütün gününü meşədə keçirir, bir də hava qaraldıqdan sonra özlərinin bambukdan, qamışdan, baobab taxtalarından, quru otlar və iri yarpaqlardan hazırlanmış daxmasına qayıdırdı. Təkcə leysan yağış yağanda daxmanı tərk etmirdi. Uzanıb yağan yağışa tamaşa etmək ona ləzzət verirdi. Anası isə bu zaman onun atası Toranı xatırlayıb ağlayırdı. Atası üç il əvvəl itmişdi. Əvvəlcə onu yaquar parçaladığını və ya anakonda ilanın udduğunu zənn etmişdilər. Sonra qonşu Basunun atası tapıldı və o, Toranın da onun kimi ağdərililər tərəfindən tutulub zorla gəmiyə mindirildiyi xəbərini verdi. Basunun atası ilk fürsətdəcə dənizə atılıb, xilas olmuşdu. Kim bilir, onun atası indi harada idi?! Afrikanın hər hansı bir ölkəsinə, qəbiləsinə, guşəsinə aparılmış olsaydı, indiyə çoxdan qaçıb gələrdi. Deməli, gəmi ilə çox uzaqlara aparılmışdı. Yadellilər bu ətrafda çox gəzib-dolaşır, deyilənə görə qızıl axtarırdılar. Lakin Kiokora onların uzun, odlu silahlarla qəbilələrə hücum etdiklərini, atəş açdıqlarını da görmüşdü. Sakit və dinc həyat sürən qəbilələrə qəflətən hücum edir, gənc və orta yaşlıları əsir tutur, müqavimət göstərəni atəş açıb öldürürdülər. Meşədə tor tələsi qurub tutduqları adamlar da az olmurdu. Onların Qamsavar adlı qəbiləsindən çox kişilər, qadınlar itmişdi. Qaçıb gələnlər çox dəhşətli sözlər danışırdılar. Heç demə, o ağ dərililər bu meşələrdən tutduqları adamları gəmi ilə uzaq ellərə aparır, başqalarına satır, döyür, ağır işlər gördürürdülər. Kiokoranın atası Tora çox güclü idi. Dərisinin altından qol və baldır əzələləri şişir, oynayır, parıldayırdı. Görəsən, indi uzaq ellərdə nə işlə məşğul idi?! Sağ idimi? Meşədə yumruğu ilə vəhşi it, qorilla, primat öldürmüş, hətta ayını vurmuşdu. İndi Kiokoro özü də atası kimi əzələlərini oynadır, hər gün ağır ağac gövdələrini qaldırır, bir dəyənək zərbəsi ilə yoğun budaqları qırır, anasının tapşırdığı bütün ağır işləri görür, sonra da meşəyə girib uzaq məsafələr qət edirdi. Bu məsafənin sonunda Tuba qəbiləsinin Çolo yaşayış məskəni yerləşirdi. Bu qəbilə çayın yuxarı sahilində yerləşirdi. Orada çoxlu daxma vardı. Kiokora çayın üstünə aşmış böyük ağacın gövdəsi boyu gedib daha bir neçə ağac adlayır, nəhayət, onlardan birinin üst budaqları arasında gizlənib, aşağıdakı qəbilənin adamlarına tamaşa edirdi. Buradan hər şey çox maraqlı görünürdü. Adamlar qarışqa kimi bütün günü hərəkət edir, bir yerdə durmurdular. Məşğul olmağa hər cür iş tapırdılar: kokos, banan, manqo, ananas, pepino, kivano, qyava, marula, tamarind meyvələrini təmizləyir, çubuqlar və otlarla hörülmüş yeşiklərə yığırdılar. Özünün Qamsavar qəbiləsində də belə idi. Bu meyvələri qayıqlarla, çay və dəniz yolu ilə uzaq qəbilələrə aparır, düyü, parça, dəri, boyaq və dəmir alətlərə dəyişirdilər. 

 

Tuba qəbiləsinin Çolo məskənində bir gözəl qız vardı. Adını da eşidib öyrənmişdi: Zuzio. 

Bu qəbilədə Kiokoranın özünü görmüş bircə nəfər vardısa, o da elə Zuzio idi.

