...Yayın istisi bir tərəfdən, hövsələsizlik də bir yandan. Tər alnından aşağı süzülür. Ağappaq köynəyi yapışıb bədəninə, düymələri də açılıb, tüklü qarnı görünür. Əli ilə alnının tərini silib əvvəlcə yerə çırpır, sonra üstünə sürtür, deyinə-deyinə ora-bura vurnuxur. Bəli, məhz vurnuxur: qəssaba aparılacaq danalar kimi.
"Ay sənin!.." Qəbirlərin arasını gəzə-gəzə ürəyində deyinir, dədəsinin (atasının) arxasınca söyüş söyür.
Arvadı da oturub köhnə, paslı vedrənin üstündə, qorxa-qorxa bir ətrafa, bir də ərinə baxır. "Bu vedrə də, yəqin qəbirlərə su tökmək üçündür", - deyə ürəyində fikirləşir, əti ürpəşir, ayağa durub, bir vedrəyə, bir də başdaşılarına baxır, yarıuçuq qəbirlərə göz gəzdirir, vahimələnir. Sanki yuxu görür. Ancaq yuxu olmadığını da bilir. Yəqin başına gün vurub, ondandır. Narazılığı üz-gözündən tökülür və hərdən də içini çəkib soruşur:
- Tapmadın?
O da özünü eşitməzliyə vurur. "Ay sənin! Buna bax da!.." - deyinir.
Suallar təkrarlananda qumbara kimi partlayır, əlini yelləyir, ağzından bircə söz çıxır:
- Eeehhh!..
Amma arvadı əl çəkmir. Gün vurub-nədi, elə hey, dayanmadan soruşur:
- Tapmadın?!
Hər şeyə dözərdi, bircə arvadının bu narazı baxışları və sualları olmasaydı. "Ay sənin dədənin kəlləsini, var-yoxunu..." - ürəyində söyür. Söyüşün biri bir qəpik.
Ay dədə vay, belə də iş olar?! Özü öz əli ilə qəbri qazmadımı? Qazdı! Dədəsinin meyidini bura dığırlatmadımı? Dığırlatdı! Sözə bax e! Yandığından deyir. Bəs indi hanı? "Əşi, nə bilim, hanı!? Cərə olsun, cəhənnəmə olsun!"
- Tapmadın? - Arvadı bu dəfə soruşmadı inildədi. Çünki bu sualı verməkdən yorulmuşdu.
Bu dəfə, nədənsə, çığırıb-eləmədi, eləcə mızıldandı:
- Yox, amma burdaydı, burda olmalıydı. Bax, burda!
Axtarış davam edir. Arvadının gözləri ora-bura döyükən, qəbirlərin başına fırlanan ərini müşayiət edir:
- Axtar, axtar, taparsan. Ay tapdın, hay!
Arvadı, sanki onu hirsləndirmək üçün deyir. Heç belə olmasa da, o belə başa düşür.
- Bu sahat səni! - arvadına tərəf bir-iki addım atır, ac və qəzəbli canavar kimi dişlərini qıcadır. İşə bax, köpək dişləri də canavarınkına oxşayır, amma bir az əyridi...
Arvadı durduğu yerdəcə dik atılır. Qorxusundan dalı-dalı gedir. Ayağı nəyəsə ilişir, səndirləyir, amma yıxılmır.
Yenə də söyür, dədəsinin goruna, arvadının var-yoxuna, cəmi əqrəbasına, yeddiarxa dönəninə...
Arvadı öyrəncəlidi. Ona görə də ürəyində ona qaramat atır, söyür, bir müddət dinmir, sual da vermir. Neyləsin? Dəlinin əlində qalıb da!
