Tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "Gültəkin xaqan" tarixi romanı nəşrə hazırlanır. Roman V-VIII əsr Göytürk Xaqanlığının tarixindən və onun ən böyük sərkərdəsi sayılan Gültəkinin döyüşlərindən bəhs edir. Turan Birliyi ideologiyasına söykənən romanı tarixi-ideoloji əsər kimi də səciyyələndirmək olar. Oxucularımıza maraqlı olduğunu nəzərə alıb, əsərdən bir parçanı təqdim edirik.
...Kərənayın səsi dağların, dərələrin, meşələrin üstündən süzülüb adamların qulağına çatdı. Dalınca da davullar vuruldu. Bu o demək idi ki, Bilgə xaqanın xalqa deməyə sözü var.
Çöldə ot biçənlər əllərini saxladılar, dağlarda, dərələrdə qoyun-quzu, mal-heyvan haylayanlar qulaq kəsildilər, ev işlərinə məşğul xanım-xatunlar, gəlinlər əllərini saxladılar, nənələr gəbə toxumağı dayandırdılar, çeşniləri çaş-baş saldılar, göydə uçan quşlar dondular, havadan asılı qaldılar, atlar yerlərinə mıxlandılar, meydanda qurşaq tutan, at çapan, qılınc oynadan igidlər mətəyə toplaşmağa başladılar.
Hamı cəm olandan sonra səyyar taxtda oturan Bilgə xaqan ayağa qalxdı. Xalq hərəkətə gəldi. Bir-birini itələyə-itələyə qabağa soxulmaq, xaqanlarını yaxından görmək istədilər.
Xaqan əlini yuxarı qaldırıb dedi:
- Göy Tanrı yardımçımız olsun, mənim türk budunum! Mən onun sayəsində taxta oturdum. Türk budunum yaşasın deyə. Ondan öncə Göy Tanrı atam İltəriş (Eltəriş) xaqanı, anam İlbilgə (Elbilgə) xatunu səmadan yerə endirmiş, taxta çıxartmışdı. Atam Tanrının sözlərini eşitdi və türk xalqını bütövləşdirdi. Ona qədər xitayların (çinlilərin) yağlı dilinə, qumaşlarına, qızlarına aldanmış bəylərimiz, xanlarımız türk qövmünü itirmişdi. Göy basmadısa, yer ayrılmadısa, xalqımız hara yox oldu? Şükürlər ki, indi budunumuz da var, bəylərimiz də. Sağ tərəfimdə tarxanlar, buyruq bəyləri və təkinlər, sol tərəfimdə şadlar, arxamda isə öz soyumdan olan millətim var.
Babamızın, əmimizin qazandığı millətin ad-sanı unudulmasın deyə qardaşımla sözləşdik. Türk milləti üçün gecə uyumadıq, gündüz oturmadıq. Gültəkinlə, buyruq bəylərilə var gücümüzlə çalışdıq.
Ey mənim türk millətim, babalarımızın ruhu dolaşan ilk damğamız yadellilərin əlindədir. Onu bizdən aldılar. Ona görə də məğlub olduq. Onu geri almasaq, millət kimi yaşaya bilmərik. Damğamızı və baydağımızı (bayrağımızı) geri almaq üçün türk boylarını bir yerə yığmalıyıq. Bax, onda güclü dövlət qura bilərik. Çünki o damğa bizə güc verirdi. Əlimizdən gedəndən sonra gücdən düşdük. Ellərimiz yağmalandı, tar-mar oldu. Ərlik oğlanlarımız çinlilərə qul, gəlinlik qızlarımız cariyə oldular!
Biz indi böyük sınaq qarşısındayıq. Atam İltəriş xaqan, əmim Qapağan xaqanın vəsiyyətini yerinə yetirməliyik. Yəcuc-məcuclar (xitaylar, çinlilər) onlara boyun əyən öz bəylərimiz sayəsində əmim Qapağan xaqanı pusquya salıb öldürdülər və damğamızı, bayrağımızı özlərilə apardılar.
Düzdür, əmim sərt təbiətliydi: öcü də vardı, gücü də, öfkəsi də vardı, ötkəmi də. Nəfəsi od qarsar, qılıncı şimşək təki çaxardı...
Biz xainləri cəzalandırdıq...
Bilgə xaqan burda dayandı. Millətə baxdı və davam elədi. Nədənsə həmin məsələni, yəni əmisinin öldürülməsi söhbətini yarımçıq qoydu. Bəlkə də millətin özünü necə aparacağını gözləyir, bu sözə tərpənişini (reaksiyasını) yoxlayırdı...
