Ömrün sanılı günlərində məhəbbət etirafı - Qəşəm İSABƏYLİ

İstanbuldan Bakıya gələn təyyarə çoxdan eniş eləsə də, ara-sıra görünən sərnişinlərin arasında
Ustad gözə dəymirdi. Tələbə yoldaşım Bahadırla çıxışa baxa-baxa, var-gəl eləyirdik. Birdən on
addımlıqdan sürətlə əl arabası keçib getdi.
- Bahadır!
- Nədi, gəldi?!
- Çemodanlar yüklənmiş arabanı sürən adamı görürsən?
- Həəə... Odu?!
- Bəli.
- Neçə yaşı var, dedin?
- 82.
- Ola bilməz!
- Niyə ola bilmir?!
- 82 yaşlı adam bu cəldlikdə?! Ayaqları, elə bil qırğıdı?!
- Bahadır, gözündə yoxdu ki?!
- Olmamalıdı.
- "Maşallah!" de.
- Vallah, maşallah! Ağ saçlarını görməsəydim, deyərdim 35 yaşlı cavan oğlandı.
Yeriyib, arxadan Ustada yaxınlaşdıq. Şəhadət barmağımı şaquli vəziyyətdə dodaqlarımın üstünə
qoyub, Bahadıra göz vurdum:
- Sss...
Ustada üç-dörd metr qalmış səsimin gur yerinə saldım ki, tanımasın:
- Müəllim, taksi lazım deyil ki, sizə?
Başının sərt hərəkətiylə "yox!" dedi.
On-on beş addım getməmiş bir də soruşdum:
- Dünyanın malı dünyada qalacaq, müəllim, yaşlı adamsınız, kömək eləyim, yüklərinizi aparım
qoyum taksiyə, necə bilirsiniz?!
Bayaq Ustad ayaq saxlayıb, hirslə başını geri çevirdi - baxdım ki, gözlərindən od yağır:
- A kişi... - nəzərlərimiz rastlaşanda sifətinin buzu əridi. - Saqqalı ağarmış, yaxşı qurtardın
dilimdən.
Bir-birimizə qoşulub, bərkdən güldük.
***
Bu söhbətdən artıq 4 il ötüb - Ustad 86 yaşına keçib. İki ildir ki, ayaqları sözünə baxmır - dönüb
olub yataq xəstəsi. İki dəfə Türkiyədə əməliyyat olunub. Ondan da əvvəl Qubaya getmişdik -
türkəçarəyə. Ara həkimi belinə qır-saqqız qoymuşdu ki, sağalacaqsan. Bakıya qayıdandan sonra
qəfəsə salınmış quş kimi çırpınırdı. Elə səhəri günü zəng eləyib, kefini soruşdum. Gecəni narahat
yatmış... ağrılı, batıq səsini eşitdim:
 
- Bu qır-saqqız məni öldürəcək!
- Ustad, səbir eləyin, vallah, yüzlərlə adamı sağaldıb o adam.
Kimə deyirsən?! Bir gün də qır-saqqızı çıxardıb atdı. Sonra da özünü yıxdı bıçağın altına. Axırı
da belə. Allah düşmənimə də göstərməsin - bütün günü dörd divardı, bir də o. Arabir gedirəm
dəyməyə.
- Bu da ömrümün sonu. Gör nə uzun yaşamışam... 90-a çatıram artıq. Nə xeyri varmış bu
uzunluqda ömrün. Bizə qədər milyardlarla insan doğulub. Hanı onlar?! Mənim də sonum belə
olmalıymış. Ölüm bir sirdi ki, açılmayıb hələ. Onun nə olduğunu kim bilir ki?! Pismidi,
yaxşımıdı?! - Ustad gözlərini yerə dikib danışırdı. - Sənə bir sirr açım. - Başını qaldırıb üzümə
baxdı. Diqqətlə dinlədiyimi görüb, sözünə ara vermədi. - Həyatımda iki qabarıq nöqtə olub - bir
dəfə ölmüşəm, bir dəfə də əsl ömrümü yaşamışam. Ondan sonra nə ölməyim ölmək olacaq, nə də
yaşamağımı yaşamaq sayıram.
- O necə ölümdü ki, Ustad, maşallah... varsınız?!
- Sənin əziz canın üçün, ölümün ləzzətini görmüşəm.
