Qəbiristanlıqları gəzmək mənə əvəzsiz rahatlıq verir. Xüsusilə, başdaşıların üstündəki adları, epitafiyaları, vida qeydlərini, tarixləri oxuduqca, daşlaşmış xatirələrə "toxunduqca" mövcudluğun faniliyini, maddi olanın acizliyini, öləriliyini təzədən xatırlayıram.
Adını unutduğum şairin dediyi kimi, qəbiristanlıqlarda gəzdikcə düşünürəm ki, elə bil "kim yaşamaq istəyir?" sualına hamı başdaşına dönmüş əlini qaldırıb.
Fəqət, məni çaşdıran odur ki, bəzi qəbirüstü abidələrə elə effekt verilib, deyərsən, bu, ucalan heykəl deyil, ölənin özüdür, dirilib durub qəbrinin üstündə.
Qara mərmərin ön tərəfində - mərmərlərin də yerlisi, xaricisi, bahalısı, ucuzu olur - mərhumun rəngli şəkli, arxasında cavanlığında çəkilmiş başqa əksi, yanında güldanlar, üçqatlı sinədaşı, qızılı hasarlar... eləsi var, çardaq tikdirib qəbrin üstündə, üstəlik, çardağın altına işıq da vurdurub. Ki, bəs, amanın günüdür, rəhmətlik qorxub-eləyər.
Sözsüz, başqa ölkələrdə də var belə qəbir-bütlər.
Rumıniyanın Sepınça kəndindəki məşhur Çimitirul-Vesel məzarlığında qəbirlərin üstünə ölənin məşğuliyyəti haqqında parlaq boyalarla karikatura-məlumat vurulur.
Hətta bəzi karikaturalar satirik şeirlərlə təqdim olunur.
***
Yaxud Bonapartın əleyhinə yazan məşhur jurnalist Viktor Nuarın Parisdə - Per-Laşez qəbiristanlığındakı qəbirüstü abidəsi.
Hər il minlərlə qadın Viktor Nuarın "dodaqları"ndan öpür, onun "bədəni"ni oxşayır. İnanırlar ki, Nuarın qəbirüstü abidəsini öpüb-oxşamaqla hamilə qalacaqlar, sağlam uşaq doğacaqlar.
Bu daşüstü "birgəlik"dən sonra hansı qadının uşağı olsa, həmin uşağın şəklini gətirib Nuara "göstərir".
Fikir verin, yazıq Nuarın öpülməkdən, oxşanmaqdan turuncu çıxıb.
Biz dünyanın ucqarında "deşik" pirinə lağ edirik, camaat Avropanın göbəyində heykəldən mədət umur.
Bu müstəvidə ruslar, xüsusilə seçilirlər. Əliqədəhli kişilər, gözəllikdə modellərə meydan oxuyacaq gözəl qızlar açıq-saçıq geyimlərlə qara mərmərdən gülümsəyir.
Ən qeyri-adi qəbiristanlıqlardan biri də İranın Məşhəd şəhərində, cəfəri şiələrin 8-ci rəhbəri İmam Rzanın türbəsindədir.
Deməli, türbənin altında çoxqatlı qəbiristan var. Özü də, orada dəfn olunmaq hər adamın başı üçün deyil. Qiymət 30 min dollardan başlayır. Yox, əgər sən İmam Rzaya "daha yaxın" olmaq istəyirsənsə, heç olmasa, 100 min dollar verməlisən...
Əlbəttə, bu müstəvidə ən gözəl nümunə Tac-Mahaldır. Babur hökmdarı Cahan şahın həyat yoldaşı Mümtaz Mahal üçün tikdirdiyi türbə dünyanın ən gözəl memarlıq abidələrindən biri hesab olunur.
Siyahını uzatmaq olar, fəqət, məqsədim ayrıdır. Yoxsa, bu barədə xeyli maraqlı faktlar tapa bilərsiniz.
