1937-ci il... Azərbaycanı ən qorxulu xəstəlik olan taun xəstəliyindən də dəhşətli bir bəla bürümüşdü. SSRİ-nin rəhbəri Stalin ən yaxın köməkçisi Beriyanın fitvası ilə Azərbaycanda repressiyanın, əslində isə qətliamın hökmünü vermişdi. Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovdan Azərbaycanda olan əks-inqilabçılara, pantürkistlərə, panislamistlərə, "Sovet ittifaqına qarşı mübarizə aparanlar"a qarşı təmizləmə tələb olunurdu. Erməni məmurlar Markaryan Ruben Ambarsumoviç, Qriqoryan Xoren İvanoviç, rus məmurlar Borşev Timofey Mixayloviç, Yemelyanov Stepan Fyodoroviç və satqın azərbaycanlı məmur Atakişiyev Ağa Səlim İbrahim oğlunun nəzarətilə hər gecə yüzlərlə ziyalı qara maşınlara mindirilir və NKVD-nin zirzəmilərinə aparılır, orada işgəncə ilə dindirilirdi. Həmin ziyalılar bir müddətdən sonra verilən işgəncələrə dözə bilməyib, "xalq düşməni", "pantürkist", "panislamist" və "antisovet təşkilatı"nın üzvü olduğunu boynuna almağa məcbur olur, daha doğrusu, bunlar onların boynuna qoyulur, güllələnir, divara hörülür, ən yaxşı halda soyuq və uzaq Sibirə sürgün edilirdilər.
Azərbaycan xalqının ən sevimli sənətkarları Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, Əhməd Bilal və Mikayıl Müşfiq də heç bir günahları olmadıqları halda Azərbaycan xalqına özlərini çox vətənpərvər göstərən bir neçə ermənipərəst şair, yazıçı, teatrşünas, publisist və tənqidçinin böhtanı ilə gecə ikən aparılmışdılar. Onların "işi" bilavasitə Mir Cəfər Bağırova təqdim olunmuşdu. Hüseyn Cavid şair-dramaturq, Əhməd Cavad, Mikayıl Müşfiq şair, Seyid Hüseyn yazıçı, ədəbiyyatşünas, publisist, tənqidçi, Əhməd Bilal isə dramaturq, rejissor və aktyor idi.
Mir Cəfər Bağırov bu sənətkarları çox gözəl tanıyırdı. Hüseyn Cavidin əsərləri əsasında hazırlanmış bir neçə tamaşanın premyerasına dəvət almışdı, dəsti-xəttindən xəbəri vardı. Əhməd Cavadın yaradıcılığını imkanı daxilində gözdən keçirmişdi. Seyid Hüseynin hekayələrini, publisistik məqalələrini oxumuşdu. Müşfiqin şeirlərini eşitmişdi. Əhməd Bilalın özünün müəllifi olduğu və quruluş verdiyi bir tamaşaya baxmışdı. Onların xalq düşməni olmadıqlarını yaxşı bilirdi. Lakin sapı "Azərbaycan ağacları"ndan düzəldilən baltaların danosları o qədər inandırıcı idi ki, daşdan keçərdi və Mir Cəfər Bağırov bu sənətkarları təmizə çıxarmaqdan ötrü ruh yoxlayan cihazlar düzəltdirməli idi ki, satqın yazıçıların danoslarının böhtan olduğunu ifşa eləsin. Lakin bu, qeyri-mümkün idi. Stalindən isə yenə xain insanların şikayətlərinə əsasən, "Azərbaycanda xalq düşmənləri ilə mübarizə zəif aparılır", - teleqramı gəlmişdi. Odur ki, Mir Cəfər Bağırovun başqa əlacı qalmadığına görə bu dörd nəfərin də xalq düşməni kimi mühakimə olunmasına qərar verdi.
İyirmi doqquz yaşlı Mikayıl Müşfiqi də NKVD-nın zirzəmisinə gətirmişdilər. Artıq iki ay idi ona işgəncə verir və eyni sualları verirdilər: "Hansı antisovet təşkilatının üzvüsən?" Müşfiq bu suala cavab verməkdən elə bezmişdi ki, ona elə gəlirdi ki, bu sual zəhərli bir ilandır və tuği-lənət olub onun boğazına sarılıb.
Bu gün onu dindirmək üçün Markaryan Ruben Ambarsumoviçin yanına apardılar. Markaryan onu təpədən-dırnağa qədər süzüb kinayə ilə gülümsədi və ilk sualını verdi:
- Deməli, boynuna almaq istəmirsən ki, antisovet təşkilatının üzvüsən?!
