Yaddaşın İntəhasızlığı - Ülvi BABASOY

Ülvi BABASOY

"Təbiət sənətin yanında 

səssizliyə qərq olur".                                                                                                                                                                 

Benedetto Kroçe

 
 

"Bir neçə saatlıq iztirabdan sonra gənc şair yavaş-yavaş ananın 

bədənindən sürüşüb dünyanın 

yaş mələfəsinin üstünə düşdü...

Yeri gəlmişkən, şairin kiməsə şair 

deməsi, mühəndisin mühəndisə 

mühəndis, kəndlinin kəndliyə kəndli deməsiylə eyni deyil. Kəndli torpağı əkib-becərən adamdır, şair isə şeir yazan deyil, şeir yazmaq üçün seçilən adamdır. Digər şairdə Allahın bu 

lütfünü görə bilən ancaq və ancaq şairdir. Rembonun məktubunu 

xatırlayaq - bütün şairlər 

qardaşdırlar və onlarda şairlər 

nəslinin gizli əlamətləri vardır. Onları yalnız qardaşları tanıya bilərlər". 

 

Milan Kundera

 

"Bakir şairin sinəsinə gözəl bir qız 

qısılıb. Cavan oğlanın ruhu da, 

bədəni də dadmadığı hisslərə bələnib. Bu, Milan Kunderanın "Həyat başqa yerdədir" romanının şair qəhrəmanı Yaromilə oxşayır. Bəlkə də, heç 

Yaromil də deyil. Süheyil ulduzu və Günəşin eşqidir. Süheyil ulduzu 

doğarkən üzüm yetişir. Eşq fizikadan metafizikaya keçid edir. İlk toxunuşdur. İlk qucuşdur. Bəlkə də, M.Lermontovdur, A.Puşkindir,  Ş.Bodlerdir, O.Pazdır, P.Nerudadır, L.Araqondur, 

V.Səmədoğludur. Bəs bu qədər həyəcanlı hissləri yaşamaq bir şairəmi xasdır? Əlbəttə ki, Yaromilin şair olması 

emosiya və ehtirasın dozasını artırır.           

Sevgilisi başını Yaromilin sinəsinə sıxdıqca şair oğlan ekstaz halı 

yaşayır. Yaromilin keçirdiyi (və ilk dəfə kəşf etdiyi) hiss və duyğular ən böyük cinsi doyum və həzz nöqtəsindən, orqazm halından daha təsirlidir. 

Hər hansı erotik pozadan da. Şairin yaşadıqları erotikasız erotikadır".  

 

Sənət və estetika yaddaşın məhsuludur. Şeir isə ruh və şüura bütöv bir effektlə nüfuz edə bilir. Şeirdə ruh da, şüur da sərbəstdir. Əslində fizika da, metafizika da şeirdə estetikləşir. Vaqif Səmədoğlunun şeirlərində hər şeydən əvvəl düşüncə azaddır, sərbəstdir. Estetik düşüncədir bu. Bəzən maksimal dərəcədə prozaiklik var Səmədoğlu şeirlərində. Prozaik düşüncə və görkəmdə belə şeir adamdır Vaqif Səmədoğlu. Onun prozasını poeziyaya, poeziyasını prozaya çevirmək mümkün deyil. Çevrilən kimi tilsim qırılır. Bu da insan düşüncəsinin ilkinliyində yalnız və yalnız şeir dilinin aparıcı olduğunu göstərir. Gündəlik danışıq dilində olduğu kimi. Proza və poeziyanın sərhədləri itir Vaqif Səmədoğlu şeirlərində. 

Şair kimi yox, 

şeir kimi ölmək istəyirəm...

Oxunmaq arzusuyla yaşayıram, 

əvvəldən axıra

kimi oxunmaq... 

Əzbər qalmaq istəyirəm 

kiminsə yadında.

Bəyənilmək, sevilmək istəyirəm,

İstəyirəm, dəlicəsinə -

Şair kimi yox,

Yaddan çıxmayacaq bir şeir kimi...