- Damğa da, bayraq da düzəltmək asandır. Amma o damğanı atam İltəriş xaqan öz əli ilə hazırlayıb və bizim ruhumuz ordadır. Onu geri almaq üçün qarşımızda bir yol var. Onu da dedim: bütün türk boylarını bir araya gətirmək, sonra damğamızın arxasınca getmək. Çinlilərin saysız-hesabsız qoyun sürüləri var. Biz qurd nəslindən olduğumuz üçün o qoyunları ələ keçirməliyik. Onların at ilxıları var, at bizim muradımız olduğu üçün atlarını almalıyıq. Onların gözəl qızları var, nəslimiz güclü və gözəl olsun deyə onları kəniz etməliyik.
Meydanda uğultu qopdu. "Yaşasın xaqanımız, bilgəmiz!" deyə hayqırdılar.
Bilgə xaqan əlini yuxarı qaldırdı.
Meydandakılar sakitləşdilər.
- Həmin gün yetişdi. Mən bu işi qardaşım Gültəkin xana tapşırıram. İndən sonra mən yalnız dövlət və törə işlərilə məşğul olacam. Qoy, bütün orduya o başçılıq eləsin.
Meydanda yenə də uğultu qopdu. Hamı bir ağızdan: "Gültəkin, Gültəkin!" - deyə bağırmağa başladı. Pıçhapıç düşdü: bəziləri elə bildilər ki, Bilgə xaqan qardaşının daim artan nüfuzundan qorxur, bəzilər isə döyüşə gedəcəklərini eşidib sevindilər, çünki qalib gəlsəydilər, qənimətlə geri qayıdacaq, arvad-uşaqlarını sevindirəcəkdilər, ölsəydilər, Göy Tanrının yanına üzüaçıq gedəcəkdilər...
- Gültəkin yanıma gəlsin, - Bilgə xaqan buyurdu.
Gültəkin önə çıxdı. O, görkəmi ilə başqalarından seçilirdi. Bədənini, sanki tuncdan tökmüşdülər. Başında gümüşdən börkü, ipəkdən əbası, arxalığı, uzunboğaz, ucu sivri çəkməsi vardı. Cod saqqalı, uzun bığı, sivri burnu üzünə sərtlik və mərdlik verirdi. Üzündə çapığı vardı. Əmisi Qapağan xaqanla çinlilər üzərinə gedərkən döyüşdə yaralanmışdı. Həmin çapıq onu daha yaraşıqlı edirdi, üzünə comərdlik verirdi. Şabalıdı saçları yüngül əsən mehdən dalğalanırdı.
Bilgə xaqan qardaşının alnından öpdü və dedi:
- İşin avand, yolun açıq olsun! Budunumuza layiq oğul və təkinsən (sərkərdəsən)! Göy Tanrı yardımçın olsun!
Gültəkin bağır basdı və dedi:
- Başımızın üstündə Göy Tanrı, ayağımızın altında ana torpaq, bizə kim bata bilər ki!?
Bu sözlərdən sonra o, qardaşının qarşısında baş əydi və əlindən öpmək istədi, amma Bilgə xaqan buna izn vermədi.
- İndi isə söz Məclis başqanınındır, - deyə Bilgə xaqan Tonyukuka işarə elədi.
Tonyukuk irəli çıxdı və dedi:
- Gültəkin xan İstəmi xaqanın nəvəsi, İltəriş xaqanın oğludur. Burasını hər kəs bilir. Onun hansı yollardan keçdiyini isə mən sizə anladım.
- Anlat! - deyə yerdən qışqırdılar.
- Ataları Eltəriş xaqanın ruhu pərvazlanıb Göy Tanrının yanına uçanda Gültəkinin yeddi, Buğay Bilgəmizin səkkiz yaşı vardı.
