Ana dilim
Dilim laylay, dilim ağı, bayatı,
Dilim muğam, dilim "Segah", "Heyratı",
Dilim ustad - nəzmə çəkər həyatı,
Ahəstə-ahəstə qandırar səni.
Dilim tarix, dilim yaddaş, dilim yad,
Dilim kökdür, dilim soydu, dilim ad,
Dilim atəş, dilim alov, dilim od,
Kəc baxma dilimə, yandırar səni.
Dözdü, əyilmədi dillər içində,
Əsrlərə şahid illər içində,
Gizlənib, mənalar, sirlər içində,
Salar tilsiminə, sındırar səni.
Demə dilim tükənəndi, bitəndi,
Mənim dilim dünyamız ilə təndi,
Vətən dilim, dilim elə vətəndi,
Çox ucadan getmə, endirər səni.
Dağlar sevər dumanını, selini,
Sev obanı, sev yurdunu, elini,
Mikayıl, vəsf eylə ana dilini,
Öz dilin hörmətə mindirər səni.
Sözlə zarafat eyləmə
Zamanını, yerini seç,
Sözlə zarafat eyləmə.
Uyğun gələn birini seç,
Sözlə zarafat eyləmə.
Yersizliyə etmə meyil,
Nə sın sözlə, nə də əyil.
Dildən çıxdı sənin deyil,
Sözlə zarafat eyləmə.
Söz haradan hara çəkər,
Dostluq üstdən qara çəkər.
Söz adamı dara çəkər,
Sözlə zarafat eyləmə.
Söz duadır, söz alqışdır,
Söz nifrətdir, söz qarğışdır,
Bahardır, payızdır, qışdır,
Sözlə zarafat eyləmə.
Duyan qəlbin, görən gözün,
Bozal, sən arifsən özün,
Boynuna ip salma sözün,
Sözlə zarafat eyləmə.
Şuşam, gəlmişəm
Həsrətin gül açıb bağrım başında,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Gözlərim yuyunur sevinc yaşında,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Şəhid tabutları döyən qapıyam,
Üçrəngli bayrağı "geyən" qapıyam,
"Qoy vətən sağ olsun!", deyən qapıyam,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Qartaltək zirvəndən baxım - görüşək!
Bu ağır həsrəti yıxım - görüşək!
Gəl səni köksümə sıxım - görüşək!
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Bu şirin görüşün adı başqadır,
Ləzzəti başqadır, dadı başqadır.
Yanğısı başqadır, odu başqadır,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Bu sevinc çətin ki, azala, senə,
Könlüm çırpınır ki, fəxrlə dinə.
Daha sən azadsan!
Şükür, bu günə.
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Dönənim
Bir quzu qırpımı biçənək idin,
Çəmənə, çiçəyə, gülə dönənim.
Dövrəmdə fırlanan kəpənək idin,
Həsrəti aylara, ilə dönənim.
Yaman diksinərdin biqafıl səsdən,
Dodaq götürməzdin dodağın üstdən,
Lal-dinməz keçərdin yanımdan qəsdən,
Şirin nəğmə deyən dilə dönənim.
Nə amana baxdın, nə də ki, aha,
Tanrı, özün yazma bunu günaha,
Yadına düşməyir Mikayıl daha,
Demirsən, hardadır külə dönənim...
Sən mənə tanış gəlirsən
Salam, tənha dolaşan ruh,
Od tutan ruh, alışan ruh,
Ay pəjmürdə, pərişan ruh,
Sən mənə tanış gəlirsən.
Salam, sahibsiz göz yaşı,
Can yanğısı, dərd sirdaşı,
Ay bağrımın qara daşı,
Sən mənə tanış gəlirsən.
Gözü yolda qalan ana,
Yola layla çalan ana,
Canıma od salan ana,
Sən mənə tanış gəlirsən.
Yaxşılığı ayıb sayan,
İnsanlıqdan cana doyan,
Dayan, ay gedən, bir dayan,
Sən mənə tanış gəlirsən.
Günahlar var, qucaq-qucaq,
Kim oxuyub, kim baxacaq?
Cəhənnəmdə yanan ocaq,
Sən mənə tanış gəlirsən.
Ürək adamlar
Şərə düşmənsiniz, xeyrə yarsınız,
Yıxılan evlərə dirək adamlar.
Yaxşı ki, dünyada hələ varsınız,
Hər zaman, hər yerdə gərək adamlar.
Qaranlıq komaya işıqlı baca,
Son ümid yeridir hər an möhtaca,
Əl tutar kasıba, əl tutar aca,
Bərəkət adamlar, çörək adamlar.
Saflardan safsınız, sulardan duru,
Günəşin atəşi, istisi, nuru,
Dostların ərk yeri, fəxri, qüruru,
Ay başdan ayağa ürək adamlar.
***
Dünyaya gələndə gözündə yaşı,
Ölüm saatına qurulur adam.
Daşlardan daşlara dəydikcə başı,
Çökür öz dibinə, durulur adam.
Elə səhra keçir, dağlar aşır ki,
Elə sevinir ki, elə çaşır ki...
Elə şirinləşir, doğmalaşır ki,
Dərdə, kədərə də vurulur adam.
Mikayıl, ömür-gün bir növ adətdir,
Nə şumu bəllidir, nə şərti şərtdir...
Daim adam olmaq - o da bir dərddir,
Adam olmaqdan da yorulur adam.
Adam
Adam, qürrələnib sinənə döymə,
Açılan hər səhər yeni səsdir, səs.
