Tələbə - Vahid MƏHƏRRƏMOV

Gənclik illərində çoxumuz ali məktəbə qəbul olmaq arzusu ilə yaşayardıq. Amma təəssüf ki, hər şey yalnız arzulamaqla başa gəlmir. Gərək ürəyində tumurcuqlayan istəkləri həyata keçirmək üçün nəsə bir addım atasan, əziyyətlərə qatlaşasan, nəsə zəruri bir iş görəsən. Yoxsa, arzularına çata bilməzsən, həyat yollarının dolaylarında, aşırımlarında ilişib qalarsan. 

 

İllər əvvəl mən də tələbə olmağı arzuladım, nəsə bir hərəkət də etdim, xeyli əziyyət də çəkdim. Di gəl ki, müəyyən olan və olmayan səbəblər üzündən ürəyimdə çiçəkləmiş istəyimə yetişə bilmədim. Bünövrəsinin ilk kərpiclərini həvəslə qoyduğum işi uğurla başa çatdırmaq qismətim olmadı. Mənbəyindən axmağa başlayan su mənsəbinə çatmamış, yarı yolda havaya buxarlandı. Sanki tələbəlik dünyasına gedən yollarımda qırmızı işıq yandı. 

Gənclik illərinin məhəbbətlə dolub-daşan şirin söz-söhbəti ilə məni tələbəliyə gedən yoldan sapdırıb kitablardan uzaq saldı, oxumaq arxa plana keçdi. Buna görə də, gözlərini dərs kitablarından çəkməyən tay-tuşlarımdan geri qaldım. Sinif yoldaşlarımın çoxu ali məktəblərə üz tutub tələbə adı qazandı. Hazırlığım zəif olduğuna görə mən ali məktəbə heç sənəd də vermədim. Çünki uğur qazanacağıma əmin deyildim. Çox keçmədi ki, ilk məhəbbətim daşlara çırpıldı. Sevgisi yolunda qurban getməyə hazır olduğum qızı mənə vermədilər. Hər ikisi əlimdən çıxdı - nə ali məktəbə girə bildim, nə də qıza qovuşdum. Qazancım yalnız heç bir ağrı-acıya dərman olmayan peşmançılıq hissləri oldu. Beləcə, gənc yaşlarımdan xoşbəxtliyə açılan qapılar eyni vaxtda üzümə bağlandı.   

Qismət elə gətirdi ki, heç vaxt arzulamadığım bir sahədə çalışmalı oldum. Neft mədənlərində fəhlə işləyirdim. İşim ağır olduğundan axşamlar evə yorğun qayıdırdım. Yavaş-yavaş ali məktəbə girmək arzumla vidalaşırdım. Az-çox biliyim olsa da, təzədən kitab oxumaq, imtahan vermək, tələbə olmaq mənim üçün yerdən ulduzlara qalxmaq qədər çətin görsənirdi. Elə bil əvvəlki arzularımın üstünə tənbəllik dumanı çökmüşdü. Orta məktəb illərində oxuduqlarım yalnız iş yoldaşlarımla söhbət edəndə karıma gəlirdi. Bilikli olduğumu hiss edən iş yoldaşlarım da məsləhət görürdülər ki, həvəsdən düşməyim, ali təhsil alım. Nəsə bu məsləhətləri qulaqardına vururdum. Fikirləşirdim ki, artıq gecdir. Mənimlə yaşıd olanlar ali məktəbi çoxdan bitiriblər. 

 

Mədəndəki sexlərdən birində ilk vaxtlar adını bilmədiyim bir oğlan da işləyirdi. Onu həmişə səliqəli geyimdə, qalstukda, əlində çanta harasa tələsən görürdüm. Görkəmindən tələbəyə oxşayırdı. Yəqin ki, bəxtəvər hansısa ali məktəbdə oxuyurdu. Deməli, işləyə-işləyə oxumaq mümkün idi. Sadəcə olaraq, neçə illər əvvəl içimdə itirdiyim oxumaq həvəsini axtarıb tapmalı, arzularımın üstünə çökmüş tənbəllik dumanını özümdən tamam uzaqlara qovmalıydım. 

