Orxan ARAS
Türkiyədə İstiqlal savaşının şahidi olmuş Xalidə Edip Adıvar "Oddan köynək", Yaqub Kadri Qaraosmanoğlu "Sodom və Qomorra", Mithat Cemal Kuntay "Üç İstanbul" romanlarını yazdılar. Hər üç əsərdə bir xalqın qurtuluş mərhələsindəki sosial ağrıları, işğalçı qüvvələrin "ərköyünlüyü", onlarla əməkdaşlıq edən erməni və yunan azlıqları ilə qadınların münasibətlərindən bəhs edilir. Hər üç romanı oxuyanda cəmiyyətlərin zəif anlarında onları təqib edən imperialist güclərin nə qədər "əxlaq düşkünü" olduğu aydın olur.
Yaqub Kadri Qarosmanoğlu "Sodom və Qomorra" romanında türk yarıziyalı və kosmopolit Sami bəyin düşüncə tərzini bir cümlə ilə çox gözəl izah edir:
"Cənab Sami üçün İngiltərə ortağı olmayan bir tanrıdır, dünyanın bütün işləri və bütün dünya xalqlarının taleyi onun verəcəyi qərar və mühakimələrdən asılıdır..." (İndi isə bəzilərinə görə Amerika və Trampdan asılıdır)
Ünlü türkoloq Prof. Dr. Jaeşkenin 1941-ci ildə Almaniyada çap olunan "İslam dünyası" jurnalı üçün hazırladığı Azərbaycan Cümhuriyyəti Təqviminə əsasən, ingilis ordusu 1918-ci il noyabrın 17-də Bakıya daxil olub, 1919-cu il avqustun 24-də isə müqavilə ilə Bakını tərk edib. Prof. Jaeşkenin qeydlərinə görə, ingilis komandiri 24 avqust 1919-cu ildə general Şutlevort və Məhəmməd Əmin Rəsulzadə ilə nahar edib və ertəsi gün son ingilis əsgərləri ölkəni tərk edib. (Jaeschke, Welt Der İslam, s.65, Berlin, 1941)
Əlbəttə ki, işğal olunmuş Bakıda kosmopolit Sami bəylər kimi şəhərdə düşmənlə işbirliyi quran azlıq qrupları var. 1918-1920-ci illər arasında Azərbaycanın müstəqillik dövrü üçün aparılan araşdırmalarda Bakı cəmiyyətindən, o dövrdəki azsaylı xalqların vəziyyətindən belə romanlar yazıldığını bilmirəm. Amma Əsəd bəy (Qurban Səid) "Şərqdə Neft və Ölüm" kitabında, eləcə də "Əli və Nino" romanında ingilislər və onların şəhərdəki işbirlikçiləri haqqında əyləncəli məlumatlar vermişdir:
"İngilislər Azərbaycanda olduqları müddətdə xristian xalqları, ermənilər, ruslar və gürcülərlə tanış olmağa çalışırdılar. Xristian xalqları ingilisləri xilaskar kimi görürdülər. Bu səbəbdən bəzi ingilis zabitləri xristian qızlarla evlənirdilər. İngilislərin zabitləri toylarda iştirak edib, gün çıxana qədər əylənib, gənc evli cütlükləri təbrik edərək oradan ayrılardılar.
Bir müddət sonra Britaniya parlamentinin qərarı ilə İngiltərənin Azərbaycana müdaxiləsi sona çatdı və ingilislər öz ölkələrinə qayıtdılar. Zabitlər üçün qatar hazırlanıb və qatarın son iki vaqonu zabitlərin xanımları üçün ayrılmışdı. Səfər günü gəlinlərin ailəsi, qohumları vağzalda toplaşdılar. Göz yaşları və vida diləkləri ilə yola salınan gəlinlər arxa vaqonlarda, ərləri isə ön vaqonlarda əyləşmişdi. General vida nitqi ilə çıxış etdi. Qatarın siren səsi gəldi və qatar hərəkət etdi. Həmin vaxt inanılmaz hadisə hər kəsi təəccübləndirdi. Qatar Avropaya doğru hərəkət etdi, lakin iki arxa vaqon stansiyada qaldı. Stansiyada qalan vaqonlar centlmen zabitlərin əmri ilə qatara qoşulmamışdı. Yeni ailə quran yazıq qadıncığazlar utandıqlarından vaqondan düşmürdülər. Hamı onları ələ salırdı, nə edəcəklərini bilmirdilər. Həmin məmurlardan yalnız biri arvadını aparmağa qayıtdı. Digərlərindən xəbər yox idi. Kiçik istismar ölkəsindəki macəra onlar üçün bitmişdi. Qadınların ömürlük utanc içində qalacaqlarına belə əhəmiyyət vermədilər. Müsəlmanlarsa vəziyyətə gülməkdən başqa bir şey etmirdilər" ("Şərqdə qan və neft", səh.185)
Əsəd bəyin söylədiyi bu hadisə ilə bağlı təsadüfən o vaxt iki sənətkarın yazdığı meyxanaya rast gəldim.