Müşfiq cavab vermədi.
Markaryan onun çənəsindən yapışıb başını yuxarı qaldırdı:
- Cavab ver!
Müşfiq susdu. Markaryan var gücü ilə onun çənəsinə bir yumruq vurdu. Onsuz da iki ay ac saxlanmış və işgəncələr verilmiş, taqətsiz Müşfiq yerə aşdı. Markaryanın yanındakı "quyruq bulayan" dərhal Müşfiqin qollarından yapışıb yenə kətilin üstündə otuzdurdu. Markaryan zopa yemiş eşşək kimi anqırdı:
- Boynuna alacaqsan, ya yox?!
Müşfiq yenə cavab vermədi.
Markaryan bu səfər əvvəlkindən də bərk anqırdı:
- Ay bədbəxt! Sənin xalq düşməni olmağın haqqında əlimizdə imzalı faktlar, dəlillər var.
Markaryan qarşısındakı qovluqdan bir kazığ çıxarıb Müşfiqə göstərdi:
- Həsrət Coşqun, Zümrə Bitkin, Səlim Quşqun, Qulu Matişkinli sənin xalq düşməni olduğunu təsdiq eləyiblər. Qol çəkiblər.
Markaryan kağızı az qala, Müşfiqin gözünə soxmaq istəyirdi. Markaryanın yumruğundan ağzı qanamış Müşfiq imkanı daxilində üzünü kənara çəkib kağıza baxmamağa çalışırdı.
Markaryan bağırdı:
- Bu adamlar Hüseyn Cavidin, Seyid Hüseynin, Əhməd Cavadın, Əhməd Bilalın da xalq düşməni olduğuna imza atıblar. Sən də təsdiq eləyirsən ki, Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Əhməd Bilal xalq düşmənidi?
Müşfiq başını buladı:
- Xeyr, təsdiq eləmirəm.
Markaryan yenə onun çənəsindən yapışdı:
- Bura bax, əgər istəyirsənsə, heç olmasa, divara hörülməyəsən, bura qol çək, imza qoy!
Müşfiq yenə başını buladı:
- Heç vaxt!
Markaryan bağırdı:
- Hüseyn Cavid Bakı Darülmüəllimi məktəbində sənin müəllimin olub. Sonra həmişə bir yerdə olmusuz. Tez-tez evlərinə gedib-gəlmisən. Onun hər işindən xəbərin olub. Sən çox yaxşı bilirsən ki, o xalq düşmənidi. Pantürkistdi, panislamistdi. Cavidin bütün əsərləri pantürkistliyi, panislamistliyi nümayiş etdirir.
Müşfiq sakitcə dilləndi:
- Hüseyn Cavidin heç bir əsərində pantürkistliyə, panislamistliyə işarə yoxdu. Mən onun bütün əsərlərini əzbər bilirəm. O, xalq düşməni də deyil. Siz özünüz bunu çox yaxşı bilirsiz.
Markaryan var gücü ilə bağırdı:
- Burda adları olan adamlar təsdiq eləyirlər ki, Cavid də, sən də antisovet təşkilatının üzvüsüz. Özü də könüllü, bir yerdə həmin təşkilata üzv olmusuz.
Müşfiq bir neçə dəfə dərindən nəfəs aldı:
- Mən belə bir təşkilatın mövcudluğunu burda eşitmişəm.
Markaryan böyürdü:
- Deməli, boynuna almırsan?! Bunu da imzalamaq istəmirsən?!
Müşfiq yenə cavab vermədi. Markaryan yenə var gücü ilə onun sifətinə möhkəm bir yumruq vurdu. Müşfiq yerə aşdı. Markaryan "quyruq bulayan"a işarə elədi. O, Müşfiqi qaldırıb apardı.
Müşfiqin bütün bədəni, eyni zamanda sifətinin bütün əzaları dözülməz ağrı verirdi. Markaryanın vurduğu zərbələrdən açılan qan laxtalanıb ağzına, burnuna yapışmışdı. Həmişəki kimi yenə Dilbəri xatırladı. Gözəllər gözəli Dilbərlə keçirdiyi günlər, anlar gözünün önündən gəlib keçdi. Dilbərə həsr etdiyi şeirləri ruhunun pıçıltısından dinlədi:
Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən, gülüşlərin nəyə bənzəyir,
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şehə bənzəyir.
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu,
Bu saçı leyladan necə əl çəkim?!
