Ülvi BABASOY
Qadınlar həyatda da, sənətdə də kiçik, minor, dekorativ, duyğusal gözəllikləri ifadə edirlər. Kişi-qadın, mədəniyyət-təbiət, ağıl-intuisiya, sənət-sənətkarlıq feminist sənətin dəyərləri kimi üzə çıxmışdır. Təbiət və mədəniyyət qadın kultunun mərkəzində dayanır. Esxilin "Evmenidlər" faciəsində Klitemnestra əri Aqamemnonu öldürür. Çünki Aqamemnon qızı İfigeniyanı tanrılara qurban vermişdi. Bundan sonra, başda Apollon olmaqla, tanrılar Orestin qulağına şeytani bir istəklə pıçıldayırlar ki, anan atanın qatilidir. Öldür onu. Orestin anası Klitemnestranı öldürməsi qadınlığa qarşı şiddətdir. Analıq və təbiət ana kultuna son qoymağa çalışmaqdır. Qadınları gizli, lənətli bir duyğuyla qısqanan kişilərin hücumudur. Fiziki şiddət acizliyin göstəricisidir. Şekspirin "Hamlet" faciəsi "Orestiya" tragediyasının daha modern fiqurasiyasıdır. Hamlet anası Gertrudanı öldürmür. Ancaq daha böyük faciə baş verir. Bütün krallıq və iqtidar qadına - qadınlığa qarşıdır. Gertruda özünə qəsd etməklə patriarxal dəyərlərin qəddarlığına üsyan edir.
"Dəli Kür"də Cahandar ağa Mələyin evli ola biləcəyini düşünmədən qaçırır. Mələyi və mahaldakı hər şeyi özünün malı-mülkü kimi görür. Axı kişi kultunun və psixologiyasının nümayəndəsidir o. Çünki babalarından elə görmüşdü. Zərnigar əzilmiş, basdırılmış qadınlığın simvoludur. Mələklə Zərnigar eyni tale və həyatı fərqli repertuarlarda ifa edirlər. Şahnigar isə qadın inqilabının carçısıdır. Mələk-Zərnigar-Şahnigar eyni adamdır. Yəni qadının və qadınlığın müxtəlif tale versiyalarıdır. İsmayıl Şıxlı onlara xarakter yükləməklə fərqləndirməyi bacarmışdır. Əslində xarakter klassik mənada burjuaziya mifidir. Xarakter kapitalizm ideologiyasına güc və dəstək verən illüziyadır.
Qadın bədəni və ona aid metaforlara xüsusi maraq göstərən feminist sənət bu gün də aktual olan bir problemə incə sənətlər vasitəsilə estetik etiraz edir. Qadınlar həm gözəllikləri daşıyırlar, həm də məhsuldardırlar. Ona görə də kişilər tərəfindən qısqanılırlar. Qısqanclıq aşağılıq kompleksinin ifadə vasitələrindən biridir. Kişi qadını məişət hadisəsi kimi görəndə uduzur, onu tamamlayan dəyər qalmır. Məişətləşən qadın-kişi münasibətləri cansızlaşır. Hər cür psixoloji və fiziki təzyiq üçün "səbəblər" yaradır.
Minə Söğütün "Dəli qadın hekayələri"ndə cansız, donmuş hadisələrə "can" verilir. "Anamın o gözəl saçları" hekayəsində ata, ana və qızları arasında gizli bir ünsiyyət var, bunun adı ölümdür. Kişi həyat yoldaşının saçını kəsir, öz doğma qardaşını isə öldürür. Çünki falçının dedikləri reallaşır. Falçı kişinin aşiq, dəli olmuş qardaşı haqda deyir: "Bu kişi şabalıdı və buruqsaçlı bir qadına aşiq olmuşdur". Hekayədə uşaqların dünyası və qadına, anaya qarşı münasibətin fərqli detalları işlənmişdir. "Dəli qadın hekayələri", təəssüf ki, müasir həyatın özündən doğur. Hətta fərqlənmir. Bəlkə də, həyatdan daha rəhmlidir. Məişət zorakılığının üç ölçüsü var: fiziki, psixoloji və cinsi. Ailədaxili zorakılıq dedikdə, daha çox fiziki zorakılıq yada düşür. Axı söymək, təhqir etmək, qışqırmaq, hədələmək kimi məsələlər də zorakılıqdır. Bu gün zorakılıqlar rəqəmsal mətbuatda bir neçə saniyəmizi alır. Və daha çox saytların baxış sayına xidmət edir. Sözlər söz olmaqdan çıxır. Mənadan da imtina edirlər sözlər. "Tükətim" toplumunun fiksiyasıdır sözlər, məişət xəbərləri və sənət. Həmin xəbərlərə baxarkən tükümüz də tərpənmir heç.