Zuzionun hündür boyu, iri gözləri, ağappaq dişləri, ətli dodaqları, dimdik döşləri, incə beli, enli baldırları vardı. Sinəsindən dəniz mərcanları asılmışdı. Yaraşıqlı ayaqlarının sonunu tiftikli, quru yarpaqlardan və otlardan toxunmuş örtüklər və göy parçalar qapatmışdı. Son vaxtlar Zuzio sinəsini də göy rəngli parça ilə örtürdü. Amma yaraşıqlı baldırları bayırda qalmışdı. Yoxsa o, elə yeyin addımlaya, yüngül qaça, tullana, sanki quştək uca bilməzdi. Çox vaxt ayaqları yalın olur, çiynindən həsir torba asırdı. Dəniz Çolo-tuba qəbiləsinin bir elə uzaqlığında deyildi. Amma Zuzio dənizə deyil, daha yaxınlıqdakı çaya gedir, əlindəki nazik qamışla çayda balıq vurur, bəzən də çimirdi. O çimərkən daha cazibədar idi. Su dənələri onun qara dərisinin üstündə puçurlanır, Günəş şüaları düşdükdə parıldayırdı. Kiokora bu zaman daha yaxın budaqlara enirdi. Bir neçə dəfə ağac budağından birbaşa çayın içərisinə tullanmaq, düz onun qarşısına düşmək istəmişdi. Əmin idi ki Zuzio onu qovmayacaq. Ancaq nədənsə çəkinir, əlləri, ayaqları donub onun sözünə baxmırdı. Çolo-tuba qəbiləsindən kiminsə gələcəyindən, qəflətən kimləsə qarşılaşacağından və onunla vuruşacağından çəkinmirdi. Qarşısına çıxan hər hansı bir kəsi bir yumruqla vurub yıxa bilərdi. Amma o bu qəbilədən kimisə vurmaq istəmirdi. Zuzionun yaxınları, ailə üzvləri ola bilərdi. Kiokoranın həmişə əlində dəyənəyi olurdu. Bu dəyənəklə ilan da vurmuşdu, qara timsah da, vəhşi it, pişik, hətta meymun da. O da nə vaxtsa ayı ilə rastlaşacaqdı. Atası kimi yumruqla və ya dəyənəklə vurub ayını öldürəcəyinə əmin idi. Atasının sol çiynində ayı pəncəsindən yadigar qalan iri çapıq vardı. Bir də atasının sol qulağının üst hissəsi azacıq qopmuşdu. Atasından yadında qalan başqa nəsə xatırlamırdı. Dediyinə görə, anası atası ilə ilk dəfə bir-birlərini yağış altında görmüşdülər. Sonra daha bir dəfə leysan yağış altında qaçışarkən birdən üz-üzə gəlmiş və bu zaman güclü yağış hər ikisinin əynindəki örtükləri qopartmışdı. Sonra onlar əl-ələ tutub o yağışdan daldalanmağa qaçmışdılar. Həmin yağışdan çox-çox sonra isə onlar enli ağac koxasından çıxmış və özləri üçün daxma qurmağı qərara almışdılar. İndi Kiokora ağac budaqları arasından aşağıda gəzib dolaşan və hərdən də gözucu bu ağaca sarı boylanan Zuzioya tamaşa edir, indicə göy guruldamasını, leysan yağış yağmasını arzulayırdı. Zuzio hərdən aşağıda bir balaca və tamam lüt oğlan uşağı ilə də oynayırdı. Bu onun qardaşı Sanu idi. Əgər indicə yağış yağardısa, Sanu qaçıb daxmada gizlənəcək, Zuzio isə durub ona tamaşa edəcəkdi. Bu zaman onun bədəni büsbütün bərq vuracaqdı. Kiokora əmin idi ki, onda hökmən aşağı hoppanacaq və düz Zuzionun qarşısına düşəcəkdi. O yağışın hər ikisini isladıb həsir örtüklərini qopartmasını, sonra da qaçıb bir ağac koxasına girmələrini istəyirdi. Daha sonra Zuzionu götürüb Qamsavara aparar, orada ağac budaqlarından, bambuk, baobab, qamış və otlardan bir geniş koma düzəldərdi.

Kiokara öz xəyallarına dalar, havanın nə vaxt qaraldığından və Zuzionun çıxıb getməsindən xəbər tutmazdı.

 

