Qəmiş qoyma
Peşman oluram ağzımı açıb bir kəlmə söz deyirəm, yaxud əlimə qələm alıb eyiblərdən yazıram, o saat deyirlər, "sən qəmiş qoyma".
Yazıram ki, müxalifət qoymur sakit yaşamağa, bir müxalifətçi çıxır qarşıma, deyir, "sən qəmiş qoyma".
Deyirəm ki, bəzi vəzifəlilərə heç dana otarmaq da tapşırmaq olmaz, həmin vəzifəlilərin qohumları qabağımı kəsir, deyirlər ki, "sən qəmiş qoyma".
Yazıram ki, balaca bir ölkəyə bu qədər partiya lazım deyil, başqanlardan biri mənə zəng vurub salam-kəlamsız deyir, "sən qəmiş qoyma, özümüz bilərik".
Deyirəm ki, bu qədər qəzet buraxmazlar, heç camaatın pulu da çatmır bu qəzetləri almağa, qəzetçilərdən biri öz qəzetində məni "yıxıb-sürüyür", ağzına gələni yazır, başlığını da qoyur "Sən qəmiş qoyma".
Yazıram ki, haqsızlıq, ədalətsizlik baş alıb gedir, deyirlər, "sən qəmiş qoyma, qoy işimizi görək. Haqsızlıq, ədalətsizlik insan cəmiyyəti yaranandan var".
Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş qoydular", indi onları tərifləyirsiniz, niyə? Cavab verirlər, "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma".
Mən isə deyirəm, yazıram ki, sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə də keçəcəyəm! Sizin də balalarınız gələcəkdə məndən danışarlar, bəsimdir!
Gözlərim
Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?!
O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala, iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa, iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməməzliyə vururam.
Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı, yəqin həmişə də belə olacaq. Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm, mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki" - deyə düşünüb, özümü vururam görməməzliyə.
Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!
Reklam
Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər ölür, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdir. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə, yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gül bülbülü çağırır, bülbül də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, "bura haradır?" - deyirlər cəhənnəmdir. Ömrünü bizlərə bağışlayıb gedən də fikirləşir ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm də pis deyil. Odur ki, dillənir:
- Məni göndərin cəhənnəmə.
Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək, nə də quşların cəh-cəhi. Baxır ki, bədheybət inkir-minkirlər mizan-tərəzi qurublar, özlərinin də əllərində yekə-yekə toppuzlar, kəsdiriblər bunun başının üstünü, haqq-hesab soruşurlar. Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkir-minkirdən soruşur:
- Bəs bura cəhənnəm deyil?
İnkir-minkir cavab verir:
- Özüdür ki, var!
Rəhmətlik soruşur ki, bəs haradadır o gördüyüm kef, huri-qılmanlar?..
İnkir-minkir daha qoymurlar kişi sözünü bitirsin, toppuzu təpəsinə ilişdirib, cavab verir:
- Ay bədbəxt, sənin gördüklərin reklam idi...
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?" Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".
Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:
- Kişi, şikayətin nədir?
Nə cavab versə, yaxşıdır?
- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?
- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim, yəqin üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum: "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:
- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.
Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
"Əsas
mənəviyyatdır..."
Ömrüm boyu kasıb yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:
- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.
Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin mənəviyyatla" dolanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əliboş getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.
Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.
Belə-belə, ömrümün çoxu getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yörəmdəkilərin hamısının hər şeyi oldu, təkcə məndən başqa.
Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışıqdan-zaddan düşdü. Dedim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?
- Qardaşoğlu, əlli il belə yaşamısan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..
Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:
- Zalım balası, məni ələ salmısan? Mənəviyyat yaxşı şeydirsə, özün yaşa da mənəviyyatnan! Elə acından ölmək mənə qalıb?!
Hərənin öz yeri
Uzunqulaqla it təzəcə dostlaşmışdılar, "can" deyib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:
- Gəl, biz də torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.
Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:
- Nə əkək, it qardaş?
- Məsələn, buğda.
Uzunqulaq fikrə getdi:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razısan?
İt hürərək razılığını bildirdi.
Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü, kökünü də it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını istər".
O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...
İt dostunun sözünü ağzında qoydu:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi də sənin, razısan?
- Razıyam, - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.
Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllərini göyə qaldıraraq dedi:
- Ay Allah, məni yaratmışdın, bəs uzunqulağı niyə yaradırdın, hə?! Məni ona möhtac etməsəydin, olmazdı?
Qeybdən bir səs gəldi:
- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!