Üzü çopur-çopur, bədəni ayaqlarından uzun, başı dazdı. Qabaq dişləri yekə və əyridi. Yaxşı ki, siqaret çəkmir, yoxsa, sapsarı olardı. Ona görə yox ki, ürəyi istəmir, sadəcə, xəsislik edir, siqaretə pul verməyə qıymır. Əvvəllər siqaret çəkəndə ondan-bundan alardı, axırda hamı bezdi. "Xeyir ola, özün siqaret satırsan, amma çəkməyə qıymırsan!" O da siqaretin daşını atdı. Ona görə yox ki, bu məzəmmətlərdən utanırdı, sadəcə, siqaret almaq büdcəyə ziyan idi. Bir növ o, siqareti yox, siqaret onu tərgitdi.
"Bunun nəyinə ərə getdim, görən?!" - deyə arvadı dəfələrlə özünə verdiyi sualı bir də verir. "Başlarından eləmək üçün. Qaçqınlıq idi də, neyləyəydilər?.."
Əri də, elə bil, onun ürəyindən keçənləri duyur, bir qədər sakitləşir və özü eşidəcəyi səslə, həm də təəccüblə deyir:
- Gedim o biri tərəflərə də baxım. Sən burda gözlə. Özün də az zırılda.
- Sən də az söyüş söy!
Elə bil himə bənd imiş. Yenidən kükrəyir:
- Kəs, az, zəhləmi tökmə! Dədənin kəlləsini!.. Söydürmə, söyməyim də!..
Onun ovqatı kardioqram dalğası kimi enib-qalxır.
Arvadı da sakitləşən kimi olur, büzüşür və inildəyir:
- Mən burda qala bilmərəm. Qorxuram.
- Nədən? Ölülərdən? Onlardan diri olarkən qorxmaq lazımdı. Öldü, getdi. Qurtardı! - Bilinmədi ki, bu sözləri öz-özünə deyir, yoxsa, arvadına? Bəlkə burda yatanlara eşitdirirdi?! Ya bəlkə özünə ürək-dirək verirdi?..
Qəbiristanlığın o biri başına tərəf getdi, bir də baxdı ki, arvadı da dalınca gəlir. Əlini yellədi. "Cəhənnəmə gəl. Yel əsib-qoz tökülüb burda! Özün gəlmək istədin də. Güd məni, güd, üzərriyimə qarovul çək. Guya, qəbiristanlığa özgə arvadla gələcəkdim! Axmağın biri axmaq! Bütün nəsliniz axmaqdır!"
Onu qınamaq da olmazdı. Qəbiristanlıq çox böyümüşdü. Ötən 29 ildə bura bir dəfə də olsun, baş çəkməmişdi. Ona görə də axtardığını tapa bilmirdi. Özü belə fikirləşirdi, özünə bəraət qazandırırdı. Bu boyda da qəbiristanlıq olar!?
Düz 29 il əvvəl, yəni qaçaqaç düşəndən bir il sonra atası müvəqqəti yerləşdikləri tələbə yataqxanasında ölmüşdü. Yurd dərdi onu öldürmüşdü. Qaçqınlıqda ölənlərin hamısına - yaşından asılı olmayaraq - "yurd, el-oba dərdi öldürdü yazığı", deyirdilər. O da "dədəm yurdumuza yaxın olsun", - deyib cənazəni, el arasında "murovey" deyilən motorollerinə qoymuş, kəndlərinə yaxın rayonların birinə aparmış və ordakı qəbiristanlıqda basdırmışdı. Cəbhə bölgəsinə giriş qadağan olunduğundan post-patrul polisi: "Nə aparırsınız?" soruşmuş, o isə: "şəhid aparırıq" cavabını vermişdi. Həyasızlığa bax e! Amma bu ötən illərdə bir dəfə də olsun, bura ayaq basmamışdı. Gün-güzəran yaratmaq üçün dəridən-qabıqdan çıxmış, "bakkuş", saqqız, siqaret alverindən başlamış, qatıq-süd satmağa qədər bütün yolları keçmiş, əlində maya tutandan sonra başdaşı sexləri şəbəkəsini qurmağa nail olmuşdu...