Birdən həqiqətən də, göy guruldadı, şimşək çaxdı. Bu elə güclü səs oldu ki, Kiokora diksindi; az qala ağacdan yıxılacaqdı. Amma sonra bu gurultuların heç də yuxarıdan deyil, aşağıdan və müxtəlif yerlərdən səsləndiyinin fərqində oldu. Bu zaman o aşağıda hər tərəfdən ağ dərililərin uzun silahdan atəş açaraq, Çolo-tuba qəbiləsinə sarı irəlilədiklərini gördü. Heç qızılaxtaranlara oxşamırdılar. Həyatı boyu üçüncü dəfə idi ki, ağdərili insan görürdü. Birinci dəfə gördüyü ağdərililər onların qəbiləsinə soxulmuşdu. O vaxt qabaqcadan xəbər gəlmiş, hamı qaçıb gizlənmişdi. Onlar qəbiləyə soxulub hər yanı axtardılar, kimsə və nəsə tapmadıqda qəbilə komalarına od vurub yandırdılar. İkinci dəfə görduyu ağdərili ölmüşdü. Onu yəqin ki ilan çalmış, bədəni şişib qaralmışdı. Kiokora üfunət qoxulamasın deyə onu sürüyüb çay kənarına gətirdi, altına, üstünə qurumuş ağac budaqları yığdı, çaxmaq çalıb, ölünü öz qəbiləsinin qaydaları ilə yandırdı. Bir dəfə dənizdə ağ yelkənli böyük gəmilər də görmüşdü. Onda atası Tora ilə birlikdə idilər. Atası bunun ağdərililərə məxsus olduğunu dedi və dənizə girmədən tez kiçik qayıqlarını çiyinlərinə götürdülər və tələsik meşəyə doğru qaçdılar. İndi aşağıda gördüyü ağdərililərin əllərində nizə, xəncər və od püskürüb, gurultu qoparan bir ağac parçası da vardı. Onlar hər tərəfdən qəbilə adamlarını mühasirəyə almağa çalışırdılar. Aşağıda artıq qışqırıq səsləri eşidilir, Çolo-tuba qəbiləsinin adamları ətrafa qaçışırdılar. Amma heç də hamısı qaçıb qurtula bilmir, ələ keçirdi. Zuzio və balaca qardaşı Sanu sürətlə meşənin dərinliyinə doğru qaçırdı. Birdən ağdərililərdən birinin əlindəki ağac parçasından alov çıxdı və daha bir gurultu qopdu. Elə o andaca Sanu qışqırıb ağzı üstə yerə yıxıldı. Zuzio çevrilib bunu gördü və heyrət içərisində ayaq saxladı. O, Sanuya sarı geriyə qayıtdı və ona doğru əyildi. Sanunun kürəyi qana bulaşmış, o heysiz düşüb qalmışdı. Zuzio "Öldürdülər!" deyə dəhşət içərisində qışqırdı. Elə bu zaman üç nəfər ağdərili Zuzionu əhatəyə aldı. Onların əllərindəki silahlar Zuzioya tuşlanmışdı. Onlar Zuziodan yapışıb, onu zorla ayağa qaldırmağa və qollarını bağlamağa çalışdılar. Zuzio bu zaman ağlayır, qışqırır, əl-qol atıb onların paltarını cırır, müqavimət göstərirdi. Kiokora daha ağacda dura bilmədi, budaqlarla aşağı sürüşdü, budaqdan-budağa, sallanqac budaqlarla digər ağaclara hoppandı və onların yaxınlığına çatdı. Amma bu zaman öz əlindəki dəyənəyini yerə saldı. Dayanmağa, axtarıb tapmağa vaxt itirmək istəmədi. Orada - irəlidə Zuzio darda idi. Sürətlə qaçıb ağdərililərə yetişdi. Ağdərili birisi ona sarı çevrilən kimi Kiokora onun çənəsinə möhkəm bir yumruq ilişdirdi. Vurduğu növbəti yumruq digər ağdərilini də yerə yıxdı. Üçüncü ağdərilinin ayaqlarının arasına təpiklə vurub aşırtdı. O tez Zuzionun qolundan tutub, onu dikəltdi. Zuzio qarşısında onu görməsindən çaşqın vəziyyətə düşmüşdü. Kiokora da çaşıb qalmış, nə edəcəyini unutmuşdu. Birdən ondan arxada nə gördüsə, Zuzio qışqırdı. Kiokora cəld geriyə çevrildi və bu zaman arxadan daha dörd nəfər ağdərilinin onları əhatəyə aldığını gördü. Digərləri yerdə inildəyir, hamısının üzündən nifrət və qəzəb yağırdı. Aralarındakı bir kürən saqqallı o birilərə nə dedisə, onlar tüfəng, xəncər və nizələri kənara qoydular. "Boks…boks" deyə kürən saqqallı əli ilə onu yaxına çağırdı. Kiokora onların yumruq davasına çıxmaq istədiklərini başa düşdü. Uzun qollarını uzadıb, əvvəl bu kürən saqqallının, sonra o birilərin çənəsinə, gicgahına, alnına sürətli və ağır yumruqlar ilişdirdi. Zərbələri onları yıxır, al qana bürüyürdü. Birdən arxadan başına nəsə dəydi və Kiokora huşunu itirib yıxıldı.

 

Kiokora özünə gələrkən əvvəlcə ləpələrin həzin səsini eşitdi, sonra gözlərini açıb ağ, böyük yelkənlər gördü. Dikəlmək istədikdə başından ağrı qopdu. Qolları arxadan bağlanmış və o yerə uzadılmışdı. Döşəmənin taxta örtüyünə diqqət verdikdə özünün bir böyük, yelkənli gəmidə olduğunu başa düşdü. Azacıq dikəldi və ətrafına nəzər saldı. Ətrafda sıra ilə çoxlu adam oturmuş, hamısının qolları arxadan bağlanmışdı. Xatırladı: Çolo-tuba qəbiləsinin adamları idi. Bu adamları öz baxışları ilə aradı, axtardı və birdən lap yaxınlıqda Zuzionun da qolları arxadan bağlı halda oturduğunu gördü. Zuzio narahat nəzərlərlə ona baxırdı. Kiokora onu gördüyünə sevindi, amma elə o andaca qanı qaraldı. Deməli, onu da, Zuzionu da ağdərililər tutmuşdular. Agdərililərdən yaxınlıqda kimsə yox idi. Qəbilənin qocaları və uşaqlar da görünmürdü. Yəqin onları, ya öldürmüş, ya da gərəksiz sanıb qovmuşdular. Sanunun öldürülməsini xatırladı. Axı bu ağdərililərə onların nə ədavəti keçmişdi? Zavallı anası indi onu da itirmiş olurdu. O özü isə artıq hər şeyini itirmişdi. Onun təkcə Zuziosu vardı. 

