Şərqin mədəni irsini xilas edən Avropa - ya da hamımız xilas yolu axtarırıq - Günel EYVAZLI

Günel EYVAZLI

Bir dini rəvayətdə deyildiyi kimi, Nuh dəfələrlə göyərçin uçururdu havaya. Göyərçin bir müddət havada qanad çalıb yenidən gəmiyə dönürdü. Bir müddətdən sonra ümidləri üzülən xilaskar yenə də göyərçini havaya uçurur. Dimdiyində zeytun budağı ilə qayıdan quşcuğaz gəmi sakinlərinin ümidlərini işıqlandırır.

Maraqlıdır, görəsən kimdən, nədən xilas olmuşdu gəminin sakinləri? Bəşəriyyət üçün ideal insan toplumu aparırdımı göyərtəsində?

Deyilənə görə pislər, günahkarlar daşqın zamanı məhv olmuşdular. Yox, məncə, burada ilişik bir məqam var. Sankı natamamlıq mövcuddur.  Ola bilsin ki, Nuh hər şeyi axıra qədər nəql edə bilməmişdi. Çünki bu, axır ola bilməzdi. Belə tezliklə onun qarşısına qaya parçası çıxa bilməzdi. Göyərçin də belə tezkən qayıda bilməzdi.

Nuhun özü də bilirdi ki, sona gedən yol başqa cür olmalıydı. Daha işıqlı, daha ideal bir dünya qapısına qədəm qoymalıydı. Həm də ideal dediyimiz bir dünyada problem olmamalıydı. Görəsən problemsiz bəşər mövcud ola bilərmi? Eyni rəng, eyni çalar, yalnız yaxşılıq, yalnız düzlük bəşəriyyət üçün xilas yolu ola bilərmi?

Axı bütün bunlara qədər uzun məsafə qət olunmalıydı. Bir neçə günlük yağış, tufan, günahkarların suda boğulması bəşəriyyətin pislik zibilxanasından qurtulmasıdırmı? Və yaxud, xalqları, millətləri yox etmək üçün indinin özündə də istifadə olunan genosid faktları, soyqırımlar hər hansı bir qövmdən xilas olmaq üçün çarədirmi? Dünyanın bir yarısı xəstləliklə, digər yarısı müharibələrlə yox edilir. Hələ mən qida terrorundan danışmıram. Həm də beyinlərin yuyulması kimi dəhəşətli bir terror da var. Bunlar könüllü ölümdür. İndi düşünək, bütün bunlar eynilə daşqın, tufan konsepsiyasına bənzəmirmi?  Necə də asan. Yağış, tufan. Bəs mərhəmət?

Bu, çıxış yolu ola bilməz. Ümumiyyətlə, pislik və yaxşılıq nədir? Kim qərar verir ki, yaxşılıq mütləq belə olmalıdır. Axı hamının öz həqiqəti var. Nuh təklif irəli sürə bilərdi. Belə bir şey gözlənilə bilər. Ona inanıb, inanmamaq tərəflərin iradəsinə bağlı bir şey idi. Bizə də çox şey təklif oluna bilər. Biz hər şeyə inanırıqmı?

Yox, burada natamamlıq var. Nəsə tam deyil. Qorxulu fikirlər gəlir hərdən ağlıma.  Bəlkə biz hələ də Yer kürəsi adlı gəmidəyik. Hə, ola bilər. Biz hələ də fəza dənizində üzürük, amma xilas ola bilmirik. Həm də xilasın nə olmasını aydınlaşdıra bilmirik.

Nədir xilas? Bəlkə elə sadəlövhcəsinə günlərin birində gələcək mərhəmət xilaskarını gözləməkdir xilas? Hə, doğrudur bu rəvayətlər əsrlərdir yol gəlir. Bəşəriyyət xilaskarını gözləyir. Nə zamansa aclığın, məhrumiyyətlərin, müharibələrin bitəcəyini gözləyir. Bunu isə yalnız fövqəl-qüvvə edə bilər. Çünki, insan adlı varlıq ibtidai və indiki şüura görə belə bir qüdrətə malik deyil. Axı necə malik ola bilər ki, hələ də bağımızı-bostanımızı çəpərləyirik, hasarlayırıq. Hələ də "haralısan" sualını verib məmləkət bölgüsü aparırıq. "Filankəs mənim qohumumdur" - deyib qolundan yapışıb irəli atırıq. Beynimizi mental dəyərlərlə çərçivələyirik. Din, torpaq, inanc, inanc daxilində parçalanma, nə bilim, nələr, nələr edirik. Yox, xilaskar insan ola bilməz. Çünki xilaskar hamıya özü kimi baxmalıdır. Onun üçün qarşısındakının zənci, ağdərili olması, hansı dinə sitayiş etməsi maraqlı olmamalıdır.

