Qatil təbəssüm - İlqar FƏHMİ

Səfərnamə və ya xəndeyi-məqtul(Qətlə yetirilmiş təbəssüm) Orta əsrlərdən tarixi hekayət

İlqar FƏHMİ

İlahi-pərvərdigara, bu nə təbəssüm idi? Sanasan külli-kainatın nuru, səmadakı səyyarələrin parıltısı bu təbəssümdə cəm olmuşdu, qönçə dodaqların arasından inci mirvari kimi bərq vururdular...

Kaş elə İstanbulda ayaqlarım iflic olardı, Təbriz tacirləriylə bahəm orda qalardım, o bəduğur Benedikt səfərinə çıxmazdım, o ilahi təbəssümü görməzdim ki, qətlə yetirilməyinə də şahidlik eləməzdim; üstündən otuz il keçsə də, hər gecə o "məqtul təbəssüm" yuxuma girməzdi; hər gecə gözümün səkəsində o inci, mirvari kimi dişlər sökülüb tökülməzdi, o qönçə dodaqlar qana boyanmazdı, ifnaya uğramazdı; gözlərindən cin yağan o qara paltarlı keşişin şeytani qəhqəhəsi qulaqlarımda cingildəməzdi... 

Vaqeə isə belə başlamışdı. Xudavəndigar əlahəzrət Fateh Mehmet  Benedikt cümhuriyyəti ilə sülh bağlayıb Firəngistana yolları açandan sonra, belə qərar oldu ki, ticarət karvanları günbatana tərəf yol alsın, ticarət pərvəriş tapsın, əsnafın güzəranı daha da yaxşı olsun. 

Haman vədələr Ağqoyunlu padşahı Uzun Həsənlə Rum məmləkəti arasında hələ cəngü-cidal başlamamışdı, Təbriz tacirləri rahat İstanbula gedib gəlirdilər, bir qism tüccar, hətta payitəxt bazarlarında dükanlar götürüb ticarət də aparırdı. Babam da bu tacirlərlə bahəm bir neçə il idi ki, İstanbulda ticarətlə məşğul idi. Mən də yanında olardım. Firəng tacirləriylə o qədər həmsöhbət olmuşdum ki, onların dilini də azca öyrənmişdim. 

Bir dəfə gənc bir tacirlə rəfiq oldum. Onların Venesiya dedikləri, bizim Benedikt kimi adını eşitdiyimiz doğma şəhəri haqqında o qədər maraqlı nəsnələr danışdı ki...  Böylə məlum olurdu ki, bu şəhər dənizin ortasında, suyun içində salınıbmış. Küçələr yoxdu, evlərin arası sudu, at-araba yerinə qayıqlarda gəzib dolaşırlar. Mənə çox calib gəldi. Görmək istədim bu möcüzəni. 

Tacir o qədər məni həvəsləndirdi ki, mən də səyahət havasına düşdüm, babamı razı saldım ki, Firəngistana yol alan tüccara qoşulum, Təbriz xalçalarından bəzilərini uzaq Benediktə aparım, orda baha qiymətə satım... Fəqət, bilmirdim ki, elə bir ağır könül yarası alacam, sonra illərlə sinəmdə qövr eləyəcək, məni rahat buraxmayacaq.  

Səfərin ilk həftələri sakit keçdi. Yolboyu dayandığımız karvansaralarda  yerli xəlq bizə səhradan gəlmiş əcayib-qərayib adamlar kimi baxırdılar. 

Bir ay sonra gəlib Benedikt cümhuriyyətinin sərhədlərinə yaxınlaşdıq. Dilmanc söylədi ki, burdan iki yol ayrılır, biri Benediktə, biri də Florans şəhərinə gedir. 

Karvan da iki yerə bölünüb yoluna davam eləməliydi. Fəqət, haman ərəfələrdə mən möhkəm sətəlcəm olmuşdum. O səbəbdən tacir yoldaşlarımız məni yolda qaldığımız kənddəki karvansaranın sahibinə tapşırdılar, pul verdilər ki məni bir müddət saxlasın, səhhətim düzələndən sonra məni Benediktə yollasın. 

Karvansara sahibi etiraz eləmədi. Bizlə gələn novcavan yunan  dilmanc da mənimlə qaldı. Nökərlərə tapşırdım, mallarımı anbara yığdılar. 

Beləcə, Benediktin bir həftəlik məsafəsində olan o balaca şəhərdə qalası oldum. Adı heç cür dilimə yatmırdı. Əslinə qalanda heç yadda saxlamaq hayında da deyildim. 

Bizə ayrılan otaq karvansaranın mətbəxinin üstündəydi deyə, isti idi. Buxarını da yandırmışdılar. 

Yunan dilmanc məni yerbəyer edəndən sonra dedi ki, karvansara sahibindən xahiş etmişəm, səni sağaltmaqçün əczalar göndərəcək. Buralarda havalar soyuq olur deyə, əldə hər cür dəva saxlayırlar ki, xəstələnəndə çox əziyyət çəkməsinlər.

Gəldiyimiz gecəni yorğana bürünüb möhkəm yatdım. Arada dilmanc oğlan mənə nəsə içirtdi. Heç dadı da yadıma gəlmir. Bircə onu bilirəm ki, bütün içimi möhkəm qızışdırdı...  