Zuzioya baxıb güclə gülümsəməyə çalışdı. Zuzio da dərdli təbəssümlə gülümsədi. Onu buradan xilas etmək lazım idi. Oturduğu yerdən astaca Zuzioya sarı süründü.

- Zuzi, mən indi sənin qollarını açaram, sən də qalxıb suya tullanarsan. Üzməyi bilirsənmi?

- Əlbəttə.- Zuzio ona sarı qayğılı nəzərlərlə baxdı.- Bəs sən?

- Sən də mənim əllərimi açarsan, birlikdə üzüb çıxarıq.

- Sənin adın nədir?

- Kio.

Kiokora Zuzio ilə arxa-arxaya qaldı və onun əllərini açmağa çalışdı. Zuzionun əlinə toxunan kimi içindən gizilti axıb keçdi və boğazı qurudu. Sonra çətinliklə özünü ələ aldı və onun əllərini bağlamış kəndiri açmağa başladı. Elə bu zaman anlamadığı bir dildə bağırtı səsləri eşitdi. Bunlar ağdərililər idi və qəzəblə düz onlara sarı gəlirdilər. Zuzionun əllərini daha tələsik açmağa çalışdı. Amma çatışmadı. İrəlidə gələn kürən saqqalı onlara yaxınlaşıb, onun böyrünə qüvvətli təpik zərbəsi vurdu və onu sol böyrü üstünə aşırdı. Sonra Kiokora daha bir neçə təpik zərbəsinin ağrılarını duydu. Onu vuranlar bir neçə nəfər idi. Onlar ucadan gülür və nəsə deyirdilər. Bu yad sözlərin arasında təkcə "boksçu" sözünü ayırd edə bildi. Sonra bu ağdərililər Zuzionu da təpiklə vurmaq istədilər. Kiokora özünü onların təpiyinin qarşısına tulladı və ona dəyəcək zərbələri də özünə qəbul etdi. Bu isə ağdərililəri qəzəbləndirdi. Ancaq onlar nəsə deyib, Zuzionu vurmaqdan ayaq saxladılar. Birdən onlar yapışıb Zuzionu yerdən qaldırdılar və irəli sürüdülər. Kiokora onlara sarı nifrətlə "boks…boks" deyə bağırdı və bununla sanki özünün döyülməsini təklif elədi. Onlar Zuzionu aparıb bir hündür və iri taxta parçasının üstünə uzatdılar. Zuzio müqavimət göstərdikdə onun üzünə zərbələr vurdular. Kiokora bu zaman güclə dikələ bildi, amma bir neçə mühafizəçi yetişib onu yenidən vurmağa başladı. Onların yumruq və təpik zərbələrini vecinə almırdı. Orada Zuzionun əllərini arxadan açıb yanlara, eləcə də ayaqlarını aralayaraq bağlayırdılar. Sonra kürən saqqallı adam onun ayaqlarının örtüyünü qoparıb bir kənara tulladı. Daha sonra o, ayaqlarının arasına girib, Zuzionu zorlamağa başladı. Zuzio çırpınaraq qışqırır, Kiokora isə bağırır və uzandığı yerdə ağdərililərə ayaqları ilə zərbələr endirərək müqavimət göstərirdi. Çolo-tuba qəbiləsinin adamları bir kənarda sızıldayır, kimsə köməyə gəlmirdi. Ağdərililər Kiokoranın ayaqlarını da iplə bağladılar. Daha sonra dünyanın ən dəhşətli hadisəsi baş verdi: Kiokoranın gözləri önündə ağ dərililər bir-bir Zuzionu zorladılar. Kiokora bu mənzərəyə gözlərini qapadı, üzünü çevirdi, əlacsız halda başını aşağı saldı. Amma qulaqlarını qapaya bilmir, Zuzionun qışqırıqlarını və hönkürtü səsini eşidirdi.

Keşkə ona uzun silahdan atəş açıb, öldürəydilər və o bütün bunları görməyəydi.

Gəmi isə yellənərək onları sürətlə uzaqlara aparırdı.

 

