Emrah Bekçinin - Sən və mən ŞEİRİ

Emrah BekÇİ 1974-cü ildə Türkiyədə, Giresunda dünyaya gəlib.

İngilis, rus, yapon dillərində 85 sənədli filmin ssenari müəllifi və rejissorudur.

Məktəbəqədər uşaqlar və məktəblilər üçün 40 yaxın kitabın müəllifidir.

Seyyid Bürhanəddin, Mövlanə Cəlaləddin Rumi və Yunus Əmrənin həyat və yaradıcılığından bəhs edən kitabları çap olunub.

Emrah bəy Azərbaycan sevdalı dəyərli türk aydınıdır.

2013-cü ildə Azərbaycana səfər edərkən qələmə aldığı düşüncələrini Azərbaycan türkcəsinə özü çevirib.  Şeirləri AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin redaktə edib.

 

Hafiz Ataxanlı




 

Sən və mən

 

Mən səni gördüyüm an tutuldum baxışına, 

odlandı qəlbim.

Xəzərin mavisi çökmüşdü gözlərinə sanki.

O gündən qürurum, ilhamım, 

yaşamaqçün səbəbim oldun.

Mən səni duyduğum an

açdı çiçək, 

ötdü Qarabağda Xarıbülbül.

Şirin bir yuxu kimi gəldin ömrümə

 könlümün tək sevgilisi, bənövşəsi.

Mən sənsiz yollar keçdim, dağlar dolaşdım. 

Gecələrim uzun oldu, səhərlərim uzaq.

Tək səninlə dünya mənə bahar oldu.

Yalnız səni düşünərkən, 

yazıram misra-misra, 

qələm əlimdə titrəyir, əllərim əsir.

Sən oldun Nizaminin "Xəmsə"si, könlümün dərmanı, diləyi.

Saçların küləklərlə oynayır, Qobustanın daşlarına iz salar,

Gülüşün yayılar dağlara,

verər əks-səda.

 Ürəyimə bahar gələr.

Araz axar, axdıqca da məni sənə çəkər,

 ay yurdumun gözəli, ay sevdalı bəxtəvər.

Mən səninlə bütün dünyanı sevdim, 

Sənsən suyum, havam.

Yuxularıma gəlsən hər gecə gecəmə ulduzlar parlayar,

Qaranlıqda işıq saçar,

 gecələrim aydınlanar.

Baxışında dəryalara qərq oldum, qaldım əsir könlündə,

Mən səni sevdim, 

bir ömürlük könlümün dərinliyində.

Gözlərimdə

gizlədim sirr kimi.

Zəngəzurun dərələri, dağları sənə salama durar,

Çinar ağaclarının kölgəsi hər addımda məni ovundurar.

Sən mənim qibləm, mənim könlümün tək nurusan 

Bakıdan Qarabağacan hər zərrəmdə sən varsan.

Kür çayı səndən danışar, 

Xəzər heyran-heyran susar.

Sənin əsirindi əlindən su içmək istəyən bu eşqin qulu.

Haray çəkir qəlbim, bu sevda anlıq deyil, bir ömürlük hekayə,

Sözündə tapıram özümü, baxışında səadət duyuram.

Mənim dilimdən axan nəğmələr, sənə bir çağırış.

Xəzri əsir üstümüzdən, gətirir qoxunu mənə.

Mən sənsiz külək olub dolandım torpaqda səyyah kimi.

Yalnız sənlə bütövəm, sevgilim, yalnız səninlə açılar sabahım.

Füzulinin qəzəli kimi saf, şirin və dərin,

Qəlbimdən çıxan hər söz, sənindir, eşqim sənin.

Şuşada oxunan nəğmə, sənə məndən deyər,

Mənim dünyamda sən varsan, hər misram səninlə bəzənər.

Səninlə bu dünya cənnət, 

səma həyadan üzün kimi qızarar,

Dağlar, dərələr dillənər.

Ağacın yarpağı kimi sarıldım sənə, heç ayrılmaram,

Sən Emrahın ömürlük baharısan, heç zaman solmayan.

 

2013, Bakı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!