- Ölümün?! Ləzzətini?! - Mat qaldım.
- İnan mənə... ləzzətini. 20-21 yaşım olardı. Kəndimizdə tibb bacısı vardı, mənə bir iynə vurdu...
dirigözlü öldüm. Öldüm... amma... elə gözəl idi bu ölüm. Ruhum sevinirdi. Canım da olduqca
rahat idi. 21 ilimdə heç belə xoşbəxt anlarım olmamışdı. Gəl ki... elə bil vurub ayıltdılar məni.
Kimin üzünə qayıtdım bu dünyaya?! Yəqin ki, anamın ah-naləsinə oyandım ölümdən. Canın
üçün, çox narazı qalmışdım. Sanki məni şirin yuxudan eləmişdilər. Gəl ki, indi ölüm qapımın
ağzını kəsdirib, çoban iti kimi güdür məni, səndən nə gizlədim... qorxuram...
Bu dərdlərini açıb mənə deyəndən sonra 10-15 dəqiqə otura bilirəm:
- Adam da xəstənin yanında bu qədər vaxt itirər?! - Duyuram ki, burda olmağım onu rahatsız
eləyir. Güman ki, darıxdığından öz fikirləriylə baş-başa qalmağı kiminləsə söhbət eləməkdən
faydalı bilir...
Mən də, nə gizlədim, incimiş halda ayağa durub, xudahafizləşirəm.
Yadımdadı, bir dəfə - sağlam vaxtlarında, həyatdan - yaşayışdan, uzunömürlülükdən danışırdıq.
Durar-tutmaza qayıtdı ki:
- Ürəyimə damıb, 96 il yaşayacağam!
Mən gülümsədim.
- Şübhən var?! - soruşdu.
- Yox, Ustad, 96-ya yüz faiz əminəm!
Maraqla üzümə baxıb, lap şair Qabilsayağı soruşdu:
- Hardandı bu əminlik səndə?!
- Mənzilinizin nömrəsi neçədi?
- Mənzilin bura nə dəxli?!
- Soruşuram da.
Gözlərini yerə dikib, fikrə getdi, sonra başını dik qaldırdı:
- Ay səni... - bir xeyli güldü. - Heç fikir verməmişəm!
- Arzunuz 96, mənzilinizin nömrəsi də 96. Deməli, Allah əyan eləyib sizə uzun yaşamağı, Ustad!
Razılıqla başını yellədi:
- Atam müharibəyə getmişdi, anam da yarpaq kimi üstümdə əsirdi. Özüm də xəstəhal bir uşaq.
Tovuza getmişdik, təsadüfən qabağımıza qaraçı çıxdı. Anam "Bu uşağın da bəxtinə bax, ay
baxıcı!" dedi. Qaraçı əlimi ovcuna alıb, bir xeyli baxdı, sonra da gözlərini zillədi üzümə. Anama
sarı çevrilmədən dedi: "Bacı, oğlun uzun yaşayacaq!" Anam dedi: "Allah ağzından eşitsin, ay
bacı! Amma bu uşaq xəstədi axı, bu gündən sabaha sağ çıxacağına, dilim-ağzım qurusun,
ümidim belə yoxdu!" Hiss elədim ki, anamın sözləri qaraçını incik saldı: "Olsun da xəstə, mən
gördüyümü deyirəm, sən düşündüyünü!" Hirslə çevrilib, çıxıb getdi.
Qaraçının sözləri beynimə uzunömürlülük toxumu səpdi. Sonralar xəstələnəndə "Bacı, oğlun
uzun yaşayacaq!" sözləri düşürdü yadıma. Bir-iki günə sağalıb ayağa dururdum. Artıq, özün də
gördüyün kimi, 86-ya keçmişəm. Anamın sümükləri sürmə olub, qaraçı da... qarğa kimi 300 ilin
 
sonuna qalmayacaqdı ki! Kəndimizdəki tay-tuşlarım da gedər-gəlməz olub, elə Bakıdakı qələm
yoldaşlarım da. Amma mən hələ də yaşayıram.
- Ustad, ötən səfər sözünüz yarımçıq qalmışdı.
- Nə sözüm?!
- Bir dəfə ölmüsünüz, deyib, bu ölümün sirrini açdınız, bəs bir dəfə əsl yaşamaq nə idi?!
Gülümsədi:
- İlk məhəbbət!