Səhər ağdərililərdən biri göyərtəyə çıxdı və şalvarının qabağını açıb dənizə işəməyə başladı. Eyni zamanda göyərtədə uzanıb qalmış adamlara sarı da gözucu baxdı. Birdən o, baş tərəfdə qoyulmuş iri taxta parçasını və çılpaq Zuzionu gördü. Baxışlarını yayındırmadan bir qədər baxdı, sonra tələsik və həvəslə ona yaxınlaşdı. Zuzio orada tamam çılpaq vəziyyətdə uzadılmış, ayaqları və qolları kənara bağlanmışdı. Kiokora bütün gecəni ona sarı baxmadan, daha onu eşitmədən, öz içində ağlamışdı. Bircə kəlmə də danışa, Zuzioya nəsə deyə bilməmişdi. Boğazına sanki bir iri daş basılmışdı. Gələn ağdərili burada oturmuş yüzlərcə qaradərili adamı vecinə almadan şalvarının qabağını tamam açdı və o da Zuzionu zorlamaq istədi. Amma birdən nə duydusa, kənara çəkildi və onu tərpətməyə çalışdı. Zuzio heysiz, taqətsiz halda düşüb qalmışdı. Ağdərili tələsik gedib, gəminin ortasındakı qapalı kahaya girdi. Sonra oradan beş-altı nəfərlə birlikdə çıxdılar. Kürən saqqallı öndə gəlirdi. O da Zuzionu əvvəlcə ayağı, sonra əyilib, əli ilə tərpətdi, biləngini tutdu, sinəsinə qulaq asdı, sonra isə sifətində təəssüf ifadəsi ilə başını buladı. Bundan sonra ağdərililər Zuzionun qollarının və ayaqlarının ipini kəsdilər, əllərindən və ayaqlarından yapışıb, onu göyərtənin kənarına gətirdilər. Zuzio qupquru olmuşdu. Burada onlar ölmüş Zuzionun əllərindən və ayaqlarından yapışıb, bir neçə dəfə yellətdilər, daha sonra onu göyərtədən dənizə tulladılar. Kio bu gördüklərinin qarşısında sızıldayır, yenə için-için ağlayırdı. Kürən saqqallı onun yanından keçərkən ayaq saxladı, nəsə deyib, ona nifrətlə bir təpik vurdu. Kio onu söydü və vurmaq üçün çabaladı. Amma onun əlləri və ayaqları iplə möhkəm bağlanmışdı. Kürən saqqallı ona sarı yumruqlarını istehza ilə oynatdı, "Boks… boks" dedi və sonra da üzünə tüpürüb getdi.

Gəmi yellənir buludsuz səmadan günəş insafsızcasına göyərtədəkiləri qızdırırdı. Çox-çox günlər sonra dor ağaclarının üstü ilə qağayılar uçuşmağa başladı.

Sahildə hündür evlər görünürdü.

 

***

...Böyük salonda minlərcə tamaşaçı toplaşmış, ortada boks rinqi qurulmuşdu. Rinqin ortasında ağ geyimli referi, ağdərili bir boksçu, digər tərəfdə isə əyninə boksçu tumanı və iri əlcəklər geyinmiş bir qaradərili boksçu durmuşdu. 

Bu, Kiokora idi. 

Kiokora indi daha çox böyümüş, kökəlmişdi. 

Referi hər iki boksçunu rinqin ortasına dəvət etdi və burada əlini onların arasına uzadıb "Boks!" işarəsini verdi. Ağdərili boksçu sağa-sola tullanmağa və ona doğru yumruqlar atmağa başladı. Kiokora bu zərbələrdən məharətlə yayındı, bu ağ dərili boksçuya nifrət etsə də, onunla bir azca əylənmək istəyirdi. Bununla özünə pul qoyuluşunu artırırdı. Bir qədərdən sonra ağdərili boksçu bircə zərbə də vura bilməməsindən əsəbiləşdi və "İyrənc zənci!" deyərək, ona öz nifrətini bildirdi. Bu sözlər bir andaca Kiokoranı qəzəbləndirdi. Sözə tutarlı cavab əvəzinə Kiokora irəli şığıdı və onun çənəsinə möhkəm bir yumruq zərbəsi ilişdirdi. Zərbə ağdərili boksçunun ayaqlarını yerdən üzdü və onu arxası üstə yerə çırpdı. Salona toplaşmış tamaşaçıların gurultulu alqış və qışqırıq səsləri qopdu. Sonra referinin doqquza kimi sayması da kömək etmədi. Məşqçilər, daha sonra həkimlər rinqə daxil oldular və ağdərili boksçunu ayıltmağa çalışdılar.

 

Soyunub-geyinmə otağında məşqçiləri və sahibi Kiokoranın kürəyini şappıldadır, onu növbəti dəfə tərifləyirdi.

- Bizim rinqdə hələ kimsə ardıcıl qırx qələbə qazanmayıb! Hamısı da ağdərili boksçular üzərində və nokautla! 

- Bu gün doxsan beşin beşə nisbət faizində sənin qələbənə pul qoyulmuşdu!

- Hə, Kio, sənə çəkilən zəhmətə dəyir! Mən səni dünya boksçusu edəcəyəm!

- Kio, daha Çikaqoda ağdərili boksçu qalmadı, gərək Nyu-Yorka gedək. Bu nə pis adətdir səndə? Məgər qaradərililər boksçu deyil?! Zənci Teteroka dünyanın ən güclü boksçusu sayılır! O heç kəsə belə irqi nifrət bəsləmir, kim gəldi kötəkləyir! Bəs sənə nə olub? Teteroka da keçirtdiyi doxsan doqquz döyüşün hamısında qalib gəlib! Yetmişi nokautla!

Bayaqdan heç bir sözə münasibət bildirməyən Kiokora özünün ağdərili, uzun nazik bığlı sahibi Con Consondan eşitdiyi son sözlərə sarı çevrildi və qətiyyətlə:

- Coni, əl çək, mən afrikalıya yumruq vurmayacağam!- dedi.

Sahibi bu sözlərdən əsəbiləşdi.

