Qayıdış
Aeroportun şüşəbənd salonunda ağır hava vardı. Küçədən boylanan boz Bakı səhəri, adamların yorğun baxışları, səslərin içində itən tək-tük sevinc nidaları...
O, ətrafına baxdı. Hər kəsin kimsəsi var idi.
Əllərində ad-soyad yazılmış kağızlar tutan sürücülər, gözləri ilə kimisə axtaran adamlar, bəlkə illər sonra ilk dəfə bir-birini görən qohumlar... Hamı kimin üçünsə gəlmişdi.
O isə tək idi.
Hindistanlı və ərəb turistləri hava limanında xüsusi qarşılayan sürücülər diqqətini çəkdi. Onları mehmanxanalara aparacaqlar, lüks maşınlar, beşulduzlu otellər... O isə 28 May metrosuna düşüb köhnə şəhərə gedəcək, qoca binaların divarlarına baxacaq, köhnə daş pilləkənlərdən qalxacaq.
Bakıya qayıtdığı üçün özünü qərib hiss edirdi. Əslində, harda özünü doğma hiss edə bilərdi ki?
Oturacaqlardan birinə çökdü. Nə vaxtsa burada bir işi olsa, fotoqraf olardı, deyə düşündü. İnsanların görüş anlarını çəkərdi.
Bir-birini illərdir görməyənlərin qucaqlaşmasını, gözlərindəki yaşı, gülüşü, həyəcanı... O şəkilləri qəzetlərə verməzdi. Onsuz da introvert idi. Kütlə üçün nəsə etməyi bacarmırdı.
Bəlkə də, sənət elə fərd üçün idi.
Görüşlər, ayrılıqlar, yenidən qovuşmalar... Onun həyatında isə nə real görüş, nə ayrılıq, nə də qovuşma var idi.
O, aeroportdan çıxanda Bakı üzərinə boz bir yorğan çəkmişdi. Yağış yağacaqdı.
Şəhərin mərkəzinə çatan kimi ilk addımlarını 28 May küçəsinə yönəltdi. Onun uşaqlığı, gəncliyi, sevgisi, ümidləri buradan başlamışdı. O illər küçələr daha geniş, insanlar daha mehriban görünürdü. 28 may onun üçün çox doğma idi, burada özünü azad, öz evində, ocağında hiss edirdi.
Bakı - 28 May küçələrində xatirələr
Bakı küləklidir. Amma ən çox da xatirələri ilə adamı üşüdür.
28 May küçələri ilə addımlayanda keçmişlə indi arasındakı incə sərhədi hiss edirsən. Bura həm tanışdır, həm də yad. Bir zamanlar bu küçələrdə gənclik gülüşləri səslənirdi. Tramvay relslərinin üstündə qaçışan uşaqlar, köhnə kinoteatrlara tələsən tələbələr, buzlu qış səhərlərində işə tələsən insanlar...
İndi isə binalar yüksəlib, həyatlar isə qısalıb. Şüşəli göydələnlər Bakı səmasını yarır, amma o şüşələrin arxasında neçə-neçə yadlaşmış insan var, insanlar istilikdən, doğmalıqdan, səmimilikdən çox aralı düşüb.
28 May metrosunun çıxışında dayandı. Burada hələ də köhnə çörək iyini hiss etmək olur, taksilərin səs-küyü qulaqları doldurur, adamların addımları bu daşların üstünə yazılmış minlərlə hekayəyə qarışır. Bəziləri burada ilk dəfə sevdiyini gözləyib. Bəziləri isə bir daha geri qayıtmamaq üçün gedib.
Şəhər dəyişib. İnsanlar da. Amma külək hələ də Bakı küləyidir. O, yada qulağına həzin şəkildə qayıdışın yox, xatirələrin şəhəri olduğunu pıçıldayır.
28 May... Burada addımlamaq həm mövcud olmaq, həm də xatirəyə çevrilmək deməkdir.
***
Berlin - böyük bir zavod idi. O, illər boyu orada sərt qaydalara tabe olmuş, gündəlik iş həyatının içində ruhunu basdırmışdı. Səliqə, nizam, soyuqluq... O şəhərdə insanlar bir-birinə toxunmadan yaşayırdılar. Bəzən məhz qarışıqlıqdan, xaosdan qaçmaq naminə getdiyi Berlin onun üçün cəhənnəm kimi görsənirdi. O, orada hər gün robotlaşdığının, mənəvi dəyərlərə yadlaşdığının fərqində idi. Bakı isə bir zamanlar insan istiliyi ilə dolu idi.
Amma indi o küçələrdə soyuqluq hiss edirdi. İnsanlar baxışlarını qaçırır, sanki özləri də bu şəhərə yadlaşmışdılar. Oğrun-oğrun baxan adamlar, hündür hasarlarla əhatələnmiş bağlar, bir-birindən uzaqlaşmış qonşular...
Abşeron bağları da, ordakı ağaclar da, toplanlar da bir-birinə qarşı yadlaşmışdı.
Azadlıq prospektində köhnə xatirə
O, Azadlıq prospektindən keçəndə ayaq saxladı. Burada bir vaxtlar Xəlil Rza Ulutürk insanları başına yığıb şeir oxuyur, odlu-alovlu çıxışlar edirdi. Gənclik illərində o da bu cərgədə durmuş, şairin alovlu səsini dinləmişdi.
