Yeriyəndə, deyirsən, yuxarı məhlədən üzü aşağı təkər dığırlanır. Bir ayağını sağa qoyanda, o biri ayağı sola sürüşür. Birdən yerişini dəyişib geri dönür, sonra yenə qabağa gedir, sonra hansı tərəfə gedəcəyini sanki unudub dayanır, sonra bir də irəli gedir. Beləcə, harasa getməkdən çox, hardansa gələnə oxşayır. Ömrünü də belə yaşayıb. Getdiyini düşünsə də, hardansa qayıdıb gəlib. Boyu o qədər xırdadır ki, əli qapı zənginə çatmır. Ona görə zəngi olan qapılara qonaq getmir. Ruzuya da, hüznə də əli çatmayıb. Bütün günü çaparaq at kimi yollarda çapır. Ayaqları da əməlləri kimi balacadı, əncir yarpağı boyda. Ayda bir dəfə əlidolu olanda qapını təpiklə döyür. Özü də elə döyür ki, deyirsən, onu bu arvadını döyür; hirslə, nifrətlə, eyni zamanda bazarlığın arxayınlığından gələn ərklə. Əliboş olanda barmaqları ilə qapını, altını batırmış uşaq kimi qorxa-qorxa taqqıldadır. Arvadı ondan boyca çox ucadı. Arzuları da qəlbidi. O, qədər ucadı ki, axırı bir az saralıb. Onların hansı yüksəklikdə tanış olmaları müəmmadır. Ya həmin gün arvad çox aşağı əyilib, ya da bu tösmərək barının üstünə çıxıb. Başqa cür bu iki adam biri-birini görə bilməz. Bəlkə də onlar hələ biri-birilərini görməyiblər. İndi də heç görmürlər. Eləcə, xəyal edirlər. Əgər belədirsə, onda adamın Allahı var, kişinin xəyal genişliyi arvada baxanda daha böyükdür, daha doğrusu, uzundur. Qadının xəyalı isə boyuna baxanda, xırdadır. Amma sən sevgini də asan bilmə. Bir də görürsən, adamı yolda tutur. Sevginin boya nə dəxli var, məsafəylə nə əlaqəsi var?! Bəlkə onlar bir baxışın yarısında elə göz-gözə bağlanıblar ki, indi bıçaqla kəsib biri-birindən ayırmaq olmur. İş bir dəfə olur da, iki dəfə olmur ki?! İndi bu iş bir dəfə olub və tutub.
Onların toyundan da məhlədə yaşlı adamlar əfsanələr danışırlar. Deyir, məhlə ağsaqqalları o zaman qəti qərara gəliblərmiş ki, işdir-şayət, tösmərəkin haçansa oğlu olsa, böyüyəndə badımcanı tut qırasıyla dərməlidir. Başqa cür uşağın boyu badımcana çatmaz.
Amma dedim axı, insanın taleyi əlində deyil. Yazan necə istəyir, elə də yazır. Bir də görürsən, xırda kişinin nər boyda bir igid oğlu olur. Bir də görürsən, nər boyda kişinin altı aşıq boyunda bir gədəsi doğulur. Boy məsələsi ağır məsələdir, bəxtə-bəxtdir. Amma o da var ki, məsələ boyda deyil, məsələ olmaqdadır. Gərək balaca da olsan, böyük də olsan, olasan və nəyə görə olduğunu biləsən,tapasan, anlayasan.
Evli olduqları bu otuz ildə yataqları da ayrı olub. Kişi evin girişində Nuhi- Nəbidən qalma qara taxtda yatıb, arvad cehiz kimi özüylə gətirdiyi ağ yataq dəstində. Kişi hər səhər yuxudan qalxar-qalxmaz, arvadıyla üzü göyə danışıb. İstər-istəməz səsini Tanrı eşidib, dua kimi qəbul edib. Arvad da bütün ömrü boyu, nə danışıbsa, yuxarıdan-aşağı, kişinin təpəsinə vurub. Onu sözüylə yuxarı dartacağını düşünüb. Söz də su deyil ki, kişi cücərə. Yaşayışları bu minvalla aşağıdan-yuxarı, yuxarıdan-aşağı keçib. Kişi özü üçün xirtdəyə qədər pul qazanıb. Xirtdəyi arvadın dizindən olub deyə, gözə görünməyib. Arvad da fürsət düşəndə, pul yerinə kişinin qulağını dığ-dığıyla xərcləyib. Yaşadıqları ömrün, gördükləri işlərin işığı nə göyə düşüb, nə də yerə. Eləcə yas halvası kimi qırx gün miz üstə saralsalar da, yeyənləri olmayıb.
Bir gün hər ikisinin zamanı gəlib. Heç bir hadisə yaşamamış, nəyi isə anlamamış, zamandan çıxıb mənaya varmamış getmək vaxtları çatıb. Əzrayıl göydən yerə endirilib ki, bu çarpaz ər-arvadı özüylə aparsın. Əzrayılın gəlişinə hər ikisi yaman sevinib. Sanki doğma adamlarını görüblər. Yaşadığı zaman bir dəfə də olsun, evinə qonaq gəlməyən arvad soyuducuda nəyi var, yığıb düzüb mizin üstünə. Əzrayılın yorğun ayaqlarını su dolu təknəyə qoyub, ona çay süzüb, süd çörəyi bişirib. Otuz il ərzində tutduğu şorabalardan, bişirdiyi mürəbbələrdən həsir zənbilinə pay qoyub. Ərinin ancaq öz toyunda geyindiyi qara kostyumunu Əzrayıla bağışlayıb. Kişi də xırda boyuyla elə özü boyda olan Əzrayılın başına dolanıb, mələyin gəlişinə yaman sevinib. Əlində-ovcunda olan beş-on manat pulu Əzrayılın cibinə basıb, qızıl saatını qolundan açıb ona bağışlayıb. Sonra onlar Əzrayılla xeyli şəkil çəkdiriblər. Səhərə yaxın isə kişi Əzrayıl üçün yanğılı-yanğılı mərsiyələr oxuyub.
Alatoranda Əzrayıl dəstəmazını aldıqdan sonra ər-arvadın da canlarını rahatca alıb. Bir az dincəldikdən sonra, pay-püşünü də götürüb dərgaha qayıdıb.
Burda bu yazı ər-arvad üçün bitir.
Amma heç zaman sevgisi olmayan bir evə can almağa gələn Əzrayılın əziz qonaq kimi seviləcəyi zaman isə bitmir, əksinə, bu yazıdan sonra başlayır.
Məna ariflər üçündür.
Söz nadanlar üçün.
Nöqtə isə yoxdur. Varsa da, mənim əlimdə deyil.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!