Tənbəl xəkəndazla süpürgənin nağılı - Sevinc ELSEVƏR

Xəkəndazla süpürgənin arası sərin idi. Hərəsi üzünü bir tərəfə çevirib durmuşdu. Baxmayaraq, ikisi də eyni rəngdə idilər. Eyni materialdan düzəldilmişdilər. Bir gündə dünyaya gəlmiş, bir ananın balasıydılar. 

Xəkəndaz süpürgəyə giley edirdi:

- Sən məni çox yorursan! Qoymursan oturam! Elə hey iş buyurursan!

O, süpürgədən bezirdi. Nə vaxt süpürgə onu səsləsə, deyinə-deyinə köməyinə gedirdi. Mətbəxdə stəkan düşüb sınıbsa, süpürgə şüşə qırıqlarını süpürürdü. Sonra növbə xəkəndaza çatırdı. Əgər uşaqlar dəcəllik edib şəkəri yerə dağıdıblarsa, bir yerdə təmizliyin öhdəsindən gəlirdilər. 

Tərslikdən süpürgənin gedib-gəlib xəkəndaza işi düşürdü. Xəkəndazsız işi aşmazdı. Xəkəndaz isə onların bir-biri üçün yarandığını başa düşmək istəmirdi. Axı süpürgə olmasa, o, özü də "heç kim", "heç nə" idi. 

Süpürgənin bəxti gətirməmişdi. Onun qismətinə düşən xəkəndaz yaman tənbəl idi. Bütün günü eyvanda oturub kürəyini günə vermək istəyirdi. Tənbəl pişiklə onun arasında fərq yox idi. 

Süpürgənin əlacı olsa, xəkəndaza ağız açmazdı. Amma neyləsin ki, bir-biri üçün yaradılmışdılar. Nə xəkəndaz süpürgəsiz bir işə yarayırdı, nə də süpürgə xəkəndazsız. Süpürgə xəkəndaza ağız açmağa məcbur idi. 

Ürəyində elə hey fikirləşirdi: "Kaş zibili süpürüb özüm yığa biləydim. Heç xəkəndaza ehtiyacım olmayaydı. Nə vaxt çağırıram, üstümə çımxırır. Ev sahibəsinin qorxusu olmasa, qolumdan bir dəfə də tutmaz. İnsafı da yoxdur. Dünyada ən pis şey kimdənsə asılı olmaq imiş. Bir başqasının insafına qalmaqmış!"

Süpürgə bu düşüncələr içində ah çəkirdi. 

Bir gün sahibə evə böyük bir qutuyla gəldi. Xəkəndazla süpürgə yenə kürəklərini bir-birinə çevirmiş, bir küncdə dayanmışdılar.

Amma qutunu görcək maraq onlara güc gəldi. Xəkəndaz hər şeyi yaxşı görmək üçün boylandı. Müvazinətini itirib böyrü üstə aşdı. Süpürgə də az qala yıxılacaqdı, özünü güclə saxladı. Birtəhər divara söykəndi. 

Ev sahibəsi sevinə-sevinə qutudan qırmızı, yarımyumru bir şey çıxartdı. Bu, qəribə bir alət idi. Özü də uzun, qara xortumu vardı. 

Xəkəndazla süpürgə o saat anladılar ki, bu alət elektriklə işləyir. İlan kimi qıvrılıb yatan naqili vardı.

Süpürgə xəkəndaza pıçıldadı:

- Bircə qorxduğum şey başımıza gəlməsin! 

Xəkəndaz istehzayla xəbər aldı:

- Qorxduğun şey nədir ki? Mən heç nədən qorxmuram. Məni özünə tay bilmə. 

- Bu alət tozsorana oxşayır. Əgər odursa, vay halımıza! 

- Niyə ki? - xəkəndaz key-key gözlərini döydü. 

- "Niyə? Niyə ?"- süpürgə təkrar elədi, - o olacaq ki, daha bizim başmaqlarımız dama atılacaq. 

-Yəni bizi işlətməyəcəklər? - xəkəndaz sevincək soruşdu. 

- Tozsoran olandan sonra biz kimə lazımıq? - süpürgə burnunu salladı. 

- Bundan yaxşı xəbər? Lap yaxşı! Gözüm atırdı işləmək üçün! Canım qurtardı ki! 

Süpürgə xəkəndaza baxıb başını buladı. Onu başa salmaq çətin məsələ idi. 

Tezliklə süpürgəylə xəkəndazı eyvana çıxartdılar. Bütün günü gah gün təpələrinə döyürdü, gah külək əsib canlarına vicvicə salırdı. Soyuq olanda tir-tir əsirdilər. Yağış yağanda cumculuq su olurdular. Eyvana gələn quşlar başlarına qonur, onları ayaqlarında gətirdikləri palçığa bulaşdırırdılar. 

İlk vaxtlar xəkəndaz halından məmnun idi. Amma günlər keçdikcə, o da bu vəziyyətdən narahat olmağa başladı. Həm işsiz-gücsüz qalmaqdan darıxırdı, həm də gələcək üçün narahatlıq keçirirdi. Hərdən ürəyini ömür-gün dostu süpürgəyə açmaqdan çəkinmirdi: "Görəsən, axırımız necə olacaq?!" 

Günlər ötürdü. Süpürgəylə xəkəndazı ev əhlindən heç kim yada salmırdı. Süpürgənin gözü yolda idi. O, qara-qara düşünürdü: "Ev sahibəsinin əlindən fincan da düşüb sınmır. Heç olmasa, bu cür hallarda yada düşərdik!" 

Tozsoranın şən səsi aləmi başına götürürdü. Sanki o, süpürgəylə xəkəndaza göz dağı vermək üçün səsini başına atırdı. 

Bir gün möcüzə baş verdi. Bütün mikrorayonun işığı söndü. Elə böyük qəza baş vermişdi ki, işıqlar düz iki gün yanmadı. Əlbəttə, bütün elektriklə işləyən alətlər susub oturdular. Heç qımıldana da bilmədilər. Onda əl ilə çalışan bütün alətlər: köhnə ət maşınları, paltar yumaq üçün vannalar, vedrələr, qabyuyan süngərlər, xəkəndazlar, süpürgələr yada düşdülər. Bizim xəkəndazla süpürgə də ev sahibəsinin dadına yetdi. 

Onların dalınca gələn ev sahibəsi deyinirdi: "Texnikaya bel bağlamaq da olmur. Can verirsən, sərçəyə ver. Gəlin bura, köhnə dostlarım!" 

Ev sahibəsinin xəkəndazla süpürgəni bir bağrına basmadığı qalmışdı. Onun münasibəti xəkəndazı da, süpürgəni də xoşbəxt eləmişdi. İş o yerə çatmışdı, xəkəndaz da sevinirdi. Tənbəllik onun canından çıxmışdı. İndi o, səhərdən-axşama kimi işləməyə, süpürgənin bütün buyruqlarını can-başla yerinə yetirməyə hazır idi. Daha nəinki şikayətlənir, heç səsini də çıxartmırdı. 

İşıqlar yanmadığı günlərdə xəkəndazla süpürgə cani-dildən işlədilər. Hələ də lazım olduqlarını həm sahiblərinə, həm özlərinə sübut etdilər. İşıqlar yanandan sonra da dostları daha eyvana yollamadılar, həmişəki yerlərində, mətbəxin bir küncündə onlara yer elədilər. Daha əvvəlki kimi göz qabağında durmuşdular. Hallarından da məmnun idilər.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!