- Mən nə edim ki, bütün güclü boksçular Afrikadandır? Başa düş, bura Amerikadır, bura azad ölkədir!

- Tüpürüm sizin ölkənizə! Mən ki, azad deyiləm! - Kiokora ona sarı saymazyana dedi. - Bir qula hər şeyi məcbur edə bilərsən, özü istəməsə, bircə qələbə qazanmaqdan savayı! Buralarda boksçu yoxdursa, onda gedək Nyu-Yorka!

Kionun baxışları məchul nöqtələrdə dolaşdı, bu nöqtələrdən birində ilişib qaldı. O nöqtədə yelkənli gəminin göyərtəsindən ağdərililər ölmüş Zuzionu dənizə atırdılar.

 

***

...Üzərində "At nights of New York" yazılmış pivəxananın içərisində qələbəlik idi. Stollardan birinin arxasında oturmuş dörd nəfərdən üçü ağdərili, biri isə Kiokora idi. Onun əynindəki köynəyinin qollarını əzələləri qabartmışdı. Onlar iri bakallarda pivə içir və söhbət edirdilər. Bunlardan biri Kiokoranın nazik, uzun bığlı sahibi Con Conson, o birilər isə boks yarışlarının menecerləri idi.

- Kio, sonra mən səni bir də heç bir zənci boksçu ilə rinqə çıxartmaram! Nyu-Yorkda sənin qarşına çıxartmağa Teterokadan daha ləyaqətli boksçu tapılmadı. O isə Nyu-Yorkun fəxridir. Bütün qoyuluşlar ona olur. Sən döyüşə razı olsan, qoyuluş haqqı qalxacaq, biz sənin qələbənə pul qoyub böyük məbləğ qazanacağıq. Ən azı bir milyon dollar! 

- Bundan mənə nə? Pulu siz qazanacaqsınız, bəs mən nə qazanacağam? Heç nə! Üstəlik də, Coni, mən sənə demişəm axı, qaradəriliyə əl qaldırmayacağam!

Digər oturanlar da onu dilə tutmağa çalışdılar.

- Nyu-Yorka gəlmək, döyüşmədən geriyə qayıtmaq səni hörmətdən salar.

- Biz nə edək ki, heç bir ağdərili boksçu sənin qarşına çıxmağa razılıq vermir. Bəlkə heç Teteroka da razılıq verməzdi. Amma biz ona qələbə müqabilində azadlıq vəd etmişik. Bir qul üçün bunun dəyərini anlayırsanmı?

Kiokora eşitdiyi son sözlərin cavabını verməsi üçün öz sahibi Con Consona baxdı. Amma Conson dillənmək fikrində deyildi.

- Teteroka azadlıq qazanacaq! Bəs mən də sənin qulun deyiləmmi, Coni? Lənətə gələsən səni, bəs sən nə vaxt məni azad edəcəksən?!

Con Conson bu sözlərdən dilxor oldu və ona sarı qeyzlə:

- Sənin öz sahibinlə belə danışmağa haqqın çatmır, Kio! - dedi. - Unutma ki, məni acıqlandırsan, dövlət səni cəzalandıra bilər! Mənim əmrimdən çıxmağa ixtiyarın yoxdur!

Kiokora əlini yellədi.

- Tüpürüm sənin quldar dövlətinə! Bu yeddi il ərzində bu sözləri mənə hər gün deyirsən! Qoy sənin dövlətin cəzalandırsın məni. Amma unutma ki, bu səni çox ziyana salar.

Con Conson nifrətlə bir kənara tüpürdü.

- Bircə səni rinqdə vurub öldürsəydilər, canım sənin bu zəhərli sözlərindən qurtarardı.

- Əzizim Coni, bundansa sən də əvəzində onun azadlığını təklif et! - Qarşı tərəfin meneceri dilləndi. - Bizim Teteroka da bizi belə bezdirmişdi. Biz də qələbə müqabilində buna razılıq verdik. Onsuz da sonra döyüş üçün bizə yalvaracaq!

Con Conson nə düşündüsə, Kiokoraya acıqla baxdı.

- Yaxşı, mən də sənə azadlığını təklif edirəm, amma mən də yalnız qələbə müqabilində! Razısanmı?

Kiokora bu qəfil eşitdiyinə inanmayıbmış kimi ona sarı sadəlövh təəccüblə baxdı.

- Deməli, mən istəsəm Afrikaya, Qamsavara da gedə bilərəm - eləmi?

- İstəsən, gedə bilərsən, amma yenə əsir tutub qul kimi satacaqlar! Hələ o məlum deyil ki, yenidən bizim kimi nəcib insanlar səni alacaq, ya yox.

Kiokoranın üz ifadəsi nifrətlə büzüşdü.

- Sabah azadlığım barədə rəsmi sənədləri gətirərsən, mən də o Teteroka ilə döyüşə hazırlaşaram. Əmin olun, sonra sizə yalvarmayacağam!

Digər oturanlar pivə bakallarını götürüb sevinclə bir-birinə vurdular.

