Dəhlizdən eşidilən qəfil səslər evin sakitliyini pozdu. Tanış səslər, tanış ifadələr onu sanki illərdir davam edən dərin yuxusundan oyatdı. Bu səslər, bu əzizləmələr.., necə də tanış, necə də doğma idi. Bu doğmalığın əsrarəngiz sehri xəyallarını qanadlandırdı, ötən keçmişində dolaşdırdı. Necə də gözəl idi... Hər anından doymaq bilmədiyi o keçmiş... Niyə uzun sürmədi? Nədən olmamış kimi sovrulub ötdü? Lakin xəyal aləmində belə çox qala bilmədi.
Səslər get-gedə yaxınlaşırdı. Maraq onu bürüdü. Boylanmağa cəhd etdi. Lakin alınmadı. Bir də, bir də cəhd etdi. Dar, yöndəmsiz olan yerindən heç bir şey görmək mümkün deyildi. Ancaq maraq ona güc gəlirdi. Ehtiyatla bir qədər də sıxışdığı yerdən tərpənmək istədi. Bu dəfə də cəhdi uğursuz alındı. Bir də... Bir də uzun boynunu yenidən irəli doğru uzatdı. Bu zaman ona yad olan qəribə bir səs eşitdi. "Ay aman, bu nədir? Bu nə səsdir?" - deyə, için-için narahat oldu. Narahatlığı əbəs deyildi. Qəfil eşidilən xəfif çırtıltı səsi onun qabından eşidilmişdi. "Ah.., neylədim?.. Axı mən neylədim? - deyə, öz-özünə vaylandı. Son ümidi, sığındığı köhnə, olduqca dar olan yöndəmsiz dibçəyi deyəsən, çatlamışdı.
Artıq bayaqkından fərqli olaraq özünə köklənmişdi. Xeyli vaxtdır düşdüyü durum, özünə yaraşmayan görkəmi onu üzür, xəstəlikdən əziyyət çəkən seyrəlmiş yarpaqları, havasızlıq və darlıqdan zorla nəfəs alan kökü içinə böyük dərd olmuşdu. Bu azmış kimi, indi də çatlayan qabı.
Daha səsləri belə maraq etmirdi. Buna heç ehtiyac da qalmamışdı. Artıq tanış simalar düz onun qarşısında dayanmışdı. Arxası ona tərəf dursalar da, yenə həmin doğmalıqla gülüşlərinə, əzizləmə və nəvazişlərinə davam edirdilər. "Bu mənzərə... Özüdür ki, var...Tamamilə eynisi..." Dərin bir köks ötürdü. Gördüyü onu daha da sarsıtmış, dərdini təzələmişdi.
İçi göynəyirdi. Bilmirdi göynərtisi xeyli müddətdir uğradığı baxımsızlıqdanmı, ya gördüyü mənzərənin təsirindənmidir?! Ancaq köklərinin güclə sığdığı, darlığı səbəbindən qarşılaşdığı sarsıntıdan eyni anda iki dəfə çatlaması halını daha da pisləşdırmişdi. Bildiyi artıq bir şey vardı. Baxımsızlıqdan solan, əsl rənginin güclə sezildiyi dibçəyi, bundan sonra bu günə qədər qorunduğu, əminliklə sığınaraq, sönməyən ümidlərlə xoş sabahını gözlədiyi güvənc yeri olmayacaqdı.
O da bir vaxtlar təravəti, qamətli görünüşü ilə seçilirdi. Xoş qoxusu, gözəl çiçəkləri ilə insanı valeh edirdi. Amma indi... İndi isə qarşısında ondan qat-qat fərqli biri vardı. Qızılı rəngdə əlvan naxışlarla örtülü, yaraşıqlı, geniş bir qabdan boylanan yeni gül. Yamyaşıl yarpaqlar əhatəsindən iri qırmızı çiçəkləri ilə göz oxşayan, bir baxışla özünə heyran edən gözəl dibçəkgülü.
