...Rüstəm sağlıq deməyə başlayanda Aydınla Hikmət yeməkdən əl götürüb diqqət kəsildi, mən isə bu sağlığı çox eşitmişdim, bilirdim ki, Rüstəm içəndə həmişə eyni şeyi danışır.
- Deməli, məsələ beləydi, dava başlayan kimi atam işindən-gücündən əl çəkib getdi müharibəyə. Heç bir həftə keçməmiş ölüm xəbəri gəldi... - bu arada süfrə arxasındakılar ona xoş gəlmək üçün, həm də nəzakət xətrinə yavaşcadan: "Allah rəhmət eləsin", - desələr də, natiq sağ əlini yuxarı qaldırdı, yəni sözümü kəsib mənə mane olmayın. - Basabas illərdi də, Şura hökuməti dağılmışdı, ermənilər də fürsətdən istifadə eləyib Qarabağda at oynadırdı. Nə isə, atam öləndən sonra ailəmizin bütün yükü düşdü mənim çiynimə. Evin böyük oğlu idim axı... On beş-on altı yaşım vardı, düz-əməlli məktəbə də getmirdim, səhərdən-axşamacan bazarda ona-buna kömək eləyib beş-üç manat çörəkpulu qazanırdım. Söz vaxtına çəkər, bir gün, elə bu vaxtlar idi, payızın son ayı, qaralan havadan elə qaramat yağırdı, bazardan əl-ayaq yığışırdı, tərs kimi həmin gün mənə iş buyuran olmamışdı, bircə manat da qazanmamışdım. Ümidsiz-ümidsiz ürəyimdə Allaha yalvarırdım ki, heç olmasa, evə bir-iki çörək almaq üçün pul yetirsin, evdəkilər ac yatmasın. Bu dəm səliqəli geyinmiş, çal saçlı, nazik saqqallı bir kişi bazarın tualetindən çıxıb əli ilə məni çağırdı. Sevincək kişinin qabağına qaçdım. Kişi birbaşa mətləbə keçdi: "Ay bala, indicə tualetə girmişdim, pulqabım cibimdən sürüşüb düşdü deşiyə. Gəl, sən mənim o pulqabımı ordan götür, mən də səni razı salım". Mən bir anlığa donuxub qalsam da, çar-naçar, əlacsız-əlacsız, könülsüz-könülsüz razılaşdım. Həlbət ki... Əlacı olan könüllü bu işə necə gedər? Acığından onu bu işə sövq eləyənə gücü çatmasa belə, kişinin dalına bir təpik ilişdirib tüpürər dabana, qaçıb çıxar aradan... Mənsə... - azca ara verib qulaq asanlara baxdı, boğazını arıtlayıb davam elədi. - Nə isə, tualetə girdim, bazar ayaqyolusu məlumdu ki, nə kökdə olar, ancaq yaxşı ki, içəridə heç kəs yox idi, pulqabını məlum yerdə görəndə bir anlığa neyləyəcəyimi bilmədim, ürəyim qalxdı, istədim doğrudan-doğruya qaçıb gedəm, ancaq elə o dəm evdəkilər gözümün qabağına gəldi. Qollarımı çırmaladım, yavaş-yavaş əyilərək, iyrənə-iyrənə əl atıb bulaşıq dəri pulqabını götürəndə onun üstünə qonub uyumuş iri, yaşıl milçək vızıltı ilə uçdu, xarab olduğundan heç vədə bağlanmayan, suyu səhərdən-axşamacan şırıltı ilə axan divardakı krantın altında, bumbuz, soyuq suda həm əllərimi, həm dəri pulqabını yaxşı-yaxşı yudum. Barmaqlarım qıpqırmızı qızardı, soyuq sümükləriməcən işləyib əllərimi keyləşdirdi. Portmanatı, əllərimi qolları yamaqlı gödəkçəmə silib birtəhər qurulamaq istədim. Bayıra çıxıb pulqabını kişiyə verdim, kişi də portmanatı açıb ordakı pulların arasından birini nimdaş, bozumtul gödəkçəmin döş cibinə basdı, elə bil istəmirdi ki, təsadüfən əli-əlimə toxunsun. Mən çörək almağa qaçdım. Çörək alıb sevinə-sevinə evə gedəndə birdən qəhər məni boğdu: "Ay Allah, mənə çörəkpulu yetirəcəkdinsə, nə səbəbə zir-zibilin içini eşələməyimi rəva gördün, axı sən çox qüdrətlisən, başqa cür göndərə bilməzdin ruzimi?" - fikirləşdim, evə çatanacan biixtiyar zar-zar ağladım. İndi də sizə deyirəm ki, əgər o göydəki kişi... - qəhərlənib şəhadət barmağını tavana tuşladı, - sizə yox yerdən bir tikə çörək yetirirsə, şadlığınıza şitlik eləməyin... Necə deyirlər onu, həmişə göylərə şükür elə, torpağa baş əy...
Bu yerdə Hikmət dilini dinc saxlaya bilmədi:
- Alə, söz danışdın də, tualet belə gəldi, pulqabı belə getdi, nə bilim, zir-zibil, qoy çörəyimizi rahat yiyək, iyrəndirmə bizi, sən lap keflənmisən, baş əyməli o qədər cibidolu vəzifə sahibi var ki... Torpağa baş əyməklə nə cib dolar, nə qarın... Bəs balalarımızı necə dolandıraq?..
Aydın qəhqəhə çəkdi.
- Düzdü!.. Yüz faiz!..
Rüstəmin danışmaq həvəsi öldü:
- Mən nahaq yerə başıma gələni hər qammaza söyləyirəm... - əlindəki qədəhi süfrəyə qoyub əyləşərək acıqlı-acıqlı dedi. - Gərək çörəyi çörəkçiyə verəsən, zər qədrini zərgər bilər...
Gördüm vəziyyət qəlizləşir, Rüstəmə dedim ki, hirslənmə, zarafatdı eləyirik, dur gedək, eyvanda bir siqaret çəkək. Sağ olsun, əsəbiləşsə də, dərinə gedib sözümü yerə salmadı. Baxma ki, masanın üstündə də külqabı vardı, bayaqdan Hikmətlə Aydın elə içəridə siqaret tüstülədirdi.
Həm də sağlıq deyənin yadına düşmədi ki, mən siqaret çəkən deyiləm. Deyəsən, həqiqətən, keflənmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!