Nəmər - İmir MƏMMƏDLİ

Olmuş əhvalat

Mən onu görəndə elə oldum, sanki gecənin sükunatında qəflətən qənşərimdə tüfəng atdılar.

Bu təşbehi gözəl bir beytdə oxumuşam. Orada misraya çevrilən fikir öncəki misraya həmqafiyə olaraq belə davam olunurdu: Gözlərin yolumu elə qatdılar...

Amma canıma od salan o xanımın gözləri yolumu qatmadılar, istəsələr də, qata bilməzdilər, çünki mən doğulub həddi-buluğuma çatdığım doğma qəsəbəmizin hər küçəsinə, hər tininə, lap belə hər dalanına ovcumun içi kimi bələd idim.

Qəsəbəmizin yaxınlığında, sıx yaşıllıq içində yeddi fərdi kotecdən və ikimərtəbəli inzibati binadan ibarət insanları məmləkətin hər bir yanından, ələlxüsus da, paytaxtdan özünə çəkən gözəl bir sanatoriya yerləşirdi.

O qız da həmin sanatoriyanın müvəqqəti sakinlərindən idi.

Qız qəsəbə bazarının ətəyində mənim rastıma çıxanda yanında bir nəfər ortayaşlı xanım da var idi. Güman ki, anası idi. Əllərindəki içidolu zənbildən belə başa düşdüm ki, bazarlıq edib sanatoriyaya qayıdırdılar.

Mən əlimdə gitara musiqi dərsindən gəlirdim.

Onun qeyri-adi gözəlliyi, ani olaraq gözümə zillənib üzümdə sürüşən baxışı mənə elə təsir elədi ki, iki dünya bir olsa da, hansı kotecdə qaldığını bilməli idim.

Bu qərarı qəbul edən kimi sezilmədən ana-balanın izinə düşdüm. Az qala, "gözələ məftun olan aşıq kimi dalına düşdüm" demişdim, demədim, çünki belə məqamda aşığın əlində saz olur, mənim isə əlimdə gitara var idi.

Xülasə, izinə düşdüm, qız getdi, mən getdim, qız getdi, mən getdim... diqqətli oxucu haqlı irad tutaraq deyə bilər, qız yox, ana-bala getdi, sən getdin... Bilirəm, orası elədir, amma qızın gözəlliyi dünya-aləmi elə tutmuşdu ki, gözümə ana-mana görünmürdü. Belə ki, ifadəmi situasiyaya uyğun dəqiqləşdirib "qız getdi, mən getdim" deyirəm.

Qız qabaqda, mən arxada, beləcə gəlib yeddikotecli cənnətməkana çatdıq.

Burada iri gövdəli bir ağacın dalında daldalanıb qızın arxasınca baxdım. Belə bəlli oldu ki, o, qəsəbə tərəfdə birinci kotecdə qalır.

Sevgilimin yerini bələdlədikdən sonra şikarın yerini yəqinləyən ovçu kimi evə qayıtdım.

Xeyli gecikmiş nahardan sonra duş qəbul elədim, saxlama paltarımı geyinib saçım tam qurumamış, yaxşı-yaxşı darayıb müxtəlif mahnıları məşq edə-edə axşamı gözlədim. Qaş qaralan kimi simli alətimi də götürüb üz tutdum sanatoriyaya.

Qızın qaldığı kotecin açıq pəncərəsinin yaxınlığında, xudmani bir yerdə məskən saldım. Üzü pəncərəyə oturub, gitaranı sinəmə basıb düz səhər saat dördə qədər çalıb-oxudum. Oxuduğum, əlbəttə, sevgi-məhəbbət mahnıları idi. Pəncərəyə elə yaxın oturmuşdum ki, əmin idim, qız mənim səsimi də, gitaramın iniltili cingiltisini də apaydın eşidir, eşidirsə, demək, ürəyimdəkini bilir, bilirsə, bir azdan pəncərənin pərdəsini ehmalca çəkib səs gələn tərəfə boylanacaq, gözəl gözləri ilə məni axtaracaq...

Amma həmin gün, daha doğrusu, həmin gecə cüzi bir işarə ilə belə könlümdəkini bildiyini mənə bildirmədi, pəncərənin gecə pərdəsi azacıq da olsa tərpənmədi.

Səhər saat dördə yaxın düşündüm ki, ismətli qızdır, aramızda pərdə saxlayır. Bunu düşünüb yorğun-arğın durub evə qayıtdım.

Mən evə çatanda artıq dan yeri sökülürdü.

Gecə yuxusuz qaldığımdan bütün günü yatdım. 