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər küsmüşdür, barışmaz mənlə,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
Gəlmiş huzuruna bir Qaradağlı,
Bir qara qulundur qolları bağlı,
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
Müşfiq iki ay idi Dilbərə həsrət idi. Bu iki ay müddətində Dilbərdən tamamilə xəbəri yox idi. Dilbəri nəinki o həndəvərə buraxmırdılar, dinləmirdilər də. Hey düşündü Dilbəri, xəyallarında ağaclardan, çiçəklərdən, səmadan, günəşdən, aydan, ulduzlardan sordu. Heç olmasa, bir dəfə yenə görmək istədi Dilbəri. Heç olmasa, bir dəfə... Amma Dilbər onsuz da onun ruhunda idi. O, Dilbəri ruhunda daşıyırdı. Onun ruhunda qənirsiz gözəl, sevdalı, mehriban, səmimi, nazlı-qəmzəli, hər şeydən daha şirin bir Dilbər var idi...
Sonra Müşfiq, bir ata qədər sevdiyi, bağlandığı Cavid əfəndini xatırladı və Cavid əfəndiylə bağlı xatirələr gözünün önündən gəlib keçdi...
Bakı Darülmüəllimi məktəbində dərs mövsümü cəmisi iki gün idi başlamışdı. Təxminən, on beş-on altı yaşında yeniyetmələr parta arxasında oturub səbirsizliklə hər bir savad almaq istəyən yeniyetmənin, gəncin arzuladığı müəllimlərini, Cavid əfəndini gözləyirdilər. Nəhayət, qapı açıldı. Başında müslümü papaq, qədd-qamətli, səliqə ilə geyinmiş Cavid əfəndi sinif otağına daxil oldu. Onun əlində köhnə bir əsa var idi. Uşaqlar dərhal ayağa qalxdılar. Cavid əfəndi yüngülcə onları gözdən keçirib əli ilə "oturun", - işarəsi verdi. Uşaqlar oturdular. Sonra Cavid əfəndi özünəməxsus bir aramla kətilin üstündə əyləşdi:
- Hamı gəlib?
Bəstə boylu, yaraşıqlı simalı, nimdaş pencək geyinmiş Mikayıl ayağa qalxdı:
- Bəli, Cavid əfəndi!
Cavid əfəndi diqqətlə yeniyetməyə baxdı:
- Sənin adın nə oldu, bala?
Mikayıl böyük sənətkarın qarşısında bir əsgər bir generalın qarşısında duran kimi müntəzir durmuşdu:
- Adım Mikayıldı, Cavid əfəndi.
- Bəs soyadın?
- Əbdülqədir oğlu İsmayılzadə.
- Şeir bilirsən?
- Bilirəm, Cavid əfəndi!
- Söylə də, baxalım.
- Yavrum, quzum! Adın nədir? - Gülbahar!
- Pəki sənin baban, annən varmı? - Var!
- Nasıl, zənginmi baban? - Əvət zəngin, bəyzadə.
- Öylə isə geydiyin neçin böylə sadə?
- Yoxmu sənin incilərin, altun bilərziklərin?
- Söylə yavrum, heç sıxılma.
- Var əfəndim, var, lakin. Müəlliməm hər gün söylər:
- Onların yox qiyməti.
Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
- Pək doğru söz. Bu dünyada sənin ən çox sevdiyin
- Kimdir quzum, söylərmisin?
- Ən çox sevdiyim ilkin,
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var!
- Kimdir onlar?
- Atam, anam, müəlliməm, bir də bütün insanlar.
Mikayıl şeiri oxuduqca Cavid əfəndinin simasında məmnunluqla yanaşı, bir qədər heyrət də görünürdü. Mikayıl şeiri bitirən kimi Cavid əfəndi buyurdu:
- Kimindi bu şeir?
-Sizin, əfəndim!
Cavid əfəndi yenə bir müddət Mikayılı şəfqətlə süzdü, sonra soruşdu:
- Daha kimlərin şeirlərini bilirsən?
- Demək olar ki, hamısının şeirlərindən bilirəm!
- Oxu görüm!
Korkma sönməz bu şafaklarda yüzən al sancaq,
Sönmədən yurdumun üstündə tutan ən son ocaq.
O bənim millətimin yıldızıdır parlayacaq,
O bənimdir, bənim millətimindir ancaq.
Çatma qurban olayım çehrəni ey nazlı hilal,
Kahraman ırqıma bir gül, nə bu şiddət, bu cəlal.
Sana olmaz tökülən qanlarımız sonra hilal,
Haqqıdır, haqqa tapan millətimin istiqlal.
Bən əzəldən bəridir hürr yaşadım, hürr yaşarım,
Hangi çılğın zincir vuracakmış? Şaşarım!
