Bir dəstə qərənfil
Aylinin nənəsi gül həvəskarıdır. Həyətdə qəşəng bir güllük salıb. Burada hər cür gülə rast gəlmək olar. Qızılgül, məxmərgül, zanbaq, nilufər, qərənfil... Bunların hər biri də xoş ətir yaymaqla yanaşı, həyətə xüsusi bir gözəllik də verir...
Bir gün Aylin nənəsigilə gəlib gül dərmək istədiyini bildirdi.
Nənə dedi:
- Əziz balam, mən əlimdə nehrə çalxalayıram. Bunu yarımçıq buraxa bilmərəm... Bağ qayçısını dolabdan götür, get hansı güldən istəyirsən, dər. Ancaq ehtiyatlı ol, barmağına tikan batar...
Aylin nənəsi dediyi kimi də etdi və bir azdan güllükdən çıxdı... Nənə baxdı ki, qızın əlindəki ancaq bir dəstə qərənfildir... O, təəccüblə nəvəsinə dedi:
- Qəşəng bala, neçə cür gül-cicək var... Yoxsa, tanımırsan?.. Niyə hər birindən dərmədin?
- Nənə, mənə ancaq qərənfil lazım idi. Sabah məktəbimizin şagirdləri şəhidlərimizin məzarlarını ziyarətə gedəcəklər...
Nənə doluxsunan kimi oldu və sonra dilləndi:
- Azlıq eləməz ki, qəşəng balam?
Cəbhədə qalan əl
Cəbhədə sağ qolunu itirən Əzəmət ordudan tərxis olunduqdan sonra evə döndü. İlk görüşüb-öpüşdüyü də üç yaşlı qızı Dəniz oldu. Tezliklə qohum-qonşular da yığışıb onunla görüşə gəldilər...
Günlərin birində Dəniz atasından soruşdu:
- Ata niyə məni bir əlinlə qucaqlayırsan? Axı həmişə ikiəlli qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç xoşuma gəlmir...
Əzəmət kövrəlsə də, özünü birtəhər ələ alıb qızına cavab verdi:
- O biri əlim cəbhədədir, qızım!..
- Niyə cəbhədə qoyub gəlmisən?
- Düşmənlərə qarşı döyüşür...
- Bəs haçan gələcək?
- Müharibə qurtaranda!..
Dəniz hər gün arzulayırdı ki, müharibə tez qurtarsın və atası da onu hər gün cüt əllə qucaqlasın!..
- Yox, nənə, sayıb dərmişəm!..
Hərbi qənimətlər
parkında
Turqut babası ilə Hərbi Qənimətlər Parkına gəlmişdi. O, buradakı pulemyotlara, minamyotlara, tanklara, toplara, bir sözlə, bütün hərbi sursatlara çox maraqla tamaşa edirdi. Birdən o, babasına dedi:
- Baba, bu tanklardan birini mənə alarsan?
Baba gülümsəyə-gülümsəyə dilləndi:
- Əziz balam, bunların hamısı alınıb!
- Kim alıb ki, ay baba?
- İgid oğullarımız!
- Görəsən, nə qədər pula alıblar, ay baba?
- Pulla almayıblar, bala! Qanla alıblar, qanla! Sən də böyüyəndə əsgər gedərsən. Onda lazım gələrsə, tank da alarsan, lap top da!..
- Alaram, baba, alaram! Lap hamısından da alaram!
Oğru təkə
Artıq iki gün idi ki, çoban Məcidin çörəyi xurcundan yoxa çıxırdı. Artıq iki gün idi ki, evdən götürdüyü yumurtanı və üzlü pendiri çörəksiz yeyirdi. Düşünə-düşünə qalmışdı... Axı bu iki dağın arasında onun bir parça çörəyinə kim göz dikmişdi?.. Çoban bu sualın qarşısında aciz qalmışdı...
Üçüncü gün çoban Məcid qərara gəldi ki, xurcunu gözdən qoymasın. Necə olursa-olsun, oğrunu tapmalıdır. O, tütək çala-çala yamac boyu asta yerişlə var-gəl edirdi... Amma bir gözü sürüdə olsa da, bir gözü nəhəng sal daşın dibinə qoymuş olduğu xurcunda idi...
Günortaya az qalmışdı. Birdən sürüdən ayrılan boz təkə xurcuna sarı yaxınlaşdı. Təkə imsiləyə-imsiləyə başını xurcunun çörək qoyulan gözünə soxdu... Çörəyi xurcunun gözündən çəkib çıxartdı və yeməyə başladı...
Məcid kişi artıq oğrunu yaxalamışdı. O, bir istədi ki, təkəni çomaqla yaxşı-yaxşı əzişdirsin, bir də nə düşündüsə fikrindən əl götürdü...
Təkə başını qaldırıb çobanı başının üstə görərkən əvvəlcə döyükməyə başladı və sonra qaçıb özünü sürünün içinə verdi...
Çoban Məcidin sürüsündəki üçillik qara təkə qayadan uçmuşdu... O, ötən bazar günü bu təkəni qonşu kənddə yaşayan çörəkçi İsadan almışdı... Çoban Məcid çörəkçi İsanı xəyalında gözünün qabağına gətirib, asta-asta başını buladı və dodağının altda nəsə deyindi... Daha hər şey aydın idi...
Artıq çəki
Aylin atası ilə şəhərə gəzməyə çıxmışdı. Onlar baxıb gördülər ki, yolun kənarındakı ağacın kölgəsində gözü eynəkli bir kişi tərəzi qoyub adamları çəkir. Aylin atasına dedi:
- Ata, qoy mən də çəkimi bilim.
