Hekayələr - Nəriman FƏRMAN

İrsi kövrəklik

 

Vaqiflə xeyli vaxtdır yoldaşlıq edirik. Az qala əli dizinə çatan, yeriyəndə yolu sağa-sola basan bu nəhəng kişinin kövrəkliyini görəndə mat qalıram. Birdən onu qayğılı görüb səbəbini soruşanda deyir ki, qardaşım İldırım bir az naxoşdur və yaxud bacımın inəyi qısırdı. Gərək sabah gedim ona bir inək alım. Bunları danışanda iri gözləri dolur. İstər-istəməz sən də onun yanında kövrəlirsən. O, hər hansı bir adi hadisəyə tez kövrəlir. Hətta televizorda gördüyünə, efirdə eşitdiyinə də. Ona deyirəm ki:

- Ay Vaqif, sən həddən artıq kövrəksən...

Deyir ki, neyləyim, bu bizdə irsidir. Atam rəhmətlik də belə idi. Süfrə arxasında yemək yeyəndə bir də baxırdım ki, dayandı, gözlərindən yaş gəlir. Deyirdim:

- Ay ata, nə oldu, niyə ağlayırsan?

Cavab verirdi ki:

- Görəsən, Nurəddinin qızlarını alan olacaqmı?

- Niyə alan olmur ki, ay ata? - deyə, maraqlanırdım. 

Deyirdi ki:

- Bir az kifirdilər, buna görə narahatam.

Mən isə ona belə deyirdim:

- Ay ata, onlar hələ uşaqdırlar. Gördüyün o üç qız böyüyüb elə gözəl-göycək, mərifətli olacaqlar ki, oğlanlar onlar üçün rəqabətə girəcəklər.

Atam sözlərimdən sevinir, eyni açılırdı, sonra da ah çəkib:

- Allah bəxtlərini yaxşı versin! - deyirdi.

Ondan soruşdum:

- Vaqif, Nurəddinlə atanın qohumluğu vardı?

Vaqif cavab verdi ki:

- Yox, heç bir qohumluğumuz yoxuydu. O, atamın dostu idi. 

Allah qismət elədi atam o qızların üçünün də toylarını gördü. Həmin günlər kişi yenə də kövrəlmişdi. Ancaq onun bu dəfə titrəyən xəfif dodaqlarında təbəssüm, gözlərində sevinc vardı. Çöhrəsindən nur tökülürdü...

 

 

Qonaq otağı

 

İndi yadıma düşəndə fikirləşirəm ki, ailəmiz böyük olduğuna baxmayaraq, iki otaqda necə yaşamışıq?! Hələ onu deyim ki, otaqlardan birinin qapısı çox vaxt bağlı olardu. Səbəbini soruşanda valideynlərimiz deyirdilər ki, bu, qonaq otağıdır. Biz də oranı məbəd sanırdıq.

Həmin qonaq otağında iki ədəd yaylı çarpayı, çarpayının üstündə təmiz yorğan-döşək, bəzəkli örtük, örtüyün üstündə fərqli formada dikinə, yanları əllə basılmış yumşaq yastıq olardı. Çarpayının altında şüşə qablarda bir neçə növ mürəbbə, fəsildən asılı olaraq seçilmiş bir neçə qarpız-yemiş, görünən yerdən, əsasən qapı-pəncərənin haşiyələrindən, saplaqlarından asılmış, görünüşü yaxşı olan üç-dörd heyva, nar olardı ki, onlar da gəlməsi ehtimal olunan qonaqlar üçün saxlanılardı.