Hər iki qardaş 12-13 yaşlarından əmiləri Qapağan xaqanla çiyin-çiyinə vuruşublar. Buğay (Bilgə) onun sağ əli, Gültəkin isə sol əli olub. Anasının şərəfinə ona Gül adı veriblər. Çünki anası Gül onu dünyaya gətirərkən ruhu göylərə pərvazlanıb, cismini oğluna bağışlayıb. Amma yaxşı döyüşdüyünə, comərdliyinə görə biz ona təkinlik verdik və türkeş xalqı üzərində şad qoyduq. O, əmisi ilə birgə Doğuda (Şərqdə) Yaşıl çaya qədər getdi, Şantun çölündə döyüşdülər, Batıda (Qərbdə) Dəmir qapıya qoşun çəkdilər, oranı aldılar. Kögmən yurdundan keçərək Qırğız ölkəsinə çatdılar, on üç dəfə döyüşdülər, elini dağıtdılar, amma öz xalqları olduğuna görə onlara dəymədilər. O döyüşdə mən də vardım. Xanlarını xanlıqdan saldıq, ayaq üstə olanları diz çökdürdük, baş qaldıranları baş endirməyə məcbur etdik. Bars bəyi xan etdik, qırğız və türkeş xalqlarının üzərində hakim qoyduq. On-oxların da dərsini verdik və Göytürk xaqanlığına bağladıq. Eltəriş xaqanın qızını, Bilgə ilə Gültəkinin bacısını ona ərə verdik. Eşitdiyimizə görə, Bars bəy indi yolunu azıb, başqa yola düşüb. Amma biz onu da, ona yardımçı olanları da peşman edəcəyik. Çünki səhv yoldadırlar. Xaqanımız dediyi kimi, birliyimiz olmasa, biz yağı düşmənlərə - tabğaclara, çinlilərə, kidanlara, tatabılara qarşı dayana bilmərik.
Çinlilərə uduzmağın bədəlini biz yaxşı bilirik. Göy basmadı, yer aralanmadı: bəs necə oldu ki, çinlilərə, tabğaclara təslim və tabe olduq? Çünki birliyimiz pozuldu. Onlar pozdular birliyimizi: kiminə qızıl-gümüş, kiminə qumaş, ipək, kiminəsə şirin dilli qızlarını bağışladılar. Türk milləti böyük günah işlətdi. Bir olmağı bacarmadı: gah Batıya tərəf yıxıldı, gah da Doğuya tərəf. Amma İltəriş xaqanın qardaşı Qapağanın və oğlanlarının sayəsində ərlik igidlərimiz qul olmaqdan, gəlinlik qızlarımız cariyə olmaqdan xilas oldular, elimizin əli çörəyə, ruzi-bərəkətə çatdı. Şükür olsun bu günə. Amma xəyanət xəyanət ardınca gəldi. Qapağan xaqanımızı xaincəsinə öldürdülər, özümüzünkülər öldürdülər...
Dədə (Bilgə) Tonyukuk bu yerdə dayanıb dərindən ah çəkdi, başını göyə qaldırıb, göydə qıy vuran qartala baxdı, sonra meydandakıları bir anlıq süzüb davam elədi:
- Bilgəmizin və Gültəkinimizin sayəsində yenə də xalqımız məhv olmaqdan qurtuldu. Onlar gecə-gündüz yatmadılar, çalışdılar və millətimizi ağ günə çıxardılar. Ac-yalavac xalqı, miniksiz xalqı yenidən ucaltdılar. Paltarsız xalqı geyindirdilər, acları doyurdular, torpaqsızlara torpaq verdilər. Türk tayfasından olanları birləşdirdilər.
Yenə qayıdıram Gültəkinin üstünə. Gültəkin on altı yaşı olanda əmisi ilə birgə Altı Çublara qoşun çəkib məğlub etdi. Tabğacda Bilgəmizlə birgə Ontutukun ordusunu dağıtdı. Gültəkin piyada qoşunla hücuma keçdi, ordu başçısı Ontutuku və ətrafındakıları əsir aldı və xaqanımıza təslim etdi. İyirmi bir yaşı olanda çinli sərkərdə Çaça Sönün ilə vuruşdu. Döyüş başlayar-başlamaz, Gültəkin boz atını minib hücuma keçdi, qarşısına çıxanı süngüləyib dağıtdı. Atları öləndə o başqa ata mindi və döyüşdü. Düz səkkiz dəfə at dəyişdi. Ona tərəf çoxlu oxlar atıldı, azı yüz dəfə, amma heç biri Gültəkinə bata bilmədi, çünki Göy Tanrı başımızın üstündə, igid babalarımızın ruhu içimizdəydi.
Bəylilkələrin (bayrıkların) başçısı Uluq İrkin bizə düşmən olanda da Gültəkin gedib onları dağıtdı, Türkü Yarğun gölünün kənarında dönük xanı öldürdü və bəylikləri budunumuza bağladı. Gültəkinin hücuma necə keçdiyini meydandakıların bəziləri bilir, çünki o döyüşün şahidləridirlər.