Ata gülümsəyib qızının bu xahişi ilə razılaşdı. Aylinin çəkisi iyirmi doqquz kilo gəldi. Sonra onlar gəzintilərini davam etdirdilər...
Səhəri gün Aylin məktəbdən evə qayıdarkən həmin kişinin ağacın dibində dayanıb öz tərəzisilə marağı olan kəsləri çəkdiyini gördü. O, öz-özünə düşündü ki, görəsən, bir gündə məndə heç artım olarmı?!. Elə bu düşüncələrin içərisində də qız ona yaxınlaşdı və donunun cibindən çıxarıb əlində tutduğu iyirmi qəpiyi kişiyə uzatdı:
- Əmi, məni də çək!
Qız tərəzinin üstə çıxdı. Kişi elektron tərəzinin ekranına diqqətlə baxıb dilləndi:
- Otuz üç kilo yüz qram...
Aylin təəccüblü bir səslə:
- Əmi, dünən məni çəkdiniz axı, bir gündə dörd kilo yüz qram artmışam?.. Yox, yox, tərəziniz düz işləmir!..
Tərəzi çəkən kişi eynəyini gözündə tarazlayıb qıza diqqət yetirdi:
- Qızım, dünən də çantalı idin, yoxsa?..
Aylin səhvini başa düşüb, çantanı kürəyindən çıxartdı və bir kənara qoydu. Yenidən tərəzinin üstə qalxdı.
Eynəkli kişi tərəzinin ekranına diqqətlə baxıb dilləndi:
İyirmi doqquz kilo!
Aylin səhvin tərəzidə deyil, özündə olduğu üçün utancaq bir tərzdə oranı tərk etdi...
İri qoğal
Nənə nəvələrini yanına çağırdı:
- Ay uşaqlar, bu təzə tikilən anbarımızın böyür-başındakı irili-xırdalı daş qırıqlarını görürsünüz... Bunları bir qırağa çıxarmaq lazımdır. Siz indi işə başlayın. Mən də sizə dadlı-duzlu qoğal bişirərəm. İşinizi qurtarandan sonra gəlib qoğal yeyərsiniz.
Uşaqlar işə başladılar. Onlar anbarın ətrafını irili-xırdalı daş qırıqlarından təmizləyirdilər. Turqut isə ətrafa göz gəzdirir, hansı tərəfdə ən xırda daş qırığı vardısa, onu götürürdü... Bu mənzərə qoğalı bişirə-bişirə arabir nəvələrə göz qoyan nənənin diqqətindən yayınmadı:
- Turqut, deyəsən, tənbəllik edirsən. Vaxtını elə xırda daş gəzməklə keçirirsən...
Turqut: - Ay nənə, o biri daşlar çox yekədir, götürə bilmirəm, - dedi.
Uşaqlar işlərini qurtarıb əllərini yudular və nənənin həyətdə açmış olduğu süfrəyə yaxınlaşdılar. Hamıdan qabaq özünü süfrəyə yetirən Turqut qoğalın ən irisini seçib əlinə götürdü. Nənə bu səhnəni görüb dedi:
- Turqut, əlindəki qoğal ağır deyil ki?..
Turqut qızarıb-bozardı... Nənəsinin nə demək istədiyini başa düşdü.
Nəvəsinin belə alındığını görən nənə irəli yeridi və onun saçını sığallaya-sığallaya dilləndi:
- Əziz balam, elə onu səndən ötrü bişirmişəm. Amma yadında saxla ki, yaxşı yemək üçün yaxşı da işləmək lazımdır...
Arıların təzə ev-eşiyi
Vüsal çəpərin qırağındakı qarağacın yanından keçərkən arıların burada kom bir halda vızıltı saldığını görüb ayaq saxladı. Arılar ağacın aşağı budaqlarından birinə daraşmışdılar. Vüsal qorxub bir az kənara çəkildi və cəld babasının yanına qaçdı:
- Baba, baba, orda bir kom arı var!
- Harda, ay Vüsal?
- Çəpərimizin yanındakı qarağacın budağında...
Baba Vüsalın dediyi yerə gəlib baxdı və nəvəsinə dedi:
- Hə... Əziz balam, arılar beçə verib, indi onları sakitləşdirərəm...
- Beçə nədir, baba?
- Yadına gəlirmi, iki il qabaq əmingilin özlərinə təzə ev tikdirib bizdən ayrıldıqları?
- Bəli, baba!
- Niyə ayrıldılar? Bir yerdə yaşayardıq də.
- Axı evimiz bir az balaca idi. Əmimin bəbəsi bəzən azacıq səs-küyə yuxudan qalxıb ağlayırdı...
- Ay sağ ol, düz tapdın. Evimiz iki ailə üçün darkeş idi. Əmingil də ona görə təzə ev tikdirib ayrıldılar. Arılar da insan kimidir. İndi bu arıların ailəsində də sıxlıq yaranıb. Onlara da təzə ev-eşik lazımdır. Görünür, darısqallıqdan heç havaları da çatmır. Onlar da insanlar kimi rahat ev-eşikdə yaşamaq istəyirlər.
Baba bir boş arı yeşiyi gətirib qoydu qarağacın beçə qonan budağının altda. Sonra şərbət düzəldib yeşiyin boş şanlarına və ağızlığına çilədi... Budağı bir-neçə dəfə ehtiyatla yeşiyin içinə silkələdi... Ana arının da yeşiyə düşdüyünə tam əmin olduqdan sonra qapağı örtdü.
Bir azdan qalan arılar da vızıltı sala-sala yeşiyin ağızlığından içəri doluşmağa başladılar...
Vüsal gülümsəyə-gülümsəyə ucadan səsləndi:
- Təzə eviniz mübarək olsun, ay arılar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!