"Dəli qadın hekayələri"ndə fiziki və metafiziki zorakılığa məruz qalan qadınların son seçimləri intihardır. "Anamın o gözəl saçları" hekayəsində ana obrazı siluet kimi var. Onun varlığını müəllif qəsdən bir kölgə, siluet kimi vermişdir. Məhzun talelər və qadınlara qiymət verilmir. Varlıqları ilə yoxluqları arasında ciddi bir "fərq yoxdur". Zorakılıqlarla keçən bir ömür üçün intihar və ya ölüm xilas yoludur. Söğütün hekayələrində feminizmin minor notları aparıcıdır. Saxtalaşan sözlərin və həyatların major notları qulaq batırır. Ən gözəl söz və ifadə belə obrazlı səslənmir, estetik və semantik məna ifadə etmir. Fiktivdir.
Rotterdamlı Erazm "Dəliliyin tərifi" əsərində olduqca dəqiq bir müşahidə aparır. Dəli adlanan insanların müdrik, müdrik olan insanların da hədsiz dərəcədə dəli olduğu qənaətinə gəlir. Hətta onu dinləyənləri dəli adlandırır: "Bəs indi mən necə deyim? Dəli dinləyicilər? Niyə də yox? Bu, dəlilikdir. Peşəsini bilənlərə verilə biləcək ən şərəfli addır". Minə Söğüt də "Daxilində atəşə yaxın bir şey olan qadın" hekayəsində Erazmla əlaqə yaradır. Minə Söğütün qəhrəmanları dəli və qadın olmaqdan imtina etmirlər. Lakin onlar olduqları kimi yaşamağa qoymayan, zorakılıq edən insanlara və həyata etiraz əlaməti olaraq intihar edirlər. Bəzən də Edipin qadın formasına çevrilib özlərinə işgəncə verirlər. "Daxilində atəşə yaxın bir şey olan qadın" hekayəsində Erazmın dəliliyə verdiyi təriflə üst-üstə düşən bir hissə var: "Dəli olduğunu bilir? Bunu bilmək mümkündür? Hə, bilir. Dəlilikdən xilas olmaq istəyib heç? Sağalmaq istəyib heç olmasa? Yox, o çox sevib dəliliyini". Hekayənin qəhrəmanı qadınlıq travmasını uşaqkən alır. Evə onu müalicə etməyə gələn qoca həkimin cinsi zorakılıqlarına məruz qalır. Utanc və qorxusundan susur. Yetkin yaşlarında isə güvəndiyi və ünsiyyətə girdiyi yeganə insan, kişi olan gənc şair tərəfindən zorlanır. Artıq şair və dəli kişilərə də güvənin olmadığı bir dünyada yaşamağın, var olmağın mümkünsüzlüyünü dərk edir və qollarını kəsir: "Damarlarından boşalan və hələ də qıpqırmızı olan qan qapıya çatmadan laxtalanıb donmuşdu. Artıq gülümsəmək istəyirdi. Hara? Hər yerə". Bu ölü və dəli qadının hər yerə qarşı son və acı gülüşüdür. Normal bir adam yoxdur. Ona görə də hər kəsə yox, hər yerə gülümsəyir. Cansız varlıqlara, məkanlara gülümsəməyi seçir. Bu qadın Minə Söğütün "Başqalarının tanrısı" romanının qəhrəmanı Əfsunu xatırladır. Əfsun yeganə inandığı və sevdiyi kişi tərəfindən cinsi istismara məruz qaldığı üçün ayaqlarını dibindən kəsir. Kəsir ki, sevdiyi kişi onu başqa kişilərə bir daha sata bilməsin. Minə Söğütün adsız və kimliksiz qadın qəhrəmanı ögey atası tərəfindən zorlanır. İnsanın insanlığa özgələşməsidir ögey atanın etdikləri. Tanrı belə başqalarınındır bu dünyada. Bəs təklənmiş insanların tanrısı varmı?
Bəs "Dəli qadın hekayələri"nin məqsədi nədir? Sənətin məqsədi yoxdur. Ancaq bir məqsəd qoysaq qarşısına. Xatırlamaqdır. Yada salmaqdır. Cinsiyyət ayrı-seçkiliyinin qarşısına sədd çəkməkdir. Kişini qadına yaxınlaşdırmaqdır. Bir almanın yarısı deyil, eyni budaqda iki fərqli alma olmağı bacarmaqdır.
Esxildən İsmayıl Şıxlıya, ordan da Minə Söğütə qədər idealizə olunan xarakterlərin qürub çağıdır artıq. Qadını da, kişini də qüsurları, əskik cəhətləri ilə göstərmək və sevməyin zamanıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!