Kükrəmiş sel gibiyim, bəndimi çiğnər, aşarım,
Yırtarım dağları, ənginlərə sığmam, taşarım.
Qərbin afaqını sarmışsa çelik, zıhlı duvar,
Bənim iman dolu göksüm gibi sərhəddim var.
Ulusum, korkma, nasıl böylə bir imanı boğar,
Medeniyyət dedigin tək dişi qalmış canavar.
Arkadaş, yurduma alçaqları uğratma sağın,
Sipər et gövdəni, dursun bu həyasızca akın!
Doğacakdır sana vad etdiyi günlər Haqqın!
Kim bilir, bəlki yarın, bəlki yarından da yaxın!
Basdığın yerləri toprak deyərək keçmə, tanı!
Düşün altındakı binlərcə kəfənsiz yatanı!
Sən şehit oğlusun, incitmə, yazıkdır atanı!
Vermə dünyaları alsan da, bu cannat vatanı!
Kim bu vatanın uğruna olmaz ki, fəda,
Şühəda qışqıracaq toprağı sıxsan şühəda!
Canı, cananı, bütün varımı alsın da Huda!
Etməsin tək vatanımdan bəni dünyada cüda!
Ruhumun səndən İlahi şudur ancaq əməli,
Dəyməsin mabədimin köksünə naməhrəm əli!
Bu əzanlar ki, şəhadətləri dinin təməli!
Əbədi yurdumun üstündə bənim inləməli!
O zaman vecd ilə min səcdə edər varsa taşım,
Hər cerihandan, İlahi, boşanıb qanlı yaşım,
Fışqırıb ruhu mücərrəd gibi yerdən naşın,
O zaman yüksələrək arşa dəyər bil ki, başım.
Dalğalan sən də şəfəqlər gibi, ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın həpsi halal!
Əbədiyyən sana yox, irqıma yox izmihilal,
Haqqıdır hürr yaşamış bayrağımın hürriyət!
Haqqıdır haqqa tapan millətimin istiqlal!
Mikayıl "İstiqlal" şeirini o qədər ürəklə ifa eləmişdi ki, tək xasiyyətcə çox ciddi bir adam olan Cavid əfəndinin deyil, bütün şagirdlərin də gözləri yaşarmışdı. Mikayıl şeiri söyləyib qurtarandan sonra bir müddət sükunət hökm sürdü. Nəhayət, Cavid əfəndi kövrək bir səslə sükutu pozdu:
- Bu "İstiqlal" şeirinin kimə aid olduğunu bilirsənmi, Mikayıl?
- Bu, türk dünyasının ən nəhəng simalarından biri Mehmet Akif Ərsoyundur, Cavid əfəndi.
Cavid əfəndi başını məmnunluqla tərpətdi. Amma onun simasında nədənsə bir balaca narahatçılıq var idi.
Cavid əfəndi iki əli ilə əsasından tutub zəng vurulana qədər Vətən mövzusunda olan şeirlərdən, onların müəlliflərindən danışdı və Abbas Səhhətin "Vətən" şeirinin üstündə dayandı. Zəng vurulan kimi ayağa qalxmadan və uşaqların tənəffüsə çıxmasını söylədi. Uşaqlar sinif otağından çıxdılar. Cavid əfəndi təkcə Mikayılı əylədi:
- Mikayıl, sən otur, sənə sözüm var!
Mikayıl qayıdıb yerində oturdu. Cavid əfəndi sonuncu uşağın da sinif otağından çıxmasını gözləyib sözə başladı:
- Sən çox istedadlı oğlansan, Mikayıl. Mən əminəm ki, gələcəkdə böyük bir insan olacaqsan! Bəlkə də çox nəhəng bir şair olacaqsan. Amma ehtiyatlı ol, oğlum! Unutma ki, Mehmet Akif Ərsoy Türkiyə şairidir. Həm də irfani bir sənətkardır. İndi burda Türkiyəyə qarşı çox xoşagəlməz münasibət var. Çalış, Şura hökumətini tərənnüm edən şeirlər əzbərlə!
Mikayıl başını buladı:
- Bacarmıram, Cavid əfəndi, heç bacarmıram!
Cavid əfəndi sanki özü-özüylə danışırmış kimi dilləndi:
- Elə mən də bacarmıram. Bir misra da yaza bilmirəm.
Sonra o, üzünü Mikayıla tutdu:
- Nəslinizdə şair olubmu?
