Sarı ipək şərf - Novruz NƏCƏFOĞLU

İnsan iki dəfə uşaq olur, - deyirlər. Bir elə dünyaya gəlib körpə, uşaq olanda, bir də qocalanda...

 

***

...Yenə onu bağlı qapı qarşıladı, asma kilidli xonçalı taxta qapı. Kilidi açıb qapını araladı, içəri keçdi.  

Qapı-pəncərəsi gün ərzində bağlı qaldığından otağın havası ağırlaşmışdı. Asta addımlarla yeriyib pəncərəyə yaxınlaşdı, qalın pərdəni çəkib kənara itələdi, nəfəsliyi açdı.

Salonun divarları boyunca düzülmüş rəsmləri bir-bir gözdən keçirdi. Sütunlarının dibinə yemişan kolu pərçimlənmiş, gövdəsini böyürtkən sarmış, zirvəsi günəşə boylanan məğrur Qala; bu da kollardan çay yığan qızlar, köhnə koma...

Bu rəsmin önündə dayandı... 

 

***

Qəribə, çox maraqlı, həm də təzad dolu bir təsvirdir. Kişi başında şlyapa, boynunda da ağ köynək, üstündən köynəyə uyğun taxılmış qalstuk, sağ əli ilə alnından ənsəsinəcən ağappaq sıyırma bir qaşqa kəhər atın boynunu qucaqlayıb. At sıyırma qaşqadırsa, deməli, ən azı ayaqlarından biri səkildir. Çuxura düşmüş, gecənin ayazından, gündüzun istisindən kölgələnmiş gicgahlar illərin ötən yaxşı-yamanından soraq verir. Gözlər isə diridir, dipdiri, dumduru... Tablodakı gicgahların o nisgilli halını aydın, diri baxışlar ört-basdır edir, qalır bircə qalstuk...

Əl-üzünə su vurmağı sonraya saxladı. Birbaşa küncdəki guşəyə, əlindəki işdən ayrıla bilməyib evə dönməyi unudanda, elə salonda gecələdiyi vaxtlarda, ya da gün ərzində məişət qayğılarını tamamlayandan sonra "istirahət guşəsi" adlandırdığı otağa yaxınlaşdı. Yeyəcək tədarükünü qabağa çəkməliydi, yoxsa, son vaxtlar "qırmızı xətt"ə yetişən "şəkər" adlayıb irəli keçər, ona zəhər qusdurardı. 

O, "müsamirənin televiziya ilə yayımı başlayana qədər bu zəruri ehtiyaclarımı bitirə bilsəydim", - deyə öz-özünə mızıldandı. Onu düşündü, könül dostunu. İlk dəfəydi belə uzaq diyara, uzun səfərə çıxırdı. Müsamirə nə az, nə çox, iki həftə sürəcəkdi.

Bu gün isə onun da qatıldığı müsamirənin neçənci günüydü, hesablamağa, ötən vaxtı dəqiqləşdirməyə çalışdı. Televizoru elektrik xəttinə qoşub pultu da yanına qoydu. Verilişi televiziya ilə izləyəcəkdi. İzləməliydi, o müsamirənin uğurlu bitməsini arzuladığı qədər də gedişini, həyəcanını, bəlkə elə onun özündən artıq yaşayırdı... Darıxdı, əlindəki işi bir kənara qoyub yadına düşən xatirələrinə tərəf boylandı, səfərqabağı görüşlərini yadına saldı.

...Danışdıqca elə hey sağ əlinin baş barmağı ilə saçını qulağının ardına xəfifcə itələyirdi. Elə çöhrəsinin hər əzası kimi o açıq qalan qulağı da gözəldir, biçimlidir, - deyə düşündü. 

Rəssama bax ee, - düşünür, gülümsünür, qoca ki qoca. Sanki kimsə kənardan baxıb dodağının qaçdığını gördü, yəqin üzü də qızardı. Çiyinlərini qaldırır, nə görən var, nə bilən, çay qəfədanıdır, sobanın üstündə şaqqanaq çəkir, dimdiyi də yuxarı qalxıb-enir, elə bil əl çalır.