Səhər hələ yuxudan tam oyanmamışdım, fəqət, qəfildən qulağıma incə, zərif zənən gülüşü gəldi. Elə bil xırda bulaqdan gələn su şırıltısı idi. Gözlərimi yuxulu-yuxulu bir azca açdım, gözümün qabağında sanasan bir mələk təbəssümü parladı.

Elə bildim behişti-əladayam. Gül dodaqlar arasında inci mirvari dişlərin parıltısından az qala gözlərim qamaşdı. Duman içində bir pəri görürdüm elə bil. Özü də haman dəmdə nə gözləri, nə üzü, nə saçları gözümə görünmürdü. Yalnız mələk təbəssümü...

Otaqdakı balaca pəncərədən düşən gün şüaları onun ağappaq mirvari dişlərində elə bərq vururdu ki...

Biixtiyar gözlərimi yumdum. Ani sükutdan sonra yenə bir gülüş səsi gəldi. Çətin anladığım dildə nəsə danışmağa başladı. Onun ardıyca dilmancın səsini eşitdim. Anladım ki, dilmancla söhbət eləyir. 

Nəhayət, sükut çökdü. Yenə gözlərimi açdım. Dilmanc dedi ki, karvansara sahibinin qızıdı, yemək gətirib. 

Yeməkdən bir az yeyib yenə uzandım və bayaqkı təbəssümü xəyalımın lövhəsinə gətirdim. Ümumən çöhrəsini xatırlaya bilmirdim heç cür.

Axşamtərəfi yenə gəldi. Sadə geyimli bir qız idi, bir suyu da bizim Qarabağ gözəllərinə oxşayırdı. Başına da qəribə ləçək bağlamışdı. Amma təbəssümü... off... 

Mənə baxaraq dilmancla pıçıltıyla yenə nəsə danışdı, güldü, gətirdiyi yeməkləri qoydu, getdi... Fikri xəyalımı da özüylə apardı.

Dilmanc dedi ki, qızın adı Məryəmdi. Karvansara sahibinin də yeganə qızıdı. Həm də qonaqlara qulluq edir. 

Sonrakı iki-üç gündə ara-sıra gəlib yemək gətirərdi, dilmancla bir az danışıb, deyib-gülərdi, ara-sıra mənlə də danışardı, mən də onların dilində bildiyim qədəri bir-iki kəlmə cavab verərdim. Ara-sıra qəribə şirin baxışlarla mənə də baxardı. Hiss eləyirdim ki diqqətini çəkmişəm...  Hər dəfə qapıdan çıxanda, bir ləhzə çönüb mənə baxırdı, gülümsünərdi,  gül dodaqlar arasındakı mirvari dişlərinin parıltısını mənə hədiyyə eləyib gedirdi.  

Mən də, elə gözlərimi yumduqca, onun təbəssümü gəlib dayanırdı gözümün qabağında. Təbriz civarındakı kəndimizdə uşaqlıqdan bəri gördüyüm bütün gözəllərin gülüşlərini xatırlayırdım, müqayisə edirdim. Şəksiz ki, bizim gözəllərin də qönçeyi-xəndanı şirin olardı, fəqət, o xəndələr sanki bir xəndeyi-məhcub idi, sanasan gülüşləri də hicablı idi, adam arasında ürəkdən gülməzdilər, təbəssümlərinə niqab çəkərdilər. Fəqət, Məryəmin gülüşü məhcub deyildi, eynən burdakıların paltarlarının yaxaları kimi açıq, asudə idi, fəqət, bu asudəliyin altında əcayib bir sədd var idi. Elə bil gözəgörünməz bir sədd ona aludə olanların qabağını kəsirdi, yaxınlaşmağa qoymurdu. Bu xüsusda dilmancla da danışırdıq, fəqət, hiss edirdim ki, Məryəmin təbəssümü xüsusunda dediklərim ona bir o qədər də maraqlı gəlmir, elə belə dinləyir, fikri tamam başqa yerdədi.  

Həftənin sonuna yaxın bir az özümə gəldim. Üşütmə canımı tam tərk eləməsə də, artıq durub gəzirdim. Fikirləşirdim ki, uzağı, dörd-beş günə tamam səhhət taparam, yolumuza düzələrik, öz karvanımıza çataram. 

Yavaş-yavaş dilmancla birlikdə otaqdan çıxıb karvansara həyətində gəzişməyə başladıq. Köhnə də olsa, səliqəli ikimərtəbəli bir mülk idi, arxasında da geniş bağ-bağçası vardı. Fəsil üzü yaya gedirdi deyə, havalar bir az qızışmışdı. Ağaclar çiçək açmışdı.  Amma mənim gözlərim bayıra çıxan kimi biixtiyar Məryəmi axtarırdı. 

Məryəm isə hər yerdəydi... 

Elə bil ki, karvansaranın bütün işləri məhz onun üzərində idi. Onun yox, onun təbəssümünün. Sanasan onun təbəssümü olmasaydı, bura bir nəfər də ayaq basmazdı, karvansaranın ticarəti getməzdi, hər yan qara dumana bürünərdi. Hiss eləyirdim ki, hamı bu xoşxasiyyət, şən əhvallı gənc qızın xətrini çox istəyir.

Karvansara sahibi də, sanki ondan arxayın idi deyə, özü bütün günü karvansaranın yeməkxanasında qurdalanardı, çox vaxt heç bayıra çıxmazdı. Hər şeyi qızına həvalə eləmişdi. 