Qonaq otağının baş tərəfindəki divardan asılmış xalı, xalının üzərindəki tikmədə ağ sapla toxunmuş dimdik-dimdiyə iki göyərçin quşu təsvir olunmuşdu. Üzərində döşəkçə, mütəkkə olmaqla, döşəməyə palaz salınmışdı. Otağın bir güncündə bəzəkli sandıq da vardı. Anam sandığı açanda qəribə və xoşagəlimli bir qoxu gələrdi. Sandığın içində bir qutu çay, bükülülərdə darçın, hil, mixək, bir neçə kəllə qənd, olanda konfet, tapılsaydı limon və sair olardı. Sözsüz ki, bunlar hamısı qonaq üçün idi. Biz o otağın içərisini hərdən görərdik, o da açılanda, pərdəsi yuyulanda, havası, tozu təmizlənəndə. Qonağın gəlməyindən asılı olmayaraq, bu işlər müntəzəm olaraq görülərdi. O otaq bizə maraqlı, nağıllı, bir az da sirli təsir bağışlayardı.

Bir də qonaq otağında divardan asılmış sarımtıl rəngli kəfkirli divar saatı vardı. Otaq açılandan-açılana saatın qıraqları - taxta haşiyəli şüşəli qapağı açılır, metal açarı ilə boşalmış yayını burub-bərkidilir, dayanmış kəfkiri əllə hərəkətə gətirilirdi.  Mənimçün maraqlı olduğundan çox vaxt bu işi mən edirdim. Amma saatın işləməsi üçün gərək bu iş hər gün ediləydi. Qonaq otağı isə ayda bir neçə dəfə açıldığından saat yatılı qalırdı. İstisnaları nəzərə almasaq, orada nə qonaq yatırdı, nə də biz. Orada ən çox yatan elə saat olurdu. O vaxtdan məndə qəribə bir hiss yaranmışdı. Əgər saatın əqrəbinə baxıb vaxtı bilmirdinsə, daha bu nə saatdır? Saatın yatması onun ölümü deməkdir.

İndi kəfkirli saatımız yadıma düşəndə ona yazığım gəlir. Ona lazımi diqqət, qayğı olmadı. Yayını burub, kəfkiri yellədib hərəkətə gətirən olmadı. Gərək onu o vaxt yiyəsiz qoymayaydıq. Ya onu gətirib yatdığımz otağın divarından asaydıq, ya da biz gedib orda yataydıq. Nə bizi qonaq otağına qoydular, nə də kəfkirli saatı bizim otağa gətirdilər. Uşaq iradımızı, şıltaqlığımızı bildirəndə isə dedilər:

- Ora qonaq otağıdır. Hər şey qonaq üçündür.

Biz də qonaq otağını məbəd, qonağı müqəddəs bilib susduq. Yazıq kəfkirli saat da qonaq gözləyə-gözləyə əbədi susdu...

Bir dəfə anama dedim ki, qonaq otağını açın, yarımız orda yataq. Qonaq gələrsə, gəlsin də. Lap yaxşı, xoş gəlib, səfa gətirər. İşdi-şayəd, əgər qonaq gələrsə, o zaman onun otağından tez çıxıb qaçarıq öz otağımıza.

Anam məni təbəssümlə və diqqətlə dinləyib, bir anlıq mənə baxdı. Düşündüm ki, yəqin dediyimlə razılaşdı. Lakin bir az sonra sifətindəki təbəssüm yoxa çıxdı və o, fikrə getdi. Deyəsən, anamı çətinliyə salmışdım. Sonra ürəyimdə dedim ki, nə vaxt bizə qonaq gəlsə ona deyəcəyəm ki, icazə verin siz olmayanda sizin otağınızda yataq. Bilmirəm, bəlkə də o razılaşmayacaqdı mənimlə. Hər halda, qonaq gələrsə mütləq bunu ona deyəcəkdim. İnsandır də, yəqin bizim hamımızın bir otaqda yeməyimiz, dərs hazırlamağımız, yatmağımızın çətinliyini qonaq da başa düşərdi. Çox təəssüf ki, ürəyimdəkiləri qonağa deyə bilmədim. Axı, necə deyəydim? Qonaq bizə gəlib çıxmadı ki, çıxmadı. Biz də qapısından daimi qıfıl asılmış qonaq otağına həsrətlə baxa-baxa birotaqlı evdə yaşayıb boya-başa çatdıq. Ayrı-ayrı ev-eşik sahibləri olduq...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!