Qorxulu həqiqətlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Hərdən yuxu janrında yazan tənqidçi və esseistlər ədəbiyyatımızın tarixini ələk-vələk edərək qəribə (əslində ciddi - !) suallar verirlər. Dünya ədəbiyyatı və incəsənətində, ümumən mədəni fikirdə belə bir ayrıntı var ki, dünyada yalnız öyrəniləsi dühalar bizdən nə qədər uzaqlaşsalar da, onlardan öyrənmək zərurəti heç zaman arxa plana keçmir. Öyrənə bilsən, udarsan, yazıların, düşüncələrin xüsusi çəkisində, yaddaşının ən önəmli yerində həmişə, bəlkə durğun və qüssəli vaxtında sənə nəfəs almağı öyrədən bir-iki kəlmə qalmış olar. 

 

Çexovun hekayələrində elə məqamlar, yaxud bu kimi məqamların elə ardıcıllığı - silsiləsi var ki, əvvəllər dediyimiz kimi, süjet anidən "gözdən qaçır", yəni sən bir anda elə indicə "eşitdiyin" çox kədərli mənzərənin təsiri altına düşürsən. Ən yaxşı süjet transformasiyasında reallıq hadisələrlə bağlı deyil, onsuz bütün bədii mətnlərdə reallıq əslində "olmayanlardır", yazıçı, yaxud şair bu olmayanlara can verir (Mirzə Ələkbər Sabir hadisəsi - !), içində doğan gerçəkliyi hər şeyin fövqündə təsvir etməyə çalışır. Çexovun  bir neçə ən yaxşı hekayəsində təhkiyənin hansı məqamındasa, "ekranda" nəyisə görmüş kimi olursan, bundan sonra hər şey o görüntünün təsiri altında qalır, beləliklə, vizuallıq effekti beynində, şüurunda elə şırımlar açır ki, bunların sayəsində insanın daxili dünyasının, xarakter və xasiyyətinin onun özünə də açılmayan sirrinə bələd olursan. "Qara rahib", "At familiyası" və sair hekayələrdə, gənc yaşlarında qələmə aldığı "Çöl" povestində bu dediyimiz mənzərələr bütün duyumlu oxucuların haçansa görüb şahidi olduğu nəsnələrdir.

Mirzə Cəlilin hekayələrində ironiya güzgüləri, bizim baxdığımız, üst-başımıza nizam verdiyimiz güzgünü çatladan nəsnələrdir. Hər şey onun qələmə aldığı əhvalatlarla yox, içində qətrə-qətrə doğan ironiya şırnağı ilə bağlıdır (bununsa mənbəyini harda axtarırsan-axtar, yenə cavab təxmini olacaq...). Bu hadisələrin və hekayələrin yaranma, "boy göstərmə" metodunu bilmədən Mirzəcəlilşünas olmaq mümkün deyildir. Yaxud bütün bunları bilmədən hekayə yazmaq xam xəyaldır.

 

Bədii ədəbiyyatda ənənə əslində nə deməkdir? Kimisə yamsılamaqmı? Ondan, yaxud onlarla müəllifin yazdıqlarından dərs götürməkmi? Dərs almaq öz yerində, amma "Molla Nəsrəddin"in özü əsrlər boyunca bədii təfəkkür saxlancına yığılan nüansların yenidən doğuluşu, əks (bəlkə də onu təkzib edən - !) nəsnələrlə birləşib, onlarla qovuşaraq yeni tendensiya yaratmasıdır. Bu mənada, yenilik, novatorluq həmişə gələcəkdən çox, keçmişə dönüşdür, keçmişdə gözdən qaçan, qələmə alınması mümkün olmayan olayları "oğurlamaqdır". Bunun ən dərin analizini M.F.Axundzadənin "Aldanmış kəvakib" nəsr mətnində tapmaq mümkündür.  Axundzadə təsadüfi demirdi bu sözləri: "roman da dram fənninin bir növüdür..." 

İndi "dram fənnində roman" yazılırmı?

Bu barədə gələn dəfə danışacağıq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!