"Güllər açılsın, güllələr açılmasın..." - Kənan HACI

Böyük şairimiz Rəsul Rzanın 115 illiyi ərəfəsində düşüncələr

Kənan HACI

İkinci Cahan savaşı dövründə sovet-alman müharibəsi sovetlərin qələbəsi ilə bitdi. Sovetlər Birliyi hamımızın "Böyük Vətən"i hesab olunurdu. Bu səbəbdən adına Böyük Vətən müharibəsi dedilər. Tarixdə də 1941-1945 savaşı bu adla xatırlanır. Bu savaşda Azərbaycanın 600 mindən çox döyüşçüsü iştirak edib, onlardan 300 mini həlak olub. Azərbaycanlılar da sovetin tərkib hissəsi olaraq onunla eyni taleyə şərik olub. Bu mənada, həmin müharibə həm də Azərbaycan üçün həlledici əhəmiyyətə malik idi. "Hər şey cəbhə üçün" şüarı şüurlara hakim kəsilmişdi. 

Elə bir azərbaycanlı ailəsi yoxdur ki, onun nəslində bu müharibədə iştirak edən olmasın. Mənim atamın əmisi Stalinqrad (indiki Volqoqrad) uğrunda gedən döyüşlərdə həlak olub, elə orada da dəfn edilib. İki dayım Böyük Vətən müharibəsində iştirak edib, bir dayım cəbhədən yaralı qayıdıb. Azərbaycan əsgərlərinin şücaəti, hünəri dillərdə dastan olmuşdu. Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev və digər qəhrəmanlarımızın döyüş yolu neçə-neçə nəsil üçün örnəyə çevrilmişdi. Bu gün də onları minnətdarlıq hissilə xatırlayırıq. 

Əlbəttə, Azərbaycan ədəbiyyatı bu savaşdan kənarda qala bilməzdi. Abdulla Faruq, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Bayram Bayramov, Süleyman Vəliyev və o dövrün digər gənc qələm sahibləri müharibənin odundan-alovundan keçdilər. Abdulla Faruq gənc yaşında həlak oldu. Sağ qalanlar sonralar öz əsərlərində bu müharibəni təsvir etdilər. Povestlər, romanlar, hekayələr yazıldı. 

 

Bu, öz yerində. 1941-ci ilin sonunda Azərbaycandan bir qrup siyasi işçi Krım cəbhəsinə göndərilmişdi. Onların içində yazıçılar da vardı. Rəsul Rza və Abbas Zamanov da həmin qrupun tərkibində idilər. Onlar Azərbaycan diviziyasında, "Döyüşən Krım" adlı cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyət göstərirdilər. Qələmlərini süngüyə çevirmişdilər. Dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalmışdılar. Xalq yazıçısı Anar böyük şairimiz Rəsul Rzanın həyat və yaradıcılıq yolundan bəhs edən "Mübarizə bu gün də var" kitabında bu barədə geniş və müfəssəl yazıb. Yeri gəlmişkən, bu kitab Anarın "Sizsiz" xatirə-romanından sonra məni riqqətə gətirən və dəfələrlə oxuduğum, oxuduqca zövq aldığım ikinci düşüncələr kitabıdır. Ümumiyyətlə, Rəsul Rzanın cəbhə dövrü yaradıcılığı məni həmişə cəlb edib. Xüsusən, uzaq Krımda sevimli ömür-gün yoldaşı Nigar xanıma həsr etdiyi şeirlərin həzinliyi, kövrəkliyi hər oxuduqca ürəyimi titrədib. 

 

Bilirəm, sadiqsən anda, ilqara,

Qoy çəkməsin fikrim könlünü dara.

O böyük eşqinlə sağalacaqdır

İnan ki, aldığım ən dərin yara.

 

Oxşa körpəmizi, dik tut başını!

Çatılmış görməsin düşmən qaşını.

Namərdlər içindən sorağı gəlməz

Könül həmdəminin, can sirdaşının.

 

Bəlkə bir gün məndən gətirdi soraq

Qan ləkəsi düşmüş bir sarı yarpaq.

Bil ki, son şeirimin ilk sözü sənsən,

Bir də can verdiyim bu ana torpaq.