Dəyərli alimimiz Afad Qurbanovun mühazirələri daima özünəməxsus keçirdi. Öyrəndiyimiz ənənəvi, çərçivəli, üzdənoxu mühazirələrindən fərqli olaraq Afad müəllim istənilən mövzu ətrafında monoton mühazirə sərgiləmirdi və daima öz şəxsi mülahizələrini də söhbət açdığı mövzuya bənd etməyi bacarırdı. Yadımdadır, mühazirə mövzularımızın birində maraqlı bir ifadə işlətmişdi: "İstila, müharibə dönəmini bütün xalqlar yaşaya bilər. Acınacaqlısı odur ki, biz var-dövlətimizi qucağımıza alıb qaçmışıq daima, mədəni irsimiz, kitablarımız isə top-tüfəng altında qalıb".

Əslində bu ifadə həmişə düşüncəmi alt-üst edir. Doğrudanmı biz maddi-mənəvi irsimizə qarşı bu qədər biganəyik? Rahatlıqla qaçmağı, bir canımızı xilas etməyi bacarırıq, qorumağı yox? Paradoksal məsələdir, insan bu mövzulardan istəsə də yan qaça bilmir. Qaçmaq, yoxsa canının bahasına qorumaq? Bu, əsrlərdir dillər əzbəri olmuş bir sualı xatırladır. Şekspirin "Olum ya ölüm?" əbədi sualı papaq kimi qarşımıza qoyulur. Bizə isə yalnız düşünmək qalır, başqa heç nə.

Bu yaxınlarda isə daha acınacaqlı xəbərin şahidi oldum. Saytların birində yayımlanan bu xəbər bütün ümidlərimi qırdı. Vəssalam, bundan o tərəfi yoxdur. Şərq aləmi üçün növbəti zərbə: "İraqın ən böyük ikinci kitabxanası olan Mosul Universiteti Araşdırma Kitabxanası məhv olmaq üzrədir. Artıq üç ildir ki, İŞİD işğalında olan şəhərin mədəniyyətinə kitabxananın yağmalanması ilə böyük zərbə vurulub. "worldtoday"in məlumatına görə, yüz mindən çox əlyazma və kitab məhv olunub". Bir xəbər verilişində daima səslənən kəlmələr qulağımda cingildəyir: "Dünya birliyi bu ədalətsizliyə hələ də dözür". Qeyd edim ki, kitabxana nadir əlyazmalarına və qədim kitablarına görə YUNESKO-nun maddi-mədəni irsinə daxil olunmuşdu. Nə yazıq ki, heç kimin vecinə də deyil. Avropa öz yüksəlişində, Şərq isə enişindədir.

Biz bir çox əlyazmalarımızı, eposlarımızın orijinal variantlarını Avropa kitabxanalarından əldə etmişik. Məsələn, türk dünyasının şah dastanı olan "Kitabi-Dədə Qorqud" Vatikan və Drezden kitabxanalarından tapılıb. Biz unudulmuş, dildən-dilə keçməyən, şifahi yolla ötürülməyən nadir nümunəmizi, tariximizin bütün rənglərini, çalarlarını özündə daşıyan dastanımızı Avropadan tapırıq. Özgə torpaqlardan tapırıq. Tariximizlə, ədəbiyyatımızla onların saxlanc mədəniyyətinin vasitəsilə tanış oluruq.

Yaxşı sözdür, "saxlanc mədəniyyəti". Hə, qədimlərdə nənələrimizin sandıqları olurdu. Bəziləri böyük qıfıl da asırdı üzərindən. Eh, lazımsız bir xatırlatma oldu. Çünki heç bir sandığın içindən kitab çıxmırdı. Bəlkə də səhv edirəm, axı bu da bir irs sayıla bilər. Məsələn, nənələrimizdən bizə ötürülən xalçalar. Biz isə asanlıqla bir çörək puluna, lap elə avtomobil puluna onu sata bilərik. Məsələn, bir avropalıya.

