Üzümün göz yaşları - Əlisəfdər HÜSEYNOV

Anası iri tiyanı, içərisində kal üzüm olan dəmir vedrəni və adına "duz daşı" dedikləri girdə daşı eyvandakı masanın üstünə düzüb stulda öz yerini rahatlayan kimi 7-8 yaşlı oğlu qaça-qaça gəlib masanın sol tərəfində dayandı, əvvəlcə qollarını masanın qırağına, sonra da çənəsini qollarının üstünə qoyub gözlərini zillədi anasının əllərinə.

Anası vedrədən iki salxım üzüm çıxardıb tiyanın içinə qoydu, sonra duz daşını götürüb kal üzüm dənələrini yüngülcə əzməyə başlayanda, elə bil uşağın içində nə isə titrədi, ardınca başını azca dala itələyib içini çəkdi...

Anası hənirtiyə başını qaldırıb oğlunun üzünə baxanda baxışları toqquşdu - uşağın maraq, təəccüb və heyrət saçan baxışları sanki qadının gözlərindən girib duz daşından yapışmış barmaqlarına qədər bütün vücuduna yayıldı...

- Nə olub, a bala, niyə belə baxırsan?

- Üzümlər dəyməmiş niyə onları əzirsən, ana? - uşaq handan-hana dilləndi.

- Ona görə ki, abqora - yəni dəyməmiş, kal üzüm suyu düzəldəcəm...

- Bəs, bu üzümlər yazıq deyil? Sən onları daşla əzib öldürürsən axı!

Anası əl saxladı, amma dərhal cavab vermədi, görünür, hər şeylə maraqlanan bu sadəlövh uşağın bir-birinə calayacağı sualları onun başa düşəcəyi şəkildə cavablandırmaq üçün beynində hazırlıq görürdü...

- Bilirsən, bala, məgər üzüm dəyəndə biz onu dərib dişlərimizlə əzib yemirik? 

Anasının gətirdiyi ilk arqumentin məntiqi uşağı çaşdırmadı:

- Dəymiş üzüm özü istəyir ki, biz onu dərib yeyək, o da bundan sevinsin. Amma sən indi kal üzümləri əzib vaxtından əvvəl öldürürsən. Görmürsən, necə ağlayırlar? - uşaq barmağı ilə tiyanın içindəki əzilmiş üzüm dənələrini göstərdi.

Qadın karıxdı...

Əvvəl istədi acıqlanıb uşağı qovsun, desin ki, get, hər yerə burnunu soxma. Amma bu fikirdən vaz keçdi: uşağı narahat edən məsələlərə anlaşıqlı bir nizam, izah vermək lazım idi.

- Oğul bala, Allah dünyanı belə yaradıb. Yəni nə yaradıbsa, dünyanın əşrəfi olan insan üçün, ona fayda vermək üçün yaradıb. Əgər sən deyən kimi fikirləşsək, onda gərək heç yumurtanı da yeməyək ki, hələ doğulmamış cücəni öldürürük, ya da dana kəsməyək ki, böyüyüb inək olacaq. Elə bilirsən ki, bu kal üzümləri ona görə dərmişəm ku, əzib ağladam? Yox, qadası. Onların azca əzilmiş gilələrindən abqora alınır. O da dərman kimi bir şeydir, qan təzyiqini aşağı salır, qanı duruldur, əriştəyə, kəllə-paçaya dad verir...

Uşaq susdu. Deyəsən, anasının dediklərini beynində götür-qoy edirdi. Qəfildən ağlına gələn fikirdən elə bil diksinən kimi oldu:

- Onda belə çıxır ki, cavan adamları, uşaqları öldürənlər də pis iş tutmurlar? Televizorda kinoda görmüşəm - uşaqları bir evə yığıb diri-diri yandırırdılar....

- Yox, oğlum, uşaq, cavan, qoca - fərqi yoxdur, adam öldürmək günahdır və qadağandır. Buna qol qoyanlar Allahın üzünə ağ olan, şeytana xidmət edən vəhşilərdir....

Qadın sözünü bitirən kimi qalxıb içəri - mətbəxə keçdi. Geri qayıdanda əlində hündürlüyü azından yarım metr olan üçlitirlik butulka vardı.

- Bax, mən indi azca əzilmiş bu dənələri bu qaba doldurub ağzını bağlayacam, sonra da gün tutan bir yerə qoyacam. Qoranın suyu yavaş-yavaş şüşəyə yığıldlqca Günəşin şüaları onu qıcqırdacaq və alınacaq abqora, yəni kal üzümün suyu...

Sonra tiyanın içindəki kal üzüm dənələrini butulkanın dar boğazından içəri ötürməyə başladı. 

Uşaq başa düşdü ki, artıq vaxtdır, əl-ayağa dolaşmaqdansa, burdan uzaqlaşsa, yaxşıdır. Çevrilib ləng addımlarla həyətə enən pilləkənə tərəf getdi. Qəfildən nə fikirləşdisə, dayandı, anasına tərəf dönüb ucadan dedi:

- Ana, mənim xörəyimə heç vaxt abqora tökməzsən. Yaxşı?

Anası gülümsəyib - Ay vələdüzna, yaxşı - dedi. - Amma mənim də sənə bir tapşırığım var. Bax, bu şüşəni görürsən? - masanın üstündəki butulkanı göstərdi, - nə qədər ki, sağam, onu qoruyub saxlayacam. Mən olmayanda isə bu işi sən görərsən. Hər deyəndə belə qablar buraxmırlar. Qoymazsan it-bata düşsün, sınsın. Yaxşı?

...O vaxt ürəklə "Yaxşı" deyib söz vermişdim, ana. Amma 27 il əvvəl sən vəfat eləyəndən sonra bu şüşəni axtarmaq heç ağlıma gəlmədi. Ruhun qarşısında günahkaram. 

Amma xoşbəxtlikdən bu şüşə qab itməyibmiş və bu günlərdə sappasağlam özü qarşıma çıxıb məni tapdı - ruhumu əzən xəcalət yükünü heç olmasa, bir az yüngülləşdirmək üçün...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!