 

Rəsul Rza bu şeiri 1942-ci ildə Krımda yazıb. Amansız döyüşlərin getdiyi bir zamanda... Unudulmaz Abbas Zamanovun xatirələrinə nəzər salaq:

"Vaxtilə Rəsul mənə demişdi ki, 1919-cu ildə ağacdan yıxılıb, ayağına ilan sümüyü batıbmış, türkəçarə müalicə nəticə vermədiyi üçün anası onu Bakıya gətirmiş, doktor Mirəsədulla Mirqasımov ayağında cərrahiyyə əməliyyatı aparmışdır. Rəsulun sol ayağının pəncəsi kəsik-kəsik idi. O, nə qaça bilir, nə də sürətlə yeriyə bilirdi. Hətta azca axsayırdı da. Buna görə Rəsul cəbhəlik deyildi. Qəbulda mən Rəsul ilə yanaşı oturmuşdum. Adamlardan səhhətinin vəziyyəti soruşulduqda mən yavaşcadan Rəsula dedim ki, ayağının şikəst olduğunu de, yoxsa, cəbhədə sənin üçün çətin olacaqdır. Ola bilər ki, oradan geri də qaytarsınlar. O, başı ilə "yox" işarəsi verdi. Mən dedim ki, onda mən deyəcəyəm. Rəsul mənə tərəf əyilərək özünəməxsus təkəbbürlə yavaşcadan dedi:

"Yalanını çıxardar, ölüncə səni danışdırmaram".

Mən susdum. O, belə cavab verdi:

"Mən tamamilə sağlamam. Səhhətimdən şikayətim yoxdur". (Anar, "Mübarizə bu gün də var", Bakı, "Nurlan" nəşriyyatı, 2002. səh. 125)

Bu, o zamanlar idi ki, Rəsul Rza nüfuzlu şair kimi kifayət qədər tanınırdı. Mühüm vəzifələrdə çalışmışdı, Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmişdi. İstəsəydi, ayağındakı nasazlığa görə cəbhəyə getməyə də bilərdi. Dörd-beş il idi ki, ailə qurmuşdu, körpə övladı vardı. Onda gələcəyin böyük yazıçısı olacaq Anarın cəmi üç yaşı varmış. Vətəndaş qeyrəti, mərd xarakteri onu bu şansdan imtina etməyə vadar etdi. Beləcə, Əli Vəliyevlə, Abbas Zamanovla, Süleyman Vəliyev və İbrahim Novruzovla birlikdə Krım cəbhəsinə yollanırlar. Şairin vəfalı ömür-gün yoldaşı Nigar Rəfibəyli onun bu qərarını mətanətlə qarşıladı və dünya durduqca yaşayacaq ölməz misralarla əziz Rəsulunu cəbhəyə yola saldı:

 

Heç gözlərim yaşarmadı 

sən ayrılıb gedən zaman.

Get, sevgilim, uğur olsun,

sən mərd vuruş, sən mərd dayan!

Qoru təmiz eşqimizə

gülümsəyən al səhəri,

İlk gəncliyin şən çağında

çiçək açan bu yerləri.

Böyük yazıçımız Anarın sonsuz övlad məhəbbətilə yazdığı "Mübarizə bu gün də var" kitabında Rəsul Rzanın Krım cəbhəsindəki xidmətləri ilə bağlı qələmə aldığı məqamları həyəcansız oxumaq mümkün deyil. Çox istərdim ki, gənc nəsil bu kitabı oxusun. Rəsul Rza və Nigar Rəfibəyli sevgisi bütün nəsillər üçün vəfa, sədaqət nümunəsidir. Onların hər ikisi Böyük Vətəndaş və Böyük Şair ömrü yaşadılar. Onların taleyi heç zaman xalqın taleyindən ayrı olmadı. Rəsul Rza Krım cəbhəsində, odlar-alovlar içində qəzetə yazılar yazır, əsgərlərimizi döyüşə ruhlandırır, onlara mübarizə ruhu aşılayırdı. Bəs o bu gücü, qüvvəti haradan, kimdən alırdı? Əlbəttə, Nigar xanımın böyük sevgisindən! Nigar xanımın zərif qadın ruhu Rəsul Rzanın mərd, yenilməz xarakterindən qidalanırdı. Rəsulun sevgisi bu ayrılıq günlərində ona dözüm verirdi. 

Amma Nigar xanım bütün ruhuyla Rəsuluna doğru can atırdı. 1942-ci ilin martında almanlar Krıma hücuma keçmişdi, sovet qoşunları geri çəkilirdi. Radioda bu xəbəri eşidən Nigar xanım artıq dözə bilmir, özünü Yazıçılar İttifaqına yetirir. Səməd Vurğunla görüşüb deyir ki, "mən cəbhəyə getmək istəyirəm, Mərkəzi Komitə ilə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burada qala bilmirəm". 

