Hekayə
ƏDƏBİYYAT ÜZRƏ 1967-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Mihel Anhel ASTURİAS
Qvatemala
19 oktyabr 1899-cu ildə Qvatemalada hakim ailəsində anadan olub. Yazıçının uşaqlıq illəri Manuel Estrad Kabrerin diktatorluğu dövrünə təsadüf edib. 1923-cü ildə San-Karlos universitetinin hüquq fakültəsini bitirib, elə həmin il siyasi-iqtisad təhsili almaq üçün Londona gedib. 1946-cı ildə diplomatik fəaliyyətdə olub. 1954-cü ildə Qvatemaladakı hərbi çevrilişdən sonra 12 il sürgün həyatı yaşayıb. 9 iyun 1974-cü ildə Madriddə vəfat edib.
Əsasən, mistik və fantastik yazıları ilə diqqət çəkən yazıçı Latın Amerikasında yaşayan hinduların həyatından, onların adət və ənənələrindən, inanclarından, mübarizələrindən yazmağa üstünlük verib. Hekayə və romanları dünya dillərinə tərcümə edilərək yayılıb. Yazıçı 1967-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat ona "Latın Amerikasında yaşayan hinduların adət-ənənələrinə parlaq yanaşması və bədii təsvirlərinə görə" verilib.
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etdiyimiz bu maraqlı hekayə həyatın sirli bir şəkildə reallığa çevrilməsindən bəhs edir; hindu kahinlərinin inancı onların taleyinə sirayət edir, insanlar isə həyat yolunun keçilmiş labirintləri ilə addımlamağa davam edirlər...
Kinkahu
Hekayə
Öldüyüm üçün itməmişəm, elə olsaydı, yaxşıydı, məni hamı kimi - odun doğrayan, mişarlayan, tikən, bişirən, üyüdən, daşıyan, yeyən, hökm edən, sağaldan, axan, yazan, ölçən, rəsm çəkən, tərəzidə çəkən, heykəltəraşlıq edən, oxuyan, lələkləri rəngləyən kimi - görmürlər, eşitmirlər, hiss etmirlər. Kimsə ancaq yaxın adamını itirəndə yada düşürəm və mən evə kabus kimi, sanki yoxluğun özü kimi gəlirəm, amma yenə üzümə baxan olmur, onlar başqa yox olana - arxasınca gəldiyimə baxırlar, əgər onlara nəsə desəm, eşidirlər, amma elə bil ağı, ya da, küləklə sovrulan gərəksiz sözləri dinləyirlər. Arzu edilməyən bir zamanda məni bura çağırana qulaq asırlar, elə ki, onları qucaqlamağa başlayıram, sanki bu hərəkətim onları sakitləşdirir, onlar yenə məni hiss etmirlər, elə bil onları qucaqlayan adam deyil...
Kinkahu uca səslə özü-özünə şikayət edirdi, elə danışırdı ki, elə bil yanında kimsə vardı və ürəyini ona açırdı. Dəqiq fikirləri dumanlı sözlərlə ifadə edir, əlini qaldırmadan barmaqlarını tərpədir, çünki o gecə, bütün vacib ayinlərdən sonra başı hərlənirdi.
Sonra solğun, ağır, kobud dili ilə şəfəq tamı verən təzə baldan hazırlanan, itmək ayinində içilən içkinin dadına baxdı: "qadın gözlərini əks etdirməyən ağac qabığı və su…" - ürəyində dedi, çərənlədi, içindəkiləri sözə çevirdi:
- Ah, məni müqəddəs İksmukanda Göyərçinlərin itkinlik ilahəsinin himayəsinə götürsələr və mən də itənləri dörd ayrıcında yola salmaqdan canımı qurtararam. Yola salarkən onlara yaxşı yol deyirəm, onları geri dönməyəcəkləri yola göndərirəm və inandırmağa çalışaram ki, ölməyiblər, sadəcə, bu dünyadan yoxa çıxıblar… Ah, məni müqəddəs iksmukanda Göyərçinlərin itkinlik ilahəsinin himayəsinə götürsələr, bircə o yolu dalı-dalı gedə bilsəm, bircə o yolu keçib itənləri təqib edərək Təqvim qapılarına qədər çatsam!..
O danışarkən narıncı göz çuxurları nəmləndi, göz yaşları selə döndü.
