Qapı bərkdən döyüldü. Bu döyülmədə bir iddia, bir əmrə bənzərlik vardı. Qoca bunu hiss etdi, amma özünü o yerə qoymadı. - Gəlirəm, - dedi. - Şalvarını tumanının üstündən geyinib qapıya yaxınlaşdı. - Kimdir? - deyə soruşdu.
- Mənəm, dostunam, aç qapını!
Səs ötkəm idi, dost səsinə oxşamırdı...
Qoca alnını ovuşdurdu, səsi tanımağa çalışdı; lakin tanıyammadı. - Yəqin qocalıqdandır, yaddaşım daha sözümə baxmır. - Qoca ilk dəfə idi ki, yaddaşından gileylənirdi.
Qapı bu dəfə daha möhkəm döyüldü. Ona elə gəldi ki, indicə çərçivəsindən çıxıb üstünə yıxılacaq. Qoca yarıqaranlıq dəhlizdə gələn adamın kim olduğunu xatırlamağa çalışdı. Gələn adam ağ paltar geyinmişdi; üz-gözünü sıx ağ tüklər örtmüşdü, bədəni, sifəti sağa-sola əyilir, yellənirdi. Qoca yenə özünü danladı. - Oocalıqdandır, vallah, qocalıqdandır. - Gülümsədi: - Gəl dalımca, bu otağa keç, oturaq, dərdləşək, yadıma düşərsən onda. Gəl, gəl. - Novruz sovqatı - çərəzlər düzülmüş masanın arxasına keçıb oturdu. Qonağa yer göstərdi. Qonaq oturdu və dedi:
- Hə, de görüm, indi nə işlə məşğulsan? İşləyirsən, yoxsa... - Səsində mülayimlik hiss olundu.
Qocanın yarasına elə bil duz səpdilər. - İşləməyə qoydular ki!
Dedilər ki, qocalmısan, evdə qalıb dincəl. Heç soruşmadılar ki, işinin öhdəsindən gəlirsən, ya yox. Mənsə işləmək istəyirdim. Axı, işimi çox sevirdim; tərcümə edilmiş mətnləri redaktə edib rejissora verirdim. O da aktyorların vasitəsi ilə televiziyada səsləndirirdi, sənədli filmlər, arabir bədii filmlər dublyaj olunurdu...
Maraqlı iş idi. Redaktorluqla yazıçılıq bir-birini tamamlayırdı; ömrümün ən mənalı, ən məhsuldar çağlarını yaşayırdım. Mənə elə gəlirdi ki, hər gün işə yox, toy-bayrama gedirəm. Yeni bir həyat yaşayırdım; mətn redaktə edirdim, hekayə...yazırdım. Amma dedilər ki, yox e-e-e, qocalmısan, get dincəl, sənin işini cavanlar da görər... İşləmək, fəal bir həyat yaşamaq istəyirdim, ağlım, biliyim tükənməmişdi. Cavanlara böyük hörmətim var. Lakin yaşlı nəslin bildiklərini, zəngin təcrübələrini onlar bilmirlər axı. Bizim yaşımıza çatanda ola bilsin ki, bizdən çox bilsinlər... Başağrısı vermirəm ki?
- Yox, yox, danış, - dedi qonaq.
- Bir dəfə baş redaktor məni yanına çağırıb dedi ki, televiziya verilışlərinin aparıcılarının dilindəki qüsurlarla bağlı bizim də ünvanımıza bəzi iradlar deyiblər. Bax gör, bu iradlar düzdür, ya qərəzlidir. Dedim ki, ver baxım o iradlara, sonra fikrimi deyim. Göstərilən nöqsanlara nəzər saldım; gördüm ki, iradların bəziləri düzdür, bəziləri isə qərəzli. Fikrimi yazıb baş redaktora verdim. O da yoxlamanı aparan qurumlara təqdim etdi; yazdıqlarımla razılaşdılar. Deməli, mən qocalsam da, ağlım, biliyim, hafizəm yerindəydi, cavanlarınkından heç də geridə qalmırdı, hətta onları üstələyirdi...