 

Səməd Vurğun Nigar xanımın halını görüb vəziyyəti yumşaltmaq üçün zarafata keçir. Deyir ki, "mən indi iki batalyonu hardan tapım ki, səni cəbhəyə göndərsin? Get şeirini yaz, uşağını saxla. Axşam Pedaqoji İnstitutda şeir gecəmiz olacaq, ora gələrsən". 

Rəsul Rza Krım cəbhəsindən qayıtdı və "Vəfa" pyesini yazdı. Əslində bu yazının yazılmasına təkan verən də məhz "Vəfa" pyesi oldu. Yaxın zamanların birində görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovla yaradıcı söhbətlərimiz əsnasında o, dedi ki, bu il Böyük Vətən müharibəsinin 80 illiyidir, eyni zamanda böyük şairimiz Rəsul Rzanın 115 yaşı tamam olur. Bu münasibətlə şairin "Vəfa" pyesini Bakı Bələdiyyə Teatrında səhnələşdirmək fikrimiz var. Çox yaxşı olar, həm də bu pyesə ikinci həyat bəxş etmiş olarsınız, dedim. "Vəfa" pyesini gənclik illərində oxumuşdum və bu söhbətdən sonra yenidən oxudum. Rəsul Rzanın 1942-ci ildə Krımda yazdığı "Vəfa" şeirini xatırladım. Demək, pyesin rüşeymləri hələ cəbhədə ikən şairin düşüncəsində yaranmağa başlayıbmış. 

 

Mən yollar ayrıcında səni gözləyən zaman,

bəlkə indi qan gedir sənin təzə yarandan.

Həsrətinlə axırkən gözlərimin gümüşü,

bəlkə dodağındadır gəncliyimin gülüşü. 

 

"Vəfa" şeirindən.

 

"Mübarizə bu gün də var" kitabında "Vəfa" pyesi ilə bağlı olduqca qiymətli, maraqlı məqamlar var. Bu pyesin yazılması ilə bağlı Rəsul Rza dostu, teatrşünas Cəfər Cəfərovla fikirlərini bölüşürmüş. Cəfər Cəfərovun dostuna yazdığı məktub bunu təsdiqləyir. O, məktubunda "Vəfa"nın taleyi məni yaman maraqlandırır" yazırdı və əlavə edirdi ki, sentimentallığa qapılmadan həm məzmun, həm də stil etibarilə yaxşı bir əsər yazmalısan. Məktubdan o  da bəlli olur ki, rejissor Adil İsgəndərov Rəsul Rzanı tələsdirirmiş ki, pyesi tez tamamlayıb teatra təhvil versin. 

"Vəfa" pyesi 1943-cü ildə Akademik Dram Teatrında tamaşaya qoyulur və böyük uğur qazanır. Cəfər Cəfərov pyesi müharibə haqqında yazılmış ən yaxşı əsərlərdən biri adlandırır. 

Pyesdə düşmənə əsir düşmüş kapitan Bahadırın alman zabiti ilə fəlsəfi mükaliməsi olduqca düşündürücüdür və incə mətləbləri özündə ehtiva edir. 

Mayor əsir düşmüş kapitana deyir: - Siz ağıllı adamsınız, kapitan. Mənim sizə heyfim gəlir. Bu dava böyük millətlər arasında gedən amansız bir mübarizədir. Siz azərbaycanlılar kiçik bir millət olaraq bu davada nə qazana bilərsiniz? Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz.

 

Bahadır isə ona belə cavab verir:  - Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini dağıdanda  kiçik millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı. 

Müharibənin hələ bitmədiyi bir zamanda Azərbaycan səhnəsində bu fikirlər səslənirdi. Rəsul Rza azərbaycanlıların guya döyüşmək istəmədiyi fikrini də bu əsərlə alt-üst edir. Bu yalan, iftira dolu fikirlərə də əsərdə qəhrəmanın dilindən tutarlı cavablar verilir. Pyesin bütün personajları azərbaycanlılardır. Müəllif bunu düşünərək bu formada qələmə alıb. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan bu müharibədə 300 min itki verib. 42 nəfər azərbaycanlıya göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onların qəhrəmanlığı ədəbiyyatımızda da əbədiləşib. 

 

Düşmən bütün zamanlarda düşməndir. 44 günlük Vətən müharibəsində Zəfər qazanan xalqımızın böyük şairi Rəsul Rza "Vəfa" pyesini bütün müharibələrə etiraz olaraq qələmə alıb. Necə ki, illər sonra yazacaqdı:

 

Mən istəyirəm:

buludlar ağlasın

uşaqlar ağlamasın;

analı, ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın,

amanlı, ya amansız...

 

"Vəfa" pyesini yenidən Azərbaycan səhnəsində görmək ümidilə...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!