- Ah, bircə Təqvim qapılarına çata bilsəm, daha öz kölgəm üstümə düşməz, öz kölgəmdən sıyrılıb çıxaram. Kölgə həmişə bizimlədir, hər zaman canımızda gizlənir və hər zaman bizə kölgə olduğumuzu, kölgə kimi görünüb itdiyimizi xatırladır; itmək vaxtı çatanda itməyin özü olan göz qapaqlarımız üstümüzə düşüb bizi bütünlüklə örtür! Yoluma davam etdim, Təqvim qapılarına qədər getdim, parlaq ilan dərilərindən toxunmuş sarı həsir üstə addımladım. Kim onun üstüylə gedirsə, əbədiyyət qət edir, mən də bir neçə addıma atıb bütün yolu keçdim, itənlərin, yola saldıqlarımın yolunu getdim və bir daha bura, Panpetaka qayıtmazdım!
Qollarına baxdı - göy rəngə boyanmışdı, dişləri də boyanmışdı, durmadan marçıldatdığı qalın dodaqlarının arasından göyərirdi, sanki dünən içdiyi itkinlik şərabının tamı ağzında qalmışdı, içmişdi ki, gözəl İksmukana getsin və bir daha Pantepaka qayıtmasın.
Səhərə yaxın köməkçilər onun evinin qapısını döydülər, amma açan olmadı. Əvvəlcə sakit döydülər, barmaqlarının ucu ilə. Sonra - yumruqalrıyla. İş orasındaydı ki, Panpetakda xeyli daş ev tikən - əvvəllər ağacdan, bitkilərdən tikilərdi, dirəklərdən qurardılar evləri, damlara palma yarpaqları sərərdilər, indi isə evlər daşlaşmışdı, ölgünləşmişdi - adamın Tuqununun itmək vaxtı yetişmişdi və yəqin ki, günəş çıxana qədər onun bədəninin, içi boş adamın bədəninin yanında olmaq lazım gələcəkdi. Onun yanında olmaq, onun bədəninin yanında elə sözlər söyləmək lazım idi ki, ətdən ayrılan sümükləri sakitlikdən çaşmasın; oxumaq lazımdır ki, sümükləri musiqiylə dolsun.
Köməkçilər boş yerə qapı döyməkdən bezəndən sonra yuxulu toyuqların, xoruzların qırıltısını qaldırıb evə toyuq hinindən keçib girdilər. Sonra da ucadan çağırdılar:
- Kinkahu-u-u! Kinkahu-u-u!
Əks-səda səhər dumanında donub qaldı. Cavab gəlmədi. Mətbəxdəki ocaqda hələ köz qalmışdı. Köz götürdülər, üfürüb-üfürüb alışdırdılar, şam budaqlarından məşəl düzəltdilər. Əvvəlcə ətrafa kədərli qatran qoxusu ilə alov yayıldı, sonra məşəl alışdı.
Kinkahunun yatağı alt-üst idi. Belə görünürdü ki, hər şey yataqda baş vermişdi: çevrilmələr, çapalamalar, zərbələr, bürüşmələr, dizlər sinəyə, ayaqlar haça-paça, - otaqda hər şey bir-birinə qarışmışdı. Qab-qacaq yerlə bir idi, oturacaqlar sınmışdı. Görünür dəhşətli döyüş olub, amma köməkçilər narahat olmadı, sadəcə, gülümsəyib göy dişlərini göstərdilər, bilirdilər ki, Kinkahu hər dəfə öz ayinindən dəmləşəndə belə olur.
- Kinkahu-u-u! Kinkahu-u-u! - elə hey, çağırdılar, amma yenə cavab verən olmadı, əks-səda səhər dumanında donub qaldı. İtmiş Tuqununu, daş evlər tikən, tikdikləri ilə məşhur olan adamı yola salmaq üçün çıxıb getdilər. Nə qədər ki, xoruzlar ilk şəfəqlərdən xəbər verməyə təzə başlayıb, nə qədər ki, günəş yeri öz şəfəqlərinə boyamayıb - getdilər. Çünki, yaxınlıqda magik ayini yerinə yetirəcək adam yox idi, Tuqununun sümükləri musiqiyə yox, sakitliyə qərq olmuşdu. O, buna layiq idi, çünki daş şəhərlər salmışdı, yarğanlar, Panpetakın canlı evləri, dirəklərdən tikilən evlər hələ ki, yatırdı. Hələ ki, ay işığı qamış divarlara düşür, piramida şəkilli damlara işıq salırdı.