- Qismətinizə düşüb, gedin, həm də gəzin, bir yer görün, belə müsamirələr hələ çox olacaq... Onun yaraşıqlı çöhrəsini diqqətlə süzür, davamlı baxırdı. O isə susur, dinib-danışmırdı. Üzünün cizgiləri tərpənmirdi, deməli, sözü hələ hədəfə dəyməmişdi, davam edib: - Adam belə fürsəti əldən verməz, eşidən-bilən nə deyər, kimsə bu "getmirəm"i başa düşməz, - gedin, sevinə-sevinə, uça-uça gedin, heç bir izahata da daha yer yoxdur, - deyə təkid edir, onu inandırmağa çalışırdı. 

Axır ki, başını qaldırıb, şirin-şirin gülümsündü: - Nə bilim, - deyib nəzərlərini kənara çevirib baxışlarını gizlətməyə çalışdı. 

Qoca ürəklənmişdi. Deyəsən, yumşalır, məqsədimə, onu inandırmağa nail oluram, inandırmışam, gedəcək, - deyə özlüyündə sevinmişdi. İndi isə geri dönməsinin, həm də qalib qayıtmasının intizarını çəkirdi.

Ürəyi darıxır, könlü heç açılmırdı. Aradan beşcə gün ötmüşdü. 

Gözləri yol çəkdi, düşüncələri yenə haçalandı. Ötən o gün, ogünkü yaşantılar bir lent yazısı kimi anbaan xatirəsində canlandı.

...Ona "sizi nə iləsə təəccübləndirmək çətindir", - demişdi. Köks ötürmüşdü, yəqin ki, çox dəqiq demişdi.

 

***

Emalatxananın səssiz, sanki sükuta dalmış gen-geniş həyətində qoşa addımlayır, dinib-danışmırdılar. Gül kolları ilə çevrələnmiş cığırla bağçaya yaxınlaşdılar. O, ətrafa nəzər salıb çiyni üstdən qocaya sarı döndü:

- Nə yaxşı bağdır, səliqəlidir, - sonra da, - ağacların üstündə meyvələr də var, - dedi.

Qoca rəssam uşaq kimi udquna-udquna:

- Hə, elədir, hər meyvədən var. Başını qaldırıb üzünə baxdı, gülümsəyirdi. Ona çox yaraşan gülümsər çöhrəsində qeyri-adi təravət verən xəfif bir utancaqlıq da sezilirdi. Bu halı qocanı məmnun etdiyi qədər də hərəkətlərində çox diqqətli olmaq, davranışında ölçü-biçini gözləmək məsuliyyətini daha da gücləndirirdi... 

İndi o görüşü xatırladıqca hər şey olduğu kimi yadına düşür, özünü məzəmmət də edirdi.

Elə salonun girişindəki yan otağın açıq qapısından içəri ani bir nəzər salıb, - sizin rəsmlərinizdir? Rənglər nə qədər əlvandır, bu salona yəqin heç işıq lazım deyil, - sözünə davam edib: - Belə zəngin fond həm də öz əsərlərinizi çox sevdiyinizdən, ayrılmaq istəmədiyinizdən soraq verir, - dedi və rəsmlərə baxa-baxa salondan ötüb baş tərəfdəki yazı stoluna yaxınlaşdı. - Burada rahat işləmək olar, - dedi, sonra da molbertin üstünə atılmış bəyaz örtüyə toxunub işə işarə edərək: - nə çəkirsiziniz? - soruşdu.

Qoca rəssam lap yaxına gəlib örtüyü qaldırdı, - baxın, - dedi.

Gənc rəssam heyrətlə:

- Bu ki mənim əsərimdir, sərgiyə göndərmişdim, "bəyənilib, satılıb" demişdilər, deməli, mənim sevincimə səbəb olan o adam sizmişsiniz, - deyib, məmnun-məmnun qoca rəssama baxdı.