Keçən il dünyasını dəyişən folklor tarixçisi Nizaməddin Onk haqqında araşdırma apararkən, onun 1977-ci ildə nəşr olunmuş 34 səhifəlik "Qafqaz səfərimiz 1918 və Milli Meyxana" kitabını köhnə bir kitab evindən aldım. Kitabın Ön sözündə Nizaməddin Onk əsərini təqdim edərkən o əsəri kimdən aldığını da yazır:
"Əsərin böyüyü, kiçiyi ola bilməz. Bir sözlə, əgər o əsər türkdən doğulursa, milli varlığın məhsuludur. 1964-cü ildə Adapazarında tanış olduğum, əslən bakılı olan yetmiş yaşlı Əli Volkanın kitabları arasında "Milli Meyxana"nı gördüm. Oxuyanda çox duyğulandım. Və orijinalın nüsxəsini çıxartdım".
Kitabda "Milli Meyxana"nın ilk dəfə 1336-cı ildə (1920) Tiflisdəki "Şərq" mətbəəsində çap olunduğu yazılır. Müəllif olaraq Türk Dram Cəmiyyəti aktyorları qeyd edilir və satış dəyərinin 25 manat olduğu bildirilir. Dörd uzun şeirin yer aldığı, 14 misradan ibarət kitabdakı birinci şeir Türk Dram Cəmiyyətinin aktyorları Nadir İbrahimov və Əliəkbər Seyfiyə məxsusdur. Şeirdə kasıbların vəziyyəti təsvir edilir.
Kitabdakı üçüncü meyxananın adı "Hara çıxıb getdi" adlanır və onu da Tiflisdə iki aktyor - Mir Paşa və Əli İslam yazmışdır. Söhbət 1919-cu il avqustun 24-də Bakıdakı ingilis əsgərlərinin ölkəni tərk edərkən geridə qoyduqları və Əsəd bəyin "Şərqdə qan və neft" kitabında təsvir etdiyi hadisədən gedir:
"Çul-çuvalın yığışdırdı, bağladı,
Qonşumuzun ürəyini dağladı.
Onlar getti, Anna, İsan ağladı
Ol mehtiban hara çıxdı getdi."
Bir başqa misrada isə onlar getdiklərində geridə dul qalan qadınların halını təsvir etməkdədir:
Qoy getsinlər, daşlarını sən də at,
Biz almışıq min altı yüz katır at
Onlar gitti, çoxlu qaldı dul arvad
Ol can alan can xar çıxdı getdi.
Təəssüf ki, Azərbaycan ziyalıları Əsəd bəyə sahib çıxmaq əvəzinə, bir çox yanlış suallar və böhtanlarla onun əsərlərinin gənc nəsillər tərəfindən zəif tanınmasına səbəb oldular. Əsl ədəbiyyat xadimləri onun və əsərlərinin üzərində işləsəydi, o, dünya səviyyəsində bizim Kafkamız olardı. Onun əsərlərindən hər gün yeni bir mövzu tapmaq indi mənim üçün adi hala çevrilib. Əsəd bəyin yazdıqlarının nə qədər doğru olduğunu qarşıma çıxan hər köhnə kitabda təsbit edirəm. Eynilə yuxarıda qeyd etdiyim meyxanada olduğu kimi.
Nizaməddin Onkun çap etdirdiyi kitabda o vaxt yazılmış iki şeir diqqətimi çəkdi. O şeirlərdə xalqımızın türk ordusuna necə həsrət qaldığını, gələndə necə dua etdiyini görürük.
İrəvanın sürüsün
Sürün dağlar bürüsün.
Şanlı Türk ordusu
Gəncə deyin, yürüsün.
Çinar çinar, ay çinar,
Yarpağı dinar dinar.
Türklər girib Bakıya,
Saxlasın Pərvərdigar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!