Günlərin birində görkəmindən tələbəyə oxşatdığım həmin işçi ilə yaxından tanış oldum. Adı Əhəd olan bu oğlan məndən səkkiz yaş balacaydı. Gümanım düz çıxmışdı. Doğrudan da, o tələbə idi. Dediyinə görə, universitetdə oxuyurdu, üçüncü kursdaydı. İki ildən sonra ali təhsilini başa vurub neft mədənlərində geoloq işləyəcəkdi. Sabahın bacarıqlı mütəxəssisi olacaq, yeni neft və qaz yataqları kəşf edəcəkdi. Nə gizlədim, Əhədin tələbəliyinə həsəd aparırdım. Ürəyimdən keçirdi ki, kaş mən də ali məktəbə qəbul olaydım, tələbə adı qazanaydım. Hər dəfə onu kostyumda universitetə tələsən görəndə ürəyimdə solmağa üz qoymuş arzularım yenidən tumurcuqlayıb çiçəkləmək istəyirdi. Ancaq hələlik ürəyimdə bu arzunun çağırışına səs verməyə istəyim yox idi. Ha cəhd göstərsəm də, düşdüyüm tənbəllik girdabından çıxa bilmirdim. İllər hiss olunmadan ötüb keçdikcə yaşımın üstünə yaş gəlirdi. İlk məhəbbətin uğursuzluğundan sonra ürəkdən sevdiyim Simuzərlə ailə qurmağa hazırlaşırdım. O, çox gözəl qız idi. İnanırdım ki, onunla həyatım xoş keçəcək, xoşbəxt olacam. Artıq nişanlanmışdıq, bu gün-sabah toyumuz olacaqdı. Sevgi, məhəbbət, ailə qurmaq həvəsi yenə də hiss olunmadan oxumaq arzusunu üstələyirdi. 

 

Hərdən Əhədlə rastlaşanda görüşüb söhbət edir, dərslərinin gedişi ilə maraqlanırdım. Nəsə oxuduğu universitetdən, keçdikləri fənlərdən, dərslərin gedişindən həvəslə danışmırdı. Elə ağızucu bir neçə kəlmə deyib susurdu. Nə imtahanlardan, nə müəllimlərdən, nə də tələbə yoldaşlarından söz açırdı. Zalım oğlu elə bil dilini tərpədib danışmağa  ərinirdi.

Əhədgilin sexində Niftalı adında çox mehriban və qayğıkeş, yaşlı bir kişi də işləyirdi. O, həmişə maraqlı söhbətlər edər, cavanlara ağıllı məsləhətlər verib düz yol göstərərdi. Niftalı dayı mənə də məsləhət görürdü ki, ali təhsil arxasınca gedim. Deyirdi ki, bala, oxu, amma Əhəd kimi yox. Əməlli-başlı, kişi kimi oxu. Axı yazıq Əhəd hər gün dərsə gedib-gəlir, oxuyurdu də. Niftalı dayının onun haqqında niyə belə danışdığına o qədər də fikir vermirdim. Çünki Əhəd eyni vaxtda qoltuğunda papkası, səliqəli geyimdə universitetə gedər, universitetdən qayıdardı. Nə bilim vallah, bəlkə də, Niftalı dayının dediklərinin içində bilmədiyim hansısa bir həqiqət gizlənmişdi. Bəlkə də, o nəyəsə eyham vururdu. Hər halda ağsaqqal sözü havaya demirdi, ağzını boş yerə tərpətmirdi. Ola bilərdi ki, Əhəd dərslərini yaxşı oxumurdu. Niftalı dayının dediklərinə baxmayaraq, oxuyub, əziyyət çəkib ali məktəbə qəbul olduğuna görə Əhədə böyük rəğbət bəsləyirdim.  

