Sevgili Mətanət xanıma
ithaf edirəm!
Çox uzaqda... Bəlkə də bir kəndiri balaca barmaqları ilə tutub, çətinliklə də olsa, buraxmayan əllər. O qədər kiçikdir ki, göz bəbəklərim belə onu görə bilmir. Məni görür, ağlayır, hərdən sinəmə qalxıb, balaca əlləri ilə yapışıb "Getmə! Getmə!" - deyir. Mən niyə görmürəm? Bəlkə də duman gözlərimi toz edib, görməyimi istəmir...
Qadın yavaşca irəliyə addım atdı. Duman onu səslədi:
- Eşidirsən?
- Sən... Sən kimsən?
- Səsimin uğultusundan duymursan?
- Yox...
Qadın qorxaraq cavab verdi. Kimliyi bilinməyən insanın adı Dumanmış. O həqiqətən, insandır? Bəlkə insanların gözündə sadəcə toz halında olan dumandır?! Uğultusu silkələyər, amma bəzən qorxaq olub qaçar.
- Qaçacaqsan, qadın?
- Kimdən?..
- Mənə cavab ver, qaçmaq istəyirsən?
- Yox!
- Bir ömürlük qaranlığa məhkum olmağı seçirsən, eləmi?
- Sən!
Duman qara lent kimi qadının saçlarından yapışıb, boğazından tutdu. Dırnaqları o qədər iti idi ki, qadının boynunda izlər qalmışdı. Dərindən bir ah çəkib, qadın: "Burax!" dediyində sovrulub gözdən itdi.
Qadın yerə diz çöküb hönkür-hönkür ağladı. Saçlarını yolub, simasından axan göz yaşlarını torpaqla yudu. Torpaq ölən dumanının parçaları idi.
Sənə toxunmadan öldüm, qadın. Nəfəsimi sıxmadan, boğazımda bağlanan kəndiri sənə dolayıb öldüm. İllərdir bu anı gözləyirdim. Tanrının sükutu məni cəzalandırmışdı. İnsanlar məni bir qara paltarlı şəxs, bəlkə bir torpaqda çürüyən cəsəd, ya da duman bilir. Heç biri deyiləm, qadın. Sənə etdiklərim nifrətimdən deyil, mənim sevgiyə ehtiyacım var, qadın! Ruhumda doğulub ölən duyğularımın sənin saçlarını sığalladığım kimi sevgiyə acam! Torpaq belə günahlarımı qəbul etmədiyindən mənim üstümə çirkli damlaları tökür. Yəni sən məni tanımadınmı, qadın?!
Qadın yerdən ayağa qalxıb, çılpaq ayaqları ilə irəliyə doğru addımladı. Gözlərinin altından tökülən qara torpaq, dağılmış saçlar... Saçlarının telləri hər dəfə qırılıb yerə düşdükcə qadının içindən dərin bir hayqırtı qopurdu. Titrəyən əlləri ilə addımladığında ayağının kəndirə ilişdiyini gördü. Yavaşca əyilib kəndiri əlinə aldı. Xeyli baxdıqdan sonra qəfildən sürətli addımlarla qaçmağa başladı. "Qaçmalısan!" "Qaç, qaç!" - deyə qışqıraraq ağlayırdı.
Hər addımında ayaqlarından alov çıxır, bədəninin hər zərrəsinə yayılıb, qadını kül edirdi, yalnızca əlindəki kəndirdən başqa. Ovcunda sıxdığı kəndirin bir hissəsi belə yanmamışdı.
- Dayan!
- ...
Ətrafa sükut çökdü. Qadın sağ-sola baxsa da, heç kəsi görmədi. Birdən ayağından kiminsə yapışdığını hiss etdi. Qışqırıb geri çəkildi. Göz yaşları yanaqlarından süzüldüyündə yavaşca gözlərini qırpdı. Başını aşağı əyəndə balaca pişiyin ayaqlarından yapışdığını gördü.
Nədənsə qadın qorxmamışdı, amma bu pişiyi hardansa tanıyırdı. Fəqət tanısa, nolacaq? Onun yaddaşındakılar ayağının altından bədəninə yayılan güclü alova görə kül olmuşdu.
Yavru pişik qadının ayaqlarını bərk-bərk sıxıb, inildəyirdi. Qadın onu qollarının arasına alıb tumarladı. Pişiyin balaca, dolmuş gözlərindən axan damlalar qadının yanmış saçlarını islatdı. Qadın pişiyi tumarladığında onun boynunda qara lenti gördü. Təəccüblü halda pişiyə xeyli baxandan sonra qolları əsməyə başladı. Bu lent onu öldürməyə çalışan dumanın lenti idi!
Pişiyi qollarından yerə atdı. Yavru pişik inildəyərək, bu dəfə qadının boynuna sarıldı. Balaca barmaqları ilə saçlarını sığallayıb, ona sarıldı. Qadına irəli getməsini anlatdı.
Pişik qadının boynundan yapışıb, onu buraxmadı. İrəlidə kağız parçası vardı. Qadın köhnə kağız parçasını götürüb oxumağa başladı:
Bayaq saçlarındakı alovdan mən səni qurtardım, Mətanət! Qışqıran, səni boğmağa çalışan duman mən idim! Sən "boğulmaq" "əcəlinin gəldiyini hiss etdiyin" duyğuların insanların sənə köçürüb, beynini doldurduğu fikirlərdir. Mənim mərhəmətli olub-olmamağım səndən asılıdır, qadın. Sən adın kimi mətanətlisən, güclüsən, qadın! Sənin boynuna dolandığımda da səndən kömək istəyirdim. Qaranlıqdan doğulan günəş özünü necə xoşbəxt hiss edirsə, mən də sənin qollarında o xoşbəxtliyi dadmaq istəyirdim. Sən illər öncə arzuladığın, amma heç tapmadığın övladını bu gün tapdın, qadın. O mənəm!
Qadın hönkürtü çəkib, boynuna sarılan yavru pişiyi qucağına alıb doyunca öpdü. Boynundakı qara lenti çıxarıb, körpüdən aşağı atdı. Qara lent ikiyə bölünüb dənizin üstündə parçalara ayrıldı...
- Səni heç vaxt buraxmayacam, mənim kövrək dumanım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!