Alnının ortasından başmaqlarının ucunacan göy qurşağına bürünmüş qadın təsviri.

Bu, onun əsəri idi, ruhunun əkizi saydığı, gənc rəssamın, "Real həyat və fantastik dünya" peyzajı. Əlbəttə ki, əslində belə deyildi, əsər tamamlanmışdı, ancaq baxana elə gələ bilərdi ki, bəlkə də bu yarımçıq rəsmi tamamlamağa elə özü də əl yetirməlidir. "Abstrakt düşüncənin təfəkkür meydanı".

Gənc rəssam molbertdəki yarımçıq işə toxunmaq istədi. 

- Köhnə işdir, lap köhnə, "Məryəmin intiqamı", bu o qədər də maraqlı deyil, - deyə onu qabaqlayıb rəsmi əlinə alaraq bir kənara itələdi. O da daha rəsmlərə baxmadı, geri dönüb bağçaya baxan pəncərənin önünə gəldi. 

İndi xatırladıqca düşünürdü ki, molbertin önündə oturub qeydlərinə baxmağı niyə ondan istəmədi. İndi düşünürdü ki, yəqin baxmaq istədiyi yarımçıq işi, onu qabaqlayıb alıb kənara qoymağı, bəlkə də xətrinə dəymişdi, ya da ayrı bir şey düşünmüşdü. Ancaq daha olan olmuş, keçən keçmişdi. İndi bunları niyə düşünür, xatırlayırdı, çünki onun hüzurunu qaçıran o hərəkətindən, davranışından narazıydı.

***

Duruxdu, qəfədan hələ zümzümə edirdi, "şaqqanaq" çəkməsinə bir az vardı. 

Yerindən qalxdı, - əşi, nə çəkələk, nə qaloş, ikicə addımdır, - deyib yerindən qalxdı, elə ayaqyalın yerə salınmış kilimin üstü ilə irəli yeriyib sobanın önünə çatdı, piltənin düyməsini sıxıb odu söndürdü. Qəfədanın lüləsindən qalxan buxar divarı yalayır, sanki duman topasıydı, əlçimlənib, yamacla üzü yuxarı, yoxuşa cilvə ilə süzüb gedirdi...

Qayıdıb yenə qoltuğa çökdü, yerini rahatladı. Kiçik masanın üstünə səpələnmiş kağız-kuğuza bir də göz gəzdirdi. Adətinə uyğun yığcam süfrəsini salmaq üçün əlinin altındakı balaca "meydançanı" təmizləməli idi. Vərəqlərdən birini götürüb o birisinin üstünə qoydu, küncə itələdi. Daha birisinə əl atdı, rəngli karandaşla çəkdiyi cizgilər diqqətini cəlb elədi. Şəvə kimi qapqara saçları qulağının arxasından sağ çiyninə tərəf tellənmiş bir "mələk" ona baxırdı. Sinəsi qabardı. Onu, yolunu səbirsizliklə gözlədiyi könül dostunu elə bu görkəmində çəkəcəkdi. Elə beləcə, çiyinlərindən sinəsinə doğru havalanıb süzən ipək qumaşda, rəngli boyalarla kətanın üstündə, vaxt-bivaxt görüşüb şirin-şirin söhbət etdiyi, əslində hər görüşü bir həyat hekayəsi olan, indi özü kimi qoca, naxışlı taxtaları küskün-küskün baxan emalatxanasında...

Bu onun neçənci əsəri olacaqdı, sayını xatırlaya bilmirdi. Ancaq içində bir səs ona bu tablonun ötən uzun ömründə daim axtardığı, nəhayət, sonunda tapdığı, yaradıcılığının zirvəsi və bəlkə də elə son nidası olacağını, ürəyində öz-özünə pıçıldayırdı... 

 

***

İnsan iki dəfə uşaq olur, - deyirlər. Bir elə dünyaya gələndən sonra, uşaq yaşlarında, bir də yaş üstünə yaş gəlib qocalanda...