 

***

...Çox böyük bir tamaşa salonunda bir neçə min tamaşaçı toplaşmışdı. Hamısı ağdərililər idi. Xüsusi adamlar tamaşaçıların arası ilə gəzir, boksçulara əlavə pul qoyuluşu davam edirdi. Yalnız döyüşün başlanmasına bir neçə dəqiqə qalmış pul qoyuluşunun hamılıqla Teterokaya aid olduğu məlum oldu. Burada hələ belə bir hal baş verməmiş, Kiokora kimi burada qətiyyən tanınmayan bir boksçuya kimsə etimad göstərmək istəməmişdi. Təkcə Con Conson onun qələbəsinə böyük məbləğ yatırmışdı. Bunu eşitdikdə Kiokora acıqlandı.

- Qaradərili olmasaydı, mən onu elə birinci raunddaca əzişdirərdim!

Con Conson xüsusi surquclu kağızı ona verdi və təəssüflə köks ötürdü.

Bu, onların azadlıqla bağlı rəsmi sövdələşməsi idi.

 

Döyüş keçirilən salon səs-küy əlindən dağılırdı. Aparıcı rinqin ortasında ağzına rupor dayayıb Kiokoranın adını "Afrikalı Kio!" kimi ucadan elan etdi. Buna bənd imiş kimi salonu fit və qışqırıq səsləri bürüdü. Kio isə heç kəsi vecinə almadan, yolboyu sağa-sola ustufca tüpürərək gəlib rinqə çıxdı. Burada o nə tamaşaçılara, nə də yan tərəf hakimlərinə baş əymədi. Ağdərili tamaşaçılar onu ələ salır, gülür, "Zənci!", "Qul!", "Afrikalı!" deyə bağıraraq cırnatmaq istəyirdilər. O isə buna əhəmiyyət vermədən, heç məşqçinin sözlərinə də qulaq asmadan özünü döyüşə hazırlamağa başladı. İlk dəfə idi ki, bir qaradərili həmvətəni ilə qarşılaşacaqdı. Zuzionun ruhuna and içmiş və həmişə yalnız ağdərililəri döyəcəyinə qərar vermişdi. Amma indi azadlıq naminə bu döyüşə gedirdi. Azadlığı barədə sənədlər döyüşdən və qələbədən sonra qüvvəyə minəcəkdi. Müqaviləyə əsasən, ona Afrikaya kimi gəmi ilə yol xərci ödəniləcək, cibxərcliyi veriləcəkdi. Sonra isə... Sonra isə Kiokora Afrikada öz xalqının azadlığı uğrunda mücadilə aparacağına and içmişdi. Bu ağdərililərə öz azadlığının nə demək olduğunu göstərəcəkdi!

Nəhayət, rəqibi Teterokanın da adı elan olundu: "Qara bəbir Teteroka!" 

 

Bu zaman bütün tamaşaçılar sürəkli əl çaldılar və ayağa qalxaraq Teterokanı alqışlamağa başladılar. Kiokora ona sarı bir elə əhəmiyyət vermədi. Yalnız referi onu rinqin ortasına dəvət edərkən çevrilib ortaya gəldi və gözucu rəqibinə baxdı. Bu, çox iri bədənli, zil qaradərili bir boksçu idi. İlk baxışdan sanki tanış siması vardı. İngilislərin "Bütün zəncilər bir-birlərinə oxşayır" fikrini xatırladı. Onda özünə oxşar nəsə görmək istədi. Hakimin qarşısında onlar bir dəqiqəlik göz-gözə qalmalı idilər. Göz-gözə qaldıqları andaca Kiokoronun içində sanki nəsə qırıldı. Bu kim idi belə?! Teteroka da ona qəzəblə deyil, sanki onu tanıyırmış kimi baxdı və qollarını yana salaraq, duruxub qaldı. 

- Oğlan, sən haradansan?

Teterokanın bu qəfil sualına da Kiokora ingilissayağı:

- Bütün zəncilər Afrikadan olur! - dedi.

- Afrikada Qamsavar qəbiləsi varmı?

Bu sualı eşidən kimi Kionun bütün varlığı təlatümə gəldi. Elə bu zaman baxışları qeyri-ixtiyari olaraq Teterokanın sol çiyninə yönəldi. Onun sol çiynində enli çapıq vardı. Sol qulağının üst hissəsi isə qoparılmışdı.

- Tora?! Ata!? Bu sənsən?!

- Oğlum, Kio, sən nə yaman böyümüsən?!

Onlar bir-birlərinə sarıldılar və bərk-bərk qucaqlaşdılar. Bu mənzərə qarşısında birdən salonun uğultusu kəsdi, hamı təəccüblə bu mənzərəyə baxıb qaldı. Bu nə demək idi?! Rinqdəki boksçular vuruşmaq əvəzinə bir-birini qucaqlayıb ağlayırdılar. Sonra salondan kimsə "Qara heyvanlar!" deyə bağırdı. Buna bənd imiş kimi yenidən içərini qışqırıq və fit səsləri bürüdü. Referinin də təəccüblə dodaqları büzülmüşdü. Qonq səsi eşidilən kimi o tez yaxınlaşıb, "Breq... breq" deyə qışqıraraq əlləri ilə onları aralamağa çalışdı. Daha sonra referi əlini ortaya uzadaraq "Boks!" deyə qışqırdı. Əvvəlcə hər ikisi rinqin ortasında karıxıb qaldı. Amma Teteroka (Kora) özünü tez ələ aldı və öz dillərində Kiokoraya "Biz hökmən döyüşməliyik, oğul" dedi. Bu sözlərdən sonra Kiokora rinqin ortasında hərəkət etməyə, guya ki, zərbə vurmaq üçün fürsət axtarmağa çalışdı. Amma eyni zamanda söhbətdən qalmadılar.