Məryəm isə gah karvansara həyətində təzə gələn qonaqları qarşılayırdı, gah ərzaq gətirən kəndlilərin qabağına çıxırdı, gah atlara qulluq edən mehtərlərlə zarafatlaşardı, gah nökərlərin arasındakı dava-dalaşı sakitləşdirərdi. Bütün işləri də təbəssümlə, gülə-gülə həyata keçirirdi. 

Tez-tez bizə də vaxt ayırırdı, bir-iki kəlmə danışardıq, hərdən mənə də söz atardı. Öz dilində, "qara oğlan", deyirdi mənə. 

Bir dəfə hiss elədim ki, nəsə məndən danışırlar. Amma tam anlamadım söhbətlərini. Məryəm gedəndən sonra dilmanc dedi ki, sənin sirrini açdım ona, dedim ki, bu qara oğlan sənin təbəssümünə aşiq olub, ehtiyatlı ol, bu türklərdən hər şey gözləmək olar. Birdən təbəssümünü oğurlayıb aparar... O da mənə çönüb xüsusi nəvazişlə dedi ki, təbəssüm qönçənin ətri kimi bir şeydi. Ətri qönçədən ayırmaq olmaz... qeyzləndim dilmanca. Dedim, niyə hər şeyi açıb tökmüsən? Bizim tərəflərdə belə şeyə pis baxırlar. Adam içində olan hər hissi, hər istəyi açıb tökməz...

Bu müddətdə karvansaraya gəlib-gedən adamlara fikir verdikcə elə bil başa düşməyə başladım ki, nə səbəbdən hamı Məryəmi çox istəyir. Daha doğrusu, onun təbəssümünü. Burdakı adamların əksəriyyətinin dişləri, ya tökülmüş idi, ya da qurd yemiş, sapsarı olardı. Hətta yeniyetmələrin də dişləri çox pis idi. Ən gözəl zənənlər də güləndə ağızlarını, ya yelpinclə örtərdilər, ya da əlləriylə tutardılar. Ona görə də heç vaxt ürəkdən gülməzdilər. Çünki təbəssümün yaydığı işıqdan məhrum idilər. 

Dilmancdan soruşdum ki, bunlar dişlərini misvakla yumurlar? Dilmanc dedi ki yox, sənin fikrin İstanbula getməsin, sizin peyğəmbəriniz buyurub deyə, siz həm dişlərinizi tez-tez təmizləyirsiz, həm də tez-tez yuyunursuz. Orda yaşayan başqa xalqlar da sizdən ibrət götürüb özlərinə qulluq edir...  Buralarda belə şey yoxdu..  Əlavə elədi ki, İstanbulda Firəng rəssamlarının nə qədər rəsmlərini görmüsən. Fikir vermisən ki, hamısında adamların ağzı bağlıdı? Yüngül təbəssüm var, fəqət, bir şəkildə də ürəkdən gülən adam yoxdu. Çünki dişlərinin iyrəncliyini göstərmək istəmirlər.

Xatırlayıb gördüm ki, düz deyir, bunların rəsm əsərlərində bircə dənə də gülən adam görməmişəm.

Biixtiyar soruşdum ki, bəs Məryəmin dişləri niyə belə qalıb? Dilmanc dedi ki, heç ağlıma gəlməyib. Gərək maraqlanım. 

Axşam dilmanc mənə dedi ki, maraqlandım, Məryəmin anası əslən başqa məmləkətdən olub. Atası onu müharibədən əsir kimi gətirib, sonra  özünə arvad eləyib. Ona görə xüsusi qulluq eləməsə də, dişləri bu cür gözəl qalıb. Eynən uşaq dişlərinə oxşayır. 

Bu söhbətdən sonra biixtiyar Məryəmin anasının gəldiyi məmləkəti fikirləşməyə başladım. Gözümün qabağına yenə də cənnət kimi bir yer gəldi ki, orda hamının dişləri inci-mirvari kimidi, illər keçsə də, çöhrələri solsa da, hamının simasında o mələk təbəssümü qalır...

Beləcə, həyət-bacada gəzib dolaşa-dolaşa tam sağalmağımı gözləyirdim. Artıq karvansaraya gəlib-gedənlər də bizə öyrəşmişdi. Arada dilmancdan nəsə soruşub eləyirdilər, amma mənə çox əhəmiyyət vermirdilər. 

Məryəmlə də aramızda qəribə bir bağlılıq əmələ gəlmişdi. Hərçənd arada dilmanc vardı, fəqət, nəzərlərimiz toqquşanda, heç bir sözə ehtiyac qalmırdı. Baxışlarından elə bir istilik axırdı ki, bu soyuq məmləkətin günəşindən daha çox qızışdırırdı ruhumu.  

Bir dəfə Məryəm bizimlə söhbət edəndə, uşaqlıqda bir Təbriz aşığının dilindən eşitdiyim qoşmadan bir bənd düşdü yadıma.

Ağzın bir sədəfdi, dişlər mirvari,

Hər kəlmən bir inci dürr kimi, gözəl.

Hikmət dəryasından zühura çıxdın,

Apardın başımdan əqlimi, gözəl...

 

Şeiri oxudum, sonra onların dilinə çevirməyə cəhd elədim, amma gördüm çətin olur mənə, dilmanca dedim, tərcümə eləsin Məryəm üçün.

Məryəm dilmancın tərcüməsini diqqətlə dinləyəndən sonra ürəkdən elə qəhqəhə çəkdi ki, ruhum silkələndi... Qəfildən əyilib üzümdən öpdü... və gülə-gülə çıxıb getdi.