 

Bu şeirə bircə şərh verilib və veriləcək. Yəni hamının şərhi eynidir. Şeir kimi yadda qalmaq istəyib və şeirləri ilə də yadda qalıb. Şeir kimi yadda qalan bir şairin avtoportretinə hər kəs heyrandır. Hər bir misranı ayrıca duymaq üçün şairin bioqrafiyasını bilmək lazımdır. Şairin bioqrafiyası heç vaxt bağlanmır. Şeir kimi yaşamaq da budur. Vaqif Səmədoğlunun bioqrafiyası xanımı Nüşabə Vəkilovanın "Mən sənin yuxunam" xatirələr kitabında da davam edir. Nüşabə xanım Vaqif Səmədoğlunun uşaqlığını təsvir edir, Xəzəri, qağayıları, çərpələngləri. Bax, o uşaqlıqda və gənclikdə Nüşabə xanım da var. Buna "yoxluğ"un varlığı demək olar. "Mən sənin yuxunam"dan bir passaj: "Mən o oğlanla Ləhişdəki bağımızda tanış oldum. Sənin içində yaşayan o dəcəl oğlanla. Velosiped sürəndə, çərpələng uçuranda, dənizdə, hovuzda  üzəndə, masaüstü futbol, xokkey oynayan oğlanı mən lap çox istədim. Uduzanda cığallıq edən, küsərək, "Mən bir də səninlə oynamayacam" deyən "oğlan"ı". Şair heç vaxt "böyüməyən" insandır. Şeir kimi yadda qalmaq bunun üçündür. Estetikanın şeirdə və həyatda əksidir Vaqif Səmədoğlu zərifliyi. Hər bir şairin həyatında qadınlar rol oynayıb. "Yesenin və Mayakovskinin bacıları, Blokun xalaları, Hölderlin və Lermontovun nənəsi, Puşkinin dayəsi və xüsusilə, analar, ata kölgəsinin üstünü örtən şair anaları. Xanım Uayld oğlu Oskarı qız kimi geyindirərdi. Uşağın güzgüdə özünü həyəcanla seyr etdiyini təsəvvür edə bilirsinizmi? Şair ömrü boyu simasında kişiliyin cizgilərini axtaracaqdı". Nüşabə xanım da Vaqif Səmədoğlunun qapanmayan, həmişə dövrə vuran yaradıcılığının ürəyində məskən salıb. 

 

Bu dünya, bir də sən olmasaydınız,

Harada, kiminlə mən tək qalardım?

Başqa bir yalqızın sığınmağıyçün

Yəqin ki, həm dünya, həm sən olardım...

 

Nüşabə xanım şairin özüdür. Canının və dünyasının bədii proyeksiyasıdır. Təkliyin cütlük adıdır. Salamat sahilidir. Güvən yeridir. Vəfa borcudur.

Kant estetikaya həm təcrübə, həm də fəlsəfə kontekstində tərif verir. Estetikada təbii gözəllik də əsas yer tutur. Hegel estetika deyəndə, yalnız sənəti əsas götürür. Natural gözəllik Hegelin vecinə belə deyil. Hegelin gözəllik anlayışı bir qədər məhduddur. Ona görə, estetika sənət fəlsəfəsində üzə çıxır. Kantın gözəllik fəlsəfəsi dərketmə və hissetmə proseslərinə istinad edir. Hegelin estetika fəlsəfəsi isə bilik və rasional düşüncəyə söykənir.  Vaqif Səmədoğluda isə estetikaya verilən bütün məhdud təriflərin sərhədləri dağıdılır. Ən ciddi sənət manifestləri  bir şeirin içində əriyir:      

 

İçimə həsrət yazır,

yazır, yazır, yazır həyat.

Günəşli gündüzlər,

köksü məsafəylə dolu düzlər,

gecətək qaranlıq,

gündüz kimi aydın üzlər

yazılır içimə,

içimdə qalır...

Sevdiklərim də,

sevmədiklərim də

yazılır içimə,

qalır içimin

qalın səbir dəftərində...

Dostum,

mən öləndən sonra

basarsan bu maqnitofonun

səs qaytarmaq düyməsini,

bir dəfə də eşidərsən

artıq döyünməyən

qəlbimin səsini...