Rəngləri çox sevmişdi, - yaşılı, sarını, qırmızını, bir sözlə, yaranışın bütün rənglərini. Çiy kərpiclə hörülüb palçıqla suvanan, buxarıdan çıxan ələnmış küllə ağardılan evlərinin arxa divarına bir ağac rəsmi də çəkmişdi, iri, lap hündür bir Çinar ağacının rəsmini. Həm də hələ onda nə boya bilirdi, nə də fırça, heç qara karandaşı, rəngli qələmləri də yox idi. Ocaqda yanmış odunun kömürü ilə evlərinin arxa divarında çəkdiyi o ağac rəsminə görə atasının qınağına gəlmiş: - Ev-eşiyin yan-yörəsini pis günə qoymusan, - deyə cəza olaraq sağ qulağını ikicə barmağı ilə tutub sıxdığı yerin ağrısı indi də yadına düşəndə elə həmin o andakı kimi sızıldayırdı... 

İndi isə nə lazımsa, hər şeyi var. Rəng də, kətan da, hətta gen-geniş olmasa da, babat rəsm salonu, rahatca işləmək üçün münasib emalatxanası da. Çəkdiyi tablolar, əl-əl, el-el, diyar-diyar gəzib dolaşıb. Fəqət, daha yorğundur, dizləri, biləkləri yavaş-yavaş girdən düşür. 

 

***

...Neçə gün idi ki, anasının: - Oğlum, qorxma, qaçma, atan acıqlansa da, sənə qıymaz, incitməz, gəl qardaşlarının yanına. İndi, bax indi də uşaqlığın ahıllığını, yox, yox, ahıllığın uşaqlığını yaşayır... Bacılarına qarış, yerində yat, - desə də "qoca uşaq" ehtiyat edir, günü-gündüzü evdə, həyət-bacada dolaşır, atasının sorağını alan kimi gözdən itir, ailənin keçinəcəyinin toplanıb saxlandığı əl yerinə, olacağa, özü üçün qurduğu daldalanacağa çəkilirdi. Gözdən uzaq durmaq üçün seçdiyi bu hücrə həm də ona görə çox romantik idi. Döşək əvəzinə saman dolu kisəni yastılayıb altına sərmişdi. Başını da dəsdələyib tikandan, çöpdən arıtdığı bir koma otun üstünə qoyurdu. Qurudulub aşılanmış qoç dərisi də tapmışdı. Onu da uzananda sinəsinin üstünə çəkirdi. Darısqal olsa da, bura ona görə əsl saray idi, ona aid olan, ona məxsus saray.

Buğda dolu toxunma çuvalların arxasında gizləndiyi yerdən, sığınacağından başını qaldırıb ətrafa dinşək kəsildi. Bir neçə dəqiqə beləcə qalıb yan-yörəsinə döyükdü. Səs-səmir gəlmirdi, sakitlikdi, atası evdə olsaydı, hay-harayı indiyəcən həyət-bacanı başına götürmüşdü, deməli, kişi erkəndən çıxıb harasa getmişdi. Arxayınlaşdı, buğda dolu çuvalların üstündən tullanıb balaca otağın qapısının ağzındakı elə iki ayağının güclə yerləşdiyi darısqal meydançaya düşdü. Qapının ağzındakı un kisəsinin ağzı açıq qalmışdı, deməli, səhər açılar-açılmaz, anası xəmir yoğurmaq, ya sıyıq, ya da elə umac bişirmək üçün gəlib un götürmüşdü. Burnuna isti fətirin qoxusu gəldi, canı qızındı. Otağın qapısını itələyib astaca araladı. Əvvəlcə başını qapıdan uzadıb ətrafı yaxşıca nəzərdən keçirdi, qulaq verdi, atasının evdə olmadığından bir daha əmin olandan sonra ayaqlarını da yerdən üzüb otaqdan çölə adladı. 