Ondan sonra heç kəs Kinkahudan xəbər tuta bilmədi. O, itib-batdı, o, ağlayanların müşayiəti olmadan, fleyta səsi eşitmədən, köməkçilərindən - onun əsas bələdçiləri ola biləcək adamlardan - xəlvət Panpetakdan itmək istəyirdi.
Gözləri qara dolu dənəsini xatırladan keçi çobanı dedi ki, səhər tezdən kimsə onun qarşısında peyda olub, Təqvim qapılarının yerini soruşub, o andaca gözdən itib...
Kinkahunu eşidən hər kəs onu fikirləşirdi, Kinkahunu görən hər kəs ondan danışırdı, sözləri necə deyir, dodaqlarını necə tərpədir, dilini necə marçıldadır, dolu dənəsi kimi qara göz bəbəklərini necə oynadır. Elə qara bəbəklər dünya yaranandan bəri mövcud idi və Panpetakda hər kəs elə qara gözlərə həsəd aparırdı.
- İtənlərin bələdçisi itmişdi!.. Kinkahunun özü itmişdi!.. - kömkçiləri ağlayırdı. Həm sevinir, həm də kədərlənirdilər. Onlardan kimsə itənin yerini tutacaqdı. Amma bütün şəhər ona yas saxlamışdı, onun ayinlərini xatırlayır, hazırladığı ayin içkisini yada salırdı. Kinkahu Panpetakdan itdiyi üçün məmnun idi, çünki onsuz da gerçəkdən itənə qədər ən mötəbər itən kimi ad çıxartmışdı. Yaşından asılı olmayan hər kəsi yola salmış, hər dəfəsində özü də onlara qoşulub dirilər arasında bir az itmişdi.
Heç kəs şübhə etmirdi. Təbii ki, keçi çobanından Təqvim qapılarının yerini xəbər alan Kinkahu olub.
- Ah, əgər Göyərçin ilahəsi məni alıb öz yanına aparsa, məni özünə köməkçi götürsə, - Kinkahu təkrar etdi, - amma gərək ayaqlarımı yuyam, göy dişlərimin rəngini təmizləyəm! - Elə də etdi. Sanki yumadı, ayaqlarını, dişlərini ağ rəngə boyadı, süngər daşı götürüb matəm rəngini sildi. Kinkahunun göylüyündən əlamət qalmadı. Kinkahunun göy gülüşləri yox oldu.
İşindən razı idi, özünü tanımırdı, ağbəniz, ağdişli. Sanki daha dırnaqları, dişləri yox idi, elə bil indi o, ağ qarğıdalı ununa boyanmışdı. İndi gərək saçlarını kəsəydi, bir də qurumaq bilməyən göz yaşlarını… Kəsməyə heç nə yox idi. Məcbur olub onları qulaqlarının ardına yığdı. Başqa adam oldu. Təzə adam oldu. Bu nə səslər idi, saçları qulaqları üstə töküləndə ayin pərdəsi arxasında o, heç nə eşitmirdi. Onun qulaqları əvvəllər günəş hərarəti hiss etmirdi.
O gecə qaça bilmədi. Yaquar mağaradakı adamın qoxusunu duymuşdu. Kinkahu bilirdi ki, irəlidə yol yoxdur, yerin altı var, bir də başı üstdəki qaranlıq, ulduzsuz səma. Uzaqdan axar su səsi eşidilirdi. Orada sisək də vardı, öz yanar, qəhvəyi gözləri ilə mağaraya girən adamı görmüşdü.
- Kinkahu, qorxub eləmə! - sisək dedi. - Mən yaquardan güclüyəm. Dərinlikdə gizlən, qoy səni hiss etməsin, mənsə söz verirəm, səni xilas edəcəyəm…
Cücü o qədər balaca idi ki, Kinkahu ona baxmadı. İşə bax da! - Kinkahu öz-özünə dedi, deyəsən itə bilməyəcəyəm, öləcəyəm! Məni itənləri yola saldığım dörd yol ayrıcında itmək yox, ölüm gözləyəcək! Vəhşi heyvan parçaladığı adam ölür, bədən ölür, mən də pələng olacağam, Kinkahu olamğım bitəcək!