İşin tərsliyinə bax ki, atasına başdaşı da qoydurmağa macal tapmamışdı. Yurdları erməni işğalından azad olunandan sonra fikirləşmişdi ki, kişinin qəbrini tapsın və ona bu xoş müjdəni versin. Özü də bu xəbəri elə çatdırsın ki, o dünyanın sakinləri də xəbər tutsun və elə bilsinlər ki, torpaqları işğaldan o özü azad edib. Eşitmişdi ki, yurdları, kənd-kəsəkləri azad olunanlar qəbiristanlığa gedir və əzizlərinə yeni başdaşı qoydururlar. Çünki yağılar (ermənilər) qəbirləri goreşən kimi dağıtmışdılar. "Müsəlmanlar qızılı çox sevir, özlərinə qızıl diş qoydururlar!" məntiqiylə hərəkət eləmişdilər...
Birdən işdi-şayət, dostları ondan soruşsa, nə cavab verəcəkdi? Toy-düyündə təşər-təşər gəzən, var-dövlətdən, ar-namusdan ağızdolusu danışan bu yekəqarın, pullu, amma xəsis dazbaş nə cavab verəcəkdi? Son sözləri çoxlarından eşitmişdi, amma bilmirdi ki, onu nəzərdə tuturlar, ya yox. Hər halda, bu obraz ona tanış idi. Deyəcəkdilər ki, özünün başdaşı sexləri olsa da, atasına niyə başdaşı qoymayıb? Deməzdilər? Deyərdilər, lap canını da alardılar. Əslində, dostlarının, tanış-bilişlərinin tənələrindən də qorxmurdu. Sadəcə, gecələr yatanda fikirləşirdi ki, olmadı belə, oldu elə, birdən o dünya olsa və o da dədəsini orda görsə, nə cavab verəcək? Deməyəcəkmi ki, ay köpəyoğlu, ay qancığın qarnından çıxan, çobanlıqla səni böyütdüm, əlini çörəyə çatdırdım, pulun dərdindən məni şəhərdə yox, tanınmaz-bilinməz bir yerə gətirib atdın, bir dəfə də olsun qəbrimin üstünə gəlmədin, başdaşı qoydurmadın, Quran oxutmadın!? Yurd azad olunan kimi, başqaları dədə-nənəsinə başdaşı qoydurdu. Amma mənim qəbrim azadlıqda ola-ola, sən qoydurmadın!? Deyər, niyə deməz ki?
İşə bax: atasına başdaşı qoydurmaq istəyir, özü də başı daşlı gəzir.
Son zamanlar Quran oxumağa girişmiş, mollalara, dindarlara o dünyanın olub-olmaması barədə çox suallar vermiş, nəhayət, axirətə inanmağa başlamışdı...
Gəzib yoruldular. Bir sinədaşının üstündə oturdular.
- Vaxtında bir başdaşına qıysaydın, indi tapardın! - Bunu da arvadı qorxa-qorxa dedi.
- Sən də zəhləmi tökmə! - deyə arvadına çəmkirdi. - Vaxt elədim ki!
- Vaxt yox, pul eləmədin! Cibindən bir qəpiyin çıxsa, canın çıxar, - arvadı yanpörtü cavab verdi. Odey, qardaşlarım kişini də, arvadı da şəhərdə basdırdılar, özü də kasıb canlarıynan. Yaxında basdırdılar ki, heç olmasa, hərdənbir baş çəksinlər, qəbirlərinin üstündə Quran oxutsunlar. Sənsə bu günün istisində məni gətirib soxmusan ölülərin içinə.
- Mən gətirdim səni!? Özün gəlmədin?! Gəzməyin tutmuşdu, gəzdin də! Di hı! Get, rədd ol, otur maşında!
- Maşın sərindi ki? Kondisioneri də yandırmağa qoymursan. Xəsis!