İkicə sıçrayışla həyəti ötüb keçib eyvana çatdı. Özündən kiçik bacı-qardaşlarının yanına yetişib anasının səliqə ilə yerdən sərdiyi, tən ortasında da şorba dolu qazan buğlanan süfrənin kənarında oturub yerini rahatladı. 

 

***

Uzaqdan atasının evlərinin arxasındakı yamacın döşündən keçən cığırla həyətə doğru gəldiyini gördü. Kişinin ötənlərdə elə divarları boyadığına görə ikicə barmağı ilə sıxdığı sağ qulağı sızıldadı. Atası elə uzaqdan: - oğlum, qaçma, bir gör hələ sənə nə almışam, - deyib, əlini uzadıb çiynindən asdığı xurcunun ön tərəfdəki cibinə işarə elədi. 

Yamanca yaxalanmışdı, daha qaçacaq yeri yox idi, atası da onu beləcə uzaqdan oxşayıb hələ bir hədiyyə ilə də müjdələməyi onu ümidləndirirdi. 

Atası gəlib yetişdi, başını hələ də aşağı salıb dayanmış oğlunun qarşısında durdu, sol əli ilə uşağın çənəsindən tutub yuxarı qaldırdı, sonra da çiyinlərindən yapışıb özünə tərəf çəkib qucaqladı. Belini dikəldib oğlunun üzünə baxdı. 

- Şəkil çəkmək istəyirsən? - deyə soruşdu. Əhmədin üz-gözü alışıb-yanırdı, həyəcanlı idi, qorxusu hələ də ötüb keçməmişdi, ancaq cavab verməliydi, həm də düzünü deməliydi. 

- Hə, dədə, çəkmək istəyirəm, - dedi. 

Atası: 

- Yaxşı eləyirsən, oğlum, ancaq daha bundan belə evin-eşiyin divarlarını boyama. Bax, gör bir sənə nə almışam?! - deyib xurcunun ön tərəfindəki qoltuğundan qalın rəsm dəftəri və bir qalaq rəngli qələm çıxarıb ona uzatdı. Sonra da əlini salıb xurcunun o biri qoltuğundan bir sıxım noğul çıxarıb oğlanın pencəyinin yan cibinə boşaltdı...

 

***

...Bu da uşaqlığın ahıllığı, yox, yox, ahıllığın uşaqlığı...

Çəkməliydi, nə zamandı xəyalında canlandırıb o mənzərəni, o anı... Mütləq çəkməliydi. "Birdən çatdırmaram, nisgilim məzarımı yandırar", - deyə hərdən düşünür, az qala xoflanırdı. 

 

***

Darısqal cığırla başını aşağı salıb ləngərlə yeriyirdi. Xəyalı isə rəsm emalatxanasında, yaradacağı tabloda qalmışdı.

***

Qoca rəssam şəhərin darısqal küçələrinin adamlarla dolu, gediş-gəlişin çox olduğu bu yerini tez ötüb keçmək, sakit bir məcraya çıxmaq uçün dizlərinə güc vurub addımlarını yeyinlətməyə çalışırdı. 

Bazarın bu başından girib, o başından çıxmışdı. Demək olar ki, hər köşə-bucağını gəzib-dolaşmışdı. Parça axtarırdı, ipək parça... Baxdığı parçaların heç biri ürəyincə olmamışdı. Artıq qərara gəlmişdi; gəzməkdən bir şey çıxmaz, - deyib daha fərqinə varmadan ilk rastına çıxan paltar-parça satandan gördüyünü alacaqdı. Elə bu düşüncələr içində də aram-aram yeriyirdi. Gəliş-gedişin sıx olduğu yerdə, yol kənarında uşaq pal-paltarı satan bir qadının boynuna saldığı sarı ipək şərf diqqətini çəkdi. Qadına yaxınlaşdı. Qadın yerindən ayağa qalxmaq istədi. Ancaq yəqin ki, buna məcbur olmadığını düşünüb oturduğu yerdə yayxanıb yerindən tərpənmədi. Əli ilə satdığı malları göstərirmiş kimi bir vəziyyət aldı, kişinin verəcəyi sualı gözlədi. Kişi nə qadına, nə də pərakəndə halda yan-yörəyə səpələnmiş mallara baxırdı, diqqəti qadının boynundakı bağlanmaqdan bəzi yerlərinə qırış düşmüş ipək şərfdəydi. Şərf sanki rənglər çələngi idi. Bu ipək şərfin üzərindəki naxışlar olduqca şəffaf və canlı idi.