- Bitməyəcək! Səni xilas edəcəyəm!.. - sisək onun fikirlərinə cavab olaraq dedi, alışıb-yanan gözlərini ona dikməyə davam etdi.
- İşə bax, gör necə axmaq bir ölümün pəncəsinə düşmüşəm! - Kinkahu ürəyində pıçıldadı. - Gərək itəydim! İtəydim gərək!…
- Səni xilas edəcəyəm! Xilas edəcəyəm səni! - Sisək inadla təkrar etdi. - Mən yaquardan əzəmətliyəm.
- Ay bədbəxt cücü, sənmi yaquardan əzəmətlisən? - O, yenə cücüyə əhəmiyyət vermədi, amma özünə qəzəbi tutmuşdu.
- Mən yaquardan əzəmətliyəm! Mən səni öz nəğməmlə xilas edəcəyəm! Dərinlikdə gizlən, qoy o səni hiss etməsin. Dostlarımın sayı göydəki ulduzlardan da çoxdur, amma onlar su damlasına çevriliblər.
Vəhşi heyvanın yaxınlıqda olması, atılıb mağaraya girməsi, Kinkahuya cücünün sözlərini qəribliyə salmağa imkan vermədi. Dediklərinin gerçək olduğunu, doğrudanmı onu öz nəğməsi ilə xilas edə biləcəyini soruşmağa macal tapmadı. Bu, Kinkahunun son ümidi idi. Və o, mağaranın ən dərin qatına çəkildi, orada üstdən aşağı böyük su axını gəlirdi.
- Ey, si-səy! - yaquar qəzəbləndi. - Ya sən səsini kəsəcəksən, ya da mən səni əzib keçəcəyəm.
- Yox, mən səni əzəcəyəm! - sisək təntənə ilə cırıldadı.
- Sən məni?
- Hə, mən səni, çünki mən sussam, mağara bizim üstümüzə aşacaq! Mən öz nəğməmlə mağaranı dağılmağa qoymuram, buna görə oxuyuram!
- Kəs səsini deyirəm sənə, özün də itaət elə! Mən ovumu əldən buraxıb acından ölməkdənsə, torpaq uçqunu altında qalmağa razıyam.
- Yox! Yox! Yox! Susa bilmərəm! Mən öz nəğməmlə mağaranı saxlayıram. Onda bir şərtim var, mağaradan çıxmağımı gözləsən, susaram! Bu miskin mağarada ölmək istəmirəm!
- Çıx, özün də bir az tez ol… - yaquar sisəyə mırıldadı, parlaq gözlərini ona bərəltdi, amma qorxuda bilmədi, sisəyi susdurmağa gücü çatmadı. - Gözləməyə taqətim yoxdur, ovumu yemək istəyirəm!...
Sisəyin səsi astaca mağaranı tərk etdi. Ri-i-i… Ri-i-i… Ri-i-i… - daha yaxından eşidildi. Çıxışın ağzında kəsildi.
- Amma bax ha, mən çıxan kimi, artıq çıxıram, mağara uçub dağılacaq, çünki mənim nəğməm onu saxlayır…
Vəhşi heyvan cavab əvəzinə quyruğunu yellətdi. Zərbələr alaqaranlıq boşluqda əks-səda verdi.
- Ri-i-i… Ri-i-i… Ri-i-i…
Kunkahu başqa heç nə görmədi, hər tərəf gil parçaları ilə örtüldü. Başqa heç nə eşitmədi. İri gil paraları onu hər tərəfdən tıxadı. Özü də iri gil parçaları altında qaldı… onu boğdu, onu daşa çevirdi.
O, ölülərdən olmadı. O, itənlərdən oldu. Bu, onu sakitləşdirirdi. Amma Təqvim qapılarına gedib çata bilməmişdi. O, öz ayinini mütləq özü yerinə yetirməliydi, ya da elə itməliydi ki, sümükləri sakitliklə deyil, musiqi ilə dolsun, sümükləri fleytaya çevrilsin, kəllə sümüyündən də balaca bir təbil düzəltsinlər.
- Məni döyəcləyən kimdir? - Kinkahu öz daş kimi möhkəm gil zirehindən soruşdu.
- Bilmirsən səni döyəcləyən kimdir? - cavab verən elə bil yaquarın səsiydi, amma yaquar sisəyin nəğməsi ilə dayanan, sonra da uçub dağlan mağaranın daşları altında qalmışdı.