- Çox olub, Cavid əfəndi! Məşhur qaradağlılar nəsli. Babalarım hamısı aşıq olub. Mənim atam da şeir yazırmış. Amma vaxtsız ölüm onu apardığı üçün məşhurlaşa bilməyib.
- Allah rəhmət eləsin! Demək, sən qaradağlılardansan?!
- Hə!
- Vaxtilə Şah İsmayıl Xətainin müridləri kimi yurdumuza gələn və burda yurd-yuva salan qaradağlılardan...
- Hə! Nənəm deyirdi ki, qaradağlılar neçə əsr bundan qabaq Xızıda məskən salıblar. Ordakı əhalinin əksəriyyəti Şah İsmayılın müridlərinin nəslidir.
Cavid əfəndi ayağa qalxdı:
- Mən İstanbul Universitetində oxumamışdan qabaq Təbrizdə təhsil almışdım və hərdən boş vaxtlarımda gedib aşıq məclislərinə tamaşa eləyirdim. Orda mənə məlum oldu ki, Təbrizdəki bütün aşıqlar qaradağlılar nəslindəndir. Vaxtilə onların da ulu babaları Şeyx Heydərin, Şah İsmayılın müridləri olublar. Sonra Qaradağ vilayətində məskən salıblar. Ordan da başqa yerlərə yayılıblar. Deməli, sən qaradağlılardansan?! Sən də saz çalıb-oxuya bilirsənmi?
Müşfiq başını buladı:
- Xeyr, Cavid əfəndi! Mən saz çalıb-oxumağı bacarmıram. Amma atam da bacarırmış. Ümumiyyətlə, atam hərtərəfli adam imiş. Çox şey bacarırmış. Məşhur bəstəkar Müslüm Maqomayevin sifarişi ilə "Şah İsmayıl" operasının librettosunu yazıbmış.
- Dayan, dayan, deməli, sən Vüsaqinin oğlusan?!
- Bəli, Cavid əfəndi. Siz atamı tanıyırdız?
- Əlbəttə, tanıyırdım. Şəxsən tanışlığımız da var idi. Çox mehriban, xeyirxah bir insan idi rəhmətlik.
Cavid əfəndi bir qədər sükut eləyəndən sonra sözünə davam elədi:
- Onun həmin operanın librettosunu Müslüm Maqomayevə təqdim elədiyi ərəfədə Üzeyir bəy Hacıbəyli bu barədə dövri mətbuatda bir neçə məqalə dərc elətdirmişdi. Rəhmətlik atanın adını da hər dəfə böyük hörmətlə çəkmişdi. Heyf ki, atana həmin operaya tamaşa eləmək qismət olmadı. Mən 1919-cu ildə həmin operanın ilk tamaşasına baxmışam. Çox möhtəşəm bir librettosu var.
Cavid əfəndi həm təəccüb, həm də məmnunluqla başını yüngülcə buladı:
- Demək, sən Vüsaqinin oğlu imişsən?! Vüsaqi rəhmətlik çox istedadlı adam idi. Heyf ki, aramızdan tez getdi. Deyirəm axı.. Yaxşı deyiblər ki, ot kökü üstündə bitər. Mən bildiyimə görə, atan Xızıda doğulmuşdu. Sən də Xızıda doğulub böyümüsən?
- Xeyr, bəy əfəndi! Əslimiz oralıdır. Amma mən Bakıda doğulmuşam.
- Get oğlum, sən də qoğaldan-zaddan al ye! On dəqiqədən sonra dərs başlayacaq. Amma dediklərimi unutma!
- Baş üstə, bəy əfəndi!
Mikayıl çıxdı. Cavid əfəndinin sözləri onun ruhunu göylərə yüksəltmişdi. Cavid əfəndi iki kəlmə sözlə ona sənətkarlıq kimliyi vermişdi. Bundan sonra Mikayıl təkcə heyranı olduğu şairlərin bədii irsini mənimsəməyəcəkdi. Özü də yazıb-yaradacaqdı. Cavid əfəndinin sözləri ona sonu-bucağı olmayan bir ilham vermişdi.
Bir neçə aydan sonra Mikayıl Müşfiqi, Əhməd Cavadı, Seyid Hüseyni insanlığa sığmayan işgəncələr verəndən sonra edam etdilər. Hüseyn Cavidi Sibirə sürgün etdilər. Əhməd Bilalı Gəncə həbsxanasına apardılar. Lakin bu sənətkarlar əbədi olaraq Azərbaycan xalqının yaddaşında olduqca dəyərli insanlar, xalqın milli sərvəti, dahi Hüseyn Cavid demişkən, Cahan sərgisinin solmaz çiçəkləri kimi yaşadı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!