Qoca danışığına ara verdı. Qonağın onu dinləyib-dinləmədiyini bilmək istədi, gözlərini aradı. Üzünü örtən ağ uzun tüklər imkan vermirdi ki, qonağın gözləri görünsün. Qonaq onun fikrini anladı: - Danış, - dedi, - qulağım səndədir.
- Hə, - dedi, - qoca, - ayınca-şayınca "get istirahət et, dincəl", deyib məni "yola saldılar." İstirahət! O nə olan şeydir? Qana bilmirəm; yeyib yatmaqdır bu, yoxsa, ona-buna göstəriş vermək?! Bunların heç biri deyil. Mənalı, ürəkaçan, səni qanadlandıran işdən sonra dincəlmək, bax, budur, istirahət! Nə yaxşı ki, həyət-baca vardı... Könlümü torpağa verdim: gül-çiçək, ağac, müxtəlif tərəvəz, göy-göyərti əkib becərdim. Torpaq sevgimə sevgi ilə cavab verdi, səxavətini məndən əsirgəmədi. Bol bar-bəhrə götürürəm. Özümüzü, uşaqlarımı, nəvələrimi ötüşdürür, qonşulara, qohum-qardaşa da pay verirəm. Allah verib də, nə olar verəndə... Gülməli çıxmasın, it, pişik, toyuq-cücə də saxlayıram. Allah min bərəkət versin. Təzə yumurta evimizdən əskik olmur... Vaxt tapıb qəzet, jurnallara da göz gəzdirirəm, gənclərin yaradıcılığını daha çox izləyirəm. Deyirəm görüm, bizim nəslin ənənəsini davam etdirirlər, ya yox. Razı qaldığım hallar da olur, razı qalmadığım hallar da. Bir də ki, həmişə belə olub. Əsas odur ki, milli xüsusiyyətlər, ənənə itməsin, kök qurumasın... Bir də onu deyim ki, yaradıcılığımı pis-yaxşı, davam etdirirəm; bugünkü həyatımızla bağlı hekayələr yazıram. Axı, bildiyin kimi, mən yazıçıyam; yazmasam, vallah, söz ürəyimi deşər, ölərəm. İnan, buna!
Dilimizdə baş verən proseslərlə də maraqlanıram; onunla bağlı əlimə nə keçirsə, oxuyuram. - Görürəm ki, -çı,-çi,-çu,-çü şəkilçilərindən heç də həmişə yerində istifadə olunmur. Məsələn, yazırlar gürcüstançılıq. Bu ifadə nə dərəcədə doğrudur? Gürcüstanşünaslıq yazsınlar da! Olmaz?! Bir dəfə hansısa qəzetdə latış dili əvəzinə, Latviya dili yazmışdılar. Nə isə... - Qoca danışığına ara verdi. - Bir bax e, mən elə hey danışıram, bir stəkan çay da sənə vermirəm. Bu saat, bu saat... - Mətbəxə qaçdı. Qazı yandırıb, çaydanı pilətənin üstünə qoyub qayıtdı. - Hə, - dedi, - indicə qaynayacaq.
Qonaq gözünə dəymədi. O tərəf-bu tərəfə boylanıb onu axtardı. Masanın üstünə qoyulmuş ağ kağız nəzərini cəlb elədi, götürüb oxudu:
- Allahın hökmü ilə canını almağa gəlmişdim. Amma sən danışan zaman vəhy gəldi: - Dayan! - Əməlin Tanrının xoşuna gəlmişdi, möhlət verdi ki, yaşayasan!
Hörmətlə; sənin və bütün insanların dostu Əzrayıl, indiki insanların dili ilə desək, Koronavirus.
Qarısının yatdığı otağa yüyürdü. Uşaq kimi rahatcana uyuyurdu qarısı. Onu oyatmaq, Əzrayılın yazdığı kağızı ona oxumaq istədi. Əlini açdı, kağız nə gəzirdi?!
Salavat çevirib çölə çıxdı, yaz küləyi üzünü oxşadı. Xoruzlar qanadlarını bir-birinə çırpıb banladılar; səhərin açıldığını xəbər verdilər.
Qoca evə qayıtdı, kağız-qələmi masanın üstünə qoydu. - Bunları isti-isti yazım, - dedi, - sonra yadımdan çıxar. - Yazdı: - Sübhə yaxın gələn qonaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!