Çılpaqlıq - Malik ATİLAY

Romandan parça

"Üç gün əvvəl saatımı satdım. Babamın mənə verdiyi, illərdi əqrəbləri yeddiyə qalmış iyirmi altı dəqiqədə duran saatı. İndi cibimdə qalan son üç dənə 5 manatımın birinə 2 paket siqaret almaq keçir ağlımdan. Məni hələ ki, Y, ya da X olaraq ağlınızda saxlaya bilərsiz. Məndən soruşsaz, daha çox X olmaq xoşuma gəlir. Məktəb vaxtından tənliklərdə də həmişə X-in tapılmamasını istəyirdim. İçdən-içə bütün rəqəmləri səhv yazıb X-i hər kəsdən uzaqda tutmağa çalışırdım. Bir insan niyə tənlikdə gizlənən nəyisə tapmağa çalışsın axı, bəlkə həyat nəyinsə tapılmağı və nəyinsə gizlədilməsindən savayı bir şey deyilmiş, deyə düşünürəm tez-tez. Bütün sirr isə insanın gizlətdiklərində yox, niyə gizlətdiyində gizlidir. Uşaqlıq illərimiz, məsələn. Məsum, təmiz olan illəri insan iki səbəbdən gizləyir: birincisi ona görə gizlədir ki, o yaşlarda safdı, çirkabsızdı, təmizdi, gizlətməsə, böyüklərin çirkabına bulaşacaq. Elə buna görə də hamı öz uşaqlıq illərinin şəhərini sevir, ona aşiqdi, çünki o şəhərdə hər şey təmiz qalıb xatirəsində. Böyüdükcə uşaqlar oxumağı, yazmağı-filan yox, çirklənməyi öyrənirlər. Hər kəs ürəyinə qədər çirkaba boğulduqdan sonra təmiz qalan günlərini hamıdan, özündən belə uzaq tuturlar. İkinci səbəbi isə, başqa vaxt deyərəm sizə. Əhməd Cəmil şeirində necə deyirdi:

"Ömrüm-günüm, yat daha,

Hamsını indi desəm,

Nağıl qalmaz sabaha".

 

Nənəm də həmişə belə edirdi. Çox nağıl da bilməzdi rəhmətlik, üç-dörd nağılı çək-çevir edər, hər dəfəsində hansısa yerini unudub ağlına gələn cür danışardı. Mən də sobanın ağzından otağa düşən işıqlarda təsəvvür edərdim əzbər bildiyim şeyləri. İndi təsəvvür də edə bilmirəm heç nəyi. Nənəm ölüb, babam ölüb, atam mən dünyaya gəlmədən ölmüşdü onsuz da, anamı da babam öldürüb deyilənə görə. Bilmirəm... Deyilənlərə inansam, ölümünün səbəbkarı da mənəm anamın. - Yaşar sonuncu cümləni 2 dəfə oxuyub dəftəri bağladı. Beynində dönən sualları susdurmaq istədisə belə alınmadı. Bu dəftər kimindir, kim kimi öldürüb, mən ümumiyyətlə burda yazılanları niyə oxuyuram?! Suraxanı bazarına kitab almaq üçün getmişdi bu gün. Kitabların arasında qalın, dəri üzlüklü dəftər diqqətini çəkmiş, heç içini açıb baxmadan almışdı. Əvvəllər köhnə kitablar üçün İçərişəhərə üz tuturdu, daha sonra Cofeshop-a sonuncu kitab qalası da məğlub oldu, Yaşar kimi kitabsevərlər məcbur üz tutdular uzaqlara. Ayda iki-üç dəfə Suraxanı bazarına gedir, marağını çəkən əntiq əşyalar və ikinci əl kitablar axtarırdı. Bəzən burda tapdığı dəyərli kitab, ya da əşyaları şəhərdə fərqli dükanlara satırdı. Dəyərli dediyimə baxmayın, oradan 3 manata aldığını şəhərin mərkəzi küçələrində 10-15 manata satırdı. Bir az bu işdən pul götürürdü, az da olsa, pensiyası da əlindən tuturdu. Ömrünün ahıl vaxtlarında evini ondan boşanan gənc arvadına və pensiyasının böyük bir hissəsini 7 yaşındakı oğluna uduzan Yaşar hər səhərini fırtınadan parça-parça olmuş yelkənə yamaq vuran gəmiçi ümidiylə açırdı. Cavanlığında polis işçisi olmuşdu, o qatil sənin, bu oğru mənim, ömrünün 30 ilini ora-bura qaçaraq keçirdikdən sonra təqaüdə çıxmışdı. Son 2 ildə isə hardan baş qaldırdığını başa düşmədiyi kitab yazmaq istəyi yaranmışdı özündə. Təqaüdə çıxdığı gündən 2 ay sonra ilk detektiv romanını yazmışdı. Heç bir nəşriyyatın üzünə açılmayan qapılarına inad, ondan sonra 2 roman daha yazmışdı bir il ərzində. Yenə qıfıllı qapılarla üzbəüz gələn Yaşar, inadının ətəyindən əl çəkməmişdi, bu dəfə daha hərtərəfli Bakıda yaşanan cinayətləri ələ alan bir kitab üzərində işləməyə başlamışdı. 