Qədim kitabxanalar deyərkən Bağdad, İraq, Misir və s. də mövcud olmuş kitab məbədlərini nəzərdə tuturuq nədənsə. Amma vaxtilə özümüzdə  mövcud olmuş qədim kitab məbədləri haqqında danışmırıq. Axı maddi dəlil kimi onlar heç yoxdur da. Yalnız yazılar vasitəsilə, bir də məntiqlə onların mövcudluğunu özümüz üçün aşkarlayırıq. Məsələn, tədqiqatçılar, tarixçilər Gəncədə zəngin kitabxanaların mövcudluğundan danışırlar. Tarixi faktlar göstərir ki, Atabəylərin hakimiyyəti dövründə Gəncədə nadir kitablardan ibarət saray kitabxanaları mövcud olub. Bu kitabxanalarda nadir kitabların üzü köçürülərək çoxaldılırdı. Öz yaşadığı diyardan heç bir yana getməyən Nizami Gəncəvi kimi dahinin yetişməsində də  səbəb elə bu kitabxanalar olmuşdu. Məntiqlə bu, belə olmalıdır. Öz bilik çevrəsini kitab oxusu ilə zənginləşdirən şair Şərq ədəbiyyatı xəzinəsi üçün əvəzsiz incilər yadigar qoymuşdu və ondan sonra ədəbiyyata gələn şairlər üçün ustada çevrilmişdir.

Şərq isə sanki yenidən tarixi təkrarlayırmış kimi indi növbəti xurafat, mövhumat dalğasının girdabında məhv olmaq üzrədir. Necə ki, İbn Sinanın ölümündən yüz il sonra dini fanatiklərin əmri ilə Bağdadın mərkəzi meydanında alimin fəlsəfi kitabları şeytan kitabları adına yandırılmışdı. Bir neçə yüz ildən sonra isə Avropada ilk çap qurğusunun kəşf olunması  Bibliyadan dərhal sonra İbn Sinanın "Kitabi-Qanun fit-tibb" kitabının beş cilddə çap olunması ilə yekunlaşmışdı. Avropanın bu xilas missiyasından sonra biz yenidən Şərq aləminin dahi mütəffəkkiri ilə tanış olmuşduq və İbn Sinanın fəlsəfi əsərləri Avropa alimlərinin stolüstü kitabına çevrilməsini fəxrlə söyləmişik.

Qəribəsi odur ki, inkvizisiya, alim ölümləri, acımasız cəzalar, elmin aşağılanması, din və elm arasında yaşanan təzad dalğasını yaşayan Qərb, konkretləşdirsək, Orta əsrlərin Avropası sonralar din və elm qardaşlığını eyni məcrada barışdıra bilir. Amma Şərq daimi xurafat qılıncı ilə başını qaldıran kimi, intibah günəşinin işığına bürünən kimi yenidən susdurulur. Dəfələrlə İsgəndəriyyələr yanır, dəfələrlə kitab, elm xurafat qarasına bürünür, alim və üləmalar, şairlər kafir adına yandırılır. İslahı, oxumağı, biliyi, elmi əsas predmet kimi seçən İslam daima fərqli ampuladan təqdim olunur. Və biz Qərbin gözündə vandal, barbar təfəkküründə görünürük. Nə qədər söyləsək də, bütün İslam adına teror təşkilatlarının konkret qüvvələrin birbaşa təsiri ilə yönləndirilməsini dilə gətirsək də, hər halda, öz içimizdə xurafi bilgiyə malik, başı ayağı kimi işləyənləri görüncə bunların necə doğulduğunu, necə yaranıb, necə inkişaf etdiyinin səbəblərini axtarıb tapa bilmirik. Hər halda, beyni kitabla yüklənmişləri heç bir qüvvə, heç bir xurafat dalğası öz təsiri altına sala bilməz. Əgər çoxluq bu dalğanın içində əriyib heçə çevrilirsə, demək ki, düşüncədə, qavrayışda, dərkdə problem var. Çünki biz kitabları rəflərə düzməyi sevirik, oxumağı yox. Ya da uzaqlara yola saldıqlarımızı müqəddəs kitab altından keçiririk. Nədənsə onu oxumuruq, ona görə də məhv oluruq.