- Yox, bilmirəm məni döyəcləyən kimdir.
- Amma bilməliydin! - səs cavab verdi və Kinkahu səsin yaquara yox, pumaya aid olduğu başa düşdü. - Yağış yağıb sənin gil dərini yumşaldana qədər gözləyəcəyəm.
- Səma necədir, təmizdir, yoxsa buludla örtülüb? - Kinkahunun səsi titrədi. Öləcəyəm. Ölüm qaçılmazdır. Bəli, ölümü gözləmək - dəhşətdir. Niyə onu bu torpaq qalağı altında rahat buraxmırlar? Az qala itib, itməyə tam hazırdır…
Ağlamaq istədi, amma başa düşdü ki, göz yaşları onun gil örtüyünü yumşaldar, puma da ziyafət görər.
- Yox, ağlaya bilmərəm! - öz-özünə dedi, amma göz yaşlarını saxlaya bilmədi, çünki ölməyə hazırlaşan adamın göz yaşlarını saxlamağa heç kəsin və heç nəyin gücü çatmazdı.
- De görüm səma aydındır, yoxsa buludlu? - Ürəyində bir ümid baş qaldırdı. - Cavab vermədin axı. - Bütün ümidi səmanın buludsuz olacağına idi.
- Buludlar yığılır… - Puma qısa cavab verdi, amma yalan danışdı.
- Ah səni, sisək, mənim mağara xilaskarın, lənətə gələsən, kaş məni yaquarın pəncəsinə verəydin, çünki insan üçün fərq eləmir, onu yaquar yeyib, ya puma, amma kaş mənə boş yerə ümid verməzdin, kaş deməzdin ki, su damlasına çevrilən dostlarının sayı göydəki ulduzlardan çoxdur və mənə kömək edə bilərlər. İndi isə əksinə olub, o su damlaları məni xilas eləmək əvəzinə, gil örtüyümü yumşaldacaqlar, puma da məni parça-parça edəcək.
Puma səbirsizlənib bığlarını yolmağa başladı. Acından quyruğunun ucunu ağzına çatdırıb gəmirdi… Onun badam kimi balaca gözləri səmaya boylandı, bulud görünmürdü.
Dəhşətlə nərildəyib pəncələrini Kinkahunu bürüyən gil örtüyə çırpdı. Bu zərbələrlə gil örtüyü dağıda, içindəki adamı çıxara bilərdi.
- Məni kim xilas edəcək? - başı üzərində, ətrafında zərbələri hiss edən Kinkahu özündən soruşdu.
Qaçılmaz bir hadisə baş verdi. Bircə güclü zərbədən sonra daşa dönmüş gil kürə içindəki canlı ilə birlikdə aşağı sürüşüb, iti və dərin çayın yamacına düşdü. Qızılı rəngli puma çevik hərəkətlə özünü ovunun üstünə atdı, nəriltisi şimşək kimi ətrafa yayıldı, amma vəhşi pişik arxası üstə aşdı, pəncələri qalxmış halda axar sulu sıldırıma tərəf sürüşdü. Sular gil şarı qoynuna almış, sanki onun üstünə matəm örtüyü çəkmişdi. Puma isə artıq sahildə idi, dili ilə yaş dərisini yalayır, çaya - suların qoynunda kabusu xatırladan, sümükləri əzilib dən kimi üyüdülmüş, bədəni əzilmiş adama baxırdı və ona elə gəlirdi ki, adam dərin çayın pəncəsindən qurtula bilməyəcək, çünki sular onu sahildən uzaqlaşdırırdı.
Günəş çıxdı və batdı. Sonra ikinci dəfə günəş çıxıb batdı. Çoxlu günəşlər çıxdı və çoxlu günəşlər batdı və adam başının üstündəki qızılı parıltını və qorxunu unuda bilmədi.
Nəhayət, Kinkahu ağzındakı acılığı tüpürdü, əzilmiş qabırğalarını tərpətdi, ağzını qıf kimi açıb bayıra çıxartdı; ölü atəşin kədərini, acısını tüpürdü. Yosunlarla, xərçənglərlə, tısbağalarla birlikdə onun gil örtüyünə doluşan narahatlıqdan qurtulmaq istədi.