Məryəmin busəsi deyəsən, şeirin əvəzi idi. Üzün müddət çöhrəmi yandırdı. Elə bildim ki, yanağıma toxunan onun gül dodaqları yox, məhz təbəssümü idi... 

Məhz o şeirdən sonra, hər dəfə məni görəndə daha fərqli gülümsünürdü, sanasan hamıya payladığı təbəssümünün üstünə bir az da xüsusi bir işvə dadı qatırdı.  

Fikirləşirdim ki, yenə bir-iki şeir oxuyum onun üçün, amma tərslikdən xatirimə bir misra da sala bilmirdim. Daha dürüst desəm, yadıma beytlər çox düşürdü, zülfi pərişandan, qədd-qamətdən, Leyli-Məcnundan, Fərhad və Şirindən. Fəqət, sədəf dəhana, inci-mirvari dişlərə həsr olunmuş bir misra da xatırlaya bilmirdim ki, bəlkə onun bəhanəsiylə yenə mənə qəfil bir busə hədiyyə elədi.  

Bu minvalla, mələk təbəssümünün işığında keçirdiyim günlərin birində, qəribə bir hadisə baş verdi ki, əsl cansuz hekayət də, elə bundan sonra başladı.

Orda qalmağımın ikinci həftəsi səhər tezdən gördüm ki, yaxınlıqdakı kilsənin zəngləri möhkəm vurmağa başladı. Bu neçə vaxtı elə şey eşitməmişdim. 

Dilmanc dedi ki, aşağıda söhbəti əsnasında eşitmişəm ki, bunların keşişi bir müddət əvvəl vəfat edib, yerinə təzəsi göndəriləcək, onu gözləyirlər, ona görə kilsə zəngləri də susub, cümə günləri camaatı duaya çağıran yoxdu. 

Dedim, əgər indi zənglər vurursa, deməli, təzə keşiş gəlib?

Dilmanc dedi ki, yəqin elədi.    

Haqlıydı. Günorta həyətdə dolaşanda gördüm ki, hamı elə bil kimisə qarşılamağa hazırlaşır. 

Məryəm nökərlərə nəsə başa salır, onlar da karvansaranın həyətini silib-süpürürlər, səliqəyə salırlar. 

Nahardan sonra biz həyətdə olanda gördüm ki, bir neçə ağsaqqal adamla birlikdə orta yaşlı, qara geyimli, zəhmli görkəmli arıq bir keşiş gəldi, həyətdə onu Məryəmlə atası qarşıladı. 

Keşiş əvvəl hamıyla hörmətlə görüşdü, nəhayət, Məryəm qabağa çıxıb gülümsünərək duz-çörəklə keşişin qabağına çıxıb nəsə dedi, baş əydi, keşişin əlindən öpdü...

Amma Məryəmi görən keşiş qəfildən tutuldu, qaşlarını çatdı. Düzdü, çörəkdən qoparıb duza batırıb yedi, fəqət, hiss elədim ki, elə bil qəfildən üstünü qara dumanlar alıb. 

Sonra onu həyətdə açılmış süfrənin arxasına dəvət elədilər. Dilmancla birlikdə həyətin bir küncündə oturub onlara baxırdım. Böyüklər oturandan sonra Məryəm yenə həmişə olduğu kimi gülə-gülə süfrəyə qulluq eləyirdi, gah yeməkləri gətirirdi, gah da qonaqlarçün şərab süzürdü. 

Mənsə, daha çox keşişi müşahidə edirdim. Görürdüm ki, gözaltı ancaq Məryəmə baxır, onu müşahidə edir. Həm də sevgi və mərhəmətlə yox,  qəribə bir qeyzlə. Amma çalışırdı ki, büruzə verməsin.   

Səbəbini anlamağa çalışdım. Əvvəl elə bildim ki, Məryəmin sinəsi, çiyinləri  açıq geyimi onu qeyzləndirib. Sonra fikir verdim ki, burdakı övrətlərin əksəriyyəti belə geyinib. Bəzilərinin sinəsi Məryəmin libasından daha açıq-saçıq idi. Fəqət, keşiş onlara heç  fikir vermirdi, gözaltı yalnız Məryəmin çöhrəsini süzürdü...

Qonaqların çoxu şərab içdiyinə görə, bir az sərxoş kimiydilər, keşişin  bu gizli marağını da, deyəsən, məndən başqa heç kim sezməmişdi. 

Keşiş gələndən iki gün sonra həyətdə ikən, yenə onun karvansaraya gəldiyini gördüm. Yanında da iki qaşqabaqlı rahib vardı.  Yenə onu qapıda Məryəm qarşıladı. Lakin bu dəfə keşiş sakit qəzəblə ona nəsə dedi, Məryəm də gedib atasını çağırdı. 

Onlar həyətdə oturub söhbət eləməyə başladılar.

Dilmancı göndərdim ki, bir az yavıq getsin, görsün nə danışırlar. 

Danışıqları isə getdikcə çox qəzəbli əhvala gəlib çıxdı, ətrafdakı adamlar da onları çaşqınlıqla dinləyirdilər.  Hiss elədim ki, keşiş nəyəsə israr edir, karvansara sahibi ona yalvarır, xahiş edir. Sonda keşiş və rahiblər ayağa qalxıb getmək istəyəndə, karvansara sahibi keşişin ayaqlarına düşüb ağlamağa, uzun qara əbasının ətəyini öpməyə başladı. 

