Adətən, kitab bazarı, oxucu qıtlığı kimi məsələlərdən, yazar-oxucu münasibətlərindəki problemlərdən bəhs edərkən onlardan yalnız bizim ölkəmizdə varmış kimi danışırıq. Halbuki izləyə bildiyimiz qədərincə, Rusiya, Türkiyə və Avropa ölkələrində də oxşar problemlər yaşanmaqdadır. Bizim ölkəmizdən fərqli olaraq, oralarda kitab evləri, nəşriyyatlar və oxucuların sayı artmış ola bilər, lakin bu, ciddi ədəbiyyata olan tələb və verilən dəyərin artdığı demək deyil.
Dubravka Uqreşiçin “Oxumadığınız üçün təşəkkürlər” (“Thank you for not reading”) esselər toplusu da, əsasən, bu məsələləri əhatə edir. Kitabın adına ilk dəfə ötən il - imzasını maraqla izlədiyim tənqidçi Feridun Andaçın bir köşə yazısında rast gəlmişdim. F.Andaç həmyerlisi Ayşe Kulinin “Xəyal” adlı avtobioqrafik əsərinin 150 min tirajla çap olunub uğurla öz oxucu kütləsini tapmasından narahatlığını bildirir, qeyd edirdi ki, bir yayınçı olaraq, qarşıma belə bir kitab çıxarılsaydı, onu çap etməzdim və bu durumu “Türkiyənin reallığı” adlandırırdı: “Yazmaya soyunan, yazarlık yaftasını boyunlarına geçirenlerin, kendilerine “çoksatar”lıkla “mega yazarlık” arasında bir yerde paye biçenlerin sığlığı/yüzeyselliği, edebi bellek/birikim yoksunluğu hemen kendini ele verse de; alıcı buluyorlar. Evet alıcı, okur değil; bakan, seyreden, “Ezel”ini merak eden!”
Feridun Andaç bu xüsusda fikirlərini açıq və sərt bildirir və oxucularına hazırda “yudum-yudum” oxuduğu “Oxumadığınız üçün təşəkkürlər” kitabını tövsiyə edir. Onun tövsiyəsi ilə yanaşı, diqqətimi həm də kitabın oxucu marağına hesablanmış ironik adı cəlb etdiyindən dərhal Türkiyədən sifariş etdim. Kitab gəlib çıxana kimi internetdən ruscasını da tapıb oxudum. Yeri gəlmişkən, deyim ki, rus dilinə kitabın adı “Читать не надо” kimi tərcümə olunub. Doğrusu, türk dilinə tərcümədə adı orijinala daha uyğun olsa da, kitabın hər iki tərcüməsini oxuduqdan sonra üstünlüyü rus dilindəki varianta verdim. Mənə elə gəlir ki, bu kitabı xarakterizə edən əsas cəhətlərdən birini – ironikliyi məhz bu variant daha yaxşı qoruya bilib.
Hazırda ABŞ və Hollandiyada yaşayan xorvat əsilli D.Uqreşiç yazıçı, esseist, publisist və rus ədəbiyyatı tərcüməçisidir. 20-yə yaxın kitabın müəllifi, bir neçə ədəbiyyat mükafatının sahibidir. Dünya oxucusuna daha çox “Jeyms Tiptri” mükafatına layiq görülmüş “Baba Yaqanın yumurtası” (2010) romanı ilə tanış olan Dubravka Uqreşiçin “Oxumadığınız üçün təşəkkürlər” kitabındakı esselərin bir hissəsi müəllif üçün ağrılı bir mövzuya – Yuqoslaviyanın parçalanmasına, miqrant yazarların həyat tərzinə həsr olunub, bir hissəsi milli ədəbiyyat, o cümlədən, anadilli ədəbiyyatlar, digər qismi isə yazıçı və kitab bazarı münasibətlərinin tənzimlənməsi haqqındadır. Syuzan Zontaq Uqreşiçin bu kitabını “cəlbedici hadisələr və parlaq ekspromtlardan ibarət esselər” toplusu kimi xarakterizə edir. Kitabın önsözündə müəllif esselərin əsasında duran hadisələrin yarısının gerçək, yarısının isə təxəyyül məhsulu olduğunu yazır.