Yeni gülü əzizləyərək pəncərənin ən geniş yerinə, gün işığının ən çox düşdüyü və hər kəsin aydın görə biləcəyi yerə qoydular. Gülə sarı boylandım, maraq və həsədlə. Paxıllıq etmirdım, lakin duyduğum heyranlıqdan özümü ələ ala bilmirdim. Düşündüm: "niyə dar bir küncə sıxılmışam? Niyə qulluq olunmur, dərdimə dərman edilmir? Nədən ruhumun gəncliyini önəmsəmir, göz görə-görə yaşlanmama, quruyub ölməmə yol verilir? Nə idi günahım?.. Bizi fərqləndirən səbəb nə idi? Bəlkə bu gözəl dibçəkgülünün münbit, gübrəli torpaqda hər cür qayğı ilə bəslənməsidir səbəb? Mənimsə qismətimə yetişdirildiyim, yaşamağa məcbur buraxıldığım şoran torpaqdımı səbəb?! Axı bu səbəb ola bilməzdi. Normal şərait, gərəkli qida maddələri ilə təmin olunsaydım belə olardımmı? Yox..! Qismətimə rəğmən mübarizə aparmışam. Var gücümlə çaba sərf edib, müqavimət göstərmişəm".
İçini parçalayan suallara cavab tapa bilməsə də, gözəl gülə hər dəfəsində heyranlıqla baxmaqdan özü də doya bilmirdi. Yeni gül isə deyəsən, onun diqqətli baxışlarından, maraqla süzülməyindən çox narahat idi. İmkanı olsaydı, "Götürün məni burdan. Məni bu görgüsüz qurumuşun nəzərindən xilas edin!" - deyə bağırardı.
Gözəl gülün üzümə qarşı hayqırış dolu baxışları məni kökümün dibinə qədər sıxır, əzir, içimin yanğı dolu atəşini daha da alovlandırırdı. Alovsuz qalxan atəşim məni get-gedə qovurmağa başlayırdı. "Günahkaram!.. Bağışla!.." - deyə mən də var gücümlə hayqırmaq istəyirdim. Amma nə fayda?! Eşidiləcəkmiydim? Günahkarmıydım? Hazırkı durumum üzülmək və üzməkdən başqa bir şey deyildi.
Sanki hər ikimizi sıxan bu durum hiss edilmişdi. Dolu sürahi ilə bizə yaxınlaşdılar. Stəkana su töküb gülün dibini yetərincə sərinlətdilər. İçim yanırdı. Stəkana süzülən suyun şırıltısı yanğımı daha da şiddətləndirirdi. "Mənə də.., mənə də.., bir içim..."- deyə qurumaqda olan boynumu uzatdım. Uzun çəkmədi. Axır ki yada düşdüm. Bir qədər gözəl gülə nəvaziş göstərildikdən sonra mənə stəkanın yarısı qədər su verildi. Amma nədənsə dibçəyimin çatlaq olmasına diqqət edilmədi. Həsrətlə gözlədiyim su köklərimə çatmadan çatlaq yerlərdən dərin nəlbəkiyə doğru axın-axın yol aldı. Mən qurumaqda olan canım, xəstə yarpaqlarım, için-için yanan köklərimlə bərabər həsrətlə damcıların arxasınca baxa qaldıq. Lakin bununla da bitmədi. İri sürahinin bundan sonrakı yeri aramızda yeni güllə aşılmaz qala yaratdı. Artıq nə mən o gözəlliyi görür, nə də o mənim baxışlarımdan narahat olurdu.
Onu deyim ki, coxdandır günəşlə aramızda da belə bir sədd yaradılmışdı. Xəstələnməyimin əsl səbəbi, bəlkə də bu idi. Pəncərənin qarşısında mənimlə həyat işığımın - günəşin arasında çoxdandır unudulmuş iri bir kitab dururdu. Nədənsə, həmin kitab xeyli müddətdir ki, oranın qalıcı qonağına çevrilmişdi. Kitab dilini bilməsəm də, onun da nə çəkdiyini anlayır, yenidən oxunmaq, sehrli insan əllərinin toxunuşunu hiss etmək, sevən qəlblərə hakim olmaq istəyini yaxşı başa düşürdüm. Lakin nə etmək olar, bu bizim taleyimiz idi.