Heç nə anlamasam da, hiss edirdim ki, ortada nəsə çox ağır bir məsələ var...

Nəhayət, dilmanc da qaşqabaqla mənə yaxınlaşdı, yanımda oturub susdu. Mən israr elədim ki, nə olub axı, niyə mübahisə edirlər.

Dilmanc bir müddət susandan sonra, dedi ki, təzə gələn keşiş Məryəmi Kilsə məhkəməsinə çəkib, cadugər kimi mühakimə eləmək istəyir. 

Mən də özümü itirdim. Soruşdum, axı nə səbəbdən? Bəlkə nəsə cinayət olub, qızın boynunda qalıb? Ya oğurluq-filan eləyiblər? Ya karvansarada qalanlardan kimsə şikayət eləyib ondan? Axı ola bilməz? Biz on gündü burdayıq, bu qız hamıya xoş sifətlə yanaşıb, hamı onun başına dolaşır, hamıya kömək edir, heç kimlə mübahisə eləməyib. Axı niyə onu Kilsə mühakiməsinə verməlidilər? 

Dilmanc ağır-ağır dedi ki, üzündəki təbəssümünə görə...

Mən qulaqlarıma inanmadım. Necə yəni təbəssümünə görə? Bu katolik keşişlərin ağlı çaşıb nədi? Dəli olublar? Təbəssümə görə adamı mühakimə edərlər? Bizdə də Məsihi var, nə qədər keşiş görmüşəm, amma belə səfeh şey dediklərini eşitməmişəm. Bu nə sərsəmlikdi? 

Dilmanc izah elədi ki, bizdə Şərqdəki Məsihilik ortodoks kilsədi, bunlarla eyni deyil.  Sizdəki sünni-şiə kimi fərqlər var.  Bunlar katolikdi. Kilsə qanunları çox qəddardı, hamı kilsənin ittihamından qorxur. Ən çox da cadugərlikdə, şeytana nökər olmaqda adamları ittiham edib, tonqalda yandırırlar. İnkvizisiya deyilən kilsə məhkəməsi var, kimdənsə bu xüsusda şübhələnirsə, ona rəhm yoxdu. Heç kim də haman adamı müdafiə edə bilməz, yoxsa, onu da kafirlikdə, şeytana qul olmaqda ittiham edib cəza verərlər. 

Dedim axı, Məryəmin cadugərliyə, şeytana qul olmağa nə dəxli var? Onun ki üzündən cənnət nuru yağır, mələk kimi varlıqdı. Güləndə elə bil ilahi nur bərq vurur. 

Dilmanc dedi ki, elə keşişi də qəzəbləndirən məhz budu. Deyir ki, burda hamı qadınlar çirkindi, üzləri də, dişləri də kəsafət içindədi. Ona görə kişilərin ağlını başından çıxarda bilmirlər, amma Məryəmin təbəssümündə nəsə şeytani bir gözəllik var, kişiləri ağıldan eləyir, içində ehtiras, şəhvət oyadır, günaha batırır, Tanrı yolundan çıxardır. Bu səbəbdən, şəksiz ki, o qız cadugərdi, nəsə cadu eləyib, qara qüvvələrlə əlbir olub, bu gözəlliyi, təravəti ona şeytan verib ki, kişilərin ağlını dumanlandırsın. Yoxsa, necə olur ki, burdakıların elə gəncliyindən dişləri tökülür, heç adamın üzünə baxıb gülümsünə də bilmirlər, ağızlarını tuturlar... Fəqət, Məryəmin dişləri isə mirvari kimidi. Güləndə az qala şölə saçır.  Şəksiz ki, bu elə şeytan vəsvəsəsidir. Bu gözəlliyi, bu gücü ona yalnız İblis verə bilər...

Dilmancın dediklərini dinlədikcə, az qalırdım havalanım. Ancaq nəsə deməyə söz də tapmırdım. Çünki eşitdiklərim ağlı başında olan adamın şüuruna sığışmırdı. 

Dilmanc onu da dedi ki, burdakı katolik keşiş şəhərdəki böyük inkvizitoru dəvət edib. İki-üç günə, o, özü gəlib vəziyyətlə tanış olacaq, qızı dindirib həqiqəti öyrənəcək. Dindirmək də ki, kilsə məhkəməsində ancaq işgəncə verməkdən ibarətdir. 

Dedim ki, elə işkəncələr altında adam hər şeyi boynuna alar. İblisin övladı olduğunu da deyər, Allaha asi olduğunu da. İşgəncə altında deyilən söz necə həqiqət kimi qəbul edilə bilər ki?!  

Dilmanc dedi ki, bunların ehkamı belədi ki, əgər ilahi həqiqət sənin tərəfindədisə, işgəncə altında belə, Tanrı sənə güc verəcək, ağrı hiss eləməyəcəksən, dözəcəksən... Əgər ağrı hiss eləyirsənsə, deməli, Tanrı səninlə deyil, Şeytan nökərisən, İblisin tərəfindəsən... Hətta yeni keşiş deyib ki, burdakı adamları da kilsə məhkəməsinə çəkəcəklər ki, niyə bu vaxtacan Məryəmin cadugərliyi, şeytanla əlbir olması barədə inkvizisiyaya xəbər verməyiblər. Yəqin ki, əvvəlki qoca keşiş də şeytanın nökəri olub. Yoxsa, bu cadugərin əməllərini görüb susmazdı... Ölməsəydi, onu da mühakimə edəcəkdilər.