Çağdaş ədəbiyyatımızda defisit cəhətlərdən biri – özünəironiya bu kitabın ən xarakterik xüsusiyyətidir. Uqreşiç özünə, zamanına, mühitinə, içində olduğu gerçəklərə ironiya edə bilən müəlliflərdəndir – bu təəssürata gəlməyə kitabdakı esselərin çoxu səbəb olur. Müxtəlif janrlarda yazan müəllif müsahibələrindən birində müasir yazarların onda hər hansı bir təəssürat oyatmadığını deyir və elə bu səbəblə də çağdaş ədəbiyyat, xüsusilə, kitab satışı mövzusunu esseləri üçün prioritetə çevirir.
Fikrimcə, özünəironiya qədərini aşanda özünübəyənməzliyə, kompleksə çevrilir. Bizdə də “Azərbaycan ədəbiyyatını oxumuram” deyə ağız büzüb, oxucu qıtlığından şikayətlənən yazarlar az deyil. Bəzən müəlliflərə elə gəlir ki, ölkədə oxunmağa layiq bircə yazıçı var və o da onun özüdür. Bu xüsusiyyət xanım Uqreşiçin mətnlərində də nəzərə çarpır. Haqqında bəhs etdiyi hər şeyə və hər kəsə tənqidi yanaşan, önyarğılı, bir az da aqressiv yazar nəinki müasir ədəbiyyata, bütünlüklə mədəni prosesə ironiya edir və bir yerdən sonra qədərindən artıqlığı ilə oxucunu yormağa başlayır.
Altında yazılma tarixləri verildiyindən bu kitabın son 25 il ərzində yazılmış esselərdən ibarət olduğunu görürük. Maraqlıdır ki, bütün bu illər ərzində kitabda danışılan problemlər hələ də aktualdır. Dubravka müəllif-kitab-oxucu halqasında müəlliflə oxucu arasındakı bəndin qopduğunu dilə gətirir: “Monika Levinskinin gündəliklərinin Marsel Prusrtun cildlərindən min dəfə artıq maraq doğurduğu bir dünya”da bazar münasibətləri hər şeyi, o cümlədən, ciddi kitaba olan marağı da üstələyib. Bu yalnız müəllifin ölkəsi üçün deyil, yəqin ki, dünyanın əksər “kitablı” ölkələri üçün ümumi bir problemdir.
Çağdaş ədəbiyyat estetik faktorlarla bazar iqtisadiyyatı mexanizmini özündə cəmləşdirir və beləliklə, son onilliklərin ədəbi inkişafının getdiyi cığır özünəməxsusluğu, fərqliliyi ilə bizi təəccübləndirir və bir az da qorxudur. Nəticədə ədəbi tənqid öz mahiyyətindən uzaqlaşır: gerçək ədəbiyyat haqqında misqal-misqal yazılarkən, əksərən məhz saxtalar xorla təriflənir. Zəif əsərlər şedevr kimi təqdim olunarkən peşəkarlar mütəşəkkilliklə susur. Çünki heç kim ağrımayan başına yaylıq bağlamaq, çoxluq içərisində “ağ qarğa” olmaq, oxları öz üzərinə çəkmək istəmir. Bu sahədə yenicə addım atan gənclərə daha yaşlı və təcrübəli əməkdaşları “Don Kixotluq zəmanəsi deyil” deyə, öyüd-nəsihət verir və yeni gələnlər də “qarışır yüz ilin ölüsünə.” Səbəbini araşdırsaq, bəlkə də, heç kimi qınamalı olmayacağıq – sosial qayğılar, məişət problemləri, müxtəlif səbəblərdən ədəbiyyat adamlarının ədəbi vicdan anlayışını unutması, özlərinə, əqidələrinə xəyanət etməsi, çox vaxt bilərəkdən dəyərsizi “başda oturtması” və s. Belə olduğu halda, istisnalar da istisna olmaqdan usanır və çıxış yolunu susmaqda, geri çəkilməkdə görürlər.