 

Dost-tanışlarım, iş yoldaşlarım hamısı məni danlayıb, israrla "oxu" deməkdə davam edirdilər. Bir şey yaxşıydı ki, "oxuma" deyən yox idi. Neyniyəsən ki, hələlik deyilən sözlərin fikrimi dəyişməyə gücü çatmırdı. Nəsə, elə bil imtahan verməkdən gözüm qorxurdu. Fikirləşirdim ki, ali məktəbə qəbul olmaq üçün gərək dizimi yerə qoyub əməlli-başlı hazırlaşam, əziyyətə qatlaşam. Hazırlıqsız da qəbul imtahanlarına getmək əhəmiyyətsiz, nəticəsiz bir iş idi! 

 

Qatarda baş verən təsadüfi bir görüşdən sonra tənbəlliyin daşını atıb oxumaq qərarına gəldim, ali məktəbə qəbul olacağıma ümidim xeyli artdı. Üstündən xeyli zaman keçsə də, həmin təsadüfi görüşü indiki kimi xatırlayıram. Günlərin birində qatarla rayona gedirdim. Biletim də plaskart vaqona idi. Yol yoldaşlarımla söhbət edəndə öyrəndim ki, onlar tələbədirlər, institutun sonuncu kursunda oxuyurlar. Fikirləşdim ki, tələbələrlə mənim söhbətim tutmaz, onlar savadlı, bilikli adamlardır, mənsə fəhlə babayam. Buna görə də qatar tərpənən kimi yerimi rahatlayıb uzandım. Bir az fikirli olduğuma görə yuxuya tez gedə bilmədim. Tələbələr bir-birləri ilə şirin-şirin söhbət edirdilər. Onların söhbətləri bir xeyli ora-buranı "gəzib" dolaşandan sonra gəlib çıxdı ədəbiyyat fənninin üstünə. Özümdən asılı olmadan tələbələrin söhbətinə qulaq asdım. Çünki kiçik yaşlarımdan ədəbiyyata böyük marağım var idi. Buna görə də mövzu ahənrüba kimi məni özünə çəkdi. Tərs kimi də tələbələr yaradıcılığına dərindən bələd olduğum sevimli şairlərdən birinin əsərləri haqqında danışırdılar. Dediklərindən hiss elədim ki, onlar həmin şairin yaradıcılığını o qədər də yaxşı bilmirlər. Çünki tələbələr səhv salıb onun əsərini başqa bir şairin adına çıxırdılar. Söhbət yavaş-yavaş mübahisə həddinə yaxınlaşdı. Bu anlarda yadıma düşdü ki, orta məktəbdə oxuyanda həmin şairin həmin əsərinin təhlilindən əla qiymət almışdım. Səbrimi basıb tələbələrin boş yerə elədiyi mübahisəyə sonacan qulaq asa bilmədim. Onlardan üzr istəyib söhbətlərinə müdaxilə edərək həmin şairin əsəri barədə bildiklərimi onlara danışdım. Sağ olsunlar, tələbələr söylədiklərimi sonadək dinlədilər. Sonra gözləmədiyim halda onlardan biri məndən hansı universitetdə oxuduğumu soruşdu. Mən heç yerdə təhsil almadığımı, mədəndə fəhlə işlədiyimi söylədim. Tələbələr mənə inanmadılar. Dedilər ki, guya mən yekəxanalıq edib, onları savadsız saydığıma görə oxuduğum universitetin adını çəkmək istəmirəm. İş yerimin ünvanını tələbələrə verib bildirdim ki, istədiyiniz vaxt gəlsəniz, məni bu ərazidəki mədəndə fəhlə işləyən görərsiniz. Gözləmədiyim anda tələbələrdən biri məndən soruşdu ki, belə savadın ola-ola nəyə görə mədəndə fəhlə işləyirsən? Niyə gedib ali məktəbə qəbul olmursan? Tələbənin sualına çiyinlərimi astaca çəkməklə cavab verdim. Yəni demək istədim ki, bu suala cavab tapmaqda acizəm. 