Xeyli müddət oturduğum yerdə qaldım. Özüm də bilmirdim nə fikirləşim. Elə qoca karvansara sahibi də deyəsən, mən haldaydı. Bayaq keşişlə danışdığı yerdə oturub başını əlləri arasına alıb fikrə getmişdi. Görünür, kilsə mühakiməsinə düşəsi olsa, qızının hansı işgəncələrlə üz-üzə qalacağını qabaqcadan təsəvvür edirdi. 

Fikirləşdim ki, yox, buna yol vermək olmaz. Hərçənd mən bu yad məmləkətdə müvəqqəti qonaq idim, heç kimi də tanımırdım, fəqət, belə ədalətsizliyə dözmək də mənə məqbul deyildi.  Bizim məmləkətdə belə dilrüba təbəssümü  şairlər vəsf edər, şəninə nəğmələr deyərlər, bunlar fəqət, təbəssümünə görə kilsə mühakiməsinə göndərib işgəncə vermək istəyirlər. Bu nə cahillikdi? 

Fikrimi dilmanca deyəndə, qəti etiraz elədi, dedi bu,  onların öz işidi, nə tövr müdaxilə edə bilərik ki? Öz başımıza əngəl açarıq. Burda kilsənin, keşişlərin işinə qarışmağın axırı yaxşı qurtarmır. Bizim özümüzü də şeytan nökəri elan eləyib, tonqala atıb yandırarlar. 

Əvvəlki vaxtlarımızı xatırladım, qərara gəldim ki biz tərəflərdə işimiz müşkülə düşəndə, elədiyimiz kimi, bəxşeyş təklif edim keşişə, əl çəksin qızdan.

Dilmancı götürüb getdim kilsəyə, həyətdə keşişlə qarşılaşdıq, dilmanca dedim keşişə tərcümə eləsin ki, bizdə Tanrının evi harda olur olsun müqəddəs məkandı, mən də istəyirəm sizə beş-altı dənə qiymətli Şərq xalçası bəxşeyş eləyim, istəsə, kəlisayə döşəyər, istəyər satıb dər-divarını təmir eləyər, öz işidi. 

Sözüm keşişin xoşuna gəldi, fəqət, bunun əvəzində Məryəmdən əl çəkməyini istədiyimizi söyləyəndə qeyzləndi, dedi: - sizin bura gəlməyiniz də elə o qızın cadugərliyinə bir dəlildi. Burda ötəri qonaqsız, amma görün, öz şeytani cadusuyla sizin də ağlınızı necə alıbsa, beş-altı gün tanıdığınız bir adama görə, bu qədər bahalı bəxşiş təklif edirsiz. Başa düşün ki, bu gücü ona İblisin özü verib ki, insanların ağlını başından çıxartsın...  

Biz etiraz eləmək istəyəndə, keşiş yunan dilmancı hədələyib, nəsə ağır sözlər deyərək, ikimizi də ordan qovdu.

Axşam karvansara sahibi üstümüzə gəlib bizi danladı ki, niyə kilsəyə getmisiz, keşiş elə bilir ki, sizi mən göndərmişəm, əlavə bizi ittiham eləyir ki, İsanın yolundan çıxmışıq, kafirlərlə rəfiq olmuşuq.

Anladım ki, keşişə bəxşeyş təklif eləməklə işləri bir az da müşkülə salmışıq. Bu müşküldən nə üsulla çıxmağı düşündüyümüz vaxt, daha bir bəd xəbər gəldi...

Otaqda qəmgin oturduğumuz vaxtda, aşağıdan ağlaşma və mübahisə səsləri eşitdim.

Dilmancla birlikdə aşağı düşəndə gördük ki, həyətdə Məryəmlə atası və bir nəfər qəribə geyimli kişi mübahisə edirlər. 

Dilmanc kənardan onların mübahisəsini bir az dinləyəndən sonra, çönüb mənə dedi ki, kimsə təklif eləyib ki, şəhərdəki kilsədən inkvizitor gələnə qədər, gərək qızın dişlərini çıxardaq, ağzı o birilərin gününə düşsün, onda keşişlərin deməyə bir sözü olmayacaq. Məryəmin atasının ağlına batıb bu fikir, gedib bərbər gətirib ki, qızın qabaq dişlərini dartıb çıxartsın. Canları bu şeytani bəladan qurtarsın. 

Yenə canımı vicvicə basdı. İlahi pərvərdigara, bu nə tövr cəhalətdi axı? Necə yəni dişlərini çıxartsın?

Qız ağladı, etiraz elədi, deyəsən, atasının da yazığı gəldi ona. Qızı dilə tutdu, birtəhər sakitləşdirdi, sonra bərbər qızın dişlərinə baxdı, atasıyla nəsə müzakirə elədilər, sonra bərbər çıxıb getdi. 

Belə məlum oldu ki, işi sabah səhərə təyin ediblər.

Məryəm ağlaya-ağlaya evə keçdi, atası isə yenə həyətdə dilxor halda oturub fikrə getdi. Hiss olunurdu ki, çox ağır seçim qarşısındadı, qızına yazığı gəlir, amma vəziyyətdən çıxmağa da başqa yol tapa bilmir.

Biz dilmancla birlikdə otağa qalxdıq. Mən hələ də özümə gələ bilmirdim. 