Dünyaya başqa gözlə baxmağın, sözlə həyatın rəsmini çəkməyin bir “cəzası” var – amma kimsə ömürlük bu cəzaya məhkum olmaq istəmir və seçimlər dəyişir. “Ya sənət, ya şöhrət” seçimi qarşısında qalan yazar ikisini də birdən istəyir və oxucudan yazdıqlarının əvəzini gözləyir: diqqət, sevgi, hörmət, qayğı, maddi qazanc... “Ədəbi avtoritet” olmanın yolu digər ədəbi avtoritet(lər)in təqdimatından keçir. Təbii ki, burada müəllifin əlaqələri, ictimai statusu əsas əhəmiyyətə malik olur. Oxucu nəyin yaxşı, nəyin pis olduğunu bilə bilmir. Ona bəh-bəhlə təqdim olunanı seçir və seçdiyi həm də zövqünə uyğun gəlirsə, sevir. Belə olan halda, oxucu zövqünü, əsasən, “kitab bazarı” formalaşdırmış olur.
Heç bir bədii əsər, ədəbi hadisə ədəbiyyatətrafı söz-söhbətlər qədər oxucu marağı doğurmur, diqqət çəkmir. Bu gün kütləvi oxucu üçün yazıçı statusu mətnin keyfiyyətindən daha artıq müəllifin yazar imici ilə bağlıdır. Kimsə dinini dəyişməsi, kimsə bir neçə dəfə ailə qurması, kimsə intiharı, kimsə havalanması ilə yadda qalır. Müəllifdən söz düşəndə oxucu onun əsərlərindən əvvəl bioqrafiyası ilə bağlı hər hansı maraqlı, diqqətçəkən nüansı xatırlayır. Gündəmi istənilən yolla zəbt etməyi bacaran müəllif mətnin necəliyindən asılı olmayaraq, oxunaqlı yazara çevrilir. Bunun üçün klassikləri daşlamaqdan tutmuş, çağdaşları ilə savaş elan etməyə qədər hər cür vasitəni sınaqdan keçirənlər var. Hətta klassik müəlliflər belə müasir oxucu üçün əsərlərindən daha çox şəxsi həyatının gizlinləri ilə daha maraqlıdır. Bu, günümüzün reallığı və tələbidir. Bu reallığı qəbul edib onun qaydaları ilə “oynayan” bu oyunda qalır, qəbul etməyən isə izləyici rolunu seçir.
Uqreşiç tez-tez müsahibələr verən, efirlərdən düşməyən, “bütləri qırmağa çalışan yenilikçi, radikal” imici yaradanların, əslində, özlərindən büt yaratdıqlarını deyir. Orta səviyyəli bir kitab haqqında qəzetlər, jurnallar yazdığı, müəllif radio, televiziya efirlərindən düşmədiyi halda, həqiqi yazar yalnız mətni ilə görünməyi seçir. Çünki “yaxşı yazarlar harada olsalar, özlərini sürgündə, pis yazarlar isə hər yerdə evlərindəki kimi hiss edərlər.” Müəllif bu məsələlərdə yazarların özündə də az “günah” olmadığını bildirir: “həqiqi yazarların özünəhörmət hissi həmişə aşağı olduğu üçün naşirlər onlarla meydanda oyunçunun futbol topu ilə davrandığı kimi davranır.” Günün reallığı budur: yazar mətnin yazılma prosesindən sonranı nəzarətdə saxlamağa borclu deyil, bu halda isə hüquqları pozulur. Çünki nəşriyyatın öz maraqları var və onlara əsl sənətdənsə tez satılan, “bazarda müştərisini rahatlıqla və mümkün qədər çox” tapmağa yardım edən kitablar lazımdır.
D.Uqreşiçin fikirləri ilə Feridun Andaçın kitab bazarının durumu, oxucuların yanlış seçimi və onlara təqdim olunan əsərlərin keyfiyyətləri barəsində şikayətləri bir-biri ilə səsləşir. Və kim bilir, bəlkə elə bu kitabı da Feridun bəy “bazar qanunları”na əməl edərək oxucuya tövsiyə edir.