Öldürmək əmri verməmişəm.

Adam öldürməmişəm.

"Ölülər kitabı"nın 125-ci fəsli

Qədim Misir ədəbiyyatı

Misirdə kitabxanalar məbədlərdə yaradılardı. Ümumiyyətlə, məbədlər o dövrün kahinlərinin elm, diskuss mərkəzi idi. O dövrün özünün idarəçilik konsepsiyası var idi. Elmlənən kahinlər xalqı, rəiyyəti Allahlar toplusu xofu altında idarə edirdilər. Məsələn, Nilin daşmasının səbəbini astronomik, iqlim dəyişikliyi və hansı təbii yolla baş verməsini bilsələr də, bunu Allahların qəzəbi kimi anladırdılar. Xalqdan toplanan ianələr, qurbanlar məbəd kahinlərini doydurmağa xidmət edirdi. Onlar bilgilərini kitablara köçürərək elm yaratmağı bacarır, rəiyyəti isə bacardıqları qədər bilgisiz heyvan misalı kimi idarə edirdilər. Hər halda, həmin bilgisiz heyvanlar kimi qələmə verilən kütlə sonra üsyanlar qaldıraraq lazımsız hesab etdikləri kitabxanaların qəniminə çevrilirdilər. Əlbəttə, bir alimin kitabın bir səhifəsinin yanmasına qarşı hiss etdiyi ağrını avam insan heç vaxt hiss edə bilməz. Onun hissi yalnız bədəninə sancılan nizələrdə baş qaldıra bilər. Çünki kütlə (hamının eyni cür düşündüyü toplum) saxsı qab misalı kimi mənəvi və beyni boşluqdan ibarətdir. Onların boşluqları isə dolu kafalılar üçün həm də böyük problem və faciədir. Çünki ömrünü bihudə keçirən, heç vaxt inkişaf etmək arzusunda olmayan, şəxsi düşüncəyə malik olmayan şəxslər yalnız ölümdən sonrakı Cənnət sevdası ilə özlərini ümidləndirə bilərlər. Utopik "o dünya" arzularını da elə dolu başlılar onlar üçün töhfə olaraq yaratmışdı ki, azla qane olub susmağı öyrənsinlər. Amma çərxi-fələk bəzən elə dövr edir ki, küt bildiklərin terror adına sənə qılınc qaldırırlar və sənin dolu başını bədənindən ayırırlar.

Sevinirəm ki, yaranma tarixi 1922-ci ilə təsadüf edən Axundov adına Milli Kitabxanamız var. Əlbəttə, tarix baxımından, yaranma baxımından o, Oksford kitabxanasından, Konqres kitabxanasından, Britaniya kitabxanasından geri qalır, hər halda, həm də gözlə görünəcək mövcudluğa malik olmayan, hal-hazırda nə izi, nə də tozu qalan qədim kitabxanalarımızın vaxtilə mövcud olmasına inanıram. İnanıram ki, Assuriyanın sonuncu çarının yaratdığı Aşşurbanipal Kitabxanası kimi qüdrətli, qədim kitabxanamız olub. Mən inanıram ki, 1849-1859-cu illərin arxeoloji qazıntıları tərəfindən tapılan 20 min gil kitabəni qoynunda saxlayan torpaq bir gün bizim də qədim kitab məbədlərimizi elm aləminə bəxş edəcək. Bəlkə mistik bir qüvvə bizə həm də oxumağı sevdirəcək?

Bəlkə də əsrlərdir gözlədiyimiz xilaskar elə oxumadığımız kitablardır. Bəlkə də Nuhun gəmisi adlandırdığım bu fani dünya qədim kitabxana məbədinin divarına toxunaraq dayanacaq. Sonra yenidən öz oxu ətrafında növbəti dövriyyəsinə qədəm qoyacaq. Bəlkə biz hamımız xilaskara çevrilməklə xilas olacayıq. Beynimizdəki məmləkət çərçivələrini, haralısan kimi mənfur ifadəni silməklə xilas olacayıq.

Günel EYVAZLI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!