İndi o yerdə bir evsiz uzanmışdı. Titrəyən əllərində köhnə bir araq şüşəsi vardı. O, bu mənzərəyə dözə bilmədi. Bir zamanlar azadlıq uğrunda bağıran səslər, simalar indi susqun bir bomjun gözlərinə çəkilmişdi.
İtirilmiş xəyal
O, küçənin kənarında dayanıb Xəyaləyə baxırdı.
Xəyalə qabaqkı Xəyalə deyildi. Gözlərində həyat yox idi. Yorğun idi, amma təkcə fiziki yorğunluq deyildi bu. Sanki bütün ömrü onun çiyinlərinə yığılmış, ağır bir yük kimi üstündə oturmuşdu.
Əlləri çatlamış, dərisi kobudlaşmışdı. Sabun köpükləri ilə örtülmüş barmaqları, iri boşqablarda süzülən su damlaları... Hər şey o qədər adiləşmişdi ki, Xəyalə indi bu həyatı suyun dalğasız səthi kimi yaşayırdı - heç nə hiss etmədən.
O, yaxınlaşdı. Xəyalə başını qaldırıb ona baxdı.
- Sən qayıtdın? - Səsi tanış idi, amma içində heç nə yox idi.
- Bəli.
- Neçəyə qədər qalacaqsan?
Bu sualın arxasında heç bir maraq yox idi. Sadəcə, səslənmiş bir cümləydi, elə qabyuyan sular kimi axıb gedən bir cümlə.
O, Xəyalənin həyatından xəbərdar idi. Həyat yoldaşı narkoman olmuşdu. Əvvəl evdəki hər şeyi satmışdı, sonra küçələrə düşmüşdü, sonda da həbsə getmişdi - oğurluq üstündə. Xəyalə isə əvvəlcə yaşamaq üçün çalışmış, sonra sadəcə var olmaq üçün işləməyə başlamışdı.
- Necəsən?
Xəyalə bir anlıq dayandı. Sanki sualı başa düşmək üçün öz içində nəyisə axtardı. Sonra çiyinlərini çəkdi.
- Yaşayıram.
O, Xəyaləyə uzun-uzadı baxdı. Bir vaxtlar sevgi dolu baxışlarla ona baxan bu gözlər indi boş bir pəncərə kimiydi.
- Səni görmək istəmişdim.
Xəyalə başını aşağı saldı, bir boşqab götürdü, sabunlu suda batırdı. Sanki suya nəsə pıçıldadı. Sonra başını qaldırdı və bircə cümlə dedi:
- Gərək gəlməyəydin.
O, nə deyəcəyini bilmədi. Xəyalənin üzündəki ifadə ona çox tanış idi - bu, bir vaxtlar azadlıq istəyən, sevgi gözləyən, amma sonda həyatın divarlarına çırpılıb hissiz bir heykələ dönən insanların ifadəsi idi.
Bakıya qayıtmışdı, amma bütün yollar çoxdan bağlanmışdı.
Səs-sükut
Bakı gecənin sakitliyinə bürünmüşdü. Şəhərin küçələri boyu addımlayanda özünü daha da tənha hiss etdi.
Bütün xatirələr, arzular, ümidlər - hamısı geridə qalmışdı. Xəyalə - geridə qalmışdı. Gənclik illəri - geridə qalmışdı. Hər biri çoxdan tərk edilmiş, insan ayağı dəyməyən limanlar idi.
Birdən, bir məsciddən azan səsi yüksəldi.
O, ayaq saxladı. Azanın səsi gecəni doldurdu, qəlbinin dərinliyinə süzüldü.
Hara getsən də, dərdlərin bitmir.
Hara qaçsan da, xatirələr səni tapır.
Hara dönsən də, özündən qaça bilmirsən.
Berlində belə bir səs yox idi. Orada səslər zəifdir. İnsanlar yavaş danışır, küçələr sakit olur, kimsə yüksəkdən səslənmir. Orada hətta səsin sərhədləri var. Yüksək səslə danışsan, musiqiylə rəqs etsən, sənə cərimə yazıla bilər. Səslər bu cərimələr tərəfindən kəsilirdi...
Burada isə səslər azaddır. Elə bu azan kimi.
O, bir müddət azana qulaq asdı. Səs havadakı boşluğu doldurdu, içindəki boşluğu isə doldurmadı.
Bu şəhər, bu küçələr, bu xatirələr - hamısı buradaydı, amma o artıq burada deyildi.
Bəlkə də getmək çarə deyil.
Bəlkə də hər şeyi içində həll etmək lazımdır.
Bakıda azan səsi küləyin köməyi ilə daha da yüksəkdən gəlirdi. Berlində səslər cərimə yazan polislərin dəstəyi ilə kəsilirdi.
Amma onun içində sükut hakim idi, o azan səsi ilə yanaşı daxilində mövcud olan sonsuz, sərhədsiz pıçıltılara da qulaq asırdı. Bu səs isə onu gələcəyə baxmağa, rahat və azad olacağı yerdə olmağa səsləyirdi. Səs sükutdan çox önəmli imiş, şair bunu dərk edirdi, o səs isə burada, köhnə Sovetskidə, bir azanın səsində idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!