Xatirələrdə Qalan Nəfəs
Nənəm Gülzar xanımın vəfatının 2-ci ilinə
ESSE
Bəzi anlar var ki, insan nə danışa, nə də yaza bilir. Hər söz boğazında düyünlənir, ürəyində yaranan boşluğu izah etmək üçün heç bir ifadə yetərsiz qalır. Bu gün 5 yanvar mənim üçün o günlərdən biridir. Nənəm – mənim “Gülzar Mama”m – həyatdan köçdü. Bu gün ondan ayrıldığımın ikinci ilidir. Amma mən hələ də onun yoxluğuna alışa bilmirəm - bilmirik, hətta onun getdiyinə inanmaq istəmirəm.
Bəzən bir zəngdən qorxar insan. Və o, zəngin xofu həmişə içimdə idi, amma belə tez reallığa çevriləcəyini ağlıma gətirmirdim. Bir insana “Gecən xeyirə qalsın” deyirsən, bir neçə saat sonra isə onun üçün “hıçqıra-hıçqıra” , “yana-yana” ağlayırsan. Bu isə , həyatda qarşılaşdığım ən acı dərs oldu. Həyat birdən dayandı, hər şey dondu. Mən o anda anladım “İnsan tək anadan-atadan yetim qalmırmış, nənəni də itirmək yetimlikmiş.”
Bəzən sual verirəm özümə: “Niyə məhz belə tez? Niyə məhz indi?” Cavabını heç bir kitabda, heç bir müdrik insanın dilində tapa bilmirəm. Amma onu bilirəm ki, onun yoxluğu ilə həyat mənim üçün əvvəlki kimi olmayacaq. İndi nə bayramlar əvvəlki kimi şən, nə də günlər əvvəlki kimi rənglidir.
Nənəm indi uzaqda ola bilər, amma hər dəfə gözlərimi yumanda onu görürəm. Əllərimin soyuğunu onun əllərinin istiliyi ilə xatırlayıram. Ətrini xatirələrdə saxlayıram. Mən bilirəm ki, nə qədər uzaqda olsa da, onun sevgisi mənimlədir. Və hətta nişan günümdə belə yanımda hiss etdim. Çünki onun arzusu idi. Hətta ölümündən iki gün öncə “Nə qədər sağam, sənin toyunu görüm” amma olmadı….
Gülzar xanım mənim üçün nənədən çox ikinci anam kimi idi. O, mənim hər şeyim idi – dərdlərimi paylaşdığım, sevincimi bölüşdüyüm, əzizləmələri ilə uşaqlığımın ən gözəl xatirələrini yaradan. Onun evə gəlişi bayram idi, Qubaya getmək isə tətil yox, cənnətə səyahət idi. Amma indi o bayramlar yoxdur, cənnət dediyim o ev dolu olsa da səssiz, boş və hüzünlüdür.
Gülzar Mamam mənim üçün yalnız bir nənə deyildi; o, həyatı öyrədən, hər addımda arxamda xeyir-duası olan bir güc idi. Həyatımızın hər anında onun əllərinin istiliyi vardı, evin hər küncündə onun qoxusu duyulurdu. . Onun gülüşləri, hər kəsin içində ona xas olan o mülayim səs – indi bunlar bir xatirədir. Evə daxil olduğumda onun “Gəl, bala, otur, danış” dediyi o isti səsi axtarıram, amma yox… Hər tərəfdə yalnız soyuq bir sakitlik var. İndi isə onun yoxluğu hər yerdədir – hər süfrədə, hər bayramda, hər dualarımda.
Onun vəfatı ilə ailəmizin ritmi pozuldu. Babam bir anda yaşlandı, gözlərindəki nur azaldı. Evimizin səsi dəyişdi, hər şey dadını itirdi. Mən isə özümü yarım hiss edirəm, tamamlanmamış bir hekayə kimi.
Nənəm getdi, amma onun xatirələri mənimlədir. O gecələrdə, sükutun içində onun pıçıltılarını eşidəcəyimə inanıram. Onun hələ də bizi gördüyünü, qoruduğunu, dualarımızda iştirak etdiyini bilirəm. Bəzən düşünürəm ki, bu həyatın bir təsəllisi varsa, o da yenidən görüşəcəyimiz ümididir. O gün gələndə, onu bərk qucaqlayıb deyəcəyəm: “Mama, mən səni heç vaxt unutmadım.”
Bu gün Nənəm üçün bir dəstə çiçək aparacağam. Hər gülün içində mənim ona olan sevgim olacaq. Ruhun şad olsun, Gülzar Mama. Sən həmişə bizimləsən, qəlbimizdə və xatirələrimizdə yaşayacaqsan. Səni sevmək, səni xatırlamaq bizim borcumuzdur.
Və bu dünyada nə baş verirsə versin, bir şey dəqiqdir: mən həmişə səni sevəcəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!