Axşama yaxın oyandım. Şər qarışanda gitaramı götürüb həmin kotecin yanına, pəncərənin altına qayıtdım.

Soruşa bilərsiniz, şam eləmədən qayıtdın? Bilmirəm, birtərəfli sevgidən idi, bilmirəm, yuxusuzluqdan, iştaham tam ölmüşdü. Canana can atan canım ayrı bir qidanın həsrətində idi.

Bu gecə də səhərə qədər çalıb-oxudum. Gözümü bir an belə açıq pəncərədən çəkmədim.

Saat üç olardı, pərdə azca tərpəndi, həmin an sanki hənirti də hiss etdim, elə bil, pərdə arxasında kimsə var idi.

Bu, ümidverici tərpəniş məni elə ruhlandırdı ki, bu dəfə səhər beşə qədər bülbül kimi cəh-cəh vurdum.

Növbəti axşam yenə ətrafa alatoran çökən kimi pəncərənin qabağında peyda oldum. Yenə səhərə qədər çalıb-oxudum.

Bu dəfə pərdə bir-iki dəfə tərpəndi, sanki o bir az çəkiləndə, oradan kiminsə baxdığını da gördüm.

Sonrakı gecələrdə gah tam hərəkətsizlik olurdu, gah da pərdə yenə də azca seziləcək qədər tərpənirdi.

Amma qız bircə dəfə də olsun, nə gecələr pəncərənin qabağında, nə də gündüzlər sanatoriyanın ərazisində, qəsəbədə görünmürdü.

Nə qədər boşuna çalıb-oxumaq olar?

Get-gedə bu faydasız cəhdlərdən bezdim, həvəsdən düşdüm. Düşündüm, qarşılıqlı bir addım, bir cavab yoxdursa, demək, qız mənim ülvi hisslərimi rədd edir.

Belə ki, özümü yandıran, lakin qarşı tərəfi isindirməyən atəşin üstünə soyuq su töküb bir daha o tərəfə getmədim, nəğməli gecələrə son qoydum.

Aradan üç gün keçdi. Musiqi dərsindən qayıdırdım. Amma uğursuz məhəbbətdən sonra kefim elə təlx idi ki, evə getmək istəmirdim. Odur ki, əlimdə gitara qəsəbənin küçələrində veyillənirdim.

Bu əsnada o yandan gələn orta yaşlı bir kişi yanımda ayaq saxlayıb üzümə zilləndi:

- Gecələr sanatoriyanın həyətində gitara çalıb mahnı oxuyan oğlan sənsən?

Sualı verən kişinin üzünə baxıb düşündüm, yəqin qızın atasıdır, indi yuxusuz gecələrin hayıfını məndən çıxacaq. Keçirdiyim həyəcanı gizlətməyə cəhd edərək dedim:

- Bəli, mənəm... elə-belə oxuyuram. 

Kişi üzümə baxıb gülümsədi. O gülümsünəndə ürəyimdə ümid işığı yandı. Gülümsədi və dedi:

- Yaxşı oxuyursan... - ani pauzadan sonra əlavə etdi, - amma daha niyə gəlmirsən? 

Bilmədim nə deyim, az qala demişdim, oxuduğum mahnılar qızınızın da ürəyincədirmi? Demədim, dilimi basdım. Kişi isə bu ara köynəyimin cibinə on manat basıb sözünə davam etdi:

- Xahiş edirəm gəl, əvvəlki kimi oxu. 90 yaşlı anamı sanatoriyaya müalicəyə gətirmişəm. O, gecələr sənin mahnılarını dinləyib feyziyyab olur. Deyir, bu nəğmələr mənim gəncliyimi xatırladır, rəhmətlik kişi də beləcə gəlib pəncərəmin altında durub mənim üçün mahnı oxuyardı. Bir söz, - kişi bu yerdə başıma sığal çəkdi, - sənin mahnıların həkimin dərmanlarından təsirlidir. Anam əməllicə sağalırdı... Lakin üç gündür, sən gəlmirsən, arvadın gözü yolda, qulağı səsdədir.

Udqundum, bunun cavabında nə deyəcəyimi bilmədim, odur ki, dilim topuq vura-vura soruşdum: 

- Bəs, orda, o kotecdə qız qalırdı, anasıyla birlikdə...

- Onlar çoxdan getdilər. Elə onlar çıxandan sonra biz o kotecə girdik.

Bir istədim, kişinin pulunu qaytarım, ancaq o qəflətən dönüb getdi, gedə-gedə arxaya qanrılıb:

- Ərinmə, gəl oxu, nəmərin məndə! - dedi.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!