- Bilirik, əlbəttə bilirik! - deyə yerdən sədalar ucaldı.
Tonyukuk davam elədi:
- Qarşımızda böyük döyüşlər dayanır. Amma damğamızı tapmaq, altun sancaqlı, qurdbaşlı bayrağımızı qaytarmaq üçün türk budunumuzu bir etməliyik. Göy Tanrı bu işdə bizə yar-yardımçı olacaq!
Tonyukuk sözünü bitirdikdən sonra qızı Ağüzün böyründə oturdu.
Bilgə xaqan ayağa qalxdı, qardaşına yaxınlaşdı, əlini qardaşının çiyninə qoydu, alnından öpdü və dedi:
- Umudumuz göydə Göy Tanrıya, yerdə türk qövmünə, döyüşçülərinə və sənədir. Get, hazırlaş. Ay sənəsi yetişəndə, qoyun ilində yola çıxacaqsınız. Tonyukuk da sizə qoşulacaq. Onun məsləhətləri və öncəgörümü sizə yardımçı olacaq.
Xəyanət və qisas...
...Qapağan xaqan Doqquz oğuzların üstünə getdi.
Yürüş zamanı Gültəkin əmisinin sol, Bilgə sağ tərəfindəydi. Türk törəsinə görə İltəriş xaqanın oğlu Buğay (Bilgə) şad (vəliəhd) idi, amma o, körpə olduğundan İltərişin qardaşı Qapağan xaqan oldu. İndi onlar böyümüşdülər və əmilərilə bütün döyüşlərə gedirdilər. Qapağan xaqan nədənsə oğlu İnəli kənarda saxlayırdı. Onu qoruyurdumu, yoxsa, etibarmı etmirdi? Burasını bilən yox idi. Bilinən o idi ki, İnəl xan turgişlərin üzərində xanlıq edirdi.
Sərt təbiətli xaqandan nəsə soruşmaq mümkün deyildi. O, heç kimlə məsləhətləşmir, qərarları təkbaşına qəbul edirdi. Çox zaman baş vəzir Tonyukukun da sözünə baxmırdı. Doqquz oğuzların üstünə gedəndə də heç kimlə məsləhətləşmədi, Məclisi çağırsa da, Məclis üzvlərinə gənəşmədi, eləcə bir söz dedi: "Doqquz oğuz budunum öz budunum idi. Göylə yer qarışdığı üçünmü bizə düşmən oldular!? Haydı atlanın, beş gecə keçəndən sonra, gün doğanda yola düşürük."
Uzaqlarda, Tanrı Dağının üstündə qartallar qıyya vururdu, Göytürk qoşununun sayı-hesabı yox idi. Hamısı da süvarilərdən ibarət idi...
Qapağan xaqanı cırnadan Doqquz oğuzların vədlərinə əməl etməmələri, ona asi düşmələri olmuşdu...
715-ci ilin baharında Doqquz oğuz boyları Qapağan xaqana qarşı üsyan qaldırmış və kömək üçün Çinə müraciət etmişdilər. Göytürk xaqanı bu xəyanəti onlara bağışlamamış, Mavərənnəhrə qədər getmiş, üsyançıları əsir-yesir etmiş, bəylərini əsir almış və böyük qənimətlə geri qayıtmışdı. Bu döyüşdə bəyliklər (bayruqlar) də məğlub olmuşdular. Onların qisas hissi ilə alışıb-yandığını görən çinlilər diplomat Çan Sun Şenqi Qapağan xaqanın oğlu İnəl xanın yanına göndərmiş və onu atasına qarşı asi olmağa razı salmışdılar. Bunun əvəzində isə İnəl xaqana Çin şahzadəsini verəcəklərini, düşmənçiliyə son qoyacaqlarını, Ötükəndə onun xaqanlığını tanıyacaqlarını vəd eləmişdilər. Həmin vaxt İnəl xan Beşbalıq üzərinə yürüşdə idi. O, döyüşdə məğlub olmuş və atasının gözündən düşmüşdü. Ona görə də Ötükənə qayıtmağa tələsmirdi.
Çinlilər ata ilə oğul arasında yaranan soyuqluqdan istifadə elədilər. Çünki Ötükəndə casusları çox idi. Onlar, əsasən, bazarda işləyirdilər, çin xəfiyyəsinin görən gözü, eşidən qulaqları idilər və daim saraya xəbər göndərirdilər.