Maraqla gözlərimi zillədim ağzına.
- Tovuzun Əsrik kəndində yaşayırdıq. Bir mən idim, bir anam idi, bir də var-dövlətimiz - qoz
ağacları. İki yaşım olanda atam Mürşüd müharibəyə getmişdi. Onu da deyim ki, bəstəboy bir kişi
olan atam, qoçaqlıqda, anam deyirdi ki, kəndin say-seçmə kişilərindən ən hünərlisi hesab
olunurdu. Atamdan sonra bir qarına ac, bir qarına tox, dolanırdıq. Üzdə adıma "Məmməd"
desələr də, arxada "yetim Məmməd" olmuşdum. Bu yetimin də canında nələr varmış?! Vura
bilməyən daşın yekəsindən yapışdığı kimi, mən də imkanlı bir ailənin qızına aşiq olmuşdum. 20-
yə təzəcə girsəm də, qız 16-nın içindəydi. Günümün çoxunu əmim qızıgildə keçirdirdim. Onu da
deyim ki, əmim qızı Tovuzda ərdəydi. Mən də kənddən gedəndə mütləq onlara düşürdüm. Aclıq
dövrüydü, bir tikə çörək yeməliydim axı. Növbəti gedişimdə onların küçəsində məktəbli bir qız
çıxdı qarşıma. Gözüm tutdu qızı. Balacaboy bir qız idi. İndi fikirləşirəm ki, niyə ondan ötrü dəli-
divanə olmuşdum. Görünür ,ilk məhəbbət belə olarmış. Balıq qırmağa düşən kimi adam da
gözündən ovlanarmış.
Əmim qızı biləndə, dedi, "yetim uşaqsan, görmürsən ikimərtəbə evləri var, sənə kimdi qız
verən?!" "Yox, mütləq o qızı alacam!" dedim.
Başıma necə vurmuşdusa eşqim, bir gün də gedib anamı məcbur göndərdim elçiliyə. Arvad
axşama yaxın qayıdıb gəldi. Həyətə girəndə kəlağayısını açıb atdı ağacın boğazına, ölüsü ölənlər
kimi başladı nalə deyib ağlamağa. Hələ də səsi qulaqlarımdadı: "Goorun çatlasın, ay Mürşüd,
sənin oğluna qız vermədilər!" Anamın belə ümidsiz sözləri mənə heç təsir eləmədi də. Necə
eləyəydi ki, qız məni sevirdi, mən də qızı?! Bu sevgiyə arxayın idim. Amma mən gözümü açıb-
yumunca qızı verdilər ərə. Bununla da ilk məhəbbətin mənə qalan acılı-şirinli xatirələri oldu.
- Yaşamaq dediniz bayaq?
- İlk məhəbbət imiş əsl yaşamaq, demə. Bilməzdim ki, ilk məhəbbət isə Allahdan gələn vəhy
imiş. Odur ki, mayasında ali ruh - gözəllik, pərəstiş və xəyali sevgi var. Füzuli məhz "Leyli-
Məcnun"da bu məhəbbəti yazıb:
"Xəyalilə təsəllidi, könül meyli-vüsal etməz,
Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz!"
Nə fiziki yaxınlıq, nə gözəl surət, nə ehtiras... yalnız xəyal.
İndi də o günlərə qayıdanda, inanmazsan, ürəyimin döyüntüləri artır. Deməli, mənim yaşadığım
elə o aylar olubmuş. Sonra da həyat öz axarıyla davam eləyib, gəmi gətirib məni çıxardıb 90-ın
sahillərinə. Amma onda, xəbər tutanda ki, onun ilk övladı da olub, deyirəm, nə yaxşı ki, ürəyim
partlamayıb. Şeir də yazmışdım hələ:
"Onun körpəsinin yaşı üçaylıq,
Mənim həsrətimin yaşı bir ildir!"
Birdən Əzizə bacı - Ustadın həyat yoldaşı içəri girdi:
- Aaa... - dayanıb, gözlərini zillədi Ustada, - bu kişiyə nə olub belə?!
- Nə olub mənə?! - Ustad başını qaldırıb gülümsər gözləriylə yoldaşına baxdı.
- Bütün günü qaşqabağından zəhirmar yağır, indi nə olub sənə, ay Məmməd, maşallah, üzün
gülür?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!