Unutmağa kimsə var - Kamal ABDULLA

"Ədəbiyyat qəzeti"nin bu sayından etibarən Xalq yazıçısı, akademik Kamal Abdullanın yeni yazdığı  "Unutmağa kimsə var" adlı 

memuarını təqdim edirik.

 

 

Mənim Sizinlə söhbətim, Sizə demək istədiklərim təkcə bir adam ilə bağlı söhbət deyil. Həm də bu adamın həyat, ədəbiyyat, tarix, mədəniyyətlə bağlı düşüncələri, yaşadıqları barədə söhbətdir. Bəlkə də bu yazıları oxuduqca Siz balaca bir uşağın, sonra bir gəncin, daha sonra yaşlı bir adamın bioqrafiyası, həyat yolu ilə yanaşı, onun yaşadığı dövrün, zəmanənin, o illərin də hənirtisini duyacaqsınız. 50-ci, 60-cı, 70-ci, 80-ci 90-cı illərə, daha sonra gələn 2000-ci illərə qayıdacaqsınız, gördüklərinizi, yaşadıqlarınızı bir daha xatırlayacaq, bir daha yenidən o illərin energiyasını, Sizdə buraxdığı əks-sədasını hiss edəcəksiniz. Fiziklər deyir ki, kainatın yaranmasına səbəb sinqulyar nöqtənin partlayışı olmuşdur. Milyard illər bundan öncə baş vermiş bu Böyük Partlayışın əks-sədası indi də fəzada dolaşmaqdadır. Bu əks-sədanın hənirtisini tapan alimlərə bu gün Nobel mükafatı verilir. Buradan belə çıxır ki, deməli, bizim də təsəvvürümüzdə əvvəllər yaşadığımız illərin əks-sədası dolaşır. Onların bir daha təsəvvürümüzdə zühur etməsi qeyri-real deyil, mümkün olan bir haldır. Mən Sizinlə, əziz oxucu, belə bir zühur halından söz açmaq istəyirəm. Belə bir söhbət, əlbəttə ki, Böyük Partlayışdan üzü bəri gələn zamanı əhatə etməyəcək. Olsa-olsa, gözəgörünməz atom qədər kiçik bir zaman kəsiyindən söz gedə bilər.

Mənim maraqlı adam olduğumu deyənlər (belələri isə kifayət qədər çoxdurlar) gərək bir məsələni unutmasınlar. Mən həyatım boyu maraqlı adamların əhatəsində olmuşam ki, bu, belə olmuşdur. Nyutonun bu sözləri dərk etməyi bacaran uğurlular üçün qulaqda sırğa olmalıdır. O deyirdi: "Mən uzaqları onun üçün görə bildim ki, nəhənglərin çiyninə çıxmışdım." Mən də nəhənglərin çiyninə çıxmışdım. Onun üçün kiminsə istəməyindən, kiminsə istəməməyindən asılı olmayaraq ən azından maraqlı olmaq mənim alın yazıma çevrilib.   

 

Həyatda əldə edilən uğurların səbəbini Nyutonun bu sözlərindən daha aydın və daha mənalı şəkildə  ifadə eləmək, yəqin ki, mümkün deyil. Ümid edirəm ki, bu kitabda əgər oxucu uğurlu adam, yaxud adamlar tapacaqsa, ona, yaxud onlara Nyutonun müdriklik səviyyəsindən baxa biləcəkdir.

Həyatımın ən yaddaqalan günlərini müxtəlif yerlərdə keçirdim. Başqa ölkələri, başqa şəhərləri hələ demirəm. Uşaqlıq və ilk gənclik zamanı Bakıda, Naxçıvanda, Şuşada keçirdiyim gözəl günlər ən şirin xatirələrə çevrildi. O günlər gözümün qabağında indi də canlı kimi yaşaya bilirlər. Mən, elə bil, bu gündən ayrılıb o vaxta, o məhləyə, o uşaqlara, o əhvala bir daha qayıda bilirəm. 

 

Naxçıvanda babamın evi Hüseyn Cavidgilin evi ilə divarbir qonşuluqda idi. Onlar uzaq qohum, yaxın qonşu idilər. Bağçaları ayıran divarda balaca bir qapı da var idi. Gediş-gəliş təkcə küçədən deyil, bağçadan bağçaya olsun deyə.