Çin diplomatı Çan Sun Şenq İnəl xanla Beşbalıq yaxınlığında, yağışlı və dumanlı bir gündə görüşdü. Onlar meşədəki ağacların birinin altında daldalanaraq söhbət edirdilər.
Hiyləgər Çin diplomatı yağlı dilini işə salıb İnəl xana bunları dedi:
- Qapağan xaqan başarılı döyüşçü və sərkərdə olsa da, zəif idarəçidir. Ona görə də tez-tez məmləkətinizdə üsyanlar baş verir. Özü də o, səni vəliəhd kimi görmür. Ona görə də səni həmişə kənarda saxlayır. Qardaşı oğlanlarını da daim öz yanında gəzdirir. Bizdə olan məlumata görə əsl şad Buğay xandır. Ona görə də Qapağan xaqanı aradan götürmək lazımdır. Bu iş elə sürətlə görülməlidir ki, heç kim duyuq düşməsin və ətrafı özünə gəlməmiş taxt-taca yiyələnərsən. Çünki atadan sonra taxt-tac oğula keçir. Heç kim də sənə qarşı çıxmağa cürət eləməz.
İnəl xan çinli elçinin onunla görüşə can atmasından nəsə duymuşdu, amma ona belə bir təklif ediləcəyini gözləmirdi. İndiyə kimi çinlilər türk tayfalarının arasını vurmaq üçün çox işlər görmüş, çox fitnələr törətmişdilər. Hətta Qapağan xaqanın ən yaxın silahdaşlarından olan Batır xanı Göytürk xaqanın üstünə qaldırmışdılar. Yalandan demişdilər ki, Qapağan xaqan onu döyüşlərdən birində aradan götürmək istəyir, çünki özünə rəqib görür. Belə olanda Batır xan bir gecə qəfil xaqanın olacağına hücum eləmiş, amma məğlub olmuşdu. Quşdan ayıq Qapağan xaqan hənirtini duymuş və qabağına çıxanları doğramışdı, Batır xana da aman verməmişdi. Özü isə yüngülcə yaralanmışdı.
İnəl xan, şübhəsiz, bunu bilirdi, çünki dəfələrlə bu söhbətin şahidi olmuş, atasının çinlilərə necə qəzəbləndiyini görmüşdü. Ona görə də söhbətdən yayınmaq istədi, ancaq birbaşa etiraz da eləmədi:
- Mən bunu necə edə bilərəm? Atam Mavarənnəhr tərəfdə, mənsə burda, - dedi.
İnəl xanın bu sözləri cavabdan çox, kəşfiyyat xarakterliydi.
Çan Sunun geri çəkilmək fikri yox idi, ona görə də dediklərinə bunları da əlavə etdi:
- İmperatriçamız, bütün canlıların hökmdarı Vu verdiyi vədi həmişə yerinə yetirir, çünki böyük bir nəslin davamçısıdır.
İnəl xaqanın ürəyindən hökmdarlıq keçirdi, amma bunun tələ olub-olmadığını da öyrənmək istəyirdi. Ona görə də soruşdu:
- Niyə elə fikirləşirsiniz ki, mən öz atama qarşı çıxa bilərəm?
- Çünki acıqlı qurd birinci öz balasını yeyir. Sən döyüşü uduzmusan, əliboş geri dönürsən. Bildiyim qədər o, bunu heç kimə bağışlamır.
İnəl xan atasının qəzəbləndiyini, şübhəsiz, bilirdi, ona görə də Ötükənə qayıtmağa tələsmirdi və əl altdan özünə dayaq axtarırdı. Xanlıq elədiyi turgişlər də ondan üz döndərmiş və evlərinə qayıtmışdılar. Çünki evə əliboş qayıdan döyüşçü qəzəbli olur.
- Bəs, bunu necə etmək olar? - deyə İnəl xan tərəddüdlə soruşdu.
Bu zaman onlardan bir az aralı qaban sürüsü ötüb keçdi. Görünür, xanlardan, ya tayfa başçılarından kimsə ova çıxmışdı. Onları görə bilərdilər.
Ona görə də çinli diplomat tələm-tələsik dedi:
- Biz onu təşkil edərik, amma sən inandığın adamı bəyliklərin yanına göndər. Qalanı bizim işimizdir.
- Bəyliklərin yanına niyə?