Qadın yenə də nəsə yerində qurcuxdu, yəqin ki, boynunda-boğazında gəzən kişi baxışlarını həssas qadın fəhmi ilə duymuşdu. Şərf qadının boynundan sürüşdü, qanadlanıb kənara düşəcəkdi ki, kişi əl atıb onu havadaca tutdu. Şərfi sinəsinə sıxıb öpüb qoxlamaqdan özünü güclə saxladı. Əlindəki şərfi qadına uzadıb: - Buyurun, - dedi. Qadın şərfi alıb boynuna atdı, uclarını da sinəsi üstə çarpazlayıb saçaqlarını sığallaya-sığallaya, qocanı süzüb soyuq-soyuq gülümsündü. Kişidəki qeyri-adilik, bazar əhlinin az-az rastlaşdığı fərqli davranış, incə, ağayana rəftar, görünür, onu təsirləndirmişdi. Kök qadın axır ki, təkan verib yerindən qalxdı, kətan donunun ətəyini dartıb düzəltdi.

- Bir istədiyiniz varmı? - deyə kişini bir də başdan ayağa süzüb soruşdu. 

- Bu şərfi satarsınızmı? - deyə kişi barmağını qadına tərəf uzadıb boynundakı şərfə işarə elədi.

- Bu şərfi? Bu ki, lap köhnəlib... Nəyinizə gərəkdi bu nimdaş şərf? - deyərək qadın təəccübləndiyini gizlətmədi.

- Gərəyimdi, köhnə olduğunu mən də görürəm. Ancaq almaq istəyirəm, onu satın mənə, xahiş edirəm, - deyə qoca ehtiramla qadını razı salmağa çalışdı.

Qadın nə deyəcəyini bilməyib kəkələdi, nəzərlərini satmaq üçün qarşısındakı pal-paltara dikdi. Qoca rəssam qadının qırımını anlamışdı. Qadının, bəlkə də bugünkü ən böyük arzusunu yerinə yetirmək gücündə olduğunu bildirmək qərarına gəldi. 

- Bütün bu paltarların qiyməti nə qədər edir? - deyə soruşdu. 

- Bütün bunlarımı deyirsiniz? - Qadın eşitdiyini dəqiqləşdirmək üçün bir də soruşdu.

- Bəli, bütün bunları, hamısının pulunu ödəyirəm, əlbəttə ki, çiyninizə atdığınız o şərfin müqabilində.

Nəhayət, qoca rəssamın alveri baş tutmuşdu, qadının dediyi məbləği ödəyəndən sonra şərfi alıb köksünə sıxdı, yola düzəldi. Satıcı qadın kişinin ardınca səslənib: - Dayanın, ay kişi, aldığınız o biri mallar qaldı ki, bəs bunları da yığışdırın, aparın, - desə də qoca heç dönüb geriyə də baxmadı, o artıq çoxdan bazardakı adamların arasına qarışıb gözdən itmişdi.

Qoca rəssam yol gedir və getdikcə də düşündükləri onda xoş və həyəcanlı hisslər yaradırdı. Hər yeni əsərinin üzərində işləməyə başlayanda olduğu kimi, yenə də ürəyi atırdı. Bu dəfə isə əhvalı həm də bambaşqa idi.  