Şeirdə əvvəlcə subyektiv, daha sonra obyektiv yaddaşın izləri görünür. Ancaq bu yaddaş "Günəşli günlər" kimi aydın, işıqlı deyil, bir qədər dumanlıdır. Buradakı hisslər də, həyat da, "döyünməyən qəlbin səsi" də dumanda itib-batır. Azaddır. Və bu azadlıq dumanda olmaq qədər həsrətlidir və payızvaridir.

 

Ömrümə duman gəlib,

Heç kəsə demə!

Deyəsən, yaman gəlib,

Heç kəsə demə!

Çıraq yanıb bu axşam,

Yanıb-sönüb bu axşam.

Bu dumana qapımdan

Çıxan kimi azmışam.

Daş evlər arasında

Duman neyləyər mənə?

Gülüm, diriyəm yenə,

Heç kəsə demə!!!

        

Kamal Abdulla bənzərsiz romanı "Unutmağa kimsə yox"da yazır: "Bir də ki... necə idi o?! -  "Bir axşam taksidən düşüb payıza..." Bundan daha sızıltılı misra tanımıram. Şahanədi! Mənim qəti fikrim belədir: Azərbaycan ədəbiyyat tarixini yazıçıdan-yazıçıya, şairdən-şairə yox, misradan-misraya, şeirdən-şeirə yazmaq lazımdır. "Bir axşam..." Hər şey ola bilər bir axşam. Xüsusilə, taksidən düşən yerdə. Özü də payızın içinə düşə bilərsən. Başqa hara düşəcəksən ki?! Sən bu misranın şahanə sayıldığı dünyada taksidən yaya, yaza, qışa düşə bilməzsən, özü də... "bir axşam". Sən burada bir axşam ancaq payıza düşə bilərsən, başqa heç hara". Duman İçərişəhərin, "biçarə şəhər"in içərisində azdırar adamı. Zamanı saxlaya bilməməyin lənətini ömrün payızında duyarsan. Kamal Abdullanın (daha doğrusu, qəhrəmanı F.Q.-nin) təsnifatı olduqca orijinal və maraqlıdır.  Məncə, ədəbiyyat tarixini diaxron bir ardıcıllıqla izləmək bir qədər darıxdırıcıdır. Bəzən müasir dövrdən qədim çağlara səyahət etmək olar. Bir şərtlə ki, F.Q.-nin dediyi kimi, mətndən-mətnə, misradan-misraya keçidlər edə bilək.

Vaqif Səmədoğlunun şeirlərində obrazların, şəkillərin, səslərin insan yaddaşının dərinliklərindən gələn reaksiyaların intəhasızlığı yatır. Necə?

Belə:

 

Tez ol xəbər ver, görüm necəsən,

Gözlərin necədi, yerişin necə?

Yaman darıxmışam, mən səndən ötrü,

Barı, bir soraq ver özün gəlincə.

Yerini bilmirəm, bilsəm, gələrəm,

Könlünü alaram, sevərəm yenə.

Xəzərin köksündən qalxan dumana

Qara şanı büküb gətirrəm sənə...

 

Bəlkə də, dünya poeziyasında yoxdur bədii yaddaşın bu cür intəhasızlığı. Şairin poetik enerji və təxəyyülü nə qədər geniş olmalıdır ki, belə bir misra yazsın: "Xəzərin köksündən qalxan dumana Qara şanı büküb gətirrəm sənə".  Mümkünsüzlüyün obrazı mümkünləşir. Bu misra dumanın içində olan şairin sərbəstliyindəki enerjidir. Kinetik enerjinin bədii güc və gözəlliyə çevrilməsidir. "Uzaq, yaşıl ada" nəğməsində gözəllik və bənzərsizlik fikrin duyğusal vizuallığıdır. Fikir formaya girir. Uzaq, yaşıl adaya çevrilir. Vaqif Səmədoğlu fikri metafizikadan çəkib çıxarır. Ona fiziki bir libas geyindirir.

 

Bilirsiz, qantel nədir?

Çuqundan tökülmüş,

Uzun bel səkkizə bənzər

əzələ bərkidən.