Yox.., yox... Əsla barışmadım. Heç zaman qəbul etmədim. Mənə bu taleyi biçdilər. Var-gücləri ilə buna inandırmağa çalışdılar. Buna baxmayaraq həyat mübarizəmi davam etdirdim; inad və inamla. Bəlkə yaşamağımın da əsl səbəbi elə bu idi: bacardığım gözəlliyi göstərmək, məsum, təravətli arzularımın gül bağçasını yaratmaq. Bir gün bunun baş verəcəyinə inanırdım. Küncə qısıldılaraq sevgisizliyimin bir gün sona yetəcəyini, çiçəkli budaqlarımla günəşimə doğru qucaq açacağımı bütün varlığımla hiss edirdim. Amma nə vaxt?., nə zaman?..
Beləcə saatlar günləri, günlər isə həftələri, ayları qovub aparırdı. Sovrulan isə bizi keçmişdən ayıran zaman, gələcəyimizi qısaldan vaxtdı. Fərqi varmıdır? Ötən vaxt çoxmu önəmə sahibdir? Bunu zamana qarşı daim savaşda olanlar, onunla qeyri-bərabər mübarizədə qalib olmağa çalışanlar bilər. Mən də özümü onlardan biri hesab edirəm, aram-aram əriyib gedən zaman axışının qaliblərindən.
Yenə şirin xəyallar qucağında xumarlandığım bir gün. Arzularım daha da qanad açmış, pərvaz edərək ənginliklərə doğru irəliləyirdi. Yenə o gözəl al-əlvan gül bağçam, ətrafda uçuşan rəngbərəng kəpənəklər, təravətimdən ilhamlanan quşların şirin nəğmələri, şır-şır axan şəlalələr, içimi sərinlədən bulaqlar, ilıq nəfəsi ilə bu heyranlığı var edən ecazkar günəşim. Bu bihuşedici mənzərənin əhatəsində necə də xoşbəxtəm.
Birdən... Üzümə qəfil düşən kəskin işıq məni daldığım şirin xəyallardan ayırdı. İçimdən doğma, xoş bir istilik keçdi. Bu nə idi? Nə baş verirdi? Hər gün əzizlənən yeni gülə sarı boylandım. Ancaq nə gül vardı, nə də aramızı kəsən sürahi. Xəyaldımı? Yenə yuxumuydu? Yox... Duyurdum. Görürdüm. Uzun bir vaxt taleyimin şahidi olan kitab zərif əllərin ağuşunda sevgi ilə səhifələnir, ovsunladığı nəcib bir ürəkdə taxt-rəvanını hazırlayırdı. Ah!.. Sonunda! - deyə sevindim. Hətta çox sevindim. Bu sevincin hərarəti ilə günəşə sarı boylandım. Minnətdarlıq etdim. O da mehribanlıqla qarşılıq verdi. Öz sevgili şüalarından biri ilə məni nəvazişlə qucaqladı.
Bu zaman o əsrarəngiz doğmalığı hiss etdim. Sönməyən ümidlərimdə böyüyən işıq selini duydum. Xeyli vaxtdır gözlədiyim o ecazkarlıqda var olmağın, vüsala yetişməyin şirinliyini dərk etdim. Bu hissin gücündə inam və dinclik tapdım.
Şəfqət və qayğı ilə üzərimdə gəzən əllərin, nəvazişlə budağıma toxunan barmaqların sehrinə qapıldım. Bu zaman özümü qızılı naxışlı dibçəyin içində hiss etdim - çoxdandır həsədlə baxdığım, içi dolu münbit torpaq - torf, kompost, digər məlzəmələr əlavə edilmiş həmin o yeni dibçəkdə. Ancaq daha böyük, daha genişində.
Yeni görünüşüm, yeni dibçəyim mənə necə də yaraşırdı. Artıq pəncərənin qarşısındakı o dar guşədə deyildim. Həyat - günəşimin şəfəqləri altında, al-əlvan güllərin əhatəsində dilədiyim bağçanın göz oxşayan bəzəyinə çevrilmişdim. Yeni gül də buradadır. Lakin artıq yeni deyil. Yeni dibçək gülü arzularımın işığı ilə köksümdə can verdiyim, qoruyaraq gül-bağçama bəxş etdiyim, zoğumdan əkilmiş canparçamdı artıq, böyük inamımın, sönməyən ümidlərimin sonsuz cənnətini yaradan kiçik bir parçam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!