Görünür, oralarda qəbiristanlığa "öldü-bitdi" yeri kimi baxmırlar, əksinə, mərhuma xüsusi diqqət ayırırlar.
Bir tərəfdə ehtiram, sonuncu mənzilə dəbdəbəynən uğurlamaq istəyidirsə, digər tərəfdə də, fanilik qorxusudur. Bir növ, ölünü daha çox yaşatmağa, daha çox "saxlamağa" çalışırlar.
Fəqət, bizimkilərin niyyəti nə özlərinə, nə də ölülərinə xidmət edir.
İki məsələ var.
Birincisi, biz Allah qoysa, müsəlmanıq və İslamda bu cür dəbdəbəli qəbirüstü abidələr qəbuledilməzdir. İfratçılıq, israfçılıq hesab edilir, hətta deyərdim, bu daşı-betonu bəzəmək dini ədəb-ərkan qaydalarını pozmaqdır. Düzdür, soruşsan, deyəcək, nə danışırsan, əlbəttə, müsəlmanam, qurban olum Allaha, fəqət, bilmir ki, elədiyi bütpərəstlikdir. Bu mərmər hərisliyi, bu daş həvəsi nə Allahın buyruğudur, nə də - Allah var adamın başı üstdə, səhabələr də, imamlar da, şeyxlər də bu barədə eyni qənaətdədirlər, - peyğəmbərin.
İkincisi, başdaşılarında çox məzmunsuz, mənasız epitafiyalar yazılır.
Məsələn, "Ailəsindən xatirə", yaxud, "Həyat yoldaşından yadigar", "Övladlarından xatirə".
Bir-birinin bəhsinə ucaldılmış daş abidələr, bayağı vida qeydləri, şeir cümlələri bir yana, ölənin ailə üzvlərinin mərmərə döydürdükləri xüsusi qeydlərdən aydın olur ki, məqsəd ölünün ruhunu xoş etmək yox, öz əzilmiş, alçaldılmış və təhqir edilmiş eqolarını yemləməkdir.
O ayrı mövzudur, əlbəttə, istəsən, Kafkadan sitat gətir, istəsən, Baləlidən; istəyirsən, Fransada öl, istəyirsən, Ucarda - fərqi yoxdur, ölüm ölümdür və nə qəbirüstü abidənin, nə də vida qeydlərinin ölənin özünə zərrə xeyri var...
Dəbdəbəli qəbirüstü abidələrə xərclənən pulla xeyli ehtiyaclını sevindirmək, harasa yol çəkmək, harasa işıq vermək olar, - belə didaktik cümlələrlə ağsaqqalıq eləmək istəmirəm, fəqət, dəbdəbəli qəbirüstü abidələr ölümün ağ heçliyi, daş yoxluğu haqqında düşüncələri urvatdan salır.
Adam ölüb torpağa düşər, torpaq da daşa çevrilər, sən də o daşa çevrilmiş adama, xatirəyə baxıb öz sonun haqqında, həqiqətin ciddiliyi haqqında, ölümün məşum mahiyyəti haqqında düşünərsən, düşünüb özünə, yaşayışına, düşüncələrinə əl gəzdirərsən, özünü yığışdırarsan... Yoxsa ki, vallah, bu rəngli mərmərlərə, bəzəkli qranitlərə baxıb heç nə düşünmək olmur, heç nə hiss etmək olmur. Elə bilirəm, muzeydəyəm.
Özü də, adam gərək vaxtında ölə, üstəlik, unudula.
Bir ara söz-söhbət gəzirdi ki, dəbdəbəli qəbirüstü abidələr qadağan olunacaq, daha heç kim öləninin qəbri üstündə özünün əzilmiş eqosunu nümayiş etdirməyəcək.
Fəqət, nə oldusa, bir-iki ağız danışıldı, sonra o söhbət də öldü.
Düzü, o söhbəti kim öldürüb, o söhbətin qəbri haradadır, bilmirəm, fəqət, dəqiq bilirəm ki, o söhbət mütləq eskumasiya edilməlidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!