- Çünki Qapağan xaqan Mavarənnəhrdən qayıdır, indi mancurlar tərəfdədir, qayıdanbaş onların yerlərindən keçəcək. Bəyliklər də xaqandan yanıqlıdırlar. Ötənlərdə onları yağmaladığı üçün.
İnəl xan bir az düşünəndən sonra öz razılığını verdi, Ötükənə adam yollayıb, bacısı oğlanlarını düşərgəsinə çağırdı və onları bəyliklərin yanına göndərdi...
Çinli diplomat düz deyirdi. Qapağan xaqan, doğrudan da, Mavarənnəhrdən qayıdandan sonra dinc oturmamış və ipə-sapa yatmayan mancurların üstünə getmişdi. Onları məğlub etmiş, geri qayıdanda isə Gültəkinlə Buğayı qoşunun başında Ötükənə göndərmiş, özü isə başının dəstəsilə ova getmişdi.
İnəl xaqanın bacısı oğlu İtalmazın özünün də babasından, yəni qaraqabaq Qapağandan xoşu gəlmirdi. Ona görə də bu işə can-başla razılaşmışdı...
Qapağan xaqan pusquya düşdüyünü anlayanda gec idi, çünki bəyliklər İtalmazın planı ilə hərəkət elədilər, öz işlərini ehtiyatlı tutdular. Sui-qəsdçilər hər kolun, hər ağacın dibində, başında idilər.
Bəyliklərin başçısı İsməli xan Qapağandan yana yanıqlıydı, çünki bir müddət əvvəl onun atasını Qapağan xaqan öldürmüş, ailəsini isə sağ buraxmışdı, İsməli xan özü dağlara qaçmışdı və indi bu fürsətdən istifadə edib qisasını alırdı.
Qapağan xaqanın adamları şir kimi döyüşsələr də, həm sayları az olduğundan, həm də özlərini arxayın apardıqlarından məğlub oldular. Bəyliklər Göytürk hökmdarını mühasirəyə aldılar, ona hər tərəfdən oxlar yağdırdılar, nizələr atdılar, onu atdan saldılar. İsməli xan yaralı xaqanın başını kəsdi. Sui-qəsdi aralıdan müşayiət edən Şan Sun xaqanın qanlı başını Çin sarayına apardı.
Bu fürsətdən istifadə edən İnəl xan Beşbalıq səfərindən qayıtdı və heç kimin gözləmədiyi halda özünü xaqan elan etdi.
Bu hadisə Gültəkin və Buğaya çox pis təsir elədi. Onlar indi nəinki başsız qalmışdılar, həm də törəyə xəyanətin şahidi olmuşdular...
Yas mərasimi 40 gün çəkdi. Dünyanın bir çox yerindən Qapağan xaqanın yas mərasiminə qatıldılar. Bizans və Çin sarayından, eləcə də türk boylarından elçilər, əsilzadələr başsağlığı üçün gəldilər. Qonaqlar, adətə uyğun olaraq, göytürklər kimi geyindilər: saqqallarını qırxdılar, üzlərini çərtdilər, saçlarını açdılar, 40 gün boyu yas saxladılar...
Çinlilər Qapağan xaqanın şərəfinə dürlü-dürlü sözlər dedilər, yarıciddi, yarıyalan söylədilər. Çin sarayından göndərilən qızıl tozlu məktubu Qapağan xaqanın nəşi uzadılmış çadıra qoyub, ehtiramla diz çökdülər. Məktubda belə yazılmışdı: "Başarılı və hökmlü sərkərdə, uzaqgörən və ağıllı hökmdar Moçur xaqanın ruhuna ehtiramla!.."
Qapağan xaqanı Tanrı Dağında dəfn elədilər. Yanına yaraq-yasağını və sevimli atını qoydular. Göytürk inancına görə xaqanın ruhu ata minib Göy Tanrının yanına uçacaq və əbədi yaşayacaqdı...
Qonaqları gümüş sancaqlı çadırda oturdular. Qarşılarına qoyun və mal ətindən soyutma qoydular, üzüm şərabı verdilər...
***
...Yas mərasimi bitəndən, qonaqlar yola salınandan sonra Gültəkin qardaşının olacağına gəldi.
Qulluqçular çöldə paltar yuyur, aşbazlar yemək hazırlayır, itlər yal həsrətində quyruq bulayır, atlar imsinirdilər.
Hardansa, lap uzaqlardan qarmaqarışıq səslər gəlir, qoyunlar mələşir, itlər hürüşürdülər.