Həmin axşam bizə yemək gətirən olmadı. Əslinə qalsa, heç biz də yemək hayında deyildik. İkimiz də sabahkı edamı düşünürdük. Təbəssümün edamını.    

Hətta əvvəllər Məryəmin gözəlliyinə bir az laqeyd olan yunan dilmanc da yaman fikirli idi, hiss eləyirdim ki hadisə ona da yaman təsir eləyib. İkimiz də düşünürdük, amma ağlımıza bir şey gəlmirdi.  

Nəhayət, qəfildən üzümü dilmanca tutub dedim ki, mən o qızla evlənəcəm. Buna heç kim bir söz deyə bilməz. Sonra da onu burdan aparacam. 

Dilmanc mənə baxıb gözlərini döydü, dedi ki, bəlkə razılaşmadı? 

Mən də bildirdim ki, bu saat o qızın başqa xilas yolu yoxdu.

Əslində əvvəl də bu xüsusda düşünmüşdüm, fəqət, fikrimi dilə gətirməyə ehtiyat edirdim, fikirləşirdim ki, mənə nə qədər rəğbəti, sevgisi olsa da, Məryəm mənə qoşulub öz diyarını tərk eləyib yad məmləkətə getmək istəməz...   

Məryəmi karvansaranın mətbəxində tapdıq. Tək oturub  pəncərədən bayıra baxırdı. Bizi görəndə sanki xatırladı ki, karvansara tam boşalmayıb, iki nəfər qalıb. Tez qalxıb qızarmış gözlərini sildi, dilmancdan üzr istədi ki, səhərdən sizə yemək gətirməmişəm. 

Dilmanc onu saxladı və mən təklifimi dedim. 

Məryəm əvvəl deyəsən, tam anlamadı, çaşqınlıqla gah dilmanca, gah mənə baxdı.

Ona başa saldıq ki, bu saat onun başqa yolu yoxdu. Ya kilsə mühakiməsinə düşəcək, ya bərbər onu eybəcər bir hala salacaq... Onu yalnız biz xilas edə bilərik. Onsuz da burda heç kimi yoxdu, bircə atasıdı. Evliliyə razılıq verib getsin bizimlə. 

Məryəm əvvəl tərəddüd elədi, hiss olunurdu ki, doğma ocağını atıb getmək fikri onu çaşqınlığa salıb. Həm də görünür, qəfil nikah təklifini məhz belə vəziyyətdə alacağını heç ağlına gətirmirdi. Vəziyyət isə həqiqətən də, çox dolaşıq idi. Vaxt da az. Elə bu axşam qərar vermək lazım idi. 

Nəhayət, Məryəm bildirdi ki, hiss eləyirəm, mənə ürəkdən aşiq olmusan, fəqət, mən getsəm, atam tək qalacaq. Onun məndən başqa heç kimi yoxdu.  

Qısası, atasıyla məsləhətləşməkçün vaxt istədi.

Hava qaralandan sonra otağımıza gəldi, sevinc içində bildirdi ki, atası etiraz eləmir...  Amma özü bir az tərəddüd içindədi. Yad məmləkət, tanımadığı bilmədiyi ölkə...

Mən bir az özüm, bir az da dilmancın vasitəsiylə onu xeyli dilə tutdum, öz məmləkətimizin gözəlliyindən,  babamın var-dövlətindən, bağ-bağçalarımızdan və ən əsas da, bizdə məmləkətdə xatunlara olan hörmət-izzətdən danışdım. Yavaş-yavaş razı salmağa başlamışdıq, hətta arada Məryəmin maraqlandığını hiss eləyirdim, üzündə xırda təbəssümlər də meydana gəlirdi, qəribə sevgi dolu baxışlarla mənə baxırdı...

Məryəmin bu əhvalından mən də xoşhallanıb, öz məmləkətimizi bir az da həvəslə tərif eləməyə başladım, bizim xatunların xoş güzəranından şövqlə danışdım... bəyan elədim ki, bizdə ev xanımının heç bir qayğısı yoxdu, heç nəyin fikrini çəkmir, əlinin altında qulluqçular, kənizlər, qul-qaravaşlar, xatunun bircə öhdəliyi odu ki, evdə bütün cisminin gözəlliyini, ruhunun istiliyini yalnız ərinə sərf eləsin, onun arxa-dayağı olsun. Ən müşkül məqamlarda da kişi öz mülkünün qapısından içəri girəndə, elə bilsin ki, dünyanın bütün əzab-əziyyətini, qovğalarını, qan-qadasını bayırda qoyub, cənnətin qapılarından içəri girir. Burda hər şey xatirindən silinəcək, ruhu rahatlanacaq, yenidən güc yığacaq, çünki xatun onun üçün evini-ocağını cənnət kimi saxlayacaq. 

Məryəm söhbətimin məhz bu yerində nədənsə qaşlarını çatıb, qəribə bir ifadə ilə fikrə getdi... Xeyli düşünüb soruşdu ki, bəs evdən kənarda? Qadının yaratdığı və yaşadığı cənnət ancaq evin içində olur sizdə? 

Mən də əminliklə dedim ki, əlbəttə. Başqa nə cür ola bilər ki? 