Çox da ətrafınla özünü öymə,
Üzünə ağ olar dost dediyin kəs.
Tamahı güc gəlib yenənləri gör,
Tutduğu düz yoldan dönənləri gör,
Namərd ayağına enənləri gör,
Öyrən bu həyatı, həyat dərsdir, dərs.
Böyük-kiçik gözlə, həddini aşma,
Bir az ədəbli ol, çalış ki, çaşma,
Hərəyə bir cürə şunquruq qoşma,
Şərəf gətirməyən həvəsdir, həvəs.
Nəfsinə təp, deyib doymağı öyrən,
El-oba sayanı saymağı öyrən,
Dilini boğaza qoymağı öyrən,
İçində qaralan nəfəsdir, nəfəs.
Bozal dünya görmüş adil hocadır,
Nə huşu azalıb, nə də qocadır,
Dövləti sözüdür - sözlə ucadır,
Sözü sevənlərə bəs eyləyər, bəs...
***
Döysə də yağış, qar, əssə də külək,
Susar məğrur-məğrur qaya adamlar.
Yolundan döndərməz min hiylə, kələk,
Seçilər ağlıyla saya adamlar.
Bilər dəyərini zəhmətin, tərin,
Qatı düşmənidir, zülmətin, şərin.
Ərlik - peşəsidir ər oğlu ərin,
Kökü, soyu bilməz paya adamlar.
Bilər hər söhbətin, sözün yerini,
Halalın yerini, düzün yerini,
Boş tərif eyləməz əsla birini
Namus, qeyrət, abır, həya adamlar.
Sözü, söhbətiylə məclislər bəzər,
Alnıaçıq gəzər, üzüağ gəzər.
Dözər hər ağrıya, acıya dözər,
Yağına şor qatmaz maya adamlar.
***
Haray, dəlilərim, haray,
Bu gün yenə saz günüdür.
Könülləri abad edən
Şirin bir avaz günüdür.
Meydan sula, qara sazım,
Bu meydanda itim, azım,
Havalanım, göydə süzüm,
Könlümün pərvaz günüdür.
Dostlarım səf-səf düzülsün,
Badələrə mey süzülsün,
Ruhum bədəndən üzülsün,
Dərd-sərimin az günüdür.
Kim simi saza bağladı,
Kim kövrəltdi, saz ağladı?
Ürəyim coşdu, çağladı,
Taledən muraz günüdür.
Yetişməsən, dost, incimə,
Nə hacət daha him-cimə,
Vaxt itirməynən seçimə,
Nə minnət, nə naz günüdür.
Bu gün yenə saz günüdür.
"Dilqəmi" dinlədim
elə indicə
Hanı dəli ozan, girə meydana,
Basa sinəsinə, çala könlümü.
Son bahar ömrümün halını ana,
Alova, atəşə sala könlümü.
Ənlikli, kirşanlı yüz mələk gələ,
Ovsunçu, cadugər yüz kələk gələ,
Yeriyə üstümə, lap fələk gələ,
Sazsız ala bilməz qala könlümü.
Bozalam, vermərəm ömrümü boşa,
Təslim eyləmərəm ruhumu yaşa.
Mizrab tellər ilə verə baş-başa,
"Dilqəmi" üstündə ala könlümü.
Qalıb hələ
Səngiyən ocağam, amma sönməmiş,
Külümün altında köz qalıb hələ.
Təbim öz yerində, üzü dönməmiş,
Neçə deyilməmiş söz qalıb hələ.
Səyyahın könlünü gəzməkdi alan,
Gəzməsə, görməsə - varlığı yalan.
Yoluma baxmaqdan gözü dörd olan,
Neçə dərə qalıb, düz qalıb hələ.
Dupduru ruhumdur eşqə bələnən,
Yaş deyil, sevgimdir gözdən ələnən.
Dostları görəndə nur səpələnən,
Mehriban, gülərüz üz qalıb hələ.
Mikayıl Bozalam, uğurum xeyir,
Hər gələn yeni gün, yeni bir şeir.
"Ay baba, ay baba", nəvələr deyir:
"Yetmiş, səksən nədir, yüz qalıb hələ".
Öyrətdi
Xeyir - hərdən şərə qatdi, söz dedi,
Xeyrə-şərə qarışmağı öyrətdi.
Dərd içimdə ocaq çatdı, döz, dedi,
Dərdə-qəmə alışmağı öyrətdi.
Naşı duymaz hər pərdəni, hər simi,
Ölüm ömrün davamımı, tərsimi?
Başdaşları yaxşı verdi dərsimi,
Ölənlərlə danışmağı öyrətdi.
Nə şitətdi, nə də elə üz verdi,
Nə verdisə, həyat mənə düz verdi.
Ağıl verdi, kamal verdi, göz verdi,
Taleyimlə barışmağı öyrətdi.
A başdaşı
Xoş halına, a başdaşı,
Baş üstündə baş olubsan.
Çıxıb gedib qardaş, bacı,
Sən qalıb qardaş olubsan.
Görülməzi görməz idi,
Dərilməzi dərməz idi,
Bu adam sirr verməz idi,
Sirrinə sirdaş olubsan.
Telə bax qaşın üstündə,
Üşüyür daşın üstündə.
İndicə başın üstündə,
Kim ağlayıb, yaş olubsan?
Bir ürəkdə iki canı
Bozaltək gəzdirən hanı?
Qarşında görüb Elmanı,
Nə yaman çaş-baş olubsan?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!