Şad (şahzadə) Buğay iri alaçığın içində - ocağın qırağında oturmuşdu. Arvadı Ağüz, sağ və sol bəyləri, tərxanlar, buyruq bəyləri də burada idilər.
Ağüz Tonyukukun qızı idi. Göytürk adətinə görə, ərlər öz arvadlarına hansı adı istəsəydilər verirdilər. Ağüzün atası, Tonyukuk Tabğac elindən olsa da, türk idi. Qutluq xanla vaxtilə əsirlikdən qaçmışdı və göytürk xaqanlarına sədaqətilə seçilirdi.
Amma indi İnəl xaqanın yanındaydı. Çünki İnəl xan özünü xaqan edəndən sonra o da, yeni hökmdarın yanında olmalıydı.
Gültəkin içəri girib bağır basdı. Şahzadə ona öz yanında yer göstərdi. Əvvəlcə dağ otlarından hazırlanmış isti həlim, dalınca da çay gətirdilər. Buralarda çay az tapılırdı, hər evdə olmazdı. Onu çinli elçilər Qapağan xanın yas törəninə gələndə gətirmişdilər.
Buğay xan bilirdi ki, qardaşının deməyə sözü var. Çünki hələ yas mərasimi zamanı hər ikisi fikirliydi, nə barədəsə düşünürdülər. Bunu onların üzündən və məyus baxışlarından asan başa düşmək olardı.
Gültəkin yuxarıda, qardaşının sağında bardaş qurub oturdu. Qarşısında buğlanan çaydan bir qurtum aldı.
- Budunumuzdan nə xəbər? - deyə şahzadə soruşdu.
Gültəkin bir qədər susandan sonra gözlərilə ətrafı süzdü, nəhayət, suallı baxışlarını qardaşına yönəltdi: yəni hamının yanındamı deyim?
- Çəkinmə, de. Burda kənar adam yoxdur, hamısı özümüzünkülərdir.
Gültəkin yerini rahatladı və səsində istehza duyulacaq tərzdə, amma təmkinlə danışmağa başladı:
- Xəbər odur ki, əmimiz oğlu İnəl qələbəni bayram edir, Bizansdan və Çindən özünə kənizlər gətizdirib. Çinlilərin gətirdiyi düyü şərabından başı ayılmır. Biz onu boş buraxsaq, axırımıza çıxacaq. Xaqanımızın öldürülməsində İnəlin əli var. Mən buna şübhə etmirəm. Əgər belə olmasaydı, əmimizin qırxı çıxmamış Çin şahzadəsini İnələ göndərməzdilər.
Buğay xan qeyri-ixtiyari olaraq başı ilə qardaşının dediklərini təsdiqlədi və söhbətə davam etməsini gözlədi.
Gültəkin bir az dinməz durduqdan sonra qardaşının qulağına pıçıltıyla dedi:
- Onun sarayında xidmət edən bizim adamımız öz qulaqları ilə eşidib. İnəl keflənəndən sonra "əmim oğlanlarının da axırına çıxmağa az qalıb!" deyib.
"Bizim adamımız" deyəndə Gültəkin Tonyukuku nəzərdə tuturdu.
- Səddin o tayından da casuslarımız oxşar xəbərlərlə gəliblər, - deyə Buğay astadan dedi.
- Elə də bilirdim, - Gültəkin qardaşına baxdı.
Buğay bir az fikrə gedəndən sonra astadan soruşdu:
- Nə düşünürsən?
- Elə bilirəm ki, onu qabaqlamalıyıq. Millətimiz də, məclisimiz də bilir ki, İnəl qaydaları pozub, törəmizə qarşı çıxıb və hakimiyyəti ələ keçirib. Törəmizə görə xaqan sən olmalısan.
- Onu mən də bilirəm. Amma neyləyək? Qardaş qanımı tökək?
- Biz qardaş qanı tökmürük, xaini cəzalandırırıq. Özü də bunu törəmiz, budunumuz naminə edirik. Ya o bizi, ya da biz onu. Uğur birinci zərbə vuranındır...
Buğay ocağa odun atıb soruşdu:
- İndi neyləməliyik?
- Gərəkli olanı. Bilirəm ki, sən də bu fikirdəsən. Törəmizə görə xaqan sənsən, sən də qərarını ver.
- Məndən olsa, xaqanlıq sənə daha çox yaraşır.