Biz - 10-11 yaşlı uşaqlar yayda, qızmar günəşin amansız şüaları altında bir həyətdən o biri həyətə qaçar, gizlənpaçın bir hissəsini babam Məşədi Abdullanın bağçasında, o biri gizlənmək hissəsini isə Hüseyn Cavidgilin həyətində oynardıq. Gül-çiçəyin ətrindən, bolluğundan doymaq olmurdu. Baxdıqca baxırdın, yorulmurdun. Qızılgül kollarının arasında kənardan səni seçməyə bilərdilər. İllər keçdi, mən Hüseyn Cavidgilin bağçasında bitən qızılgüllərin ətrini bir daha heç bir yerdə ala bilmədim. O güllər qədər ürəkdən, arzu-kamla açan gülləri bir daha heç yerdə görmədim.

 

Şuşada babamın evinin qabağında açıqlıq var idi. Mən artıq yaşlanmışdım, 15 yaşım var idi və mənə elə gəlirdi ki, artıq sevə bilərəm. O açıqlıqda axşamlar qonşu həyətlərdən çıxan, dövrələmə oturub-durub bir-birilə bəzən qızğın, bəzən də tənbəl-tənbəl söhbət edən, mənimlə və digər məhlə uşaqları ilə həmyaş,  bəzənib-düzənmiş qarabuğdayı, gözəl qızların oğrun-oğrun baxan baxışlarındakı doğmalığı mən daha heç vaxt, heç yerdə görmədim.

Bakıda Mirzə Fətəli küçəsində qoşa tut ağacının altında köhnə əskiləri bir-birinə sıxıb-bağlayıb yumru top kimi bir şey düzəldərək biz - məktəb yaşı hələ çatmamış məhlə uşaqları bir-birimizi itələyə-itələyə, ciddi-cəhdlə üzbəüzdəki qapısı bağlı qalmayan darvazadan bu topu keçirməyə çalışardıq. Guya futbol oynardıq. Və biz topu qapıdan keçirəndə üzümüzdəki sevinci, ağzımızdan qopan bağırtını, qışqırığı unutmaq olarmı, olmaz. 

 

Həyatım boyu gücüm çatan qədər kağız üzərində qələmlə əsrarəngiz səyahətlərə çıxıb elə hey yazdım. Elmi əsərlər, dərs vəsaitləri, monoqrafiyalar, ədəbi-tənqidi məqalələr, rəylər, publisistika, qəzet köşələrinə yazılar, televiziya verilişləri, intervülər, şeirlər, tərcümələr, pyeslər, esselər, hekayələr, romanlar... Hər cümləyə, hər misraya mən ağrı və məşəqqətlə, eyni zamanda daxili bir rahatlıqla nail oldum. Çünki yazdığım hər söz ürəyimdən, beynimdən gəldi. Mənimki olmayan heç nəyə imzamı qoymadım. Bütün bunlar oldu. Və mən hər yazdığım kiçik, yaxud böyük mətndən sonra elə bildim ki, bir daha əlimə qələm ala bilməyəcəyəm. Mənimki, düşündüm, elə bura qədərmiş. Mənə elə gəldi ki, beynimdə, qəlbimdə nəyim vardısa, onu yazdığım son yazıya vermişəm. Sonra da özümü boşalmış çuval kimi hiss etdim. Amma yox. Belə deyilmiş. Hansısa bir gücün iradəsilə hər dəfə yazdığım son yazı sonuncu yazı olmurdu. Bir qədər keçirdi, mənə, elə bil, hardansa yenidən güc gəlirdi. Çuval təzədən öz-özünə dolurdu. Mən yenə də yazmağa başlaya bilirdim.

 

Yazmaq həvəsi göylərin bir inayətidir. Oxuduğum kitablardan gələn ideyalar, yuxuda gördüyüm, yaxud şahidi olduğum hadisələr, eşitdiyim əhvalatlar, tanıdığım adamlar beynimdə yazacağım mətnin sxeminə, bu sxemin işarətlərinə dönürdü. Xüsusilə də, kitablardan gələn energiyanı heç nə ilə əvəzləmək olmaz. Bəzən mübahisə edirlər ki, yazıçının formalaşdığı yer hara olmalıdır - kənd, yoxsa, şəhər? Başqa sözlə, bu fikri ümumiləşdirsək, belə ifadə eləmək olar: yazıçının vətəni haradır, kitab, yoxsa, həyatdır?! Yazıçı ədəbiyyata hardan gəlir - kitabdan, yoxsa, həyatdan?!

