Hakimin masasının kənarında dayanan ağır, yaraşıqlı tərəzilər Adilə istehza edirmiş kimi görünürdü. Bu tərəzilər balansı, ədaləti simvolizə etməli idi, amma onların orada olması ona qarşı bir ironiya, acı bir zarafat təsiri bağışlayırdı. O, sakit və öz axarında yaşayan bir insan idi, həyatını sadə bir iş, orta maaş və olduqca adi və monoton günlərlə keçirirdi. İndi isə o, bir məhkum idi, bu damğa başının üstünü bir qarabasma kimi kəsmiş, sərt və amansız bir reallıq kimi adına həkk olunmuşdu. Hər şey çox sürətli, gözlənilməz dərəcədə ani baş vermişdi. Anlıq bir mübahisə, tanımadığı, özünə xas olmayan xam və güclü bir qəzəb dalğası, hələ də tam qavraya bilmədiyi bir nəzarətsizlik. Bir anlıq o, adi bir insan idi, sonrakı an isə qatilə çevrildi. Belə bir dəhşətli dəyişiklik necə olur ki, göz qırpımında baş verir?! O, cinayətinin nəticələrini yaxşı bilirdi, əvvəl-əvvəl buna göz yumurdu, demək olmazdı, amma bunun dağıdıcı effekti yalnız burada, bu ağır atmosferli məhkəmə zalında, azadlığının hər keçən an iplik-iplik söküldüyünü hiss etdikdən sonra ona çatmışdı. Məhkəmənin ilk günü onun üçün dəhşətli bir sınaq idi. Zaldakı hər bir üz ifadəsi faciənin müxtəlif tərəflərinin əksi kimi idi. Bu ifadələrə əsasən demək olardı ki, bir çoxları onu mühakimə edir və onu bir cani hesab edirdilər. Digərləri - Adilin fikrincə, daha anlayışlı olanlar isə onu gözlənilməz vəziyyətin qurbanı kimi görürdülər. O, özünü mümkün qədər izah etməyə çalışmışdı, nəzarətdən çıxan vəziyyətin təsvirini vermişdi, duyğuların onu necə öz axarı ilə apardığını danışmışdı. Amma sözləri yetərli deyildi, cinayətin ağırlığı altında əzilib yox olurdu. İçində isə ağır bir sual baş qaldırırdı: qaçılmaz olaraq alacağı cəza həqiqətən, ədalətli idimi? Bu hadisəni çıxmaq şərti ilə, heç vaxt qanunu pozmamışdı. Həyatı boyunca heç vaxt qanuna zidd bir işlə məşğul olmamış, heç vaxt kiməsə zərər vermək niyyəti olmamışdı. Öz meyarlarına görə yaxşı bir insan idi, indi isə ümumbəşəri ədaləti və əxlaqı qorumaq üçün mövcud olan bu mexanizm tərəfindən mühakimə olunurdu. "Qanun təkcə cəzalandırmaq üçün deyil, həm də islah etmək üçündür" - bu devizləri çox eşitmişdi. Amma həbsxana bir ruhu necə sağalda bilərdi? İllərlə barmaqlıqlar arxasında qalmaq onu başqa bir insana, yoxsa, sadəcə, quru bir qisas simvoluna çevirəcəkdi? Cəza öyrətmək üçün idi, yoxsa, sadəcə, cəmiyyətin qanunlarından təmayülün cəzalandırılmasına xidmət göstərirdi? Hər şeydən əvvəl, onun cəzalandırılmağa ehtiyacı var idimi? Adilin zənnincə, onun islah olunmağa ehtiyacı yox idi. O, şüurlu bir insan idi, etdiyi işin ağırlığını anlayırdı. Törətdiyi əməl nə qədər qəbuledilməz olsa da, onun zənnincə, cinayəti törədən Adil ilə qalan həyatındakı Adil arasında mahiyyət etibarilə, heç bir fərq yox idi. Axı bir cinayət onun dünyagörüşünü, şəxsiyyətini, xislətini dəyişməmişdi. Hərdən beynində bir sual yaranırdı: peşman idimi? Amma cavab əhəmiyyətsiz görünürdü. Peşmanlıq keçmişi dəyişə bilməzdi, itiriləni geri gətirə bilməzdi. Heç bir cəza bu dəhşətli həqiqəti dəyişə bilməzdi. Bəs qanunun məqsədi həqiqətən, ədaləti təmin etmək idimi, yoxsa, sadəcə, ağrıya cavab olaraq ağrı gətirməkdimi? O, hüquq sistemini balans axtaran bir vasitə kimi yox, kollektivin hakim yumruğu kimi görməyə başlamışdı. Bu yumruq, cəmiyyətdə qanun adlandırılan nizamı pozanları cəzalandırırdı. Adil kollektivin ədalət hissinə - insanların "ilahi ədalət" olaraq qəbul etdikləri anlayışın dünyadakı proyeksiyasına qarşı çıxmışdı, cəmiyyətin xaosu idarə edə biləcəyinə olan inamını təkzib etmişdi, onun cəzası da məhz bununla bağlı idi. "İnsanlar hər şeydən çox, qeyri-müəyyənlikdən qorxurlar," - deyə düşündü - gözləri məhkəmə zalının soyuq, boz divarlarına zillənmişdi - qanunun dəmir barmaqlıqları, hüquq prosesinin sərt strukturu, qəribə şəkildə bu qeyri-müəyyənliyi azaldırdı. Qaydalar qoyur, hədlər təyin edir, doğru ilə yanlış, icazəli ilə qadağan edilmiş arasında sərhədlər çəkirdi. "İnsanlıq ən çox öz potensialından qorxur," - deyə düşündü və qəribə bir sakitlik hiss etdi. Qanun, öz amansız üsulu ilə, insan təbiətinin qaranlıq instinktlərinə qarşı bir sədd rolunu oynayırdı, bəşər övladının özündə gördüyü qorxulu şeyləri cilovlayırdı. Bəli, bu bir qəfəs idi, amma eyni zamanda bir təsəlli idi. Bağışlanmaq istəmirdi. Başqasının həyatını geri dönüşü olmayacaq şəkildə dəyişdirdiyini bilirdi - bu həqiqət son nəfəsinə qədər onunla qalacaqdı. O sadəcə, başa düşmək istəyirdi.
Hakimin çəkicinin masaya vurulmasından çıxan səs zalda əks-səda verdi. Bu ani və kəskin səs Adili fikirlərindən ayırdı, onu məhkəmə zalına qaytardı. Otaqda hamı sanki nəfəsini tutmuşdu. Hakim hökmü soyuqqanlı tərzdə elan etdi. Adil artıq bir məhkum idi. Həyatından 8 il - bəlkə də normalda ömrünün ən gözəl çağını yaşamalı olduğu, ucu-bucağı görünməyən uzun bir müddətin ondan qoparılması və gözlədiyi cəzanın ağırlığı bütün ruhuna yayıldı. Vəkili özünü saxlaya bilmədi: "Bu doğru deyil, cəza çox ağır və ədalətsiz oldu." Əks tərəfdə isə tamam fərqli bir atmosfer vardı. Zərərçəkən tərəf başını dik tutaraq dodaqlarını bərk sıxdı. Sanki içindəki hirs və kədəri bir qələbə ədası ilə boğmağa çalışırdı. "Ədalət yerini tapdı", - deyə sakitcə dilləndi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!