Mən bir dəfə

dünyanın ən ağır

qantelini qaldırdım:

telefon çağırdı məni,

götürdüm dəstəyi,

səs gəldi:

- Özünü ələ al,

öldü...

Qüvvəm çatmadı,

düşdü əlimdən

dünyanın ən ağır qanteli...

 

Şeiri oxuayn kəs millətindən və dinindən asılı olmayaraq, öz itkiləri ilə empatiya edir bu vəziyyəti. Vaqif Səmədoğlu ilə Azərbaycan şeiri daha geniş və bəşəri obraz qazanır. Bu obrazda məna və mənanın ifadə forması paralel şəkildə təsir edir oxucuya. Əvvəla, fikir və mövzu daimidir. Daha sonra duyğusal və poetikdir.      

Vaqif Səmədoğlu 70-ci illərin şairi hesab olunur. Ancaq o, dünya ədəbiyyatında altımışıncı illərin böyük mədəni partlayışının yaradıcılarındandır. Kino sənətində fransız yeni dalğa hərəkatı, Fransa, Kanada və Meksikadakı tələbə hərəkatları, İhab Hassanın "Orfeyin parçalanışı", Lesli Fidlerin "Sərhədləri keçin, xəndəkləri doldurun" manifestləri, Liotarın "Postmodern vəziyyət"i, İv Kleinin "Dolu", Armanın "Boşluq" sərgiləri, İqor Stravinski və Vaqif Mustafazadənin musiqi sənətindəki estetik inqilabları, Elvis Presli və "Bitlz" qrupunun mahnılarındakı "minimum ərazidə maksimum çoxsəslilik" elementləri Vaqif Səmədoğlunun bəşəri poeziyasının yaranması ilə eyni estetik məkanı bölüşür; şüuri və ya qeyri-şüuri aspektdən. 

Hər hansı bir varlığın obrazlı ifadəsi onun özü deyil, ancaq özündən də təsirli ola bilər. Vaqif Səmədoğlunun yaratdığı obrazlar həmin əşya və varlıqların özündən təsirlidir. Hər bir sənətin özünə aid olan obrazlı ifadə tərzi və təsiri var. Memarlıqda fiziki və struktural ifadə tərzi əsasdır. Özü də maksimum həddə. Heykəltəraşlıq abstrakt sənətdir, ancaq onu konkretləşdirir istifadə etdiyi bədii elementlərlə. Rəssamlıq və kino sənətlərinin obrazları fiziki varlıqlardır. Təsir mexanizmləri metafizikidir.  Xüsusən, işıq və səs effektləri ilə maddi olmayan sənət fenomeni yaradırlar. Musiqidə isə fiziki forma əsas deyil, ancaq fizikada var olan təcili cəzbetmə effektinə malikdir. Musiqinin bu mənada dili yoxdur. Yəni bütün dil sərhədlərini aşır. Vaqif Səmədoğlu şeirlərində musiqi özünə yuva qurur. Sənətin təbiətində köhnəlmə və yaxud da öz estetika dövrünü başa vurma reallığı mövcuddur. Vaqif Səmədoğlunun şeir-nəğmələrindəki ritm, musiqi və forma tandemindəki ahəng köhnəliyi deyil, yeninin estetikasını aktual olmayan aktuallıqda saxlayır. Bu şeirlər caz musiqisi kimi heç vaxt dəbdə olmur ki, dəbdən düşsün. 

 

Payız rəngli baharları,

Kölgən düşən divarları

Ürəyimdən qopar, qopar,

Özünlə apar!

 

Burada fikirlərin hamısı antitezadır. "Özünlə apar" deyərkən, "aparma", deyir şair. Aparmamağın bədii proyeksiyası aparla ifadə edilir. Ayrılığın obrazı ayrılığın özü deyil. Allahın bədii obrazı Allahın özü olmadığı kimi. Vaqif Səmədoğlu mümkünsüzlüyün ruhunu və bədənini  yaradır. O, gözəlliyi rənglər, sözlər və obrazlarla yenidən kəşf edir. Gözəlliyi kəşf etmək bizi məhdud, sərhədli var olmaqdan azad edir.

 

7 yanvar 2025

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!