Yenidən özünü Kinkahu kimi hiss etdi. Nəfəsi açıldı. Sağ qaldığı üçün kimə təşəkkür edəcəyini düşündü. Çünki artıq itə bilərdi… Səmaya baxdı, ulduzlu göy üzünə boylandı və birdən başa düşdü ki, xilas olmağının, çayda batmamağının səbəbi su damlalarının onu tez bir zamanda gil örtükdən qurtarmağı olub, ondan əvvəl isə vəhşi pumanın çaynaqlarından qurtulmaq istəyirdi və bu su damlaları uzaq olduğu üçün onu qorumuşdu.
Sisək ona bunu demək istəmişdi. Böyük su damlaları, göydəki ulduzlardan da çox damlalar səni xilas edəcək. Elə də oldu. Amma onlar yağışla gəlmədi. Onlar yumşaq örtük olub əvvəlcə onu çayın dərinliyində gizlətdi, sonra da mağarada büründüyü gil örtükdən qurtardı. Damlaların hər biri onun gil örtüyündən bir parça qopardı, hər damla bu örtüyü bir az da yumşaltdı. Və axırda onun bədəni azadlığa qovuşdu, axın onu sərt daşların üstünə atdı.
- Tiu!… Tiu!… - yaxınlıqdan balaca bir qırğı ötüb keçdi.
Kinkahu boynunu uzadıb onun arxasınca boylandı, quşun mavi günbəz altında necə qıy vurmağına, sərt daşlara doğru şığımağına, özünü su ilanının üstünə atmağına, onu buraxıb başqa bir qurbanını - kəkliyi caynağına alıb yenidən səmaya qalxmağına baxdı.
- Qırğı! Ay qırğı!…
- Tiu!… Tiu!…
- Qırğı! Ay qırğı, caynağında tutduğun kəklik deyil, mənim ürəyimdir! Damla-damla itirirəm yaqut rəngli balımı, mənə bir də getmək istədiyim yerə gedib çatmaq nəsib olmayacaq. Yolumdan qalmışam, indi də duman gözlərimi qaraldır. Yol göstər mənə! Üfüq boyu görünən boşluqlara doğru getməyimə son qoymağa, dörd yol ayrıcında yol gözləyib dünyanın dörd bir tərəfindən ox yağdıran oxçuların əlindən qurtulmağıma kömək elə! Hər kəsdən əvvəl mən gedib çata bilməyəcəyəm günəşin bayraq sancdığı yerə, amma yolum oraydı, səhv etmirəmsə, əgər Panpetak, o dağlar heç kəsə lazım olmayan yerlərdisə, hər tərəfdən qanqalla örtülübsə…
- Tiu!… Tiu!…
- Tiu!… Tiu!… Kömək elə mənə, uzaqları görən adamın arzularını nəsib elə mənə. Yoluma davam eləməliyəm, amma əvvəlcə yağışın gümüşü səsinə boyanmalıyam , quru ağacları onun sakitliyinə əkməliyəm, yazda onu heyvanlardan qorumalıyam. Eyyy, Tanrılar, var olan heç nəyi atmaq olmaz! Hər şeyi nizama salmalıyam, hər şeyi günəşin altında yerbəyer eləməli, anlaşılmaz sirlərin, qaranlığın, sözə qərq olan hər şeyin sehrini açmalıyam. Sən necə mavi səmada donursansa, mənim də sinəmdə ürəyim donur. Ürəyim olmasa mən Göyərçinlər ilahəsinin məskənini necə görə bilərəm?
Ayaqlar daş üstə kök salmır. Daş üstə, çınqıl üstə, qum üstə. Elə ona görə Panpetakdan qaça bilmişəm. Amma ağac şəhərlərin kölgəsindən qaçmaq olamz. Bax bu səbəbdən buranı tərk edə biləcəyəm, çirkli qumu ayağımla tapdalayıb gedəcəyəm, bax o vaxt ki, xərçənglər, hörümçəklər mənim bədənimi hissə-hissə öz canlarına hopduracaqlar - bax, onda çıxıb gedəcəyəm. Bədənim isə - burada qalacaq. Artıq çay bədənimi örtüb. İçimdə heç nə yoxdur. Bu yerdə ölüm gəlib öz yuxu örtüyünü üstümə çəkə bilər. Ulduzlar! Quzu-ulduzlar, ağaran ulduzlar! Mənsə ulduzlara və küləyə qarşı gedirəm!…
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!