O yenə fikrə getdi. Onun qaşqabağı mənə də təsir elədi, susdum, onun rəyini gözləməyə başladım. Amma dilmanc deyəsən məsələnin mahiyyətini anlamışdı, bacardıqca mənə kömək eləməyə  cəhd edirdi... Məryəmə bildirdi ki, bunlarda evlər böyükdü, həyəti, bağ-bağçası olur, xanımlarçün rahatlıq çoxdu, bundan başqa dükan-bazara, toy-bayrama da gedir xanımlar, fəqət, yalnız öz ərləri ilə... 

Dilmanc xeyli danışdı, fəqət, görürdüm ki, Məryəmin tərəddüdünü dəf eləyə bilmir. 

Axırda Məryəm ah çəkib ağır-ağır ayağa qalxdı, qaşlarını çatıb dedi ki, yox, mən heç yerə getməyəcəm. Mən həyatımı, gözəlliyimi bir nəfərə həsr eləmək istəmirəm. 

Ayaqlarım titrədi, biixtiyar soruşdum ki, axı niyə? Nə baş verdi? Niyə fikrindən döndün? Axı burda qalsan, məgər gözəlliyindən əsər-əlamət qalacaq? Dişlərini çıxardıb qoca qarıya döndərəcəklər.

Baxışlarını yerə dikən Məryəm dedi ki, gülmərəm, mən də hamı kimi olaram. Neynəmək olar. Orda əgər mənim gözəlliyimi heç kim görməyəcəksə,  onlarla, yüzlərlə insan zövq almayacaqsa, nəyimə gərək o gözəllik? Bir nəfər üçün necə yaşayım?  

Mən tutuldum, biixtiyar dilləndim ki, məgər hər kəs həyatda həmin o bir nəfəri axtarmırmı? Onu bütün dünyadan da üstün bilən həmin bir nəfəri? Məgər bütün dünyanı o bir nəfərin ayağının altına atmağa hazır olmurmu insan? Məgər əsl eşq-məhəbbət dəryasına baş vuranda, bütün bu məqamlar əhəmiyyətini itirmirmi?  

Məryəm məni sona qədər dinlədi, fikirləşdi, nəhayət, dedi ki, mən yenə düşünməliyəm, səhərə qədər gəlib son qərarımı sizə bildirəcəm.

Və sakitcə çıxıb getdi. Qapını örtüb çıxanda yenə çönüb mənə baxdı, gülümsündü, inci dişlərinin parıltısı yenə ox kimi ruhuma sancıldı. Fəqət, bu dəfə o təbəssümün arxasında qəribə bir çıxılmazlıq vardı.   

Səhərə qədər yata bilmədik. Dilmancla çox danışdıq, onun tərəddüdünün səbəbini anlamağa çalışırdım. Axı necə ola bilər? Məgər insanın həyatında heç bir əhəmiyyəti olmayan yüzlərlə insanın sənin gözəlliyinə baxıb zövq alması bu qədər vacibdi? Axı onların hamısı yad adamlardı. Məgər səni bütün dünyadan üstün tutan bir kəsin sevgisi, bütün dünyaya bərabər deyilmi?  

Yunan dilmanc məni sakitləşdirirdi, fəqət,  heç cür özümə gələ bilmirdim.  

Səhərə yaxın dözə bilmədim, özüm təzədən gedib Məryəmlə danışmaq istədim. Fəqət, dilmanc məni saxladı. Dedi, sən israr eləməklə, onun qərarına təsir edə bilməyəcəksən. Əgər Məryəm istəsə, özü gələcək. 

Gəlmədi... Səhəri dirigözlü açdıq. Gün bir az qalxandan sonra bərbər də gəldi. Pəncərəni açıb gördük ki, elə həyətdə alətlərini taxtın üstünə düzdü, Məryəm də atasıyla birlikdə gəldi. Arada bir dəfə çönüb bizim pəncərəyə baxdı, sonra yenə üzünü çevirdi. 

Qıza çoxlu şərab içirtdilər  ki, ağrı hiss eləməsin. Sonra da bərbər kəlbətinlə bir-bir qabaq dişlərini çıxartmağa başladı. Ağzından axan qan mərsər sinəsinə axırdı. Atası da qızın əllərini tutmuşdu, ağlayaraq nəsə danışırdı. Nə qədər şərab içmiş olsa da, ağrı hissi tam keyiməmişdi deyəsən, iniltiləri ürəyimizi deşirdi. 

Bir az baxandan sonra dözə bilmədim. Biixtiyar üzümü çarpayıya sıxıb dəli kimi ağlamağa başladım.  

Dünyanın ən gözəl təbəssümünü elə mənim gözlərimin qabağında qətlə yetirdilər. Öz-özümə lənət oxuyurdum ki, kaş onun rəyinə fikir verməzdim, nə yollasa onu gizlincə qaçırdardım buralardan. Fəqət, artıq iş-işdən keçmişdi. İlahi təbəssüm qətlə yetirilmişdi. Cənnət təbəssümü "məqtul təbəssüm" olmuşdu. 

 

***

O vaqeədən illər keçdi. Fəqət, mən hələ də Məryəmin son dəfə otağımızdan çıxarkən, çönüb mənə bəxş elədiyi son təbəssümü unuda bilmirəm. Gecələr yuxuma girir, gündüzlər gözümün qabağında donub qalır. O təbəssümü son dəfə görən mən oldum. Amma çifayda. Xilas edə bilmədim. 

İllər keçdi. Ancaq Məryəmin qərarını heç vaxt anlamadım. Çünki mən onlar kimi deyildim. Mən başqa cür idim. Həmişə də başqa cür olacam.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!