 

Tələbələrlə qatarda olan təsadüfi görüşdən sonra yenidən kitabların yanına dönmək həvəsinə gəldim. Sanki toz basmış arzularım birdən-birə gözlərini açıb üzümə gülümsündü. Ləngimədən məni dumanına bürüdüyü tənbəllik girdabından yavaş-yavaş çıxmağa başladım. Fikirləşdim ki, deməli, ali məktəbə girmək fikirləşdiyim qədər də çətin deyilmiş. Bir müddət öz üzərimdə çalışsam, gənclik arzuma çata bilərəm. İçimdə hiss edirdim ki, qatarda tələbələrlə olan təsadüfi görüş həyatımı doxsan dərəcə dəyişəcək. 

Oxumaq üçün ilk addım olaraq lazımi kitabları əldə elədim. Sonra yavaş-yavaş imtahanlara hazırlaşdım. Ailə qurmağımdan da qalmadım. Fikirləşdim ki, evlənməyimin oxumağıma heç bir maneçiliyi olmayacaq. Gözəl qızların içindən sevib bəyəndiyim Simuzərlə ailə qurdum. Həyatım xeyli dəyişib gözəlləşdi, ömrümə xoşbəxt günlər qədəm qoydu. 

Xeyli oxuyub hazırlığımı artırandan sonra illərdən bəri ürəyimdə toz basmış arzulara qol-qanad vermək üçün universitetə üz tutdum. Birinci il imtahanlardan keçə bilmədim. Amma növbəti il arzuma çatdım, universitetin qiyabi şöbəsinə qəbul oldum. Bu uğuruma valideynlərimlə, doğmalarımla bərabər iş yoldaşlarım da sevindi. 

Həmişə tələbəliyinə həsədlə baxdığım Əhəd də məni təbrik etdi. Deyəsən, artıq o, ali təhsilini başa vurmuşdu. Çünki son günlər onu nə dərsə gedən, nə də dərsdən qayıdan görürdüm. Bu barədə özündən soruşanda ağzını açıb bir söz demədi, astaca gülümsünüb məndən uzaqlaşdı. Bilmədim ki, bu gülümsəmək nəyə işarədir, nə deməkdir. Susub məndən uzaqlaşdığına görə ona başqa sual verə bilmədim. 

Niftalı dayı ilə görüşəndə hiss etdim ki, ali məktəbə qəbul olmağım onu başqalarından da çox sevindirib. Kişi ən yaxın qohumum kimi üzümdən öpüb məni xoş sözlərlə təbrik etdi:

- Bala, tanıdığım ilk günlərdən hiss edirdim ki, sən savadlısan, gec-tez ali məktəbə girəcəksən. Sağ ol ki, ümidləri doğrultdun, səni təbrik edirəm. 

Xoş sözlərə görə Niftalı dayıya minnətdarlıq etdim. İmkan düşmüşkən, ondan Əhədin ali məktəbi bitirib-bitirmədiyini də soruşdum. Ağsaqqaldan eşitdiyim sözlərə heç inanmağım gəlmədi. Deməli, həyatda belə işlər də olurmuş. Bunu heç Əhədin boy-buxununa yaraşdırmazdım. Əhədlə bağlı sualımı dinləyəndən sonra Niftalı dayı bir az fikrə gedib dedi: 