Gültəkin etiraz elədi və dedi:
- Sən böyüksən.
- Burda böyüklük işə yaramır.
- Millət bunu anlamaz. Tanrının hökmü və törəmiz bunu tələb edir.
Şahzadə susdu.
- Əgər bu işi boynuna götürmək istəmirsənsə, izn ver, onu mən yoluna qoyum. - Gültəkin cod saqqalını sığallayaraq ötkəmliklə dedi.
Buğay xan qardaşının üzünə baxdı, bildi ki, yolundan dönən deyil. Həm də Gültəkin düz deyirdi. Orası da vardı ki, bu işi Gültəkin yoluna qoysaydı, ömrü boyu həm kiçik qardaşının, həm də millətin yanında gözükölgəli olardı. İşin başqa tərəfi də vardı. Qəzəbli adamdan xaqan olmaz, çünki hirsli başda ağıl olmur. Kiçik qardaşın çılğınlığı isə başadüşüləndir.
Buğay xanın bu düşüncələri xeyli çəkdi. Hamı onun hansı qərarı verəcəyini gözləyirdi.
- Çayımız soyuyur, - Gültəkin gözlərini qaldırmadan dedi. Bu o demək idi ki, söhbət çox uzandı.
Şahzadə qardaşının eyhamını başa düşdü və handan-hana:
- İzn verirəm, - dedi, - amma elə et ki, bu iş aşkarda olmasın.
Gültəkin başı ilə razılığını bildirdi və bunları söylədi:
- Məndə olan xəbərə görə bu saat İnəl xan və onun ətrafı sərxoşdurlar, başlarını itiriblər, cariyələrlə əylənirlər. Əsl məqamıdır. Amma sən burda qal, xatunundan da muğayat ol. Biz onun atasına dəymərik, - dedi və Ağüzə baxdı. Ağüz dinmədi, başını aşağı saldı. - Əgər yenilsək, deməli, aramızda satqın var.
- Ondan arxayın ola bilərsən, - Buğay xan əminliklə dedi. - Mənim adamlarım kənarda sizi gözləyəcək. Kömək lazım olsa, edəcəklər. Göy Tanrı köməyiniz olsun!
Gültəkin üzünü ətrafdakılara tutub soruşdu:
- Hazırsınızmı, bəylər?
- Hazırıq, - deyə onların hamısı bir ağızdan cavab verdilər və əllərini qılınclarının qəbzəsinə atdılar.
Gültəkin və adamları yubanmadan, yel kimi İnəl xanın oturduğu, çiy kərpicdən tikilmiş, beşotaqlı evə tərəf cumdular. Evi dörd mühafizəçi qoruyurdu: ikisi girişdə, ikisi arxada.
Onları, aralıdan oxladılar və içəri girdilər. Qul-qaravaşlar qorxularından çığırışıb, pərən-pərən oldular. İnəlin qardaşları, Qapağan xaqanın qətlində əli olan bacısı oğlanları, sağ-sol bəyləri özlərinə gəlməmiş qılınclandılar. İnəl xan da müqavimət göstərmək istədi, amma Gültəkin onun qılıncını vurub yerə saldı. Çünki İnəl xan sərxoş olduğundan qılıncı əlində möhkəm saxlaya bilmədi. Bununla belə ayılan kimi oldu və Gültəkinin üstünə çəmkirdi:
- Sən nə cəsarət edib öz xaqanına əl qaldırırsan! Öldürün onu! - deyə ətrafına səsləndi, amma onlar öldürüldükləri üçün səsləri çıxmadı.
- Sən özün ölməlisən! - deyə Gültəkin qılıncını onun boğazına dirədi. Diz çök.
İnəl xaqan diz çökmək istəmədi. Ancaq Gültəkinin yanındakılar onu diz çökməyə vadar elədilər. O, dizlərini yerə atdı və başını qaldırmadan:
- Suçum nədir? - deyə soruşdu.
- Xəyanət! - Gültəkin bağırdı.
- Hansı xəyanət? - İnəl xanın təslim olmaq fikri yox idi, onun qollarından və çiyinlərindən tutan döyüşçülərin əlindən çıxmağa çalışdı.
- Törəmizə və budunumuza xəyanət! - Gültəkin dedi və yalançı xaqanı qılıncla doğradı, qara qanını yerə axıtdı...
Bundan sonra o, küncdə dayanmış Tonyukuka tərəf baxdı və bir söz demədən otaqdan çıxdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!