Dubravka Uqreşiç müasir dövrdə ədəbiyyata çox demokratik yanaşıldığına - ədəbi imza kimi özünü təsdiqləməyin xeyli asanlaşdığına, mədəni zonanın infantilləşdiyinə sarkazmla yanaşır. İndi arzu edən hər kəsin yazıçı ola bildiyini və bu sahəyə axını anlamadığını yazır. 15 il öncə qələmə alınmış “Yazar və yazarın gələcəyi” essesində müəllif ədəbiyyatın gələcəyindən xəbər tutmaq üçün kart falına baxdığını xəyal edir və “kartlar” olduqca bədbin proqnozlar verir: təxminən əlli il sonra “bizim bildiyimiz anlamda ədəbiyyat”ın mövcud olmayacağını, ənənəvi yazarların çətir təmirçiləri kimi yoxa çıxacaqlarını qeyd edir. Buna “gerçək ədəbiyyat”ın nə olduğunun anlaşılmayacağı, zəif yazarların üstünlük təşkil edəcəyi, yaxşıların onların kölgəsində qalacağı və əsl dəyərlərini ala bilməyəcəyini səbəb göstərir, müasir dövrdə hamının birdən-birə “səsini duyurmaq” imkanı olduğu, amma kimsənin kimsəni dinləmədiyi, yazdığını oxumadığını bildirir: “Bundan otuz il öncə hər kəs ədəbi yarışa öz kateqoriyasında qatılırdı: aslar aslarla, təcrübəsizlər təcrübəsizlərlə. Bu gün yorucu bazar marafonunda hamı eyni anda iştirak edir. Otuz il öncə hələ “gerçək” və “bayağı” ədəbiyyat arasındakı sərhəd mövcud idi və hər kəs halından məmnun idi. “Gerçək” ədəbiyyatın da heyranları vardı, “bayağı” ədəbiyyatın da. Yaşlı kübar qadın olan “gerçək” ədəbiyyat bayağı ədəbiyyata əlini uzadan ilk tərəf oldu. Bayağı ədəbiyyatın populyarlığı qarşısında sehirlənən, lakin ədəbi dəyərlər şkalasında öz yerindən əmin olan gerçək ədəbiyyat əvvəllər də olduğu kimi, bayağı ədəbiyyatla oynamağa başladı.”
Əslinə baxarsaq, müəllif müəyyən qədər haqlıdır, sanki o “gerçək”, yaxud “ciddi” adlandırdığımız ədəbiyyat məhz bayağı ədəbiyyatın şöhrətinə aldanaraq, onun yerini tutmağa çalışmaqla itirdi. Bu gün bu ikisi arasındakı sərhədlər artıq silinməkdədir. Belletristikanın əlamətlərini ciddi ədəbiyyata daşımaqla bestseller olmağa can atdıqca onun qanunlarına daha çox uyğunlaşmağa başladı. Sanki yazarlar ciddi ədəbiyyat oxutdurmağın tək yolunu onu “sadələşdirməkdə” gördülər və əksər hallarda bilərəkdən və ya bilməyərəkdən Dərviş Məstəli şah demişkən, “barıtını çox etdiklərindən” nəticə etibarilə, yazdıqlarını bayağılaşdırmış oldular. Kütləvi şəkildə oxunmağa çalışmaq onlara istədiyini verdi, lakin azalan ədəbiyyatın nüfuzu oldu. Çox yox, elə son 10-15 ilin ədəbi mənzərəsinə nəzər yetirsək, müəlliflərin yeri gəldi-gəlmədi epataja müraciəti, detektiv situasiyaların bəzən qeyri-profesional şəkildə olsa belə, istifadəsi və s. kimi priyomlara əl ataraq, heç də uğurlu nəticələrə nail olmadıqlarını görə bilərik. Uğurlu istisnalar həmişə var, bəhs etdiyim ümumi mənzərədir.
Bununla belə, Dubravka Uqreşiç qədər bədbin olub bir gün gerçək ədəbiyyatın yox olacağı fikri ilə razılaşmır, bunun mübaliğə olduğunu düşünürəm. Çünki gerçək yazarlar başgicəlləndirici şöhrətdən sonra belə, daxilən “silkələnib durulurlar” və özlərinə ən uyğun olan mövqeyi seçməyi bacarırlar. Ciddi ədəbiyyat bayağı ədəbiyyatın zonasına girməyə başladığı kimi, əksinə proses də müşahidə olunursa, gələcəkdə bir ortaq mövqeyin olacağına ümid edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!