- Bilirsən, bala. Atalar yaxşı deyib ki, yalan ayaq tutar yeriməz. Sözün düzünü deyim ki, Əhəd heç yerdə oxumurdu. O, institut tələbəsi olan bir qıza vurulmuşdu. Qızı da aldatmışdı ki, guya ali məktəbdə oxuyur. İstədiyi qız dərsdən çıxan ərəfədə Əhəd kostyumunu geyinib, qalstukunu vurub, üst-başına əl gəzdirib, özünü tələbəyə oxşadandan sonra onunla görüşə gedirdi. Bir-iki il getdi-gəldi, yollarda əsir-yesir oldu. Valideynləri qıza elçi də düşmüşdülər, nişan da taxmışdılar. Bu gün-sabah toyu olacaqdı. Qızın adamları haradansa öyrəniblər ki, Əhəd onları aldadır, heç bir yerdə oxumur. Bunu eşidəndən sonra onun nişanını qaytardılar. Əhədin tələbəliyinin də ömrü sona çatdı. Bu qədər yollarda əsir-yesir olsa da, istədiyi qızı ala bilmədi. Mən ona çox dedim, o az eşitdi. Deyirdim ki, bala, bu işin axırı yoxdu. Gec-tez qız onu aldatdığını biləcək. Axırda mən deyən oldu. Bala, yadından heç vaxt çıxarma, gec-tez düz  əyrini qılınc kimi kəsir. 

- Heç elə şey olar, Niftalı dayı? Necə olub ki, Əhəd bu cür düşüncəsiz hərəkət edib? Mən onu ağıllı bir oğlan bilirdim. Həmişə fikirləşirdim ki, Əhəd təhsilini başa vurandan sonra bacarıqlı geoloq kimi yeni neft və qaz yataqları kəşf edib ad-san qazanacaq. Demə, Əhəd yalançı imiş. Yalançılığın da ömrü uzun olmur. Gec-tez həqiqət onun qarşısını qəflətən kəsir. Gördüyünüz kimi, kəsdi də. 

 

- Hə bala, yalançılığın axırı yoxdu. Ona görə də həmişə yalançıdan, yalançılıqdan uzaq dur.

Dünənə qədər Əhədin tələbəliyinə həsədlə baxırdım. Ali təhsil aldığına görə ona qibtə edirdim. Niftalı dayıdan bu xəbəri eşidəndə Əhəd birdən-birə gözümdən düşdü. Demə, hansısa bir qızı aldadırmış, məqsədinə çatmaq üçün də tələbə adından istifadə edirmiş. Bəlkə də, tələbə adı ilə maskalanmasaydı, özünü olduğu kimi tanıtsaydı, qız onu sevərdi. Çünki Əhəd boylu-buxunlu, yaraşıqlı bir oğlan idi. Nişanlısı çox ağıllı qız imiş. Fikirləşib ki, yalançılıqla bünövrəsi qoyulan ailə xoşbəxtliyə tamarzı qalar. Ona görə də, haray bu başdan deyərək, Əhədin nişanını  qoltuğuna vermişdi.

 

Utandığımdan Əhədin özünə heç nə demədim. Daha olan-olmuş, keçən-keçmişdi. Mənim nəsə deməyin heç nəyi dəyişməyəcəkdi. Ona görə də, yaşına və şəxsiyyətinə yaraşmayan əməlini onun üzünə vurmadım. Bəlkə də, mənim deməyim artıqdan idi. Çünki qız nişanını qaytarmaqla Əhədə yaxşıca həyat dərsi keçmişdi.

İşlərim qaydasında gedirdi. Artıq ikinci kursu da arxada qoymuşdum. Yenə də əvvəlki kimi, hərdən günortalar çörək yeməyə Əhədgilin sexinə gedirdik. Dünyanın qəribə işləri var imiş. Bəlkə də, bu qəribə işlər olmasaydı, dünya darıxdırıcı görünər, günlər maraqsız keçərdi. Bir vaxtlar tələbə olduğuna görə mən Əhədə həsəd aparırdım. İndi sanki yerlərimiz dəyişmişdi. Son vaxtlar hiss edirdim ki, universitetdə oxuduğuma görə indi də Əhəd mənə həsəd aparır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!