***
Sabaha yağış dedi
sinoptikçi qız indicə,
uzanıb keçir gecə...
Mən çıxıb getməıiydim
xəyalların dalınca,
evlərin bacasından
xatirələr tüstülənən gecələrin birində...
Eh birdənəm,
bu gözəlim məmləkət
hayandan baxsan qürbət -
səni xatırlayınca küçələrin birində!
***
Yenə də yağış...
yenə də külək...
belə getsə
yeri-göyü fırfıraya döndərəcək.
Mən körpünü keçməliyəm,
qarşıda mürgülü küçə,
tinlər, dalanlar...
Məni gözləyən gerçəklər,
nağıla dönən yalanlar...
Deyirdilər
ömür özü bir yarışdı,
bu başından o başına ana yurdun
bir qarışdı...
Yarıyolda dayanıb
mən sonacan getmədim,
bilməm iblisəmi uydum,
nağılamı inammadım?!
Sınıq körpü üstündə
duyğular, düşüncələr atını çapır,
külək yağış
suyunu
köhnə günah kimi
üzümə çırpır...
***
Yanaqların və təbəssümün heyvagülü rəngində,
təkcə gözlərin gömgöy...
ilk dəfə səni belə gördüm, belə sevdim!
İlk görüşün havasından
hələ başımız açılmamış
illər nə tez ötüb keçmiş?!
Sən yenə də qanad taxa-taxa hər sözümə,
yanağın və təbəssümün heyvagülü rəngində
gülümsəyirsən üzümə.
***
Namaz üstündə oxunan
sonuncu dua kimi
uzanır, uzanır gecə...
Qədəhlərin cingiltisindən
heç kim hiss etmir
vaxt
əlimizdə necə can verir?!
***
Hərdən güzgüdən özümə baxanda
öz taleyindən qaçan adamın
vəziyyətinə düşürəm -
soyuğa düşmüş, üşümüş...
Sanki qarşıdakı divara
əlimi vurub qayıdanacan
vaxt, zaman ötüb keçmiş!
***
İlaxır çərşənbə gecəsi
Aşafarma oğlu
Məmişin evi yandı.
Qazlar, toyuqlar səs-səsə verdi,
itlər hürüşdü.
"Məşədi İbad" tamaşasıydı elə bil
qəssab Ağamirzənin həyətində -
qonşular baxa-baxa...
evin sonuncu tiri də
yana-yana düşdü yerə...
Hər yan, sükuta daldı,
Sən də susdun İlahi,
od tutub yanan xatirələrin
səsini eşidə-eşidə…
***
1973-cü ilin məzunlarına
sinif yoldaşlarıma
Dostların yolunu gözləyirəm
bu qapının bu tinində,
bir-bir gələcəklər.
Yasəmən ağacında
Qumrular asta-asta dinir,
vaxt keçir...
İndicə
bu an
bu qapıdan girəcəklər,
ehtiyatla,
ürkək-ürkək...
Ötən illərin xatirələrini
saçlarının bəyazında gizlədərək
***
Ulduzlu gecə...
uyuyub tar səsinə adamsız küçə.
Neçə gündü bəd xəbərlər gəlir:
yaxındadır şaxta, sazaq!
Buz bağlayacaq hər yan,
hər yer,
duyğular, sevdalar,
yollar, üzlər, xatirələr,
daha nələr, nələr...
Vecinə deyil
dizimə baş qoyub
mürgüləyən pişiyin -
sənin kimi dünyadan xəbərsiz...
***
Pəncərədə işıq sönüb,
hər yan sükuta dalıb:
sən oyaqsan bilirəm.
Saatlar ötüb keçir...
bir kimsə yox xəbər verəm,
Sənə bir çiçək göndərəm.
Gedirəm,
ayaq səslərimi küçədə qoyub...
***
Söz verdim, söz verdim bu gün:
daha güzgülərə baxmayacam!
Qırmızı-qırmızı
üzümün qırışlarını,
saçımın ağını,
solğun rəngləri göstərir.
Şəhid xəbərləri gəldikcə ölən
xəyalların
qanadlanıb uçmaq həvəsini
göstərmir ancaq...
***
Hər şey birdən-birə oldu:
küçədə qarşıma çıxdı -
yaşlı qadındı,
anama elə oxşayırdı!
İllah da yerişi,
boyu-buxunu...
Elə bil "YouTube"da izləyirdim
dünən gördüyüm yuxunu...
***
Allahım,
bütün sabahlar bomboş xulya,
ilğım kimi ötüb keçən günlər
ancaq göz qamaşdırır.
Bəs nədən
ürək belə təlaşdadır?
Guya
Kamal Sunalın qatilləri
ətrafımda dolanır -
atdığım hər addımı
diqqətlə ölçüb-içirəm.
Məsələn:
çayxanalarda,
yas yerlərində
və yorucu tədbirlərdə
bəh-bəhlə dinləyirəm
"1001 Gecə" nağıllarını...
Küçəni keçəndə
yol verirəm
köpəklərə,
uşaqlara,
maşınlara...
Bir tək
özümü
yola verəmmirəm...
***
İllərlə üzlər gördüm,
gözlər gördüm -
yarı şeytan,
yarı, mələk baxırdı.
Sözlər eşitdim,
ilanı yuvasından çıxaran.
Elə o, sözlərlə də
çəkib, çəkib
məni saldılar
ilan çıxan çuxura!
***
Uzun qış gecələri
nəhayətsiz səmada dolaşan
ulduzları da tərpədir görən
xatirələr-filan?!
Yəni ötən günləri yada salmaq,
nələrisə, kimlərisə xatırlamaq!
Nə də hərdən
qaçıb getmək harasa, ulduzlar olmayan yerə...
Mən qaçanmadım -
inandım:
bir gün yer üzündə
qurdla qoyunun
bir yerdə otlayacağına!
***
Hər gün
dan yeri sökülüncə,
quşların cik-ciki eşidilincə,
pəncərədən baxmaqdı ilk işim.
Orda-nar ağacında
Dolaşalar ətcəbala,
yağış yazmırsa
ümid var sabaha.
Dönürəm yatağa...
gözlərim yavaş-yavaş yumulur.
Qulaqlarımda dolaşaların səsi,
üzümdə nəfəsin...
***
Yarasaların səsindənmi diksindi,
avtobus tələsik ötüb keçdi
son şənbə axşamından?!
Qonşunun iti tənbəl-tənbəl donquldandı,
telefonum susur nə zamandı.
İnqilab İsaq axtarardı məni
hər gün zəng edib:
- ay qağa, hardasan,
nə edirsən-soruşardı...
ordan-burdan söz salıb danışardı...
Mən onun şeirlərylə hər axşam danışdığım kimi.
***
Masamın üstündəki kağız parçasından
cırıb atmışam,
yazdığım şeirdə
həsrətin rəngini.
Yaddaşımda
ilişib qalan misra kimidi
ağır-ağır
ötüb-keçən günlərim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!