Gününün böyük bir hissəsini bu kitaba ayırırdı. Bəzən gücdən düşəndə güzgünün qarşısında Nobel mükafatı alarkən çıxış etdiyini canlandırıb gözünün önündə, bütün dünyaya təşəkkür edir, xüsusən də, ilk oxucularına sevgilərini göndərirdi. Yaddaşının boz dumanında itən cinayətlər üçün köhnə iş yoldaşlarına yığır, telefonun digər tərəfindəki adam yuxuya gedənə qədər yaxasından əl çəkmirdi. 

90-cı illərin qaranlıq Bakısında, bəlkə yüzlərlə işıq üzünə çıxmayan cinayətlər yatırdı. Bir yandan müharibə, bir yandan şəhərə insan axını, bir yandan maddi problemlər Bakını çox dəyişmişdi. İnsanlar iki yerə bölünürdü həmin illərdə, ya qurban, ya qatil. Bunu Yaşar deyirdi hamıya. İnsanları inandırmağa çalışırdı ki, 30-35 il bundan əvvəl Bakıda hanniballar və silsilə şəkildə cinayət işləyənlər vardı. Ard-arda iki siqaret yandırdı Yaşar, daha sonra acı çifirdən bir qurtum alıb yazı masasının üstünə səpələnmiş vərəqləri səliqəyə saldı. Qələmi barmaqlarının arasından keçirərək, uzaqda olan nəyəsə baxırmış kimi gözlərini qıyıb bir az fikrə getdi və bayaqdan barmaqlarının arasından keçirərək oynadığı qələmi ağ vərəqlərin sinəsinə sancdı:

 

"- Bu gün yeni bir qətl xəbəri daha gəlib. 40 pilləkəndə qadın cəsədi tapılıb. Üzü tanınmaz haldadır. Bədəni yarıçılpaq. Siz hara baxırsız axı? - rəis söyüş söyməmək üçün özünü güclə ələ alaraq sözünə davam etdi: - Ovuc içi boyda şəhərdə hər həftə kimisə öldürüb atırlar küçəyə. Biz də uşaq kimi düşmüşük dalıyca, görən deyər ki, gizlənqaç oynayırıq. 

Hamımız başımızı aşağı salıb, dinməzcə qulaq asırdıq. Bu qatil bizi yaman yormuşdu. Son 4 ayda yeddinci cinayət işi idi. Biz isə hələ birincisində bir addım yol almamışdıq. Rəis anidən şəhadət barmağıyla məni göstərib:

- Kapitan Əliyev! - dedi, - bu gündən etibarən bu qadın cinayətləri məsələsini sənə verirəm. Axtar, araşdır başqa işlə məşğul olma. Mənə bu işlə bağlı bir şey gətir. 

- Baş üstə, cənab polkovnik-leytenant, - deyib bir yandan üstümdə olan yükün ağırlığı ilə əzilərkən, digər tərəfdən mənə göstərilən bu inamdan güc alırdım. 