 

Bəziləri düşünür ki, yazıçının uşaqlıqdan başlayaraq çarıqlı, ya da yalın ayağı hökmən torpağa dəyməli, o, səhər obaşdandan burnunda təzək iyi duymalı, kənd həyatının bütün keşməkeşlərindən, zibilliklərindən keçməlidir. Kənd adamı kimi həyatın sərt üzünü görməli, torpağın şirəsini əllərində ovxalamalı, dumanlı havasını (əgər dağ kəndidisə) ciyərlərinə çəkməlidir. Belə deyilsə, şəhərdə asfalt üstündə yeriyib böyüyən adamdan, kitabı kitab dalınca oxuyandan sonra əlinə qələm alandan yazıçı olmaz. Yazıçı, daha doğrusu, əsl yazıçı ədəbiyyata kitabdan yox, həyatdan gəlməlidir. Bütün bu cəfəng söhbətlərə, bir sözlə, son qoymaq olar. 

Kənddə boya-başa çatan, kənd həyatının bütün incəliklərini bilən, folkloruna, etnoqrafik özəlliklərinə bələd olan bir adam kitabsız mühitə düşərsə, kitab tanımazsa,  hərfi hərfin yanına gətirib hər hansı bir mətn yarada bilərmi? Bu, qətiyyən, mümkün deyil. Mənim və yəqin ki, bütün dünyanın həqiqi ədəbiyyatsevərlərinin sevimli yazıçısı Xorxe Luis Borxes deyirdi ki, mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm. Mən də Borxesin dediyini təkrar edə bilərəm. Mən də bununla fəxr edirəm. Neçə-neçə sənət fədaisi də bununla fəxr edər.

 

Mənim əsas peşəm müəllimlikdir. Mənim ən yaxşı bacardığım iş budur - dərs demək. Bununla bağlı bir qədim deyimi, hətta özümə deviz seçmişəm. Bu, bir latın ibarəsidir: "Docendo discimus". Tərcüməsi belədir: öyrədərək öyrənirəm. Diqqətli oxucu, yəqin ki, fərqinə vardı.  Universitet müəlliminin bir vəzifəsinin adı da elə "dosent"dir, yəni, deyə bilərik ki, ilkin mənasında "öyrədən" sözü bu ibarədəki "docendo" sözündən yaranmışdır. Hələ qədim romalılar belə bir ibarəni yaradırkən artıq başa düşürdülər ki, öyrətmə prosesi birtərəfli ola bilməz. Müəllim öyrədirsə, o eyni zamanda öyrətdiyi adamdan həm də öyrənir. Bu proses öz əzəli anlamında ikitərəfli prosesdir. 

Öyrətmə prosesi zamanı həm də öyrənə bilən müəllim, mən belə hesab edirəm ki, xoşbəxt adamdır. Bu mənada, deyə bilərəm ki, mən xoşbəxt adamam. Çünki həmişə auditoriyada öyrətdiyim zaman özüm də auditoriyadakı tələbələrdən öyrənməyə cəhd etmişəm. Orası da var ki, öyrədə-öyrədə öyrənmək asan məsələ deyil, o, çox böyük bir bacarıq tələb edir. Bu, qürur duyulası və fəxr ediləsi bacarıqdır. Mən də həmişə dərs dediyim tələbələrimdən öyrənməyimlə həm qürur duymuşam, həm də onlarla fəxr etmişəm. 

 

Sual edilə bilər ki, necə olur ki, sən dərs deyə-deyə həm də öyrənirsən?! Tələbələrin də, öz növbəsində, dərs zamanı sənə dərsmi deyirlər?! Dərs dediyin adamdan eyni zamanda sən özün necə öyrənə bilərsən?! Bu mümkün ola bilərmi?!

 

Bu mümkün ola bilər! Vacib deyil ki, onlar da mənim onlara dediyim kimi mənə dərs desinlər. Mənim onlardan öyrənməyim tamam başqa müstəvidə baş verir. Mən necə və nədən öyrənmişəm?! Mən onların mənə qulaq asdıqları zaman özlərini unudub diqqətlərini tam şəkildə dediklərimə yönəldə biliblərsə, mən bundan öyrənmişəm. Belə məqam milçək uçsa, sanki təyyarə uçur kimidir. Təkcə qulaqları ilə deyil, gözləri ilə də qulaq asdıqları andan öyrənmişəm. Verdikləri suallardan öyrənmişəm. Mənimlə razılaşmadıqları və mübahisə etdikləri məsələdən öyrənmişəm. Və bu zaman özümçün aydınlaşdırmışam ki, öyrətdiyim hansı məsələnin təqdimatı tələbə üçün maraqlı, diqqətçəkəndir, hansı isə suallar doğurur. Bu bilik mənə özümün özümü korrektə etmək imkanı verib. Auditoriyada oturmuş tələbəndən öyrənməyin mənəvi vüsəti böyükdür. Adam rahatlayır, özünü quş kimi hiss edir. Sanki bir ailənin içinə düşürsən.

