Anası dedi, axşam saat səkkizdə gəl məni apar hava limanına. O, - yaxşı, ana, gələrəm, - deyib, getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb başqası ilə getdi, uşağı tək böyütdü, əsgərliyə yola saldı, işinin başına qayıtdı, bütün günü yeni layihələr üzərində çalışdı. Axşama doğru işdən çıxdı, saat səkkizdə gedib anasını hava limanına apardı. Özünə bilet alıb evə gəldi. Oğlu əsgərlikdən qayıtmışdı. Sevindi. Məclis düzəldib, qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər. Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə çay içəndə oğluna dedi ki, sabah günorta saat üçdə gəlib məni hava limanına apararsan...
Oğul, - yaxşı, ata, gələrəm, - deyib getdi. Ali məktəbə qəbul olundu, oxuyub yaxşı cərrah oldu, məşhur klinikada işə düzəldi, həkim qızla evləndi. Səhəri - günorta saat üçdə getdi gördü atası geyinib qapıda gözləyir. Kişini evə qaytardı, oturub çay içdilər, çoxlu söhbət elədilər. Oğul atasını hava limanına aparmadı. - Sabah axşama doğru gələcəyəm, - deyib, getdi öz evinə, xanımının yanına. Övladı olmurdu deyə xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar qadını tək qoymurdu. Səhəri xanımını götürüb dünyanın məşhur məbədlərinə, ziyarətgahlarına apardı. Birlikdə dua etdilər, Allahdan övlad dilədilər. Həkim idilər deyə anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək. Ona görə üz tutmuşdular göylərə...
Axşam saat səkkizdə gedib atasını hava limanına apardı. Özünə sabah günorta saat üçə bilet alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah onu hava limanına aparsın. Gecə səhərəcən çoxlu ağır əməliyyat edib xeyli adamın biletini əlində qoydu. Təqaüdə çıxıb günorta saat üçə yaxın evə gəldi. Gördü masada iki qatlanmış kağız var. Açıb oxudu. Xanımı yazmışdı ki, məni bağışla, saat üçdə hava limanında olmalı idim, səni gözləyə bilmədim...
Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs uçuş zolağı görünən yerə qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib axşam saat səkkizə aldı. Qayıdıb evini, maşını satdı, bankdakı pullarını da çıxartdı. Özünə beş-üç manat saxlayıb, qalanını "Valideyn himayəsindən məhrum olmuş uşaqlar fondu"na keçirtdi. Ödənişin qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər yaşda çoxlu oğlan və qız. Hamısının da adını bilir. Tez-tələsik bir neçəsinin adını pıçıldadı öz-özünə. Atasının, xanımının, bir də qızı olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə çıxıb uçuşan adlar. Bankdan çıxıb şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı atasının onu yellətdiyi yelləncəyə oturdu. Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri itələyib özünü göyə qaldırdı. Külək qulaqlarını batıranda sürücüdən pəncərəni bağlamağı xahiş etdi. Küçənin səsi şüşənin arxasında qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı. Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına aparan kimsəsi olmadığına təəssüfləndi. Bankın qəbzi ilə gözlərinin yaşını yığıb cibinə qoydu. Arxanı göstərən güzgüdə özünə baxdı. Xanımı ilə atası yanında oturmuşdular. Güzgüdən ona əl edib gülümsünürdülər. Eybi yox - düşündü - yola salan olmadısa da, qarşılayan olacaq. Üzünə təbəssüm qondu. Sürücünün səsini eşitdi: çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi. Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!