- Hardan biliydim ki, qəbiristanlıq bu qədər böyüyəcək?! Həm də fikirləşdim ki, kəndə yaxın olsun da!.. Mən bilən, bax oraydı. Odey, o uçuq qəbir olar, bəlkə, - sanki özü-özünə dedi.
- Burda uçuq qəbir çoxdu, - arvadının sakitləşmək fikri yox idi, deyəsən.
- Dur, rədd ol da! - deyə arvadını itələdi.
Arvadı dalı üstə yıxıldı, toppuş ayaqları göyə qalxdı. "Dəli şeytan deyir, elə bunu burdaca!" Amma dəli şeytanın sözünə baxmamaq üçün bircə kəlməylə kifayətləndi:
- Cəhənnəm ol dedim.
Arvadı ayağa durub, üst-başını təmizləyə-təmizləyə maşına tərəf getdi. Əyilib baldırına batan yağtikanını çıxardı. Bir az uzaqlaşandan sonra geri dönüb, ərinin arxasınca bir "alley" də verdi.
- Qəhbələrdən başın açıldı ki, qudurmuş köpəyoğlu...
Arvadının bu hərəkətini görmədi, amma bəsirət gözü ilə anladı ki, arvadı onun haqqında heç də yaxşı düşünmür. Ürəyindən keçdi ki, bu hay-hayı keçmiş arvadından elə buradaca yaxa qurtarsın. Uçuq qəbirlərin içinə atıb, üstünü də basdırsın, özü də diri-diri. Özü yaşlansa da, çox xanımların onda gözü vardı, daha doğrusu, pulunda...
Telefonuna zəng gəldi. Danışan işçisiydi. Başdaşını gətirirdilər.
- Müdir, siz deyən kəndə yaxınlaşırıq, hara gələk?
Nə cavab verəcəyini bilmədi. Nə desin? "Cəhənnəmə-gora gətirin!" desin? Necə desin ki, atasının qəbrini tapa bilmir. Bəs deməzdilərmi ki, bu 29 ildə niyə bir dəfə də olsun atanın qəbrinə baş çəkməmisən? Deyərdilər.
Onsuz da gözü bayaqdan uçuq bir qəbri almışdı. Bu oydu, ya o deyildi, əhəmiyyəti yox idi. Ona görə də:
- Hara gətirəcəksiniz?! Qəbiristanlığa! Yox bir Fəxri Xiyabana! Qəbiristanlıq yolun sağındadır, - əsəbi halda dedi və bayaq gözü aldığı uçuq qəbrin yanına gəldi.
Mərasim maşını çala-çuxurda atılıb düşə-düşə onun dediyi yerə gəldi. Qorxdu ki, başdaşı bu çala-çuxurda qırıla bilər, amma gec idi, aralıdan çığırsaydı da, eşitməyəcəkdilər.
İncəvardan başdaşına heç nə olmamışdı.
- Bax buradır, - dedi, - bura qoyun.
Elə inamla dedi ki, özü də dediklərinə inandı.
İşçiləri onun dediyi kimi elədilər, palçıq qatıb, pilətə döşəyib qəbrin üstünü örtdülər, sinədaşını uzatdılar, elə bil, dədəsini uzadırdılar...
Arvadı maşından heç düşmədi də. Çantasından ətir çıxarıb, tikan batan yerin qanını təmizlədi.
O da başdaşını çək-çevir edənlərə baxır, ürəyində fikirləşirdi ki, bu da kimsəsiz bir qəbirdir. Yəqin, onun da övladları əzizlərini yaddan çıxarıblar...
Atasının başdaşı şəkli yaxşı çıxmışdı. Aralıdan ədalı-ədalı və gülümsəyə-gülümsəyə oğluna baxırdı. Bəlkə də ona elə gəldi. Atasının belə şəkli yox idi, axı! Hər nəydisə, bu baxışdan çaşdı. Başdaşı qoydurduğuna görə, deyəsən, peşman da oldu. Dünya-aləm atasının vecinə deyildi.
- Ay sənin!..
Oktyabr, 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!