 

***

Nəhayət ki, emalatxanasında idi. Sulu boyaların tanış qoxusu canına hopdu. Masanın üstündə də, nə desən, vardı... Real həyat və qoca rəssamın fantastik dünyası. Fırçalarla dolu sandığı, palitra, yer-yerdən sanki üstünə gəlirdi. Rəngləri, suyu, fırçaları bir-bir götürüb baxır, tələsə-tələsə sağa-sola yerlərini dəyişirdi. Vaxt keçdikcə ürəyi şiddətlə vurur, həyəcandan bədəni süstləşirdi. Molbertdəki ağ kətanda süslənəcək rənglərin qoynunda xəyal dünyasındakı o könül dostunu qucaqlayıb nəvazişlə oxşayacaqdı.

Şərfi taxtın üstünə sərmişdi. Taxtın üstü göz qamaşdıran bəyaz parça ilə örtülmüşdü. Qoca rəssam kiçik, ancaq kifayət qədər hündür və əlverişli mexaniki hərəkət sistemi olan qoltuğa əyləşib, gah molbertə, bir azdan sinəsini fırçalayacağı kətana, gah da taxtın üzərinə sərilmiş sarı ipək şərfə baxırdı.

Qapı cırıldadı. Yerindən dik atıldı. Qapıya tərəf addımladı, cəftəni çəkib araladı, gələn yox idi, heç kim gözə dəymirdi, külək idi əsirdi. Qayıdıb yerində oturmaq istəyərkən susadığını hiss etdi. Küncə qoyduğu səhəngdən iri gil parçı doldurub başına çəkdi. "Yanırmışam ki" - öz-özünə mızıldandı... Yenə doldurub içdi. Şərfin istisi əlini yandıraraq bütün bədənini rənglərin alovuna bələmişdi. Taxtın üstünə əyilib onu götürdü. İndi bir əlində su dolu stəkan, o biri əlində od tutub yanan sarı ipək şərf...

 

***

Uzaq səfərdən geri dönüb. Hələ ki, onu görməmişdi. Ancaq nigarançılığı ötüb keçmişdi. Daha xiffət çəkmirdi. Axı daha əzizlərinin, onu sevənlərin yanındadır, - deyə toxdamışdı. İntizar isə sevənlərin qismətidir, yol gözləyənlər üçün hələm-hələm ötüb keçmir...

Nədənsə onun dönsə də, gəlməyəcəyini düşündü, keçib hərəkətli qoltuğa yayxandı. Daha molbert arxasında qəhrəmanını gözləyəcək halətdə deyildi. Bütün beyni ağır düşüncələrdən yorulmuş sakitliyə can atırdı. Şərfi elə oturduğu yerdə dizlərinin üstünə sərdi, stəkandakı suyu axıracan içməsə də, əlindən yerə qoymurdu. Qoltuğu hərəkət etdirərək pəncərənin önünə çəkdi.

 

***

...Qoca sinədolusu, dərindən nəfəs aldı, sol qolunun üstünə atdığı şərfi sağ əli ilə sol çiyni üstdən geriyə atıb o biri ucunu köksünə sıxdı, saçaqlarını sığalladı. Köks ötürüb: - eheyy, - deyə hayladı, boynu asta-asta çiyni üstə meyilləndi, gözlərini yumub sanki dərin bir yuxuya gedibmış kimi düşüb qaldı.... 

 

***

O idi. Məlahətli rəssam xanım. Müsamirədən dönmüşdü, hələ ayağının tozunu çırpmamış tələm-tələsik sevimli ustadının, mürşüdünün yanına, görüşünə tələsmişdi, fəqət!..

Gənc rəssamın əlində fırça, qarşısında isə üzü ənginliklərə tərəf açıq pəncərədən baxar kimi görünən bir tablo, rəsm vardı. Ağır, dərin, əbədi yuxuya getmiş, elə yatdığı yerdə də gülüşü dodağında donmuş, çiyninə saldığı nimdaş ipək şərfin saçaqları şana barmaqlarının arasında tellənən bir qocanın portreti...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!