- Ata, sən öz adını nə üçün dəyişmisən?

- Bunlar belə istədilər, Kio. Mən sənin adını eşitdiyim üçün ürəyimdən bu adda boksçunu görmək istəyi keçirdi. Heç güman etməzdim ki, bu sənsən! Anan sağdırmı, Kio?

- Yeddi il əvvəl sağ idi. Bunlar sənə azadlıq barədə akt verəcəklərmi, ata?

- Bundan ötrü mən qalib gəlməliyəm, Kio.

- Elə mənə də qələbə müqabilində azadlıq veriləcək.

- İki nəfər üçün bir azadlıq! 

- Bu azadlığı sən götürərsən, Kio!

-Yox, ata, sən ona daha çox layiqsən!

- Kio, sən Qamsavara azadlıq aparacaqsan!

- Mən bütün Afrikaya azadlıq qazandıracağam, ata!

- Ona görə də sən qalib gəlməlisən!

Bu zaman qonq çalındı və birinci raund başa çatdı. Heç biri bircə zərbə də vurmamış, hesab açılmamışdı. Məşqçilər hər iki tərəfi danlayır, durmadan və qeyzlə öz tapşırıqlarını verirdilər. İkinci raundda da əvvəlcə rinqin ortasında bir qədər hərəkət etdilər. Sonra hakim oyunu saxlayıb, passiv döyüşə görə hər iki tərəfə xəbərdarlıq etdi. Bundan sonra Teteroka oğluna:

- Qollarımızı yumruqlaya bilərik, Kio. - dedi.

Onlar bir-birlərinin qoluna hərdən asta yumruqlar vurmağa, hərdən də qucaqlaşıb rinqin ortasında durmağa çalışdılar. Bunu adi oyun gedişi zənn edən referi onları bir-birindən güclə ayırır və ortaya "Boks!" deyə qışqıraraq, fəal döyüşə dəvət edirdi. Üçüncü raund başlanarkən salon qışqırıq-bağırtı altında dağılırdı.

- Bunların bütün pul qoyuluşu mənədir! - Teteroka dedi. - Sən qalib gələrsənsə, bu alçaqların hamısı uduzmuş olacaq. Mənə bir yumruq vur, oyunu bitir!

- Yox, ata, əlim gəlmir! İndi sən azadlıq qazan, mən sonra da qazana bilərəm!

- Belə fürsət bir də ələ düşməz, Kio! Məni öz xoşumla təslim olmağa məcbur etmə! Mən görüşün ləğv ediləcəyindən çəkinirəm, yoxsa, indiyə çoxdan...

- Ata əlim gəlmir!!!

- Axı boksda hökmən kimsə qalib gəlməlidir! Yoxsa, bu azadlıq ikimizin də əlindən çıxar. Tez ol, yubatma!

- Bacarmıram, ata!!!

Kionun öz dilində səslənən bu bağırtısını tamaşaçılar onun əks tərəfi söyməsi kimi başa düşüb, yenidən qəzəblə qışqırıq və fit səslərinə başladılar. Bundan sonra ata boksçu oğul boksçuya bir neçə zərbə vurdu. Kionun qüvvətli zərbələri isə onun qollarına və əlcəklərinə sarı idi. Tədricən döyüş qızışırdı. Amma Kiokora yalnız atasının qollarını hədəfə almışdı. Növbəti belə zərbələrdən biri zamanı birdən Teteroka qollarını yana açdı və özünü yumruq zərbəsinin qarşısına verdi. Zərbə qəflətən onun çənəsinə dəydi və onu yerə yıxdı. Bu elə qəfil alındı ki, Kiokora donub qaldı, sonra qeyzlə kənara bağırdı. Referi isə aramla sayır və sanki Teterokanın ayağa durmasına vaxt qazandırırdı. Teteroka güclə ayağa durmağa çalışdı, hərlənib, yenidən rinqin ortasına sərildi.

 

Kiokora rinqin ortasında nokauta düşmüş atasına baxaraq ağlayırdı. Sevimli boksçularının bu qəfil məğlubiyyətindən çaşmış tamaşaçılar əks tərəfin bu göz yaşlarını sevinc yaşları hesab edir, ona nifrətlə baxır və söyürdülər. 

Sonra referi Kiokoranın, Kiokora isə onun tərəfə keçib, atasının əlini yuxarı qaldırdı. 

Bu salonda və bu rinqdə əsil qalib tərəf yox idi.

 

Lənkəran

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!