 

Hərdən mənə elə gəlir ki, oxucularımla da mən bir ailənin üzvləriyik. Və bu kitab mənim onlara ünvanlamaq istədiyim son müraciətdir. Bundan sonra başqa bir müraciət olmayacaq. Mənə elə gəlir ki, bu kitabda öz müəllimlərim, dostlarım, yaxınlarım, uzaqlarım barədə xatırlayıb yazdıqlarımın səmimiyyətinə mənim oxucum inanacaqdır. Doğrudan da, bu yazdıqlarımın hər səhifəsi, hər cümləsi həyatın ağrılı, sevincli günlərinə bükülmüş bir dərs kimidir. Hər epizodu, hər passajı, hər fəsli burada haqqında söhbət gedən adam, yaxud hadisə ilə bağlı bir dərs kimi qəbul edilə bilər. Oxucuma ünvanladığım dərslə yanaşı, eyni zamanda oxucumdan mənə ünvanlanan son dərs kimi qəbul edilə bilər. Məndən oxucuma, oxucumdan mənə ünvanlanan dərs kimi. Vəsiyyət kimi. Ömrüm boyu deyə bilməyib ürəyimdə saxladığım məhrəm hisslərin dünyaya gəlişi kimi qəbul edilə bilər. Nəhayət, mənim sənə, Əziz oxucu, bir hesabatım kimi qəbul edilə bilər. Mən bu hesabat dərslərini ürəyimin istəyilə hazırladım, ürəklə qələmə aldım. Sən də, əziz oxucu, inanıram ki, onu öz ürək genişliyinlə qəbul edəcəksən. 

Məni sevən vəfalı oxucum pərişan olmasın ki, mən burada "son dərs" ifadəsini işlətdim. Lirika həmişə öz sözünü deməyə can atır. Bu dərslərin son olmasına gəlincə, təskinlik olaraq onu deyim ki, elə indicə ağlıma bunu təkzib edən bir fikir gəldi: hər halda ömür vəfa etsə, deməyə yeni söz həmişə tapılacaq. Mən buna inanıram. Sonuncu dayanacağa hələ var. Son yox, sonuncu dayanacağa.

 

Bilirsənmi, Əziz oxucu, hansısa sonuncu anın gəlişini mən heç də arzuedilməz bir hal kimi qəbul etmək istəməzdim. Bir yazı adamı üçün ən ağır olan şey nədir?! Hələ yaza bildiyini, amma yazmaq istəmədiyini dərk eləmək. Bu, çox zalım məsələdir. Yaza bilə-bilə yazmamaq göründüyü qədər də asan deyil. Yəqin ki, ona dözmək mümkün olmazdı. Bir körpə doğulacaqsa, o hökmən ana bətnini tərk etməli, doğulmalıdır. Mən belə deyərdim: vazkeçilməz yazmaq eşqi qoy vaxtilə Bakı milyonçularının həyətindən fışqıran nöyüt kimi göylərə ucalsın.

 

Onu da bildirmək istəyirəm ki, Əziz oxucu, sən bu kitabı oxuduqca mən sənin reaksiyanı, diqqətli baxışlarını, hətta vermək istədiyin sualları pərdənin o biri tərəfində olsam belə, hökmən hiss edəcəyəm. Bu inam heç cür yaxa qurtara bilmədiyim pessimizmdən, kədər və qəm-qüssədən irəli gəlmir. Bu inam mənim  daim öyrənməyə canatım istəyimdən və cəhdimdən irəli gəlir. Bu inam yaşadıqlarımı bir daha yaşamaq ehtirasım, ruhumun hansısa başqa biçimdə zühur etməsinə olan arzumdur. Nəhayət etibarilə, bu mənim harda oluramsa olum - ya torpağın üstündə, ya da altında - əbədi həyat eşqimdir.

Son dərsə xoş gəldin, Əziz oxucu. Biləsən ki, bu son dərs mənim sənə, sənin mənə məhəbbətimiz və etibarımız üzərində qurulacaq.

 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!