Bütün hadisə yerini, sənədlərini oxuyub özümə vacib bildiyim şeyləri qeyd eləməyə başladım. Öldürülən qadınların hamısının üzü tanınmaz halda olub və hər birinə təcavüz edilib. Yaş aralığı 20-30 yaşlardadı hər biri. Cəsədlərin hamısı Oktyabrski rayonunun ərazisində tapılıb. Öldürülən qadınlardan cəmi ikisinin kim olduğunu bilirik: Şəhla Babayeva Musa qızı - 23 yaşı var, 6 saylı doğum evində tibb bacısı işləyirmiş, ərindən 8 ay əvvəl boşanıb ailəsi ilə yaşayırmış. Digəri isə Qənirə Qədimova Tələt qızı - 20 yaşı var, "Narxoz"da sonuncu kursda oxuyurmuş. Atası ölüb, anası və bacısı ilə yaşayırmış. Biri Ələsgər Ələkbərovda, biri Nərimanov prospektində yaşayır. Evlərinin məsafəsi 15 dəqiqəlik yoldu. Cəsədləri də elə 15 dəqiqəlik məsafədə tapılıb. Şəhla şüşəli bazarın arxasında, Qənirə Qurd qapısında. 

Qeydlərimi özüm üçün asta səslə bir neçə dəfə oxudum. Bu iki qadının nə kimi əlaqəsi ola bilərdi, bəlkə heç bir əlaqəsi yoxdu, sadəcə, dəlinin biri kimi gördü öldürür. Yaxşı, bəs dəli üçün olduqca ağıllı davranır axı. Nə bir iz qoyur geridə, nə hadisələri görən var. Elə bil bütün şəhəri yuxuya verib qurbanını öldürür və rahat tapılması üçün göz önünə, bir yerə qoyur. Bəlkə belə edir ki, dalınca düşək, - deyə düşündüm öz-özümə - dalınca getməyimizi istəyirsə gedək də, - deyib, masadan qalxıb sonuncu cəsədin tapıldığı 40 pilləkənə sarı getməyə başladım.  

Yolboyu fərqli fikirlər beynimdən qatar sürətilə keçirdi:

 

- Görəsən, digər qadınlar nə işlə məşğul olurdular? Necə olub ki, itkin elanı-filan da verilməyib heç biri barədə? Xaricdəki kimi bizdə də manyaklar peyda olur, yoxsa?! 

Nə qədər fikirləşsəm də, daşlar yerinə oturmurdu, siqaret yandırdım. Hadisə yerini izləməyə və hadisə zamanı yaşananları özüm üçün canlandırmağa çalışdım:

"Deməli belə, birinci səhnədə qatil qızı öldürür. Harda öldürdüyünü bilməsək belə, hara gətirdiyini bilirik. Yaxşı e, bəs qızın cəsədi demək olar ki, pilləkənin ortalarında tapılıb, öldürdüyü birini niyə daşıyıb ki, bura qədər? Mən qatil olsam, lap elə manyak olsam, birini öldürüb niyə bura qədər daşıyardım? Niyə məhz birinci pilləkənin qabağında qoymamışam, bura qədər gətirmişəm ki? Bəlkə istəyirəm ki, kimsə görsün məni?!" - deyə düşünüb sağa-sola boylandım. Bura baxan bir çox pəncərə var idi. Deməli, bir xeyli sorğu-sual edə biləcəyim insanlar bu şüşələrin arxasında gözləyirdi məni. Artıq üçüncü qapını döyürdüm, amma heç kimdən səs çıxmırdı, nə olmuşdu bu küçədə, hamı yatıb, yoxsa hamı ölmüşdü? Bu dəfə başqa bir qapını döydüm".

Elə bunu yazarkən Yaşarın qapısı döyüldü. Gecə saat 3-ü keçmişdi. "Artıq bu saatda qapı xeyirli bir səbəblə döyülməz", - deyə düşündü Yaşar. Asta addımlarla qonaq otağından dəhlizə keçib, işığı yandırdı və qapını açdı. Qapının qarşısında dayanan polis əməkdaşı özünü təqdim edib bir neçə sualının olduğunu dedi. Yaşar əməkdaşı evə dəvət etmədən qapıda bütün suallara cavab verməyə hazır olduğunu deyib susdu. 

Polis əməkdaşı bir neçə kağıza baxandan sonra:

- Ağsaqqal, yan qonşunuz öldürülüb, 2 gün əvvəl, elə bu saatlarda. Tanıyırdız mərhumu? 

Yaşar çiyinlərini çəkib:

- Belə üzdən görmüşəm bir neçə dəfə, amma tanışlığımız yox idi...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!